Məhkəmə qərarları › İş №2(103)-6541/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6541/2023

23.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6541/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: iş üzrə icraat dayandırılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4805/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 5499/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən, həmin evə dair verilmiş xx.xx.2013-cü il tarixli 1810 nömrəli ekspertiza rəyində 3,4,8-2,11 və 12 saylı otaqlar kimi işarələnmiş, müvafiq olaraq 11,6 kv.m, 16.2 kv.m, 9.1 kv.m, 6,0 kv.m və 6,0 kv.m sahələri olan otaqların cavabdeh tərəfindən boşaldılaraq ilkin vəziyyətində - təmir şəkildə təhvil verilməsi və 10000 manat məbləğində dəymiş ziyanın, habələ ödənilmiş 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4805/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, iş üzrə icraatın ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılması qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin məcəllənin 256.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək iş üzrə icraat dayandırılır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. Həmin qərardaddan Cavabdeh şikayət şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4805/2023 nömrəli qərardadını ləğv edərək işin icraatını yeniləyərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə təyin olunmuş hazırlıq iclasını müraciətlərinə əsasən təxirə salaraq qarşılıqlı iddianı müzakirə etməli, sonra isə hər iki iddia üzrə işin hər tərəfli, tam və obyektiv araşdırılması üçün ekspertizalar təyin etməklə hər iki iddia üzrə ekspertlər qarşısında zəruri sualların qoyulmasını təmin etməli idi. Məhkəmə qeyd olunanları təmin etməyərək yaranmış mübahisələr üzrə hər tərəfli araşdırma aparılmayan işin icraatının dayandırılması bərədə qarardad dayandırılma hissəsində ləğv edilməli, əlaqəli tələblər hər tərəfli araşdırılaraq qarşılıqlı iddia müzakirə olunmalı, sonra isə iş üzrə zəruri ekspertizalar təyin ediməlidir

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4805/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4805/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi, 7 gün müddətinə şikayətin baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. İddiaçı tərəfindən şikayətə etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə məhkəmə tərəfindən mübahisə predmeti olan evə yerli baxış keçirilmiş, həmin baxış zamanı da Azərbaycan Respublikasının adından çıxmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının istifadəsinə verilmiş otaqların cavabdeh tərəfindən özbaşına zəbt edildiyi, orada müəyyən dəyişikliklərin edildiyinin şahidi oldular. Həmçinin cavabdeh tərəf iddiaçının istifadəsinə verilmiş otaqların onun tərəfindən zəbt edildiyini bilvasitə etiraf da etmişdir. Cavabdehin qanunsuz olaraq 4-cü otaqda söküntü və təmir işləri aparan zaman məhkəmə qərarı ilə onun istifadəsinə verilmiş, yaşadığı 5-ci otağının divarlarında və divarların künclərində çatlar əmələ gəlmiş, ona xeyli miqdarda ziyan dəymişdir. Onun istifadəsinə verilmiş 11 və 12-ci otaqlar arasında olan arakəsmə divar sökülmüş, 11 və 12-ci otaqların tavan hissəsində olan qır sökülmüş, 12-ci divarın dayanıqlılığına əsaslı şəkildə ziyan vurulmuşdur. 11-ci otağın pəncərəsi sökülərək qanunsuz olaraq hörülmüşdür. Cavabdeh 12-ci otağın içərisində söküntü işləri aparan zaman onun həyətinə baxan divarda dərin çatlar əmələ gəlmiş, suvaq qopmuş və nəticədə divarlar ciddi ziyan görmüşdür. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfindən 3, 4, 8-2, 11, 12 saylı otaqlarda olan işıq xətləri tamamilə sökülmüş, divarlardakı boyalar, otaqların döşəmələri bərbad vəziyyətə salınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2014-cü il tarixli, 16289 saylı rəyindən görünür ki, 11 və 12-ci otaqlara görə təmir-tikinti işləri (divarların 2 tərəfdən suvanması, dam örtüyü taxtadan düzəldilməsi, üstünün sement məhlulu ilə hamarlanması və izolyasiya edilməsi, elektrik xətlərinin tam şəkildə çəkilməsi, taxta qapı və pəncərələr quraşdırılması, tavana DVP təbəqələrin vurulması, döşəməyə taxtanın vurulması, tavan və divarların şpaklyoxkalanaraq boya ilə rənglənməsi və s.) üçün 3109 manat məbləğində xərc müəyyələnmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5499/2015 sayh, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə həmin məbləğ İddiaçı tutulması qət edilmişdir. Lakin yerli baxış zamanı bu halların heç biri (təmir və s.) öz təsdiqini tapmamışdır. Odur ki, Azərbaycan Respublikasının adından çıxmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı istifadəsinə verilmiş, lakin faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmiş 3,4, 8-2, 11 və 12 sayh otaqların ilkin vəziyyətdə - təmirli şəkildə İddiaçı təhvil verilməsi üçün, habelə cavabdehə dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi hazırki ış üzrə ekspertiza təyin edilməsi zərurəti yaranmışdır. Cavabdeh şikayətdə qeyd etdiyi xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, məhkəmə iclasının təxirə salınması üçün heç bir üzrlü səbəb göstərilməmiş, sadəcə məhkəmə iclaslarını süni şəkildə uzatmaq məqsədilə məhkəməyə ərizə təqdim edilmişdir. Hər hansı əsaslı və üzrlü səbəb olsa idi bu barədə məhkəməyə sənəd təqdim edilməli idi. Bundan başqa, qarşılıqlı iddianın müzakirə edilməməsi ilə bağlı deyilənlərin də heç biri həqiqətə uyğun deyildir. Belə ki, keçirilmiş məhkəmə iclasında qarşılıqlı iddianın ilk öncə icraata qəbul edilib-edilməməsi məsələsi müzakirə olunmuşdur. Qarşılıqlı iddia ərizəsinin mülki qanunvericlikdə nəzərdə tutulmuş tələblərə riayət edilmədən verildiyi müəyyən edilmişdir.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 255.0.5. Məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Maddə 256.0.2. Bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək iş üzrə icraat müddətdə dayandırılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, iddiaçı hazırkı iddiasında ünvan 1 ünvanında yerləşən, həmin evə dair verilmiş xx.xx.2013-cü il tarixli 1810 nömrəli ekspertiza rəyində 3,4,8-2,11 və 12 saylı otaqlar kimi işarələnmiş, müvafiq olaraq 11,6 kv.m, 16.2 kv.m, 9.1 kv.m, 6,0 kv.m və 6,0 kv.m sahələri olan otaqların cavabdeh tərəfindən boşaldılaraq ilkin vəziyyətində - təmir şəkildə təhvil verilməsi və 10000 manat məbləğində dəymiş ziyanın ödənilməsini xahiş edir.

12. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının adından çıxmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı istifadəsinə verilmiş, lakin faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmiş 3, 4, 8-2, 11 və 12 nömrəli otaqların ilkin vəziyyətə (divarların 2 tərəfdən suvanması, dam örtüyü taxtadan düzəldilməsi, üstünün sement məhlulu ilə hamarlanması və bitkmlə izolasiya edilməsi, elektrik xətləri tam şəkildə çəkilməsi, taxta qapı və pəncərələr quraşdırılması, tavan və divarların şpaklyoxkalanaraq boya ilə rənglənməsi və s.) gətirilməsi üçün nə qədər vəsaitin tələb olunması, İddiaçı istifadəsinə verilmiş, lakin faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmiş 3, 4, 8-2, 11 və 12 nömrəli otaqlarda aparılmış söküntü işləri nəticəsində iddiaçıya dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmişdir.

13. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edildiyi halda ekspert rəyi əldə edilənədək iş üzrə icraatın dayandırılması ilə bağlı birinci instansiya məhkəməsi haqlı qənaətə gəlmişdir.

14. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

15. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4805/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar