Məhkəmə qərarları › İş №2(103)-6534/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6534/2020

31.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6534/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılmaları” tələblərinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-932/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 cavabdehlər sırasından çıxarılmış və cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 1 ünvanına olan istifadə hüquqularının itirilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 İddiaçı aid olan şəxsi mülkdür. Həmin mənzildə cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 həmin evdə qeydiyyatda olsalar da, həmin mənzildə artıq uzun müddətdir ki, yaşamırlar. Belə ki, X6 artıq dörd ilə yaxındır ki, Almaniya Federasiyasında yaşayır və onun heç bir əşyası mənim evimdə yoxdur. Cavabdeh2 2015-ci ildən evlənib onun da hazırda heç bir əşyası evdə yoxdur. Həmçinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 evdə əşyaları yoxdur, sadəcə evin iki otağını bağlayaraq mənzilni məşğul ediblər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailədə qərəzli olaraq mütəmadi yaratdıqları mübahisəyə görə Xəzər Rayon Polis İdarəsində “mübahisəli mənzil” kimi qeydiyata alınmışdır. Son olaraqyaratdıqları mübahisəyə görə cinayət işi açılmışdır. Belə ki, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində ona məxsus oln mənzildə cinayət işləri baş vermiş, zərərçəkmişlərdən biri nəvəsi X1, digəri isə gəlini X7 olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-932/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında olan Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeyduyyat haqqında ******* nömrəli arayışından görünür ki, X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 1 qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli, 2-45 nömrəli qətnaməsinin surətindən görünür ki, X2, xx.xx.1994-cü ildə anadan olmuş Zeynəb və xx.xx.1995-ci ildə anadan olmuş Səbinə adlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qələbə küçəsi 4 saylı evin 59 saylı mənzilinə köçürülmələri qət edilmişdir. İşdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşi iddiası təmin edilmiş, Cavabdeh1, X4, Cavabdeh3, X10 və Cavabdeh5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qələbə küçəsi 4 saylı evin 59 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(103)-289/12 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, X10 və Cavabdeh5 qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qələbə küçəsi 4 saylı evin 59 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-2281/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X11, X12, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi olsa da, hazırda iddianın əsası dəyişdirildiyindən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X13 izahatında bildirmişdir ki, o ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Cavabdeh4 mübahisəli mənzildə yaşayır. Digər cavabdehlər mübahisəli mənzildə yaşamırlar. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X5 izahatında bildirmişdir ki, o üç ay olar ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsbəsi, A.Neymətulla küçəsində fərdi yaşayış evində yaşayır. Əvvəllər ünvan 3 A ünvanında yaşamışdır. O Cavabdeh1 həmin mənzildə görməmişdir. O Hacıyeva Gülbəsi tanıyır, belə ki, onun qardaşı ilə Qarabağ uğrunda gedən döyüşlərdə bir yerdə vuruşmuşlar. İki ildir ki, İddiaçı evinə gedib-gəlir. Hər dəfə gedərkən, evdə 10-15 dəqiqə olumuşdur. Həmin müddət ərzində Cavabdeh1 həmin mənzildə görməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 1 İddiaçı mülkiyyətindədir. Cavadehlərdən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə tərəfindən istifadə hüququ tanınmış və hazırda mübahisəli mənzldə yaşamaqda davam edirlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeyduyyat haqqında ******* nömrəli arayışına əsasən isə X6 mübahisəli mənzildə qeydiyyatdadır. Həmçinin mülki işin materiallarına əlavə edilmiş məhkəmə qətnamələri əsasında müəyyən edimişdir ki, tərəflər arasında mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilmə ilə bağlı məhkəmə mübahisələri olmuş və həmin mübahisələrin nəticəsi olaraq iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Kollegiya qeyd edir ki, cavabdehlərin ünvan 1 ünvanında yaşamamaları, onların mübahisəli mənzildə yaşamadıqları ilə bağlı dəlilinə məhkəmə qiymət verərək qeyd edir ki, iş üzrə müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hazırda həmin mənzildə yaşayırlar və hec yerə köçməyiblər. Həmçinin iddiaçı cavabdeh X3 ünvan 1 ünvanında yaşamadığını və Almaniya Federasiyasında yaşadığını qeyd etsə də, cavabdehin daimi olaraq yaşamadığını, başqa yaşayış sahəsinə köçməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmçinin kollegiya hazırkı mübahisə ilə bağlı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 1 ünvanına olan istifadə hüquqularının itirilməsi və mənzildən çıxarılmaları hissəsinə münasibətdə qanunvericiliyin aşağıda göstərilən müddəalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-932/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar