Məhkəmə qərarları › İş №2(103)-6538/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6538/2022

06.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6538/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: evə köçürülmə, istifadə hüququ, özbaşına tikili, qanunun anologiyası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh2 və X1 qarşı “fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X5 ilə Cavabdeh2 2008-ci ildə ailə həyatı qurmuş və ünvan 1 küçəsi 4/44 ünvanında (cavabdehlərin bildirməsinə görə ünvan 1 küçəsi ev 4/10) yerləşən evə gəlin köçüb orada yaşamağa başlamış, 11 mart 2010-cu il tarixdə onların nikahları rəsmiləşdirilmiş, nikahdan sonra arvada “Mirzəyeva” soyadı verilmiş, nikahlarından (evliliklərindən) xx.xx.2009-cu il tarixdə Amil, xx.xx.2012-ci il tarixdə İsmayıl adını verdikləri uşaqları dünyaya gəlmiş, xx.xx.2021-ci il tarixdə nikahları pozulmuşdur.

2. ünvan 1 küçəsi 4/44 (4/10) ünvanında yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

3. İddiaçı ailə qurduqdan sonra 13 il həmin evdə yaşamış, 2021-ci ildə ailə münasibətlərinin pozulması səbəbilə uşaqları ilə birlikdə evdən getmişdir.

4. İddiaçı məxsus cehiz əmlaklar hazırda ünvan 1 küçəsi 4/44 ünvanında (cavabdehlərin bildirməsinə görə ev 4/10) yerləşən evdədir.

5. Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanında, Cavabdeh2 və İddiaçı Lerik rayonunun Əliabad kəndində pasport qeydiyyatındadırlar.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı Cavabdeh2 və X1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərə məxsus ünvan 5 ünvanında yerləşən, gəlin köçüb yaşadığı evə uşaqları ilə birlikdə köçürülməsi, həmin yaşayış sahəsindən evdə yaşayan digər ailə üzvləri ilə bərabər istifadə etmək hüququ verilməsi və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 ilə 10 mart 2011-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra bir müddət ailə münasibətləri normal olmuş, münasibətləri tədricən pozulduğundan məhkəməyə əmlak, nikahın pozulması və aliment tələbinə dair müraciət etmişdir. Keçmiş həyat yoldaşı tərəfindən tez-tez təhqir olunub alçaldılmış, sonuncu dəfə keçmiş həyat yoldaşı evə sərxoş halda gəlib onu təhqir edərək döymüş və iki uşağı ilə birlikdə evdən çıxartmışdır. Odur ki, məcbur olub uşağları ilə birlikdə valideynlərinin evinə getmişdir və hal-hazıradək müvəqqəti olaraq onların yanında yaşayır. Evdən çıxarkən ona məxsus bütün əmlaklar gəlin köçdüyü evdə qalmışdır. Cavabdeh tərəfindən uşaqlara maddi köməklik olmadığı üçün məhkəmədə aliment tələbi ilə bağlı da iddia qaldırmışdır. Hazırda atasına məxsus evdə yaşayır və başqa yaşayış yeri yoxdur. Bu vəziyyət onun normal yaşamasına və övladlarının böyüməsinə mənfi təsir göstərir, buna görə də o evə köçüb yaşamaq istəyir. Çünki həmin ev uşaqlarının təhsil aldığı məktəbə yaxındır, uşaqlara kənddə yaşamaq çətin gəlir, onlar Bakı şəhərində anadan olub orada yaşamışlar. Həmçinin, ona məxsus cehiz əmlakı hazırda da həmin evdədir və gəlin köçdüyü evin genişləndirilməsi, evə əlavə vəsaitlərin xərclənməsi onun cavabdehlə birgə zəhmətinin bəhrəsidir.

8. İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, Cavabdeh2lə ailə qurduqdan sonra 13 il müddətində mübahisəli evdə yaşamış, evin genişləndirilməsində onun da əməyi və iştirakı olmuşdur. Hazırda azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşayır və yaşayış sahəsinə ehtiyacı vardır. Gəlin köçərkən özü ilə apardığı əşyalar mübahisəli evdə qalmışdır və Cavabdeh2lə mübahisəsi olduğundan evdən getmək məcburiyyətində qalmışdır. Cavabdeh2lə boşandıqdan sonra cavabdeh bir dəfə də olsun uşaqları ilə maraqlanmamışdır. Əvvəlcə qayınatası onlarla birlikdə qalsa da, sonradan başqa bir evə köçmüşdür.

9. Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə 2008-ci ildə faktiki olaraq ailə qurduqdan sonra atası tərəfindən onun üçün inşa edilmiş evdə yaşamışlar. Həmin ev DƏDRX-də rəsmi olaraq qeydiyata alınmamışdır və ev qanunsuz tikilidir. Bir müddət həmin evdə yaşasalar da, sonradan münasibətləri pozulmuş, iddiaçı azyaşlı övladları ilə birlikdə atası evinə qayıtmışdır. İddiaçı artıq bir il olar ki, evdən çıxıb getmişdir və özü oraya qayıtmaq istəmir. İddiaçının qardaşının 5 otaqlı evi var, gedib orada da qala bilər.

10. Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı onun gəlini olmuş, oğlu ilə evləndikdən sonra ona məxsus evə gəlin köçmüş və evdə 13 il yaşamışdır. Həmin evi o, oğlu üçün öz şəxsi vəsaiti hesabına inşa etmiş, lakin ev DƏDRX-də rəsmi qeydiyyata alınmamışdır. İddiaçı ilə oğlu arasında olan narazılıqdan sonra onlar ayrılmış, iddiaçı valideynlərinin yanına getmiş və hazırda kirayədə yaşayır. İddiaçı mübahisəli evdə qaldığı müddətdə evdə heç bir təmir-tikinti işləri görülməmişdir. Evin arxa hissəsində yarımtikili olmuş və həmin yarımtikili təmir edilmişdir. İddiaçının mübahisəli evə köçməsinə etiraz etməmişdir, lakin hazırda iddiaçı evdən getdiyi üçün iddia tələbi ilə razı deyil.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı uşaqları - xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 5 ünvanında yerləşən evə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 26-cı və 43-cü, Mülki Məcəllənin 11-ci, 27-ci, 180-ci, 228-ci, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü və 123-cü, Mülki Prosessual Məcəllənin 13.4-cü, 77-ci və 217-ci maddələrinə istinadla aşağıdakı kimi əsaslandırmışdır:

12.1. Mübahisəli yaşayış sahəsi özbaşına tikili olduğundan və özbaşına tikili ilə bağlı hazırki münasibətləri (özbaşına tikiliyə köçürülmə, istifadə hüququnu tanınması və maneələrin aradan qaldırılması) tənzimləyən hüquq normaları olmadığından mübahisəyə qanunun analogiyası tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin özbaşına tikili ilə bağlı normaları (maddə 180) hazırki münasibətləri tənzimləmir. Həmin norma özbaşına tikiliyə anlayış verməklə (maddə 180.1), özbaşına tikilini aparmış şəxsin ona mülkiyyət hüququnun və ona dair sərəncam vermək hüququnun olmaması (maddə 180.2), özbaşına tikiliyə mülkiyyət hüququnu tanınması (maddə 180.3) və özbaşına tikilinin sökülməsi (maddə 180.4) barədə münasibətləri tənzimləyir. Hazırki mübahisə isə özbaşına tikiliyə köçürülmə və ondan istifadə hüququnun tanınması ilə bağlı tələblərdir ki, Mülki Məcəllənin qeyd edilən normasında həmin münasibətləri tənzimləyən normalar yoxdur. 12.2. Özbaşına tikilidən bir iqtisadi dəyər kimi yararlanmanı tənzimləyən norma(lar)ın mövcud olmadığına istinad etməklə, iddiaçının qeyd edilən evə köçürülməsi tələbinin rədd edilməsi mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış, həmin evdə faktiki sahibi ilə birlikdə təsərrüfat işləri aparmış və həmin evə münasibətdə artıq iqtisadi marağı formalaşmış İddiaçı münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdıra bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır və yolverilməzdir. 12.3. Mübahisə, dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. 12.4. Tərəflər arasında mübahisəli hüquq münasibətləri 2008-ci ilin iyul ayında yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh2lə həmin tarixdə faktiki nikah münasibətlərinə girərək həmin tarixdə mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Buna görə də, mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. 12.5. Lakin baxılan işin mübahisələndirilməyən halı ilə müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda həmin evə dair yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı iddiaçı ilə cavabdehlər arasında notarial qaydada razılaşmanın bağlanması, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün ola bilməzdi. Ona görə də mübahisəyə, hüquq mübahisəsinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayınadək qüvvədə olan) normaları tətbiq edilməlidir. 12.6. Münasibətlər yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 12.7. Baxılan işdə iddiaçı cavabdehlərin razılığı ilə mübahisəli evə köçmüş və onların ailə üzvü kimi 13 il müddətində həmin evdə yaşamış və onlar birgə təsərrüfat aparmışlar. Məhkəmə iclasında iddiaçı ilə Cavabdeh2 arasında nikahın pozulması bildirilsə də, istinad edilən normanın məzmununa əsasən yaşayış sahəsinə köçürülmüş şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 12.8. İşin mübahisə edilməyən halları ilə iddiaçının həmin evdə 13 il yaşaması, cavabdehlərlə birgə təsərrüfat aparması, həmin evdə uşaqlarının dünyaya gəlməsi, mübahisəli evin arxa hissəsində genişləndirmə işləri (təmir işləri) aparılarkən iddiaçının həmin evdə yaşaması, iddiaçıya məxsus cehiz əşyalarının hazırda da həmin evdə olması və hazırda iddiaçının uşaqları ilə birlikdə kirayədə yaşayaraq yaşayış sahəsinə ehtiyacının olması, həmçinin mübahisəli evdə heç kimin yaşamaması müəyyən edilmişdir. Cavabdehlər bu halları mübahisələndirmirlər. İddiaçı 13 il müddətində mübahisəli evdə cavabdehlərlə birgə yaşamaqla birgə təsərrüfatın aparılmasında iştirak etmişdir. 12.9. İddiaçının Cavabdeh2lə mübahisə yaranması səbəbindən mübahisə predmeti olan evdən müvəqqəti olaraq getməsi onun yaşayış yerini itirməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçıya məxsus əşyaların hələ də mübahisəli evdə olması, onun həmin evdən daimi olaraq getməsi faktını istisna edir. 12.10.Cavabdeh Xanbala Mirzəyev həmin evi öz vəsaiti hesabına, iddiaçı həmin evə köçməmişdən qabaq inşa etdirməsi barədə sübutlar təqdim etməmişdir. 12.11. İddiaçıya həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğu işin halları ilə sübut olunur. Buna görə də mübahisəli ev iddiaçının yaşayış yeri hesab edilməklə onun həmin evə köçürülməsi barədə tələbi təmin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, cavabdeh Xanbala Mirzəyev məhkəmədə verdiyi izahatında iddiaçının həmin evə köçüb yaşamasına əvvəllər etiraz etməsə də, hazırda iddiaçı evi tərk etdiyi üçün iddia tələbi ilə razı deyil. Həmçinin iddiaçı hazırda uşaqları ilə birlikdə kirayədə yaşamaqla başqa yaşayış yeri yoxdur. 12.12.Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İddiaçının həmin evə köçürülməsi qərara alındığından və onun 14 yaşına çatmamış uşaqları da iddiaçının himayəsində olduğundan onların da iddiaçı ilə birlikdə həmin evə köçürülməsi təmin edilməlidir.

13. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı mübahisəsi gedən evin ünvanını səhv göstərdiyi halda məhkəmə bu halı araşdırmamış, evin Cavabdeh1 məxsus olmasını, iddiaçının evdən özünün könüllü çıxıb getməsini nəzərə almamış, iddiaçının istifadə hüququnun olmadığı qənaətinə gəlsə də, bu qənaətinə zidd olaraq onun evə köçürülməsi nəticəsinə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunun anologiyası üzrə Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq edərək iddianı rədd etməli olduğu halda qanunu səhv təbiq etmiş, sübutlara düzgün qiymət verməmişdir.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahat

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, evi oğlu üçün tikmiş, evin ona məxsus olması Ali Məhkəmənin xx.xx.2002-ci il tarixli qərarı ilə müəyyən edilmiş, Rufanə Mirzəyevə gəlin köçərkən həmin ev mövcud olmuş, o, evin tikilməsində və təmirində iştirak etməmişdir. Dəfələrlə əşyalarını gəlib götürməsi barədə İddiaçı xəbər göndərsə də, o gəlib əşyalarını evdən aparmamışdır.

16. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı ərizə göndərərək himayəsində iki məktəblinin olduğunu və məhkəməyə gələ bilmədiyini qeyd etməklə işə iştirakı olmadan baxılmasını xahiş etmiş, Cavabdeh2 isə səbəbini bildirmədən məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

“X11 haqqında” Azərbaycan Respublikasının Qanunu

18. Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

20. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 81. Qanuna və ya digər X11a əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddlərini qətnamənin iddianın təmin edilmiş hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı şikayət vermədiyindən, iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

29. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

30. Belə ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.

31. Keçmiş gəlinlərin mənzilə (özbaşına tikiliyə) köçürülmə tələbi ilə bağlı hazırda istifadə olunan hüququn ümumi prinsipləri və ya hüququn konkret sahələrinə aid prinsipləri ilə bağlı birinci instansiya məhkəməsinin dəyərləndirməsi daha doğru görünür. Analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

32. Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.

33. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı gəlin köçdüyü evin genişləndirilməsində və yaxşılaşdırılmasında iştirak etdiyini irəli sürmüş, Cavabdeh1 isə onun orada yaşadığı müddətdə yalnız evin arxa hissəsindəki yarımtikilinin təmir edildiyini, evin özündə təmir işlərinin həyata keçirilmədiyini bildirmişdir.

34. Kollegiyanın qənaətinə görə, mübahisəsi gedən tikilidə 13 il ərzində fasiləsiz yaşamış iddiaçının evin cari təmirində və qorunub saxlanmasında iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Cavabdeh1 evin tərkib hissəsi hesab edilən yarimtikilidə təmir işlərinin həyata keçirildiyini etiraf edir, evdə isə 2008-ci ildən etibarən yalnız iddiaçının öz ailəsi (həyat yoldaşı və uşaqları) ilə birlikdə yaşadığı və onun evi tərk edib getməsindən sonra evdə yaşayış olmadığı müəyyən edilmişdir.

35. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdeh Famir Mirzəyevlə münasibətlərinin pozulması nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdehlər buna imkan verməmişlər. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir.

36. Kollegiya onu da qeyd edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində 13 il ərzində yaşadığı və əşyalarının yerləşdiyi bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da cavabdehlərlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi barədə gəlinən qənaət əsaslı hesab edilməlidir.

37. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

38. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1070/2022 saylı iş üzrə 30 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “İddiaçı uşaqları - xx.xx.2009cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 5 ünvanında yerləşən evə köçürülməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar