Məhkəmə qərarları › İş №2(103)-654/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-654/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-654/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-7223/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun xx xxxxxxxx 2017-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, A.Şərifzadə küçəsi, 150 saylı evin, 36 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi ev 150, mənzil 36-nın mülkiyyətçisi Cavabdehdur. Cavabdehlə rəsmi nikahda olmuş, nikahdan xx xxxxxxxx 2017-ci il təvəllüdlü X3 adlı bir uşaqları vardır. Nikahları xx xxxxxxxx 2019-cu il tarixdə pozulmuşdur. O, yetkinlik yaşına çatmayan uşağıyla birlikdə Bakı şəhəri, A.Şərifzadə küçəsi 150 saylı evin 36 saylı mənzildə qeydiyyatda olmaqla istifadə hüquqları vardır. Lakin cavabdeh bu mənzildə yaşamağa şərait yaratmır. Cavabdeh tək onun deyil, həmçinin yetkinlik yaşına çatmayan uşağının da hüquqlarını pozur, halbuki, uşağın da bərabər mənzil hüququ vardır. Hüquqlarının bərpası üçün o və uşağı həmin mənzilə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 7223/2019 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) İddiaçı xx xxxxxxxx 2017-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi, 150 saylı evin, 36 saylı mənzilə müvəqqəti olaraq bir müddətinə köçürülmələri, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir. Həmçinin, iddiaçı da qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini, iddia tələbindən kənara çıxılmasını, iddiaçının və uşağının müvəqqəti olaraq 1 il müddətinə köçürülməsinin qət olunmasını, iddiaçının istifadə hüquqlarının olmasını, istifadə hüququna isə yalnız kompensasiya verilməklə xitam verilməli olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, tərəflərin ailə qurduqdan sonra başqa ünvanlarda yaşaması, iddiaçının ümumiyyətlə mübahisəli mənzildə yaşamaması, sadəcə qeydiyyatda olması, istifadə hüququnun yaranmaması, iddiaçı ilə nikahlarının pozulması, hazırda onun ailə üzvü olmaması, iddianın rədd edilməli olması və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, həmçinin digər tərəfin apellyasiya şikayətini əsassız sayaraq şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, həmçinin digər tərəfin apellyasiya şikayətini əsassız sayaraq birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, tərəflərin xx xxxxxxx 2016-cı il tarixdə rəsmi nikaha daxıl olmaları, birgə nikahdan bir azyaşlı uşaqlarının (xx xxxxxxxx 2017-ci il təvəllüdlü X4) olması, nikahlarının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulması, uşağın ananın yanında qalması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda işdə olan sübutlardan (yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin məktubu, çıxarış və s.) görünür ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi, 150 saylı evin, 36 saylı mənzili cavabdehin xüsusi mülkiyyətində olmaqla, iddiaçı həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddiaçı mübahisəli ünvanda istifadə hüququnun mövcudluğunu iddia etsə də, işin faktiki hallarından və araşdırılmış sübutlardan görünür ki, mübahisəli mənzil tərəflərin nikahından əvvəl (2013-cü ildə) vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçmiş, tərəflər arasında nikah isə 2016-cı il tarixdə rəsmiləşdirilmişdir. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, tərəflər arasında münasibətlər 2016-cı il tarixə təsadüf etdiyindən məhkəmə kollegiyası hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəalarını nəzərdən keçirməyi zəruri hesab edir. Yəni, iddiaçının Mülki Məcəllənin 228.5-ci maddəsi anlamında əşya hüquqlarından sayılan «istifadə hüququ» yaranmamışdır (Mülki Məcəllənin 228.5-ci maddəsi hazırki mübahisəyə ümumiyyətlə tətbiq edilə bilməz). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün «yaşayış sahəsindən istifadə etmək hüququ» ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, həmçinin istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi hissəsinə də münasibət bildirərək qeyd edir ki, iddiaçının Mülki Məcəllənin 228-ci maddəsi anlamında mübahisəli yaşayış sahəsinə istifadə hüququ yaranmadığından, ona həmin maddəyə əsasən kompensasiya ödənilməklə xitam verilməsi də mümkün deyildir. Qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, iddiaçı və onun övladı qeyd edilən hüquq normasının 1-ci cümləsinin dispozitiv şərtləri çərçivəsində cavabdehin ailə üzvü hesab edilmiş, bu səbəbdən də mübahisəli yaşayış sahəsindən istifadə etmək hüquqları olmuşdur. Lakin, tərəflər arasında nikah 2019-cu il tarixdə pozulduğundan və tərəflərin ailə münasibətlərinə faktiki xitam verildiyindən iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Buna baxmayaraq, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edilən normaya əsasən iddiaçının (mülkiyyətçisinin keçmiş ailə üzvünün) maddi vəziyyətini və özünü yaşayış sahəsi ilə təmin etmək imkanının olmamasını nəzərə alaraq, onun müəyyən müddətə istifadə hüququnun saxlanılması (bu səbəbdən də 1 il müddətinə köçürülməli olması) nəticəsinə gəlmişdir. Bu hal isə iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz, çünki qanunverici belə bir səlahiyyəti məhkəməyə tanımışdır. Həmçinin, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı» Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının xx xxxxxx 2015-ci il tarixli qərardadından da görünür ki, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə məhkəmələr keçmiş ailə üzvünün onun tərəfindən müvafiq tələbin verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli Qərari). Məhkəmə kollegiyası iddiaçının vəziyyətini, yanında azyaşlı uşağının olmasını və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin qeyd edilən tələblərini nəzərə almaqda haqlı olmuşdur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin müvafiq hissələrdə dəlilləri yuxarıda qeyd edilənlərə əsasən əsassız olmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının ümumiyyətlə mübahisəli yaşayış sahəsində yaşamamasını göstərsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı yaşayış yeri üzrə məhz mübahisəli ünvana qeydiyyata alınmışdır (əsas - yaşayış yeri üzrə qeydiyyat haqqında arayış). MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-7223/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-7223/2019 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar