Məhkəmə qərarları › İş №2(103)-654/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-654/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-654/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı “əmək haqqının və digər ödənişlərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)-3932/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh-yə qarşı “əmək haqqının və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh-dən 2837,49 manat ödənilməmiş əmək haqqının, 626,86 manat məzuniyyət pulunun, 500 manat işdən çıxarılmağa görə iki aylıq təminatın, 8665,32 manat əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanmış ödəncin, 2000 manat mənəvi ziyanın və 100 manat hüquqi xidmətlər xərcinin, cəmi 14729,67 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)- 3932/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh-dən ödənilməli əmək haqqı 2397.71 manat, istifadə edilməmiş məzuniyyət pulu 625.42 manat, işdən çıxarılmağa görə 2 aylıq müavinət 380 manat, əmək haqqının gecikdirilməsinə görə hesablanmış cərimə məbləği 6610.38 manat olmaqla, cəmi 10013.51 manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, iş birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılmamış, məhkəmə tərəfindən maddi və prosessual normalar kobud surətdə pozulmuş, işə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsi ilə əsaslandırılır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu maddənin təfsiri məhkəmə tərəfindən düzgün verilməmişdir, belə ki, işəgötürənin təqsiri məsələsi sübut edilməmiş, həmçinin bu hal artıq mövcud vəziyətdə fərdi əmək mübahisəsi yaratmışdır. Bu hal iddiaçının işəgötürənə ünvaladığı xx.xx.2017-ci il tarixli ərizə ilə öz əksini tapır. Bundan əlavə, iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət edilən zaman qanunla nəzərdə tutulmuş müddət ötürülsə də, məhkəmə bu halı nəzərə almamış əsassız olaraq qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Yuxarıda qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsi kobud səhv edərək məhkəmə mühasibatlıq ekspertizası təyin etmədən, iddiaçı tərəfin verdiyi sənədlər əsasında maddi və prosesual hüquq normalarını pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı apelyasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qətnamə rəsmi qaydada xx.xx.2019-cu il tarixdə əldə edilmişdir və qətnamədən apelyasiya şikayətinin verilməsinin son tarixi xx.xx.2019-cu il tarixi olmalıdır. Bu qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur, yəni qətnamə rəsmi qaydada alındığı tarixdən 55 gün, şikayətinin verilməsinin son tarixindən isə 25 gün sonra verilmişdir. Qeyd etdikləri cavabdeh tərəfindən apelyasiya şikayəti ilə məhkəməyə müraciət edilən zaman qanunla nəzərdə tutulmuş müddətin ötürülməsini bildirir. Apelyasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin təfsiri ilə əlaqədar cavabdeh iddia edir ki, işəgötürənin təqsiri məsələsi sübut edilməmişdir. Bu maddəyə edilmiş qeyddə göstərilir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Birinci instansiya məhkəməsi bu qeyddə göstərilənləri kifayət qədər araşdırdıqdan sonra bu iddia tələbinə düzgün hüquqi qiymət vermişdir. Belə ki, cavabdehin fəaliyyət növü və faktiki fəaliyyəti yanacaq və sürkü materiallarının pərakəndə satışıdır, sadə dildə desək "yanacaq doldurma məntəqəsi"dir. Bu isə hamıya məlum olan və sübut tələb etməyən bir faktdır ki, orada satılan yanacaq və yağların dəyəri 90 % alıcı tərəfindən nağd pulla, 10% isə ödəniş kartları vasitəsi ilə ödənilir. Yəni, cavabdehin ilin 365 günü ərzində hər gün işçilərin əmək haqqının ödənilməsi üçün kifayət qədər nağd pulu olub, lakin ödəniş etmək üçün şəxsi iradəsi, istəyi olmayıb və bu onun təqsirini sübuta yetirən təkzib edilməz faktdır ki, əmək haqqının ödənilməsinin gecikdirilməsində günahkar 100% cavabdehdir.Fərdi əmək mübahisəsinin yaranıb-yaranmaması ilə əlaqədar bildirir ki, iddia ərizəsində qeyd etdiyi “əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halı” faktiki olaraq fərdi əmək mübahisəsi yaratmayıb. Belə ki, işəgötürən (cavabdeh) bu halı birinci instansiya məhkəməsində iş üzrə araşdırmalar aparılan zaman iddia tələbində göstərilənlərin, o cümlədən hesablanmış əmək haqqı borcu, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, müavinət, ödənişin gecikdirilməsinə görə ödəniş məbləğlərinin heç birini mübahisələndirməyib və mübahisənin yaranmasını təsdiq edə biləcək bir sübut təqdim etməyib. Bu isə o deməkdir ki, cavabdeh iddia tələbi ilə razı olub və bu halların heç biri fərdi əmək mübahisəsi yaratmayıb. Cavabdehin şikayətdə qeyd etdiyi xx.xx.2017-ci il tarixli məktubda onun tərəfindən heç nə mübahisələndirilməyib, sadəcə o qanuna müvafiq ödənişlərin ödənilməsini cavabdehdən xahiş etmişdir. Cavabdehin bu tələbi də tam əsassızdır. Ödənilməli olan əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsi və iddiaçının qanunsuz olaraq işdən çıxarılması təsdiq edildiyindən, hər gecikdirilmiş gün üçün iddiaçıya əmək haqqının bir faizi məbləğində ödənc verilməlidir. Apelyasiya şikayətində cavabdeh iddianın tələbi ilə məhkəməyə müraciət edilən zaman qanunla nəzərdə tutulan müddətlə əlaqədar bir-birinə zidd olan iki cümlə yazır: ...iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət edilən zaman qanunla nəzərdə tutulmuş müddət ötürülsə də, məhkəmə bu halı nəzərə almamış əsassız olaraq qətnamə qəbul etmişdir... Bu irad tam olaraq iftiradır və əsassızdır. Belə ki, cavabdeh özü şikayətində qeyd edir ki, Azərbaycan Respublikası ƏM-nin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddia ərizəsi onun tərəfindən məhkəməyə xx.xx.2018ci il tarixdə verilib, hüququnun pozulduğunu aşkar etdiyi gün isə xx.xx.2017-ci il tarixdir. Birinci instansiya məhkəməsi bu halda da heç bir prosesual hüquq normalarını pozmamışdır. Apelyasiya şikayətində cavabdeh birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizasının təyin etmədən qətnamə qəbul etməsini kobud səhv hesab edir. Birinci instansiya məhkəməsində araşdırmalar aparılarkən cavabdeh məhkəmənin tələblərinə məhəl qoymamış, məhkəməyə heç bir sübut və vəsatət təqdim etməmiş, hər hansı məntiqli və ağlabatan etiraz irəli sürməmişdir. Birinci instansiya məhkəməsi e-gov.az saytında “Elektron hökümət portalından götürülmüş elektron sənədləri (bildirişlər), məhkəmənin xx.xx.2018-ci il tarixli 2(008)-3932/2018 nömrəli sorğusuna Azərbaycan Respublikasının ƏƏSMH-nin Dövlət X3 Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş idarəsi tərəfindən xx.xx.2018-ci tarixdə **********6 nömrəli məktubla verdiyi cavabı mötəbər sübut kimi qəbul etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.3, 77.4, 135.2, 144.2 və 172.5-ci maddələrinə müvafiq olaraq tərtib edilmiş “Ödənilməmiş əmək haqqı, məzuniyyət pulu, iki aylıq təzminat və həmin ödənişlərə görə hesablanmış əlavə ödənclərin hesablanması cədvəlinə istinad edərək edərək qəbul etdiyi nəticəyə gəlmişdir. Bu hesablamalar çox sadə olduğundan ekspertiza keçirilməsinə heç bir ehtiyac olmayıb. Ekspertizanın təyin olunması tələbinin irəli sürülməsi mahiyyət etibarı ilə cavabdeh tərəfindən onun qanuni haqqının ödənilməsindən yayınmaq və vaxt uzatmaqdan başqa bir niyyət güdmür, nəticə etibarı ilə isə məhkəmənin gəldiyi nəticənin əsassız olaraq şübhə altında qoymaqdır.Bu işdə cəmi yeddi sübut mötəbər sübut sayılır, o cümlədən: İddiaçı iddia etdiyi dövrdə Cavabdeh-də işləyib ya yox ? Bunu sübut edən əmək müqaviləsi bildirişləri mövcuddur və onların surəti işin materiallarına əlavə edilib. İddiaçıya iddia etdiyi dövrdə əmək haqqı hesablanıbmı ? Azərbaycan Respublikasının ƏƏSMH-nin Dövlət X3 Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş İdarəsi tərəfindən xx.xx.2018-ci tarixdə **********6 nömrəli məktubla verdiyi cavabda həmin dövr üçün əmək haqqının hesablanması təsdiq edilib. Bu məktub işin materiallarına əlavə olunub. İddiaçıya iddia etdiyi dövrdə əmək haqqı ödənilib ya yox ? Əmək haqqının ödənilməsini təsdiqləyən sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədi. İddiaçıya iddia etdiyi dövrdə əmək məzuniyyətində olub ya yox ? Cavabdeh tərəf iddiaçının əmək məzuniyyətindən istifadə etməsinə dair heç bir sənəd təqdim edə bilmədi. İddiaçıya iddia etdiyi dövrdə məzuniyyətə görə kompensasiya alıb ya yox ? Cavabdeh bu kompensasiyanın iddiaçıya verilməsini təsdiqləyən sənəd təqdim edə bilmədi. İşdən işəgötürənin çıxarıldığı zaman idiaçıya 2 aylıq əmək haqqı məbləğində təzminat verilib ya yox? Əmək Məcəlləsinin müddəalarına əsasən iddiaçıya işdən çıxarıldığına görə 2 aylıq əmək haqqı məbləğində təzminat verilməlidir, lakin bu günə qədər verilməyib. Cavabdeh təzminatın ödənilməsini təsdiqləyən sənəd təqdim edə bilmədi. İddiaçıya əmək haqqının ödənilməsinin geciktirilməsində günahkarın cavabdeh olduğuna sübuta yetirməsi aksiomadır. Bu hal işəgötürən (cavabdeh) tərəfindən mübahisələndirilməyib və bu səbəbdən də iddiaçıya ödənişin gecikdirildiyi hər bir gün üçün 1% əlavə ödənc verilməlidir. Birinci instansiya məhkəməsi bütün bu sübutların hər birini araşdırdıqdan sonra qərəzsiz və qanuni qətnamə qəbul edib. Belə olduğu halda cavabdehin hansı maddi və prosessual qaydaların pozulmasından və sübutlardan bəhs etdiyi məlum deyil. Cavabdeh öz fərziyələri əsasında ona vermədiyi əmək haqqı və digər ödənişləri ödəməkdən yayınmağa cəhd edir. Cavabdehin apelyasiya şikayəti heç bir faktla əsaslandırılmayıb. İddiaçı və vəkili X4 apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdilər. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə müavinətin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, cərimənin və cəmi borcun tutulması hissəsində dəyişdirilməli, qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin qismən təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, o, mühasib kimi işə qəbul edilmişdir. İşçinin aylıq əmək haqqı 125 manat təşkil etmişdir. xx.xx.2015-ci il tarixdən əmək haqqı 250 manat, xx.xx.2017-ci il tarixdən isə 190 manat təşkil etmişdir. Əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. İddiaçı xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli ərizələrlərlə Cavabdeh-nin direktoru X2 müraciət edərək, ona şirkət tərəfindən ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun və əmək qanunvericiliyində nəzərdə tutulmuş digər ödənişlərin ona ödənilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilən maliyyə cədvəlindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2018-ci il tarixədək ödənilməli əmək haqqı 2397.71 manat, istifadə edilməmiş məzuniyyət pulu 625.42 manat, işdən çıxarılmağa görə 2 aylıq müavinət 380 manat, əmək haqqının gecikdirilməsinə görə hesablanmış cərimə məbləği 6610.38 manat olmaqla cəmi 10013.51 manat təşkil edir. Apelyasiya baxışının həddini ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun, işdən çıxmağa görə iki aylıq təminatın, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanmış ödəncin ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə təşkil edir. İş materiallarından görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi göstərilmişdir. Həmin maddəyə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Yəni cavabdeh əmək müqaviləsinə iddiaçının ərizəsinə əsasən xitam verildiyini bildirir. İddiaçı belə bir ərizə yazmadığını bildirsə də həmin əsasla işdən azad olunmasını mübahisələndirməmişdir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 1679 saylı ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən İddiaçı xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2018-ci il tarixə qədər olan dövr üzrə ödənilməli olan əmək haqqı və məzuniyyət pulu ödənilmədiyi təqdirdə iş materiallarında olan sənədlər (əmək müqaviləsi, əmək müqaviləsi bildirişləri, ödənilməmiş əmək haqqına, məzuniyyət puluna və s. dair tərtib olunmuş cədvəl və Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla İddiaçı ödənilməmiş əmək haqqı və məzuniyyət haqqı məbləği həmçinin ödənilməmiş əmək haqqı üzrə gecikdirilmiş borcun hər günə 1%-i (xx.xx.2018-ci il tarixə qədər) hesablanmaqla faiz məbləği aşağıdakı kimi müəyyən olunur. o cümlədən: Ödənilməmiş əmək haqqı (2 aylıq müavinətlə birgə)—2777,71 manat (2397,71+380) - Ödənilməmiş məzuniyyət pulu 625,42 manat, əmək haqqı üzrə gecikdirilmiş borcun hər günə 1%-i 6610,38 manat. İş materiallarına və ekspert rəyinə əsasən müəyyən olunur ki, iddiaçıya xx.xx.2016cı il tarixdən xx.xx.2018-ci il tarixə qədər ödənilməmiş əmək haqqı 2397,71 manat, ödənilməmiş məzuniyyət pulu isə 625,42 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 135, 144.2, 172.4-cü maddələrinə istinad edərək iddia tələbini qismən təmin etməkdə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işdən çıxmağa görə iki aylıq müavinət məbləği olaraq 380 manatı cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə qismən təmin edərkən Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinin xx.xx.2018-ci il tarixədək qüvvədə olan mətninə istinad etməklə yanaşı, nəzərə almamışdır ki, işçiyə öz ərizəsinə əsasən işdən çıxma müavinətinin ödənilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, qətnamə “işdən çıxmağa görə aylıq müavinət 380 manatın tutulması” hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Cavabdeh apelyasiya şikayətində artıq tərəflər arasında əmək mübahisəsinin olmamasına və cavabdehin təqsirinin sübuta yetirilməməsinə istinad edərək cərimə məbləğinin tutulması hissəsində də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə kollegiyası qətnamənin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, əmək qanunvericiliyi fərdi əmək mübahisəsinin yaranması halında cərimənin tutulmasını məhdudlaşdırmamışdır. Bu səbəbdən də qətnamə cərimə məbləğinin tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə ekspert rəyi ilə müəyyən edilən cərimə (6610,38 manat) məbləğindən 2 aylıq müavinat olan 380 manata hesablanmış cərimə məbləği (380 manat x 1% : 100 = 3.8 manat x 73 gün = 277,4 manat) 277,4 manat çıxılmaqla cərimə məbləği (6610,38 manat – 277,4 manat = 6332,98 mamat) 6332,98 manat müəyyən edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, iddia tələbi iki aylıq müavinətin tutulması hissəsində təmin edilmədiyindən və cərimə məbləğinin tutulması hissəsində dəyişdirildiyindən, ona uyğun olaraq qətnamə cəmi borcun tutulması hissəsində də dəyişdirilməli, cəmi tutulmalı məbləğ 9356,11 manat (2397.71 + 625.42 + 6332,98) müəyyən edilməlidir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı halda iddiaçı bir illik müddəti ötürməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilmiş hissəsi-ödənilməmiş əmək haqqının, İddiaçı Cavabdeh-də işlədiyi dövrdə istifadə etmədiyi əsas məzuniyyətə görə ödənilməli olan məzuniyyət haqqının və xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi ödənilməmiş əmək haqqı üzrə gecikdirilmiş borcun hər günə 1 %-i (xx.xx.2018ci il tarixə qədər) hesablanmaqla faiz məbləğinin miqdarı apelyasiya baxışı zamanı keçirilmiş ekspert rəyi ilə təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi müavinətin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, cərimənin və cəmi borcun tutulması hissəsində dəyişdirilməli, qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən ekspertiza xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)- 3932/2018 saylı qətnaməsi “2 aylıq müavinət 380 manat”ın tutulması hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə “əmək haqqının gecikdirilməsinə görə hesablanmış cərimə məbləğinin” və cəmi borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı cərimə məbləği 6332,98 manat, cəmi borc məbləği isə 9356,11 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İşin apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar