Məhkəmə qərarları › İş №2(103)-6535/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6535/2022

05.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6535/2022 05.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 527/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 İctimai Birliyi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixli qətnamənin surətinin göndərilməsi barədə iş materilanına əlavə edilmiş məktub və elektron kabinetə yerləşdirmə barədə çıxarışa əsasən Cavabdeh2ın elektron kabinetə yerləşdirilmə ilə xx.xx.2022-ci il tarixində əldə etməsi, Cavabdeh1 İctimai Birliyinə rəsmi hüquqi ünvanına göndərilmiş məktubun məhkəməyə geri qaytarılmış zərfinə əsasən isə xx.xx.2022-ci il tarixində, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qətnamənin surətini nə zaman almasını müəyyən etmək mümkün olmamışdır. Cavabdehlər Cavabdeh2 xx.xx.2022-ci il, Cavabdeh1 İctimai Birliyi xx.xx.2022-ci il və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 isə xx.xx.2022-ci il tarixində apellyasiya şikayətləri verilmişlər. İş üzrə və ya elektron məhkəmə sistemindən məhkəmə aktının hansı tarixdə almasının və bununla da apellyasiya şikayətinin prosessual müddətlər həddində verilməsinin müəyyən edilməsi mümkün deyildir. Ona görə, birinci instansiya məhkəməsi bu məsələyə səlahiyyətləri çərşivəsində qiymət verməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 527/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır.Bununla yanaşı Cavabdeh1 İctimai Birliyi tərəfindən rüsum ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Məcəllənin 129.3, 129.4, 130-cı maddələrinin tələblərinə görə: Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəlləsinin 135.6, 135.7-ci maddələrinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məcəllənin 363.1.1, 363.1.1-1, 363.1.3 və 363.1.5-ci maddələrinə əsasən, bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Apellyasiya şikayəti verilərkən dövlət rüsumunun aid olduğu (göstərilən) təyinat müəyyən edilərkən “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat müəyyən edilmiş, Qanunun 8.6-cı maddəsinə əsasən (Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə) isə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd edilənlərdən əlavə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3, X2, X1, X5 verdikləri apellyasiya şikayətlərinin geri qaytarılması barədə qərardadlarının çatdırılmasının müəyyən edilməməsi onların məhkəmə müdafiə hüquqlarının gözləntiləri üzrə təminatlarının həyata keçirilməməsinə dəlalət edir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135, 146, 357, 360- 366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 527/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 İctimai Birliyi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar