Məhkəmə qərarları › İş №2(103)-6539/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6539/2024

26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6539/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi “sənədlərin şəxsə məxsus olması” barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-4319/2024 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “sənədlərin şəxsə məxsus olması” barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalı tərəfindən verilən xx.xx.1993-cü il tarixli 296 saylı arayışın və Nizami rayon Səfərbərli İdarəsi tərəfindən verilən xx.xx.2013-cü il tarixli, 126 saylı arayışın ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 4319/2024 saylı qərardadı ilə (hakim Solmaz Ədilova) ərizə, ona əlavə edilmiş sənədlərin qaytarılması qərara alınmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 4319/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət – qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması, yanlış hüquq normalarına isinad edilməsi, ərazi aidiyyəti üzrə düzgün müraciət etməsi, lakin heç bir qanuni əsası olmadan qeydiyyatda olduğu ünvanda yaşamasına dair sübutların tələb olunması, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi nin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndinin nəzərə alınmaması, ərizənin icraata götürülüb araşdrıma aparılması əvəzinə ona əsassız olaraq qaytarılması və s. kimi əsaslandırılmışdır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə icraata qəbul məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Lakin, birinci instansiya məhkəməsi ərizənin ərazi aidiyyətinə münasibətdə qeyd etmişdir ki, ərizəçi qeydiyyatda olduğu ünvanda yaşamasına dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 5-ci maddəsi). Göründüyü kimi, şəxs hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün ərizəni yaşadığı yer üzrə müvafiq birinci instansiya məhkəməsinə verir. Ərizəçi də yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan üzrə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Belə olan halda isə, şəxsdən qeydiyyatda olduğu ünvanda faktiki yaşamasını təsdiq edən əlavə sənədin tələb olunması qanunvericiliyin tələbləri ilə uzlaşmır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ərizəçi qeyd olunan arayışların (Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalı tərəfindən verilən xx.xx.1993-cü il tarixli 296 saylı arayışı, həm də Nizami rayon səfərbərli idarəsi tərəfindən verilən xx.xx.2013-cü il tarixli, 126 saylı arayışı) ona məxsus olması ilə bağlı ərizə ilə maraqlı şəxsə müraciət etməli idi. Ərizəçi isə bu barədə müraciətinin olması ilə əlaqədar sübutları (pretenziya) ərizəyə əlavə etmədən ümumi qaydada məhkəməyə ərizə ilə müraciət etmişdir. Lakin, qərardaddan aydın olmur ki, ərizəçi hansı məqsədlə ilkin olaraq müvafiq orqana müraciət etməlidir (qərardad bu istiqamətdə əsaslandırılmamışdır). Ərizəçinin istinad etdiyi sənədlərdən açıq-aydın görünür ki, həmin sənədlər ərizəçinin adına verilmişdir. Qeyd edilməlidir ki, MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Göründüyü kimi, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Bu səbəbdən də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin istinad etdiyi sənədlərin ona məxsus olması istiqamətində MPM-in 307.2.5-ci maddəsinin və digər əlaqəli normaların tələbləri baxımından həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən olunmasına prosessual əsasların mövcudluğunu yoxlamalıdır. Belə ki, hüquqi əhəmiyyətli fakt dedikdə, hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olan faktlar nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında (bənd, 6.1, 6.2, 6.3) göstərilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. MPM-in 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinin tələbinə görə, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı). Göründüyü kimi, birinci instansiya məhkəməsi ərizənin qaytarılması barədə qərardadını qanunvericiliyin tələblərinə uyğun qaydada əsaslandırmamış, ərizənin mümkünlüyünə aid qeyd edilən bu və digər zəruri prosessual məsələləri tam və ətraflı yoxlamamış, aid olmayan normalara istinad etmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə kollegiyasının hazırki mövqeyi ərizənin mütləq şəkildə icraata qəbul edilərək ona mahiyyəti üzrə baxılmalı olması anlamına gəlməməklə, birinci instansiya məhkəməsinin qərardadının prosessual əsaslarla şikayətin dəlilləri baxımından yoxlanılmasını ehtiva edir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi ərizənin mümkünlüyü məsələsinə yuxarıda qeyd edilənlər də nəzərə alınmaqla, həmçinin buna zərurət olarsa, çəkişmə prinsipinə riayət edilməklə işdə iştirak edən şəxslərin iştirakı ilə yenidən baxmaqla müvafiq qərar qəbul etməyə haqlıdır. Belə ki, MPM-in 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş xüsusi icraat qaydasında verilmiş ərizənin mümkünlüyü (icraata qəbul) məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi “sənədlərin şəxsə məxsus olması” barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-4319/2024 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(005)-4319/2024 saylı qərardadı ləğv edilsin və iş ərizənin mümkünlüyü (icraata qəbul) məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar