Məhkəmə qərarları › İş №2(103)-6545/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6545/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6545/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi Vüsal Məmmədovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 BOKT ASC və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab olunması və hərracın yekun protokolunun ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı Cavabdeh2 BOKT ASC-dən kredit götürüb və özünə məxsus olan, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,03 ha torpaq sahəsində yerləşən 550D nömrəli evi kreditin təminatı kimi ipoteka ilə yüklü edib. Kredit öhdəliyi lazımi qaydada icra edilmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə evə tutma yönəldilməsi qət edilib və icra vərəqəsi verilib. İcra məmurunun sifarişi əsasında cavabdeh "xxxx" MMC tərəfindən evə dair hərrac keçirilib. Cavabdeh2 BOKT ASC evi hərracdan əldə edib. xx.xx.2021-ci il tarixdə bu barədə protokol tərtib edilib və müqavilə bağlanıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, həmin evə dair cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri etibarsız hesab olunsun və hərracın yekun protokolu ləğv edilsin. Tələb onunla əsaslandırılıb ki, iddiaçının hərracdan xəbəri olmayıb. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Qətnamə onunla əsaslandırılıb ki, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilib, bu barədə iddiaçıya rəsmi qaydada bildiriş göndərilib, habelə hərrac barədə “Market” qəzetində elan verilib. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi Vüsal Məmmədov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: İddia onunla əsaslandırılıb ki, iddiaçının hərracdan xəbəri olmayıb. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC kütləvi informasiya vasitəsində elan dərc edib (iş v. 26), ipoteka qoyan İddiaçı bildiriş göndərib (iş v. 23, 24), bildiriş ipoteka qoyanın ünvanına çatdırılıb (iş v. 25). Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar