Məhkəmə qərarları › İş №2(103)-6541/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6541/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6541/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla "xxxx" ASC-nin xeyrinə 02.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 31069,07 ABŞ dolları əsas, 29129,5 ABŞ dolları faiz və 126,42 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 60324,99 (altmış min üç yüz iyirmi dörd dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində kredit borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən 3 otaqlı, 64,72 kv.m ümumi, 42,62 kv.m yaşayış, 22,1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait ödənilməsinə kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, Cavabdeh1 aparılmış qiymətləndirilməyə görə 300 (üç yüz) manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-ci il 02 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 ‘'Nikoyl" İKB ASC-nin “1 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 43000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən, 3 otaqlı, 64.72 kv.m ümumi, 42.62 kv.m yaşayış, 22.1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzili 2014-ci il 02 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır 2014-ci il 02 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cu bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-cu il iyulun 01-dək Cavabdeh1 2014-ci il 02 dekabr tarixli kredit müqaviləsi üzrə banka 31069.07 ABŞ dolları əsas, 29129.5 ABŞ dolları faiz, 126.42 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 60324.99 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə ilə müraciət edilmiş, ərizə qeydə alınmış, lakin müddətinə keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələblərinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh1 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın faiz və cərimə borcun tutulması hissəsində rədd edilməsi və 31069,07 ABŞ dollarının yeni qrafik əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Bu və digər əsasları nəzərə alaraq, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh1, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Suraxanı rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı İKB ASC-nin adı "xxxx" ASC adına dəyişdirilmişdir. İşdə olan Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında 02 dekabr 2014-cü il tarixli, 1-G-1-0-1267- 14 nömrəli kredit müqaviləsi və ona ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən kredit verən istehlak məqsədi ilə kredit alana 60 ay müddətinə, illik 25 % şərtilə 43.000 ABŞ dolları verməyi öhdəsinə götürmüş, borc alan isə həmin borcu faizi ilə birlikdə hər ay 1262.11 ABŞ dolları, sonuncu ay isə 1261,74 ABŞ dolları olmaqla, 60 ay ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında 02 dekabr 2014-cü il tarixli, 1-G-1-0-1267- 14 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış 02 dekabr 2014-cü il tarixli, 1-G-1-0-1267-14 nömrəli kredit müqaviləsinə əsasən 43.000 ABŞ dolları məbləğində 60 ay (altmış) ay müddətinə, illik 25 faizlə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerəşən 64.72 kv.m ümumi, 42.62 kv.m yaşayış, 22.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. İşdə olan 01.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın 02.12.2014cü il tarixli, 1-G-1-0-1267-14 nömrəli kredit müqaviləsi üzrə banka 31069.07 ABŞ dolları əsas, 29129.5 ABŞ dolları faiz, 126.42 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 0 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 60324.99 ABŞ dolları borcu vardır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********36-05101-093026; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 08.10.2014-cü il) görünür ki, ünvan 2 ünvanında yerəşən 64.72 kv.m ümumi, 42.62 kv.m yaşayış, 22.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1nın adına qeydə alınmışdır. İşə əlavə edilmiş Seriya RX ******* № li Çıxarışdan görünür ki, hüququ yüklü edilən şəxs Cavabdeh1 məxsus ünvan 2 ipoteka ilə “Nikoil” İKB 1 saylı filialının xeyrinə yüklü edilmişdir. İşdə olan ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsi barədə 14.10.2019-cu il tarixli hesabata əsasən Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerəşən 64.72 kv.m ümumi, 42.62 kv.m yaşayış, 22.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilin bazar dəyəri 60000 (altmış min) manat təşkil edir. İş mavteriallarında olan 25.02.2020-ci il tarixli AR Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertiza Mərkəzinin ekspert rəyindən görünür ki, 02.12.2014-cü il tarixli 1-G-1-0-1267-14 saylı müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçıİKB ASC-yə olan borcu ekspertiza qarşısında qoyulmuş sual üzrə iddia tələbinin tarixinə yəni 01.07.2019-cu il tarixə əsas borc üzrə 31096,07 ABŞ dolları, fazi borcu üzrə 29129,50 ABŞ dolları,müqavilə müddəti bitdiyi tarixə yəni 02.12.2019-cu il tarixə əsas borc üzrə 31096,07 ABŞ dolları, faiz borcu üzrə 32390,27 ABŞ dolları müəyyən edilib. İpoteka qiyməti ilə bağlı mübahisə olduğuna görə Məhkəmənin 10.09.2020-ci il tarixli qərardadı ilə ipoteka predmeti yenidən qiymətləndirməyə göndərilmişdir. İşdə olan ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsi barədə 29.01.2021-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerəşən 64.72 kv.m ümumi, 42.62 kv.m yaşayış, 22.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilin bazar dəyəri 70.000 manat, likvid dəyəri 65.000 manat təşkil edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Göründüyü kimi, Cavabdeh1 müqavilə üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, kreditin təminatı şəklində cavabdehə məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bank müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin etirazı müqavilə üzrə hesablanmış borc məbləği ilə bağlıdır. Hazırkı mübahisə ilə bağlı məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehdən tələb edilən əsas və faiz borcunu iş üzrə keçirilmiş ekspertiza rəyi ilə, eləcə də işin məhkəmə tərəfindən araşdırılan halları ilə əsaslı hesab edir. Tələb edilən cərimə məbləğini də, məhkəmə kollegiyası əsas borca adekvat hesab edir. Kollegıya hesab edir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Suraxanı rayon Məhkəməsinin hazırki iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar