Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6543/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun bərpa olunması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36-da yerləşən 80 saylı mənzilə istifadə hüququnun bərpa olunaraq tanınması, mənzilə köçürülməsi, mənzildə yerləşdirilməsi və mənzildən tam sərbəst istifadə hüquqlarının bərpasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.1994-cü il tarixdə nikaha daxil olmuşlar. Nikahları dövründə, yəni xx.xx.2011-ci il tarixdə iddiaçı öz vəsaiti hesabına mübahisəli mənzili satın almış və mənzili cavabdehin adına rəsmiləşdirmişdir. Həmin vaxtdan da etibarən onlar ailəlikcə həmin mənzildə yaşamış, ümumi təsərrüfatı idarə etmişlər. xx.xx.2019-cu il tarixədək onların münasibətləri yaxşı olmuş, lakin həmin tarixdə münasibətləri pozulmuşdur. Belə ki, həmin tarixdə, cavabdeh, Koreya Respublikasının “xxxx” Şirkətinə məxsus və iddiaçıda saxlanılan 450.000 ABŞ dolları və iddiaçının X1 borc aldığı 100.000 ABŞ dolları məbləğində pulu iddiaçıdan xəbərsiz götürərək gizlətmiş və iddiaçı həmin pulları geri tələb etməsi ilə aralarında mübahisə baş vermişdir. Bundan sonra isə cavabdeh iddiaçının cibindən yaşadıqları mənzilin açarlarını oğurlamış və iddiaçını bir daha mənzilə buraxmamışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun bərpa olunmasını, iddiaçının mənzilə köçürülməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, aralarında mübahisənin yaranmasına səbəb cavabdehin iddiaçıya məxsus mobil telefonunda iddiaçının başqa qadınla şəklini görməsi olmuşdur. Buna görə də onların birlikdə yaşamaları artıq mümkünsüzdür. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Eyni zamanda Rayon Məhkəməsi hazırki iş üzrə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə istinad etsə də, nəzərə almamışdır ki, hazırki mübahisə mübahisəli mənzilin üzərində iş üzrə tərəflərin paylarının müəyyən edilməsi ilə bağlı deyil. Bundan başqa işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, iş üzrə tərəflər birgə nikah dövründə torpaq sahəsi və başqa bir mənzil də almışlar ki, həmin əmlaklar hazırda iddiaçının özünün istifadəsindədir. Bu baxımdan hesab edilməlidir ki, iddiaçının başqa yaşayış sahəsi var və iddiaçının mübahisəli mənzilə köçürülməsi üçün əsas yoxdur. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Hazırki iş üzrə apellyasiya baxışının həddi ilə bağlı Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilsə də, iş üzrə iddiaçı iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan isə görünür ki, cavabdeh, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir. MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 372.6-cı maddəsinin tələblərindən çıxış edən Məhkəmə, qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə və tərəflərin verdikləri izahatlara əsasən müəyyən edilir ki, iş üzrə tərəflər xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikah dövründə iş üzrə tərəflər yuxarıda qeyd edilən mənzili almışlar. Mənzil cavabdehin adına rəsmiləşdirilmişdir. İş üzrə tərəflər xx.xx.2019-cu il tarixədək birlikdə həmin mənzildə yaşamışlar. Apellyasiya şikayətinin məzmunundan da, bəlli olur ki, qeyd edilən tarixdə iddiaçı ilə cavabdehin arasında narazılıq baş vermiş və bundan sonra cavabdeh iddiaçını mübahisəli mənzilə buraxmamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisəni həll edərkən haqlı olaraq Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.2.2-ci maddələrinə istinad etmişdir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-596/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamədən görünür ki, mübahisəli mənzilin üzərində hazırki iş üzrə tərələrin hər birinin 1/2 hissədə payları müəyyən edilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, artıq yuxarıda qeyd edildiyi kimi, hazırki işin hallarından da müəyyən edilir ki, mübahisəli mənzil iş üzrə tərəflərin birgə nikahı dövründə əldə olunmuşdur. Apellyasiya şikayətinin məzmunundan isə görünür ki, iş üzrə cavabdeh mübahisəli mənzilin məhz ona məxsus olmasını bildirmir və ümumiyyətlə bununla bağlı dəlil irəli sürmür. Belə olan halda hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad etməkdə haqlı olmuşdur. Çünki Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəllsinin 32.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (maddə 32.2.1.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.2.). Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızıdır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçı ilə cavabdehin arasında mübahisənin yaranmasına səbəb, cavabdehin iddiaçıya məxsus mobil telefonunda iddiaçının başqa qadınla şəklini görməsi olmuşdur. Buna görə də mübahisəli mənzildə onların birlikdə yaşamaları artıq mümkün deyil. Məhkəmə hesab edir ki, bu dəlil Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin ləğv edilərək iddianın rədd edilməsi üçün əsaslı deyil. Çünki qüvvədə olan qanunların heç birində nəzərdə tutulmayıb ki, birgə nikah dövründə əldə edilmiş yaşayış sahəsinə göstərilən hala görə ərin və ya arvadın istifadə hüququ tanınmasın. Bu baxımdan, Məhkəmə, apellyasiya şikayətinin müzakirə edilən bu dəlilini əsaslı saymır. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, iş üzrə tərəflər birgə nikah dövründə torpaq sahəsi və başqa bir mənzil də almışlar. Həmin əmlaklar hazırda iddiaçının özünün istifadəsindədir. Odur ki, iddiaçının istifadəsində başqa yaşayış sahəsinin olması nəzərə alınmalı və onun mübahisəli mənzilə köçürülməsi barədə iddiası rədd edilməlidir. Bu dəlil ilə bağlı Məhkəmə bildirir ki, iddiaçı ilə cavabdehin arasında əmlakın naturada ayrılması həyata keçirilmədiyindən hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin ləğv edilərək iddianın rədd edilməsi üçün əsaslı deyil. Çünki, Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6543/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6543/2020
09.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver