Məhkəmə qərarları › İş №2(103)-6544/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6544/2025

12.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6544/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı mülki iş (Açar sözlər: «əmək intizam tənbehi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3193/2025 saylı, 09 oktyabr 2025ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli əmrinə əsasən müxtəlif vaxtlarda ayrı-ayrı iş yoldaşlarına qarşı danışıq zamanı kobudluğa, səs tonunun ucaldılmasına yol verdiyinə görə Cavabdeh QSC-nin “Şıx” Sanatoriyası Filialının həkim terapevti İddiaçı yazılı xəbərdarlıq elan edilib.

2. Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli əmri ilə iş yerini iş vaxtından əvvəl tərk etdiyinə görə Cavabdeh QSC-nin “Şıx” Sanatoriyası Filialının həkim terapevti İddiaçı töhmət elan edilib.

3. Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli əmrinə əsasən işçiləri təhqir etdiyinə görə Cavabdeh QSC-nin “Şıx” Sanatoriyası Filialının həkim terapevti İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh QSC-yə qarşı intizam tənbehinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi, iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC-nin baş direktoru Çingiz Hacıyevin xx.xx.2025-ci il tarixli əmri ilə ona verilmiş xəbərdarlıq, xx.xx.2025-ci il tarixli əmri ilə ona verilmiş töhmətin və xx.xx.2025-ci il tarixli əmri ilə ona verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmətin ləğv olunması; həmin intizam tənbehlərinin şəxsi işindən çıxarılması; ona verilmiş intizam tənbehlərinin kollektivin iştirakı ilə elan olunmasının qanunsuz hesab edilməsi; məhkəmə xərclərinin Cavabdeh QSC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiada göstərilib ki, 27 ildir Cavabdeh QSC-nin tabeliyində fəaliyyət göstərən “Şıx” sanatoriyasında həkim-terapevt vəzifəsində çalışır. Heç biri işində qüsur olmayıb. Yeni rəhbərlik xəstələri qərəzli şəkildə öyrədir. İşçilərlə kobud olmayıb. 2025-ci ilin iyun və iyul aylarında rəhbərliyin qanunsuz və qərəzli əmrləri əsasında ona qarşı ardıcıl şəkildə xəbərdarlıq, töhmət və şiddətli töhmət elan olunmuşdur. xx.xx.2025-ci il tarixdə vanna prosedurlarında istifadə olunan suyun keyfiyyəti ilə bağlı pasiyentlərin çoxsaylı narazılıqları əsasında məsələni gündəmə gətirmiş, suyun keyfiyyətinə dair narahatlığını tibbi heyətə çatdırmış və sanatoriya direktorunun adına xidməti məruzə ilə rəsmi şəkildə təqdim etmişdi. Lakin təqdim etdiyi bu obyektiv və sanatoriyanın tibbi xidmətlərinin keyfiyyətini qorumağa yönəlmiş məruzəsinə cavab olaraq ona qarşı Cavabdeh QSC-nin baş direktoru Çingiz Hacıyevin imzası ilə xx.xx.2025-ci il tarixli əmrlə əsassız və hüquqa zidd şəkildə yazılı xəbərdarlıq intizam tənbehi tətbiq olunmuşdur. Guya sanatoriyanın tibbi personalı üzərində səs tonunu yüksəltmişdir. Bu məsələnin ardınca, xx.xx.2025-ci il tarixində ona əsasız şəkildə töhmət verilmişdir. Rəsmi səbəb kimi guya iş yerini vaxtından əvvəl tərk etməyi göstərilmiş, lakin bu, həqiqəti əks etdirmir və bunu təsdiq edən heç bir sənəd ona təqdim olunmamışdır. Cavabdehin nümayəndəsinin təqdim etdiyi görüntülərdəki avtomobil ona məxsus avtomobildir. Amma orada saat düzgün göstərilməmişdi. Özü saatına baxıb və həmin gün 16:00-da çıxıb. Cavabdeh QSC-nin baş direktorunun xx.xx.2025-ci il tarixli əmri ilə ona «sonuncu xəbərdarlıqla şiddətli töhmət» elan edilmişdir. Əmrə əsasən «Şıx» Sanatoriyasının xx.xx.2025-ci il tarixli xidməti məruzəsi əsasında guya onun digər əməkdaşı təhqir etməyi barədə əsassız iddialar irəli sürülmüşdür. Əmrdə həmçinin qeyd olunub ki, guya yazılı izahat verməkdən imtina etmişdir. Bu yalandır. Ondan izahat vermək tələb olunmayıbdır.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3193/2025 saylı, 09 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İş materiallarına əlavə olunan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, müxtəlif vaxtlarda və ayrıayrı iş yoldaşlarına qarşı danışıq zamanı kobudluğa, səs tonunun ucaldılmasına yol verdiyinə görə Cavabdeh QSC-nin “Şıx” Sanatoriyası Filialının həkim terapevti İddiaçı “yazılı xəbərdarlıq” elan edilmişdir. İş materiallarında olan “Şıx” sanatoriyasının tibb bacısı X2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, İddiaçı ona qarşı mütəmadi olaraq çox və təhqiramiz ifadələr işlətmişdir. İş materiallarına əlavə edilmiş “Şıx” sanatoriyasının masaj üzrə tibb bacısı X3 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, İddiaçı ilə müxtəlif vaxtlarda konfliktlər yaşamışdır və İddiaçı ona qarşı təhqiramiz sözlər işlətmişdi. İş materiallarında olan “Şıx” sanatoriyasının baş tibb bacısı X5 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, İddiaçı mütəmadi olaraq onun işinə müdaxilələr edir və ona qarşı kobud rəftarlar edir. Məhkəmədə müəyyən olundu ki, yazılı xəbərdarlıq intizam tənbehi sayılmır. Sanatoriyanın işçilərinin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, müxtəlif vaxtlarda və ayrı-ayrı iş yoldaşlarına qarşı danışıq zamanı kobudluğa, səs tonunun ucaldılmasına yol verdiyinə görə Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli əmri əsaslıdır və ləğv oluna bilməz. İş materiallarında olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, iş yerini vaxtından əvvəl özbaşına tərk etdiyi üçün Cavabdeh QSC-nin “Şıx” Sanatoriyası Filialının həkim terapevti İddiaçı “töhmət” elan edilmişdir. İş materiallarına əlavə edilmiş flash kartdakı görüntülərdən görünür ki, bir avtomobil xx.xx.2025-ci il tarixdə saat 15:41-də sanatoriyadan çıxır. Avtomobilin kimə aid olduğu görsənmir. Lakin iddiaçı bildirdi ki, görüntülərdəki avtomobil ona məxsus avtomobildir. Amma orada saat düzgün göstərilməmişdi. İş materiallarında olan sanatoriyanın gözətçilərinin giriş-çıxış qeydiyyat jurnalından görünür ki, “Toyota” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 15:41-də sanatoriyadan çıxış etmişdi. İş materiallarına əlavə olunmuş EMİS portalından çıxarışdan görünür ki, “Toyota Camry” minik markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı xx.xx.2025-ci il tarixdə saat 15:41-də iş yerini vaxtından əvvəl özbaşına tərk etmişdir. Məhkəmə iş materiallarını və iddiaçının görüntülərdəki avtomobilin ona məxsus olmasını etiraf etməsini nəzərə alaraq hesab edir ki, iş yerini vaxtından əvvəl özbaşına tərk etdiyi üçün Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli əmri əsaslıdır və ləğv oluna bilməz. İş materiallarında olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, digər işçiləri təhqir etdiyinə görə Cavabdeh QSC-nin “Şıx” Sanatoriyası Filialının həkim terapevti İddiaçı «sonuncu xəbərdarlıqla şiddətli töhmət» elan edilmişdir. İş materiallarına əlavə edilən Mətanət Rəcəbovanın xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə sanatoriyanın həkimi İddiaçı ondan otağını təmizləmək üçün xadimə tələb etmişdir. Lakin o anda bütün xadimələr məşğul olduqlarına görə bir azdan onun otağına xadimə gələcəyini bildirmişdi. Buna görə də İddiaçı ondan şikayət edəcəyi ilə hədələyib, ona “tərbiyəsizlər” deyib təhqir etmişdi. İş materiallarında olan Dürdanə Xancanovanın xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə sanatoriyada İddiaçı Mətanət Rəcəbovanı şikayət edəcəyi ilə hədələdi, onları “tərbiyəsizlər” deyib təhqir etmişdi. İş materiallarında olan Şükran Nəcəfovun xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə sanatoriyanın 1-ci mərtəbəsində İddiaçı Mətanət Rəcəbovanı şikayət edəcəyi ilə hədələdi, onları “tərbiyəsizlər” deyib təhqir etmişdi. Məhkəmədə müəyyən olundu ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Mətanət Rəcəbovanın üstünə yüksək tonla qışqıraraq şikayət edəcəyini bildirmiş və digər işçilərin yanında onu “tərbiyəsizlər” deyərək təhqir etmişdir. Sanatoriyanın işçilərinin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, digər işçiləri təhqir etdiyinə görə Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli əmri əsaslıdır və ləğv oluna bilməz. Məhkəmədə müəyyən olundu ki, İddiaçı barəsində elan olunmuş əmrlər əsaslıdır. Bu əmrlərin əsaslı olmasını nəzərə alaraq, iddiaçının intizam tənbehlərinin şəxsi işindən çıxarılması tələbi əsassız olduğundan təmin oluna bilməz. Məhkəmədə müəyyən olundu ki, İddiaçı barəsində elan olunmuş əmrlər əsaslıdır. Bu əmrlərin əsaslı olmasını nəzərə alaraq iddiaçının intizam tənbehlərinin kollektivin iştirakı ilə elan olunmasının qanunsuz hesab edilməsi tələbi əsassız olduğundan təmin oluna bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətində göstərib ki, işə baxan hakim Əkrəm Qəhrəmanov məhkəmə prosesini obyektiv aparmamış, bütün hallarda Cavabdeh QSC-nin maraqlarını müdafiə etmiş, iddiaçının hüquqlarını kobud şəkildə məhdudlaşdırmışdır. Üç dəfə hazırlıq iclası təyin olunmasına baxmayaraq, heç birində tam araşdırma aparılmamış, cavabdeh tərəfin sənədləri gecikdirilmiş şəkildə təqdim etməsinə qanunsuz şərait yaradılmışdır. 29 sentyabr 2025-ci il tarixli hazırlıq iclasında cavabdeh iştirak etmədiyi və heç bir sənəd təqdim etmədiyi halda, ertəsi gün guya “yeni sənədlər” təqdim edilmiş, hakim isə həmin sənədlərin mənşəyini, tarixini və orijinallığını yoxlamadan onlara istinadla qərar çıxarmışdır. Bu, Mülki Prosessual Məcəllənin 77, 78, 88, 167, 215 və 219-cu maddələrinin kobud pozuntusudur. Məhkəmə prosesində hakim iddiaçının sözünü dəfələrlə qəsdən kəsmiş, vəsatətlərə reaksiya verməmiş, izahat verməsinə və çıxış etməsinə imkan yaratmamışdır. Hakim müdafiə hüququnu aşağılamaq məqsədilə “bu qədər vəsatət nəyə lazımdır, bunlar mənasızdır” ifadəsini işlətmişdir. Qətnamədə “videomüşahidə görüntüləri”, “iş jurnal qeydləri” və “işçilərin izahatları” sübut kimi göstərilmişdir. Lakin heç biri məhkəmə iclasında nümayiş etdirilməmiş, baxışdan keçirilməmiş və tərəflərə təqdim olunmamışdır. Əgər belə video görüntü mövcud idisə, onun texniki mənşəyi, kalibrasiya aktı və protokol zənciri məhkəməyə təqdim edilməli idi. Bu sənədlərin heç biri olmadığından, sözügedən “video sübut” etibarsız və saxta hesab olunur. Qətnamədə qeyd edilir ki, “xəbərdarlıq intizam tənbehi hesab edilmir”. Bu, Əmək Məcəlləsinin 186 və 187-ci maddələrinin kobud təhrifidir, çünki xəbərdarlıq işçinin hüquqi statusuna təsir edən inzibati tədbirdir və mübahisələndirilə bilər. Bundan başqa, eyni hadisə üzrə 24 iyun 2025-ci il tarixdə iki dəfə intizam tənbehi - həm xəbərdarlıq, həm də töhmət - verilib. Bu, Əmək Məcəlləsinin 189.1-ci maddəsinin açıq pozuntusudur: eyni hadisəyə görə iki cəza tətbiq edilə bilməz. Məhkəmə bu faktı nəzərə almamış, qanun pozuntusunu “idarəetmə səlahiyyəti” kimi qiymətləndirərək qanunsuz qərar çıxarmışdır. İddiaçı məhkəməyə qədər və məhkəmə prosesi zamanı elektron sistem vasitəsilə bir neçə izahat, vəsatət, sənəd və hətta mətbuatda dərc olunmuş məqalələr təqdim etmişdir ki, işin bütün halları ədalətli şəkildə araşdırılsın və hakim obyektiv qərar qəbul etsin. Lakin hakim Əkrəm Qəhrəmanov bu sübutların heç birini nəzərə almamış, onları qəsdən iş materiallarından kənarda saxlamışdır. Məhkəmə prosesində iddiaçı altı müxtəlif tarixdə - 25, 27 və 29 sentyabr, 7, 8 və 9 oktyabr 2025-ci illərdə - bir neçə vəsatət təqdim etmiş, hər bir vəsatətdə konkret hüquqi əsaslar göstərilmiş, sübutların toplanması, saxta sənədlərin yoxlanması, şahidlərin dindirilməsi və cinayət əlamətlərinin prokurorluğa göndərilməsi xahiş olunmuşdur. Lakin hakim bu vəsatətlərin heç birinə baxmamış, qərar çıxarmamış və protokolda qeyd etməmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 215 və 219-cu maddələrinin kobud pozuntusudur. Qətnamədə həmçinin qeyd edilir ki, videomüşahidə görüntülərinə əsasən iddiaçı saat 15:41-də iş yerini tərk etmişdir. Lakin həmin videoda kimin olduğu görünmür, hakim isə sadəcə fərziyyə ilə iddiaçının avtomobilinin orada olmasına istinad etmiş və bunu sanki işdən vaxtından əvvəl getməsinin sübutu kimi qəbul etmişdir. Bu, hüquqi dəlil deyil, təxmin və fərziyyədir. Video və jurnal arasında açıq ziddiyyət mövcuddur, lakin hakim onu araşdırmaq əvəzinə birtərəfli qaydada cavabdehin versiyasını əsas götürmüşdür. Bu, həm prosessual, həm də maddi hüquq pozuntusudur. Əmək Məcəlləsinin 186 və 189-cu maddələrinə görə, intizam tənbehi yalnız obyektiv araşdırma nəticəsində və yazılı izahat alındıqdan sonra verilə bilər. İşdə heç bir real araşdırma aparılmayıb, izahat qəbul edilməyib və əmrlər eyni məzmunda üç dəfə - 25 iyun, 2 iyul və 26 avqust tarixlərində verilmişdir. Eyni hərəkətə görə üç fərqli cəza tətbiq edilməsi həm qanunsuzdur, həm də işçini məcburi işdən çıxmağa vadar etmək məqsədi daşıyır ki, bu da vəzifə səlahiyyətlərindən sui-istifadə əlamətidir. Hakim isə bu qanun pozuntularını görməzlikdən gəlmiş və “intizam siyasəti” kimi qiymətləndirmişdir. Xəbərdarlığın intizam tənbehi sayılmaması ifadəsi həm hüquqi səhvdir, həm də məhkəmə təcrübəsinə ziddir. Məhkəmə iddiaçının sosial statusunu, sanatoriyada uzun illər ərzində qazandığı hörməti, kollektivdə nüfuzunu və ictimai fəaliyyətini tamamilə nəzərə almamışdır. İddiaçı 30 ilə yaxın müddətdə “Şıx” sanatoriyasında həkim-terapevt vəzifəsində çalışmış, həmkarlar və rəhbərlik tərəfindən nümunəvi tibb işçisi kimi tanınmışdır. Bu etimadın nəticəsi olaraq sanatoriyada Yeni Azərbaycan Partiyasının ilk işçi təşkilatı yaradılmış və iddiaçı sədri seçilmişdir. Bundan əlavə, sanatoriyada Qadınlar Şurasına rəhbərlik etmişdir. Hakim bu faktları bilərəkdən nəzərə almamışdır. Bu həm etik baxımdan hörmətsizlik, həm də Əmək Məcəlləsinin 12 və 16-cı maddələrinin pozulmasıdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ................. e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ............... f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; .................. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

20. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

21. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

22. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

23. Əvvəla, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətində də göstərilən dəlillər üzrə hüquqi dəyərləndirmələr aparılmaqla iş üzrə düzgün nəticəyə gəlinib. Ancaq iddiaçı bununla razılaşmır və yenə də eyni dəlillərdən istifadə edir, düşünür ki, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlib. Lakin məhkəmə tərkibi də birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır. Ona görə də birinci instansiya məhkəməsinin mahiyyəti üzrə düzgün olan qətnaməsi şərtli prosessual pozuntulara görə ləğv edilə bilməz.

24. Belə ki, MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... MPM-in həmin maddəsində nəzərdə tutulmuş prosessual pozuntuları iki qrupa bölmək olar. Birinci qrupa birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir halda ləğv olunmasına əsas olmuş prosessual pozuntular aiddir. Belə pozuntular kobud pozuntular adlandırılır. Həmin pozuntular MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə şərtsiz əsasdır. İkinci qrupa elə prosessual pozuntuları aid etmək olar ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmaya da bilər. Belə pozuntuları şərtli pozuntular da adlandırmaq olar. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə onlar qətnamənin ləğvi üçün əsas deyildir. Onu da nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci maddəsi).Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. 25.Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də qətnamənin birmənalı ləğv edilməsi üçün istənilən prosessual pozuntular əsas ola bilməz. Yalnız kobud prosessual pozuntular şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi üçün şərtsiz əsas ola bilər ki, bunlar da MPM 387.2-ci maddəsində göstərilib. Məhkəmə tərkibi də qəbul edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətdə göstərilən prosessual hüquq normasının tələbi pozula bilər. Ancaq bu pozuntu şərtli pozuntu hesab edildiyindən qətnamənin ləğvi üçün o zaman əsas olardı ki, bunun nəticəsində düzgün olmayan qətnamə qəbul edilsin. Lakin mübahisələndirilən qətnaməni mahiyyəti üzrə düzgün olmayan hesab etmək olmaz. Çünki qeyd olunan prosessual pozuntu məhkəmənin yekun nəticəsinə təsir göstərməyib və ya göstərə bilməyib. Başqa sözlə, faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Bundan əlavə, xəbərdarlığın intizam tənbehi sayılmaması Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinin sonuncu cümləsində nəzərdə tutulub. Buna görə də məhkəmə həmin normanı təhrif edə bilməzdi. O başqa məsələ ki, xəbərdarlıq da mübahisələndirilə bilər, hansı ki, iddiaçı da bunu edib və məhkəmə də bu tədbir üzrə hüquqi dəyərləndirmə aparıb. Baxmayaraq ki, xəbərdarlıq intizam tənbehi sayılmır, iddiaçıya eyni hadisəyə görə həm xəbərdarlıq, həm də töhmət verilməyib. Bunlar, fərqli hadisələrə görə tətbiq olunub. Ona görə də Əmək Məcəlləsinin 189.1-ci maddəsinin pozuntusundan söhbət gedə bilməz.

27. Bundan başqa, iddiaçı tərəfindən həm xəbərdarlığın, həm də intizam tənbehinin verilməsinə əsas olmuş pozuntulara dair işdə sübutlar mövcuddur. Birinci instansiya məhkəməsi də qətnamədə bu sübutları göstərib və qiymətləndirib. İddiaçı həmin sübutları mötəbər hesab etməyə bilər. Ancaq həmin sübutların əksəriyyəti yazılı sübutlardır ki, onlar da işdə mövcuddur. Bu sübutlar iddiaçıya mübahisələndirdiyi intizam tənbehləri verilməsi üçün kifayət edib. Ona görə də bu istiqamətdə də maddi və prosessual hüquq pozuntusu baş verməyib.

28. Göstərilənlərdən əlavə, işdən və apellyasiya baxışı zamanı iddiaçının məlumatından bəlli oldu ki, o, artıq öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verib və əmək müqaviləsinin ləğv edilməsi barədə əmri mübahisələndirməyib, ancaq qeyd olunan intizam tənbehlərini mübahisələndirməkdə hüquqi marağı var, çünki bu tənbehlər onun üzərində qalır. Lakin Əmək Məcəlləsinin 190.1-ci maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Bu müddətdən sonra isə intizam tənbehi ilə bağlı bütün hüquqi nəticələr ləğv edilmiş hesab edilir. Demək ki, bu hallar da şikayətin əsaslı olmasına təsir etmir.

29. Göstərilənlərlə yanaşı, iddiaçının sosial statusu, sanatoriyada uzun illər ərzində qazandığı hörməti, kollektivdə nüfuzu, ictimai fəaliyyəti, nümunəvi tibb işçisi olması və ona etimadın göstərilməsi intizam xətasına yol verməyə əsas vermir. Əksinə bu cür statusa malik olan şəxslər istənilən pozuntulardan çəkinməli, başqalarına nümunə olmalıdır. Ancaq iddiaçı bu cür xətalara yol verdiyi üçün ona mübahisələndirdiyi intizam tənbehləri verilib. Buna görə də, Əmək Məcəlləsinin 12 və 16-cı maddələrinin pozulmasından söhbət gedə bilməz.

30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3193/2025 saylı, 09 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3193/2025 saylı, 09 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar