Məhkəmə qərarları › İş №2(103)-6542/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6542/2024

23.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6542/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı iş üzrə (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-4005/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı müddətsiz əmək müqaviləsi əsasında xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinin Arxiv şöbəsinə 9-cu dərəcə vəzifə maaşı ilə arxiv üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradılmışdır.

3. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci il tarixdə 1 ay müddətinə bağlanmış əmək müqaviləsinə əsasən o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin X5 şöbəsinə 9-cu dərəcə vəzifə maaşı ilə arxiv üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin K-124 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, xx.xx.2024-cü il tarixli, K-124 nömrəli əmrin ləğv olunmasını, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə arxiv üzrə mütəxəssis işinə müddətsiz əmək müqaviləsi əsasında daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin adı dəyişərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi adlanması ilə əlaqədar bütün işçilərlə əmək müqaviləsi yenidən bağlanmışdır. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi müddətinin bitməsi əsası ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. İşdən çıxarılması qanunsuz və əsassızdır. Birincisi, cavabdeh tərəfindən Əmək müqaviləsinin 9.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, əmək müqaviləsi ləğv edilərkən işçi 1 təqvim ayı öncə xəbərdar edilməmişdir. İkincisi, cavabdeh orqan tərəfindən Əmək Məcəlləsinin 45-ci və 47-ci maddəsinin f) bəndinin tələbləri pozulmuşdur. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2011-cü il tarixdən xx.xx.2024-cü il tarixədək eyni binada arxiv üzrə mütəxəssis vəzifəsində işləmişdir. Uzun illər ərzində müddətsiz əmək müqaviləsi əsasında işləyən işçi ilə müddətli əmək müqaviləsinin bağlanması işə götürənin səlahiyyətlərindən sui-istifadə etməsinin nəticəsidir. Burada tərəflər arasında bağlanılmış müqavilənin hüquq bərabərliyindən söhbət gedə bilməz

7. Cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, K-124 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları müyyən edilmişdir. Həmin baddənin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. İşçi ilə müddətli əmək müqaviləsi bağlanıldığdan əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddaçı xx.xx.2011-ci il tarixdən etibarən keçmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin əməkdaşı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradılmışdır. Qeyd olunan fərman əsasında iddiaçı ilə əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2022-ci il tarixdə yeni işə götürən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin X4 ilə aralarında müqavilə imzalanmışdır. İşçi ilə yeni işə götürən arasında yeni əmək münasibətləri yarandığından Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələbinin nəzərə alınması mümkün olmamış və iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanılmışdır. İddaçı xx.xx.2022-ci il tarixdə əmək müqaviləsini bağlayan zaman müqaviləni oxumuş, müddəti və müddəları ilə tanış olmuş və onu imzalamaqla qəbul etmişdir. Nə müqavilə imzalanan zaman, nə də ki işlədiyi 2 ildən artıq olan müddət ərzində müqavilənin müddətindən və ya şərtlərindən hər hansı formda şikayət etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin l-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2024-cü il 31 yanvar tarixli Qərarında aşağıdakılar qeyd olunmuşdur. Qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f’ bəndi ilə mümkün hesab etmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f’ bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f’ bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f’ bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4005/2024 nömrəli qətnaməsi ilə (hakim A.A.Oruclu) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin K-124 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin X5 şöbəsində arxiv üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçı ilə müddətli əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etdiyi dəlilləri ilə razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, razılıq dedikdə iradə ifadəsi başa düşülür. İradə insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin müddətə (1 ay) münasibətdə motivi yoxdur. Müqavilədəki imza isə müddətə münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz. Motiv yoxdursa, deməli müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Ona görə məhkəmə hesab etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq yoxdur. Beləliklə, əmək müqaviləsinin müddətə dair şərti uydurma sayılır. Mülki Məcəlləsinin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır.

11. Məhkəmə iş materiallarına əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi işəgötürənin diqtəsi ilə bağlanmış və iddiaçının həqiqi iradəsini ifadə etməmişdir. Həmçinin iddiaçı ilə 1 aylıq müddətə bağlanmış əmək müqaviləsinə nədənsə xx.xx.2024-cü il (həftənin 5-ci günü) və ya xx.xx.2024-cü il (həftənin 1-ci günü) tarixlərdə deyil, xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu hal onu göstərir ki,iddiaçının işdən azad olunması vəziyyəti daim cavabdehin iradəsiylə bağlı olub onun diqtəsilə istənilən vaxt həyata keçirilir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, yalnız struktur dəyişikliyi olmuş, eyni fəaliyyət istiqamətini həyata keçirən müəssisədə daimi xarakter daşıyan vəzifə olmasına baxmayaraq, işçi ilə 1 ay müddətinə əmək müqaviləsinin bağlanması, sonrakı tarixlərdə hər dəfə (2 il 4 ay müddətində) 1 ay müddətinə uzadılması işçinin əmək hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iddiaçının müddətli əmək müqaviləsi bağlayarkən onun işsiz qalmaq təhlükəsi ilə üzləşməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı ilə işəgötürən cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə, 45-ci maddəsinin 1-ci, 4-cü hissələrinə, 47-ci maddəsinin “f” bəndinə, 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 83cü maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçi ilə əmək müqaviləsi bağlamaq və ləğv etmək işəgötürənin hüququdur. Əmək müqaviləsinin müddəti tərəflərin razılaşması ilə müəyyən olunur. İşçini müqaviləni bağlayarkən onun müddəti barədə məlumatı olmuş və onun 1 ay sonra işdən azad olunma ehtimalını bilmiş və bununla razılaşmışdır. Məhkəmə işçi ilə 1 aylıq müqavilənin bağlanılmasının Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmadığını qeyd etsə də, bunların hansı prinsip olmasını açıqlamamışdır. Prinsipə zidd olan hüquq münasibəti və hüquq normasının əsassız hesab edilməli olduğu məhkəmə tərəfindən qeyd edilmişdir. Məhkəmə tərəfindən Əmək Məcəlləsinin 45-ci madəsinin 4-cü bəndinin təbləblərinin pozulduğu qeyd edilsə də, iddaçı ilə əmək müqaviləsi 47-ci maddənin f bəndinin tələbləri nəzərə alınmaqla 1 ay müddətinə bağlanmışdır. Tərəflərin qarşılıqlı razılaşması ilə müddətli əmək müqaviləsinin bağlanılması imkanı qanunvericilik tərəfindən dəqiq müyyən edilmiş və onun 1 ay olması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Məhkəmə işçinin qanunamüvafiq olaraq işdən azad edilməsini əsassız olaraq əmək hüquqlarının pozuntusu kimi qiymətləndirmişdir. İddaçı ilə xx.xx.2022-ci il tarixdə 1 aylıq əmək müqaviləsini bağlanmış, hər ay Məcəllənin 73-cü maddəsinin tələblərinə əsasən müddəti uzadılmış, yekunda isə sonuncu ayda müddət uzadılmamışdır. Məhkəmənin mövqeyinə görə bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Məcəllənin tələbinə əsasən işəgötürən işçi ilə bağlanmış müqaviləyə müddəti bitdikdə xitam verə bilər. İddaçı xx.xx.2022-ci il tarixdə əmək müqaviləsini bağlayan zaman müqaviləni oxumuş, müddəti və müddəları ilə tanış olmuş və onu imzalamaqla qəbul etmişdir. Nə müqavilə imzalanan zaman, nə də ki işlədiyi 2 ildən artıq olan müddət ərzində müqavilənin müddətindən və ya şərtlərindən hər hansı formda şikayət etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları ətraflı və obyektiv araşdırmamış və nəticədə səhv qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Suallara cavab olaraq bildirdi ki, Prezidentin fərmanı əsasında xidmət ləğv edilmiş və yeni publik hüquqi şəxs yaradılmışdır. Hesab edir ki, fəaliyyət istiqamətləri eyni olsa da tamamilə fərqli təşkilatlardır. İddiaçının fəaliyyəti daimi xarakter daşımışdır. Cavabdeh təşkilatda bütün işçilərlə müqavilə bu formada bağlanılıb.

18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.2. “b” bəndi. Əmək müqaviləsinin müddəti qurtardıqda işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.

20. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli fərmanı Bənd 7.2. Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində yaradılmış publik hüquqi şəxslərdən biri də Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestridir. Bənd 8. Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və Dövlət Komitəsinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu Fərmanın 7.2-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxsin tabeliyinə verilsin.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Qərarı: İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıbbağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırki işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. İşdən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə müddətsiz əmək müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinin Arxiv şöbəsinə arxiv üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xitam verilmiş, növbəti gün xx.xx.2022-ci il tarixdə 1 ay müddətinə bağlanmış əmək müqaviləsi əsasında cavabdeh 15 saylı Tovuz Ərazi İdarəsinin X5 şöbəsinə arxiv üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir.

27. Beləliklə, 2011-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında işləyən iddiaçı ilə sonradan müddətli əmək müqaviləsi bağlanmış, bu müddət cavabdeh tərəfindən hər dəfə (2 il 4 ay ərzində) 1 ay müddətinə uzadılmış və sonda əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə iddiaçı xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir.

28. O da qeyd edilməlidir ki, cavabdeh publik hüquqi şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında yaradılmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri cavabdeh təşkilatın tabeliyinə verilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, müddətli əmək müqaviləsinin bağlanması əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bağlıdır.

30. İddiaçının vəzifəsinin adından da göründüyü kimi, o, cavabdeh təşkilatda əvvəlki vəzifəsinə uyğun işə qəbul edilmişdir. Beləliklə də müəyyən edilir ki, iddiaçının gördüyü işin daimi xarakterə malik olduğu cavabdeh təşkilata qabaqcadan bəlli olmuşdur.

31. Məhkəmə kollegiyası hesab edir ki, 10 ildən artıq müddətsiz əmək müqaviləsi əsasında işləmiş iddiaçının eyni ərazi idarəsində eyni əmək funksiyasının icra edilməsi üçün cavabdehlə yenidən müddətli əmək münasibətlərinə girməsinin onun iradəsinə uyğun olması, müddətli əmək müqaviləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanması həm ağlabatan, həm də inandırıcı deyil.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4005/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar