Məhkəmə qərarları › İş №2(103)-6545/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6545/2021

29.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6545/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin bağlanmış hesab edilməsi, icarə hüququnun tanınması və maneələrin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(005)-2822/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı (Abşeron Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X2 ilə Cavabdeh arasında Abşeron rayonu 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3 ha torpaq sahəsinə olan icarə hüquqlarının alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, sözügedən torpaq sahəsi üzərində iddiaçı X1 icarə hüququnun tanınması və həmin torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneələr yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə iddianı təmin tədbiri barədə ərizə təqdim edərək, Cavabdeh icarəsində olan Abşeron rayonu 2 nömrəli tərəvəzçilik sovxozu ərzisində yerləşən 3 ha torpaq sahəsi üzərinə həbsin qoyulması, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(005)- 2822/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddianı təmin tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(005)- 2822/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, şikayətə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(005)- 2822/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1, 158.1.2 və 158.1.3-cü maddələrinə əsasən məhkəmə, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya, mübahisə predmetinə aid müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. İddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyrimümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın predmeti torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, torpaqdan istifadəyə maneələrin qadağan edilməsindən ibarətdir, yəni, iddianın mümkün təmin edilməsi halında cavabdehə məxsus olan icarə hüquqları iddiaçıya alqı-satqı müqaviləsi əsasında verilmiş olacaqdır. Buna görə də hazırkı mərhələdə iddianı təmin tədbirinin görülməsi iddianın uğurluluq meyarına mütənasib olmamaqla yanaşı, iddianı təmin etmə tədbirlərinin məqsədi həmin tədbirlərin tətbiqinin zəruriliyi meyarlarına uyğun deyil. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 157-158, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(005)- 2822/2021 saylı qərardadından İddiaçı şikayəti təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar