Məhkəmə qərarları › İş №2(103)-6537/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6537/2021

28.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6537/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2, həmçinin nümayəndəsi və vəkili Vəkil1, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(004)-1901/2021 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əmək hüquqlarının pozulması nəticəsində vurulmiş 50000 manat maddi ziyanın və 20000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmiyyət barəsində həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatları yayması nəticəsində dəymiş maddi zərərə görə 50.000 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(004)-1901/2021 nömrəli qətnaməsi ilə hər iki iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 03 may 2017-ci il tarixdən Cavabdeh MMC-yə assistans üzrə mütəxəssis köməkçisi vəzifəsinə keçirmişlər. İddiaçı işəgötürən tərəfindən mütəxəssis köməkçisi olaraq işə götürülsə də faktiki olaraq, tibb işçisi olaraq fəaliyyət göstərmişdir. Ümumilikdə, işəgötürən tərəfindən iş yerində tibblə əlaqədar olan və mütəxəssis vəzifəsinə uyğun gəlməyən vəzifələrin icra edilməsi işçidən tələb olunmuşdur. Həmçinin, işçi mütəxəssis vəzifəsinə keçirilsə də, vəzifə təlimatlarında tibb bacısı vəzifəsinə uyğun gələn vəzifələri icra etmişdir. Ümumiyyətlə, qeyd olunan vəzifənin özünü nə demək olduğu, həmin vəzifə üzrə təlimatlar, hüquqlar iddiaçıya aydın deyildir. Hərçənd, cavabdeh də, heç assistans xidməti üzrə mütəxəssis köməkçisi vəzifəsinin nə demək olduğunu bilmir, əks təqdirdə rahatlıqla qeyd olunan vəzifənin hardan çıxdığını, hüquqi əsasının harda qeyd olunduğunu, ümumiyyətlə qeyd olunan vəzifənin rəsmi olaraq harda öz əksini tapmağı barədə heç bir sənəd, qanunvericilik aktı və digər sübut təqdim etməmişdir. Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin normaları haqqında qərarının 6-cı maddəsinə əsasən işçilərə ezamiyyət xərcləri əvəzinə verilən vəsaitin miqdarı 15,0 manat miqdarında müəyyən olunmuşdur. Həmin məbləğ 1 iyul 2018-ci ilə qədər 10,0 manat təşkil edirdi. İşəgötürən tərəfindən iddiaçıya ezamiyyət xərclərilə bağlı yeni dəyişikliyə əsasən verilməli olan yerdə qalan 5,0 manat məbləğ ödənilməmişdir. İşəgötürən işçinin iş vaxtlarını kobud şəkildə pozurdu və əlavə işlədiyi iş vaxtların, bazar günlərin və bayram günlərin ödənişini etməmişdir. İşəgötürən qanunsuz olaraq hər 24 saatdan bir işçini sutkalıq işə çıxmağa məcbur edirdi. Cavabdeh iddiaçının bu tələbinə qarşı etirazını onunla əsaslandırır ki, qeyd edilən məsələlərə yəni işçinin əlavə iş saatlarına cəlb edilməsi, başqa işçinin işlərini görməsi halları işəgötürənin əmri ilə əsaslandırıldığı halda tətbiq edilə bilər. İşəgötürənin müvafiq əmrləri olmamış, yerlərdə əlavə işlərə və saatlara cəlb olunması üçün əsas olmamışdır. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən “İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla” Həmin Məcəllənin 165.3-cü maddəsinə əsasən “İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.” Şirkətdə bu qanun da pozulur, belə ki, bu ayda (vaxtda) işlənmiş artıq iş saatları ikiqat ödənilmir və gələn ayda istirahət günləri ilə əvəz olunurdu. Qeyd olunan maddələrdən də göründüyü kimi, iş vaxtında görülən iş saatı üçün əlavə olaraq saatlıq tarif maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı ödənilməlidir. Həmçinin yuxarıda qeyd olunan maddələrdə, nəzərdə tutulan işçinin əlavə iş saatına cəlb edildiyi hallarda əmək haqqının ödənilməsi üçün işəgötürən tərəfindən hər hansı bir əmrin mövcudluğu nəzərdə tutulmamışdır. Bu o deməkdir ki, işçiyə əlavə iş saatlarına görə əmək haqqının ödənilməsi üçün işçinin həmin əlavə vaxtlarda faktiki olaraq işləməsi kifayətdir. Əks halda bu vəziyyət işəgötürənlər tərəfindən işçilərə qarşı sui-istifadəyə yol açardı. Yəni, cavabdehin sözü ilə belə çıxır ki, işəgötürən bu haqda əmr verməyərək işçiləri əlavə iş vaxtına cəlb edərkən müvafiq ödənişləri etməyə bilərlər. Nəzərə alsa ki, iddiaçı iş təlimatlarına uyğun olaraq praktiki tibb vəzifələrini icra edirdi göründüyü kimi, cavabdehin əsaslandığı arqument kifayət qədər absurddur. İşəgötürən tərəfindən iddiaçının pozulmuş əmək hüquqlar ilə bağlı dəfələrlə həm cavabdehə həmdə əmək müfəttişliyinə və digər dövlət qurumlarına müraciət etmişdi. Bu müraciətlə bağlı cavabdeh iddiaçını dəfələrlə narahat edib və əmək funksiyalarını yerinə yetirilməsi ilə bağlı maneələr törədib və sonda cavabdeh şəxsi qərəzliyə görə iddiaçıya bildirib ki, işə gəlməsin. Faktiki olaraq işəgötürən tərəfindən əmək funksiyaları yerinə yetirilməsi ilə bağlı maneələr törədilib. Əmək Məcəlləsinin 62.5-ci maddəsinə əsasən “İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.” Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, uzun illər boyu cavabdeh tərəfindən hüquqları kobud şəkildə pozmuşdu və son nəticədə qanunsuz və əsasız olaraq onu işdən kənarlaşdırmışdılar. Əlavə olaraq, iddiaçının tələbində qanunvericiliyə uyğun şəkildə haqq-hesabın olunmadığını qeyd etdikdən sonra cavabdeh tərəfindən müvafiq ödənişlərin olunduğu güman olunan sənədlər məhkəməyə təqdim olunmuşdur. İşçilərə daha əvvəl təqdim olunmamış həmin haqq-hesab vərəqələrilə tanış olduqdan sonra iddiaçıya onun işlədiyindən daha az ödənişlərin verildiyi də bir daha aydın olmuşdur. Haqq-hesab sənədlərinin təqdim olunmasından əvvəl də, işçilərə, həmçinin, iddiaçıya onun faktiki olaraq tibb bacısı vəzifəsinə uyğun ödənişlərin verilməməsi, habelə, bu ödənişlər üzrə onlara bayram günləri, həftəsonları, digər qeyri-iş günlərində ödənilməli olan məbləğlərin miqdarının az olması aydın idi. Hesab edir ki, işçilərə onsuz da onların faktiki işlədiyi vəzifəyə uyğun maaşların verilməməsi və qeyri-iş günlərində həmin əmək haqlarına mütənasib ödənişlərin edilməməsi tamamilə qanunsuzdur. İşçilərin iş yerinə giriş və çıxış hesabatlarını özündə əks etdirən davamiyyət jurnalının təqdim olunması ilə bağlı vəsatət verilsə də ümumiyyətlə, cavabdeh tərəfindən nə iddiaçıya, nə də məhkəməyə təqdim olunmamışdır, məhkəmə öz növbəsində iş üçün əhəmiyyət kəsb edən sənədin cavabdehdən tələbi ilə bağlı vəsatəti təmin etməmişdir. Həmin davamiyyət jurnalının təqdim olunması ilə işçinin hansı vaxtlarda işdə olduğu, hansı bayram iş günlərinə və qeyri-iş günlərinə düşməyi, hansı ödənişlərin olunduğunu və ödənilməyən qalıq ödənişlərinin hesablanmasını müəyyən etmək mümkün olacaqdı. Cavabdeh tərəfindən işçilərin davamiyyət jurnalının təqdim olunmaması işə obyektiv, hərtərəfli baxılmasına mane olmuşdur. Cavabdeh MMC də apellyasiya şikayəti verərək qətnamənin qismən, qarşılıqlı iddiası rədd edilməsi hissəsində ləğv edib qarşılıqlı iddianın təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilkin İddiaçı məhkəmədə iddia qaldırana qədər iddia ərizəsində qeyd etdiyi hallarla bağlı dəfələrlə inzibati və digər orqanlara müraciət etmişdir. Belə ki, ilkin iddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası 1-ci X1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, X6 İttifaqına, DİN-nə, Prokurorluq orqanlarına, Əmək Müfəttişliyinə, Vergilər Xidmətinə eyni və dəyişməz məzmunlu dəfələrlə şikayətlər ünvanlamışdır. Həmin müraciətlərlə bağlı şikayətçiyə dəfələrlə tələblərinin əsassız olması ilə əlaqədar İnzibati orqanlardan cavab məktubları ünvanlanmasına baxmayaraq İddiaçı eyni məzmunlu əsassız şikayətlərini davam etdirmişdir. Bu şikayətlər artıq elə bir saya və həddə çatmışdır ki, İddiaçı eyni məzmunlu əsassız şikayətləri nazirlər səviyyəsində, Prezident adminstrasiyası səviyyəsində araşdırılmalı olmuşdur. Belə ki, əmək mübahisəsi hissəsində həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Cənab Nazir hörmətli Sahil Babayev imzalı) Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Humanitar siyasət, diaspor multikulturalizm və dini məsələlər şöbəsinin müdiri hörmətli Fərəh xanım Əliyevaya ünvanlanmış 21.08.2020-ci il tarixli **********3 saylı cavab məktubunda, həm də Əmək müfəttişliyinin şikayətçiyə ünvanladığı məktubda araşdırmalar nəticəsində əmək hüquq pozuntusunun aşkarlanmadığı müəyyən olunmuşdur. Bundan başqa Cavabdeh MMC fəaliyyəti hissəsində Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Humanitar siyasət, diaspor multikulturalizm və dini məsələlər şöbəsinin müdiri hörmətli Fərəh xanım Əliyevaya ünvanlanmış 28.07.2020-ci il tarixli 2-16/kol-8242 saylı cavab məktubunda və şikayətçiyə ünvanladığı məktubunda araşdırmalar nəticəsində Cavabdeh MMC-nin fəaliyyətinin tibbi koordinasiya xidməti olduğu qeyd edilmişdir. İddiaçı altına imza atdığı bir çox şikayət ərizələri və iddia ərizəsində heç bir əsası olmadan işlədiyi cəmiyyətə qara yaxmış, böhtanlar savurmuşdur. O, Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin iddiaçıya verilməməsi, həmin müqavilə ilə tanış ola bilməməsi, xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığını, əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilərək ixtisasının mütəxəssis yazıldığını, sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olduğunu, işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulduğunu, əlavə işə cəlb edilərək ödənişini almadığını, digər işçilərin əmək funksiyasını həyata keçirdiyini, cənab Prezident tərəfindən tibb işçilərinə müəyyən edilən 20 faiz əmək haqqına əlavə olunan artımları nağd şəkildə aldığını, məzuniyyət hüquqlarının pozulduğunu, maaş haqda haqq-hesab sənədinin ona təqdim edilmədiyini, Prezidentin 18 mart 2020-ci il tarixli 1947 saylı sərəncamına istinad edərək dövlət tibb müəssələrində maaşların 3-5 mislində əlavə müəyyən edildiyini, özlərinin də maaşlarının bu sərəncama görə artırılmalı olduğunu, şəxsi qərəzliyə görə ona işə gəlməməsi deyildiyini, faktiki olaraq maneələr yaradıldığı üçün əmək funksiyasını yerinə yetirə bilmədiyini, uzun müddətdir ki, işəgötürənin onu işə gəlməyə qoymadığını qeyd etməklə əsassız olaraq cəmiyyətdən pul tələb etmişdir. Əmək müqaviləsi davam etdiyi halda xəbər vermədən başqa işəgötürənlə əmək müqaviləsi bağlayıb koronaviruslu xəstələrə xidmət edib 3-5 misli əmək haqqı alan bu xanıma heç bir inzibati orqan izah edə bilməmişdir ki, əsas iş yeri olan Cavabdeh MMC koronoviruslu xəstələr üçün ayrılmış tibb müəssisəsi deyil. Heç bir əmək müfəttişi, hətta Nazirlik belə bu xanıma izah edə bilməmişdir ki, onun əmək hüquqları pozulmayıb. Deməli aparılmış araşdırmalar nəticəsində İnzibati orqanların inzibati akt hesab edilən, tərəflərə məlumat verildiyi andan hüquqi qüvvəyə minən və hüquqi cəhətdən etibarlı sayılan, şikayətçilər tərəfindən ləğv edilməsi üçün mübahisələndirilməyən məktublara rəğmən ilkin iddiaçı şirkətə qarşı əsassız şikayətlərini davam etdirmişdir, ilkin iddiaçıya bir şey lazım idi, pul. Onlar tərəfindən ilkin iddiaçının etdiyi şikyətlərin sadəcə bir hissəsi məhkəməyə təqdim edilmişdir. Şikayətlər eyni məzmunlu, cavab verilməsinə rəğmən təkrarən eyni məzmunlu şikayətlər. Lakin 1-ci instansiya məhkəməsi işgüzar nüfuza xələl gətirildiyini təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyini qeyd etmişdir. Bəs təqdim edilmiş şikayət ərizələri sübut deyilmi?! İşgüzar nüfuza xələl gəlməsi üçün başqa nə olmalı və ya yaşanmalı idi?! Bu qədər əsassız şikayət kafi deyildimi?! Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətində göstərdiklərini təsdiq etdiyini bildirərək eyni məzmunlu izahat verdi və özünün apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X3 da apellyasiya şikayətində göstərilənləri təsdiq etdi, eyni məzmunlu izahat verdi və ilk iddiaçının apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 da apellyasiya şikayətində göstərilənləri təsdiq etdi, eyni məzmunlu izahat verdi və ilk iddiaçının apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddiaçının apellyasiya şikayətinə verdiyi yazılı etirazda göstərilənləri təsdiq etdi və ilk iddiaçının apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərii təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi hər iki iddiaları rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin İ hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunan Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsi ilə həmin müddətlər məhkəməyə müraciət edə bilmə müddətləri kimi müəyyən edilib. İlkin iddia üzrə İddiaçı göstərilən normanın dispozisiya şərtlərini pozmuş, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə və hazırki iddianı qaldırmaqla məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunmamış, müddətin üzrlü səbəbdən buraxılması təsdiq olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə iddiaçının mübahisə açdığı hallara dair dəlillərini dəyərləndirməklə onun istinad etdiyi arqumentlərə tam həcmdə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Həmçinin məhkəmə ilkin iddia üzrə iddiaçının sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olmasına, iddiaçının xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığına, işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulmasına, əlavə işə cəlb edilərək ödənişini almadığına dair dəlilləri ilə bağlı hesab edir ki, bu halların mövcud olmasına dair hər hansı sübut növü təqdim olunmadığı üçün bu dəlillər əsaslı sayıla bilməz. Məhkəmə ilkin iddia üzrə İddiaçı 50000 manat məbləğində maddi ziyan, 20000 manat məbləğində mənəvi ziyan vurulmasına dair tələblərinin qeyri-müəyyən olmaqla yanaşı, əsaslı sübut növləri ilə təsdiq edilməməsini qeyd edir. İddiaçı vurulan mənəvi ziyanın nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, ilkin iddia tələbi mənəvi ziyan hissəsində də rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək onun da təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, qarşılıqlı iddiaçı 50000 manat məbləğində mənəvi ziyan cəmiyyətin işgüzar nüfuzuna zərbələr vurulması və cəmiyyətin bu səbəbdən maddi ziyana uğramasını göstərsə də, bu ziyanın nədə ifadə olunmasını əsaslandıra bilməmişdir. «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hşüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. İşin materiallarından görünür ki, İddiaçı məhkəməyə, pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı dövlət orqanlarına və işəgötürənə müraciət edərək yalnız onun pozulmuş hüquqların bərpa edilməsini, eləcə də, öz konstitusion hüququndan, müraciət etmək hüququndan istifadə edərək cavabdeh tərəfindən pozulmuş hüquqlarının araşdırılmasını dövlət orqanlarından xahiş etmişdir. Bu müraciətləri zamanı İddiaçı öz pozulmuş hüquqlarını qeyd edərək və maddi normaları ilə əsaslandıraraq, həmin müraciət ərizələri yaymamış, heç bir kütləvi informasiya vasitələrində, internet mənbələrində, tele, radio və digər informasiya platformalarında öz pozulmuş hüquqları ilə bağlı məlumat verməmiş, təhqirə və böhtana yol verməmişdir. Beləliklə də, məhkəmə qarşılıqlı iddia tələbinə də yuxarıda sadalanan qanunvericilik aktları və prosessual hüquq normaları baxımından hüquqi qiymət verərək hesab edir ki, bütün fiziki və hüquqi şəxslər məhkəmə müdafiəsi üsullarından istifadə etmək hüququna malikdirlər və belə müraciət onların məsuliyyətə cəlb olunmasına əsas vermir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ilkin və qarşılıqlı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, ilk iddiaçı apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, apellyasiya şikayətlərinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilkin iddianın təmin edilməməsi hissəsi, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin obyektini də qətnamənin digər, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetləri isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayətləri üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni şikayətlər üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır. İlkin və qarşılıqlı iddia tələblərinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Əvvəla, tərəflər arasında əmək münasibətlərinin olması işin mübahisəsiz halıdır, yəni tərəflərin heç biri bu faktı mübahisələndirmir. Mübahisələndirilən hal isə ilk iddiaçının cavabdeh Cəmiyyətdə işlədiyi müddətdə ərzində MMC tərəfindən onun hüquqlarının pozulmasını bəyan etməsi, qarşılıqlı iddiaçının mübahisələndirdiyi hal isə ilk iddiaçının cavabdeh barədə müxtəlif dövlət orqanlarına həqiqətə uyğun olmayan, böhtan və rüsvayedici məlumatların yayması ilə bağlıdır. Göstərdiyi halları ilk iddiaçı sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin ilkin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi bu halları sübut edə bilmir. Bu barədə yalnız onun izahatı mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa mötəbər sübutlar yoxdur. Əksinə, işdə olan sübutlarla, o cümlədən haqq-hesab cədvəli ilə ilk iddiaçıya əsas və əlavə saatlara görə əmək haqqı, dəniz əmsalı, ezamiyyə pulu və yol xərcinin ödənilməsi öz əksini tapmışdır. Aidiyyəti orqanlar, o cümlədən əmək müfəttişliyi tərəfindən aparılan yoxlamalar zamanı cavabdehin iddiaçının hansısa hüquqlarını Bununla yanaşı, ilk iddiaçının maddi və mənəvi ziyan tələbi də qeyri müəyyən və ziddiyyətli bir tələbdir. Əslində, ilk iddiaçı tərəf apellyasiya baxışı zamanı da iddiasında olan qeyri müəyyənliyi və ziddiyyəti aradan qaldıra bilmədi və cavabdehdən konkret olaraq tələb etdiyi maddi ziyanın nədən ibarət olduğunu göstərmədi. Əksinə, cavabdehin nümayəndəsinin və vəkilinin ilk iddianın əsassızlığı barədə gətirdiyi bütün dəlilləri, o cümlədən etirazda göstərilənləri təkzib edə bilmədi. Belə ki, 2017-ci ildən 2020-ci ilə kimi dəniz şəraitində işlədiyi günlərinin sayının artıq olduğunu mübahisələndirmədi, həmin dövrdə aylıq vəzifə maaşının konkret məbləğ olduğu halda, hər ay bundan bir neçə dəfə artıq əmək haqqı almasının səbəblərini etiraf etmədi yaxud etmək istəmədi. Bu cür vəziyyətdə ilk iddia necə əsaslı ola bilərdi. Bundan başqa, apellyasiya baxışı zamanı ilk iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti təmin edilərək cavabdeh cəmiyyətdə işçilərin iş yerinə giriş və çıxış hesabatlarını özündə əks etdirən davamiyyət jurnalının təqdim olunması ilə bağlı vəsatət təmin olunaraq cavabdehdən həmin jurnal tələb olunmuş və iddiaçı tərəfə təqdim edilmiş, hətta həmin jurnalla tanış olmaları üçün məhkəmə iclası təxirə salınmışdır. İlk iddiaçı tərəf həmin jurnalla tanış olsalar da şikayətində göstərilənlərlə bağlı yaxud ümumiyyətlə iş üçün əhəmiyyət kəsb edən hansısa arqument irəli sürmədilər. Demək, davamiyyət jurnalında iddiasının əsaslı olmasını təsdiq edəcək hansısa faktın müəyyən edilməməsi də açıq-aşkar ilk iddianın əsassızlığına dəlalət edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, il iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi inandırıcı deyildir. Çünki, ilk iddiaçı iddia tələbində qeyd etdiklərinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın da əsassız olduğu qənaətinə gəldiyindən qətnamənin həmin hissədə də ləğv edilməsi üçün əsas görmür. Çünki, cəmiyyət barəsində həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatları yayma nəticəsində qarşılıqlı iddiaçıya maddi zərər dəyməsi inandırıcı və ağlabatan deyildir. Belə ki, ilk iddiaçının cavabdeh barədə müxtəlif dövlət orqanlarına etdiyi şikayətlərin əsassız olması qarşılıqlı iddiaçıya bu cür iddianı irəli sürməyə əsas vermirdi. Yəni, həmin müraciətlərdəki məlumatlar cavabdehin işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz. Eyni zamanda cavabdeh cəmiyyət maddi zərərə məruz qalması barədə məhkəməyə konkret olaraq hansısa mötəbər sübut təqdim etməmiş və istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bəyan etdiyi həmin halları sübut etmək vəzifəsi isə qarşılıqlı iddiaçının üzərinə düşür. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(004)- 1901/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar