Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6546/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(005)-1472/2021 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 dekabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən yaranmış 13.200 (on üç min iki yüz) manat borcun, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 660 (altı yüz altmış) manat, cəmi 13.860 (on üç min səkkiz yüz altmış) manat pul məbləğinin ödənilməsi, tərəflər arasında bağlanmış 24 dekabr 2016-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi 13/37 ünavında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq icarəyə verən İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur (RX seriyalı ******* nömrəli çıxarış qoşmaya əlavə olunur). Bakı şəhərində İddiaçı ilə Cavabdeh arasında imzalanmış 24 dekabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyi-yaşayış sahəsi iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. Qeyd edilən, 24 dekabr 2016-cı il tarixli icarə müqaviləsinin 5-ci maddəsinə görə, icarəyə götürən Cavabdeh icarə verən İddiaçı aylıq 500 manat 00 qəpik (beş yüz manat sıfır qəpik) icarə haqqı ödəyir (24 dekabr 2016-cı il tarixli icarə müqaviləsi qoşmaya əlavə olunur). İcarə haqqının ödənilməsindən uzun müddət keçməsinə və icarə haqqının ödənilməsi ilə bağlı dəfələrlə xəbardarlq edilməsinə baxmayaraq, bu günə kimi cavabdeh tərəfindən öhdəliklər icra edilməyərək yığılmış və icarə haqqı ödənilməməktədir. Dəfələrlə cavabdehə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq, tərəflər arasında bağlanmış 24.12.2016-ci il tarixli icarə müqaviləsinin tələbləri kobud şəkildə pozmaqda davam edir. Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 01 mart 2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia ərizəsi 24 dekabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən yaranmış 13200 manat borcun, gecikdirilmiş vaxt üçün illik beş faiz 660 manatın, cəmi 13860 manat pul məbləğinin ondan tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilməsi, qarşılıqlı iddiasının icraata götürülərək, müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsi nəticəsində ona dəymiş 45 000 manat maddi ziyanın İddiaçı tutularaq ona ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə o, avqustsentyabr 2016-cı ildə Bakı şəhəri, X1 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kvm olan qeyri-yaşayış sahəsinin ayda 500 manat dəyərində icarəyə verilməsinə və oranın trenajor zalı kimi istifadə edilməsi üçün onun tərəfindən təmir edilməsi və xaricdən trenajor alətlərinin alınaraq orada tam fəaliyyət göstərməsinə dair ilkin razılığa gəlmişdir. Onlar cavabdehlə icarəyə verilmiş qeyri-yaşayış sahəsinə baxış keçirmiş və tam təmirsiz və istismara yararsız olduğundan, icarə müqaviləsini imzalamadan əvvəl, aralarında qeyriyaşayış sahəsinin trenajor zalı kimi istifadə edilməsi üçün əsaslı təmirə ehtiyac olduğunu və təmirin smetasının 30 000 manat (elektrik, istilik xətlərinin cəkiləməsi, döşəmənin bərpası və yenilənməsi, kişi və qadın üçün hamamın və qarderobların tikilməsi, divarların bərpası və boyanması və sair) olduğunu və təmir üçün 4 ay vaxt tələb olunduğunu müəyyən etdilər. O cavabdehlə razılaşdı ki, əgər o qeyd edilən qeyri-yaşayış sahəsini ona 5 illik icarəyə versə, o oranı 4 aya təmir edə bilər və bundan sonra icarə müqaviləsi bağlayaraq, təmirə xərclədiyi vəsaiti çıxarda, icarə haqqını, digər xərdəri verə və əlavə gəlir əldə edə bilər. Onlar öz aralarında razılaşdı ki, o qeyd edilən qeyri-yaşayış sahəsini təmirinə lazım olan 30 000 manatı xərclədikdən və 4 ay ərzində təmir etdikdən sonra, aralarında icarə müqaviləsi bağlanır və cavabdehdə öz növbəsində 5 il ərzində icarə müqaviləsini bir tərəfli qaydada ləğv edə bilməz, müqavilənin ləğvini tələb etdiyi təqdirdə təmirə ödədiyi 30 000 manatı ona geri qaytarmalıdır. Hətta icarə haqqı verilməsə belə cavabdeh müqavilənin ləğvini müqavilə müddəti bitmədən tələb edə bilməz, o, icarə haqqı ödənməmiş ayların haqqını müqavilə bitdikdən sonra ondan tələb etməlidir. Bundan sonra o, oktyabr 2016-da tamirə başladı və trenajor alətlərini Çin Xalq Respublikasından sifariş veridi. Lakin cavabdeh dekabr ayında onun yanına gələrək icarə müqaviləsini imzalamağı tələb etdi və o təmir gedə-gedə onunla 24 dekabr 2016-cı ildə icarə müqaviləsini imzaladı, müqavilə imzalanan zaman aralarında əldə edilmiş razılıq 9-cu bəndə salındı və o, fevral 2017-ci il tarixində təmiri yekunlaşdırmağına va fəaliyyətə başlamağa baxmayaraq artıq müqavilə imzalanan gündən öz cibindən icarə haqqını ödəməyə başladı. Bundan sonra o fevral 2017-ci ildə təmiri yekunlaşdırıb fəaliyyətə başladı və hər ay vaxtı-vaxtında icarə haqqını ödəyirdi. Son ödənişi 2020-ci ilin fevral ayı üçün olmuşdur. Lakin 2020-ci ilin mart ayından ölkə ərazisində pandemiya elan edildiyindən onların trenajor zalının da fəaliyyətinə qadağa qoyuldu. O, bununla bağlı cavabdehə şifahi olaraq məlumat verdi və o, bundan xəbərdar olduğunu, icarə haqqının dondurulmasına və fəaliyyətə başladıqdan sonra icarə haqqının ödənilməsinə etiraz etmədiyini bildirdi. Bundan bir neçə ay sonra Cavabdeh ona bildirdi ki, elədiyi təmir trenajor zalının fəaliyyətsiz qalması, nəmişlik və yuxan qonşuların şaxtalarından axıdılmış kanalizasiya sularının təsiri nəticəsində yararsız hala düşüb və təkrar təmirə ehtiyac var. Zalın fəaliyyəti dayandırıİdığından, o oranı kosmetik təmirini və dizaynın yeniləmək, döşəməsini yenidən təmir etdirərək rezin döşəmə düzdürmək istəyir. Buna cavab olaraq cavabdeh ona etiraz etmədiyini bildirdi və təmirə icazə verdi. Bundan sonra o qeyri-yaşayış sahəsinin təmirinə 15000 manata yaxın vəsait xərclədi və yenidən təmir etdi. Lakin cavabdeh 2020-ci ilin dekbar ayında trenajor zalına gələrək təmirin tam yekunlaşdığını gördükdən sonra ondan icarə üçün son bir ilin haqqını ödəməyi və ödəmədiyi təqdirdə qeyri-yaşayış sahəsini boşaltmağı tələb etdi. O, ona bildirəndə ki, pandemiyanın elan olunması və zalın fəaliyyətinin dayandırması onun günahı ucbatından deyildir, yaranmış mürəkkəb epidemioloji vəziyyətlə bağlı hökumətin qərarıdır və bundan əlavə onların arasında şifahi razılıq verib. Bundan əlavə əgər belə idisə o ona niyə əlavə təmir etməyə icazə verib və təmir bitən kimi bu tələbi irəli sürür. Əgər o, icazə verməsəydi o pulu ilə oranı təmir etməzdi və əlavə ziyana uğramazdı. Onun cavabı isə o oldu ki, heç nə eşitmək istəmir və ondan dərhal qeyri-yaşayış sahəsini boşaltmağı tələb edir. Bundan sonra cavabdeh onun sözlərinə məhəl qoymadan rəsmi pretenziya məktubu göndərdi və məhkəməyə müraciət etdi. Bununla da ona aydın oldu ki, cavabdeh qabağcadan müqaviləni ləğv etdirmək niyyətində olub. Lakin bu barədə tələbini onun oranı təmir etdirdikdən sonra bildirib. Çünki o, onun oranı tərk edən zaman təmirli sahənin ona qalmasını hesablayıb və bunun nəticəsində ona əlavə ziyan vurub. Məhkəməyə müraciət edərkən də, o, iddia ərizəsində qeyri ciddi formada qeyd edib. Belə ki, onun iddia ərizəsini nümayəndəsi və vəkili imzalayıb. Lakin icarə haqqının aylıq 500 manat olmasını qeyd etsə də, son bir il üçün 13200 manat və əlavə 5 % illik 660 manat tələb edir. Bütün qeyd edilənlər bir daha ona dəlalət edir ki, cavabdehin iddiası əsasızdır və müqavilə birtərəfli ləğv edildiyi təqdirdə ona dəymiş 30000 manat maddi ziyan icarə müqaviləsinin 9-cu bəndinə əsasən və 15 000 manat isə sonrakı təmirə xərclədiyi vəsait ona ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(005)- 1472/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2016-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 30000 (otuz min) manat məbləğində pulun Cavabdeh ödənilməsi, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın təmin edilən hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eləcə də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətində qarşılıqlı iddianın təmin olunmayan hissədə qətnaməni mübahisələndirərək, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsinin 17 avqust 2021-ci il tarixli iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ilkin iddia tələbindən imtina etməsi barədə ərizə təqdim etmiş, Bakı Apelyasiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(005)-1472/2021 saylı qətnaməsi ilkin iddia tələbinə münasibətdə ləğv edilərək, ilkin iddia üzrə icraata xitam verilmişdir. Apelyasiya məhkəməsinin iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddianın təmin edilən hissəsində verdikləri apelyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətinin təmin edilməsi, qarşılıqlı iddianın təmin olunan hissəsində qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddianın təmin olunmayan hissəsində qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin olunmayan hissəsində təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, hazırki icraatda apelyasiya baxışının hədlərini apelyasiya sikayətlərinə əsasən qarşılıqlı iddianın təmin olunan və təmin olunmayan hissələrində qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir. Kollegiya tərəflərin izahatlarını, apelyasiya şikayətlərinin dəlillərini işin materialları ilə əlaqəli təhlil edib qiymətləndirərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı qarşılıqlı iddianın təmin olunan hissəsində verdiyi apelyasiya şikayəti təmin edilib, qətnamə həmin hissədə ləğv edilərək, qarşılıqlı iddia rədd edilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “İcarəyə verən” İddiaçı ilə “İcarəçi” Cavabdeh arasında bağlanmış 24 dekabr 2016-cı il tarixli İcarə müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, icarəyə verən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 316,7 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni icarəyə verir: İcarəyə verən İddiaçı (tam hissə 316,7 kv.m) –İcarəçi Cavabdeh. İş materiallarında olan 13.01.2021-ci il tarixli Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, icarə müqaviləsinə əsasən yaranmış 13.200 (on üç min iki yüz) manat borcun, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 660 (altı yüz altmış) manat, cəmi 13.860 (on üç min səkkiz yüz altmış) manat pul məbləğinin ödənilməsi, tərəflər arasında bağlanmış 24 dekabr 2016-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi 13/37 ünavında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq icarəyə verən İddiaçı təhvil verilməsini 15 gün ərzində təmin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının təsdiqlənmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 316,7 kv/m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 10057 saylı vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi işin materialları əsasında müəyyən etmişdir ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 316,7 kv/m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin əmlakın icarəyə verilməsi məqsədilə İddiaçı ilə Cavabdeh arasında 24 dekabr 2016-cı il tarixdə İcarə müqaviləsi bağlanmışdır. İcarə müddəti 23.12.2021-ci il tarixədək müəyyən edilmişdir. İcarəyə götürən icarəyə verənə hər ay 500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi icarəyə götürdüyü sahəyə 30000 manat xərc çəkmişdir. Əgər icarəyə verən heç bir əsas olmadan müqaviləni vaxtından əvvəl pozarsa İcarəçinin çəkdiyi 30000 manat xərci ödəməyi öhdəsinə götürür. Hazırda ilk iddia üzrə iddiaçı cavabdeh tərəfindən 2020-ci ilin mart ayından icarə haqqının ödənilmədiyini, bu səbəbdən də cavabdeh R.Əsilbəylinin müqavilə üzrə öhdəliklərini pozduğunu bildirir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia tələbi ilə müraciət edərək, ilk iddianın rədd edilməsini, icarəyə götürülmüş əmlakın təmirinə çəkdiyi xərcin ona ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halları əsasında hesab etmişdir ki, hazırki halda hər iki tərəf müqavilə münasibətlərinin davam etdirilməsinə israrlı deyillər, digər tərəfdən ilk tələb üzrə cavabdeh maddi ziyan tələb etməklə ilk iddiaçının müqavilənin ləğvi ilə bağlı tələbinə etiraz etməyərək, həmin tələblə razılaşdığından, tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edilməlidir. Məhkəmə gəldiyi bu nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa və tərəflər arasında bağlanmış 24 dekabr 2016-cı il tarixli “İcarə müqaviləsi”nin tələbləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi həmçinin belə qənaətə gəlmişdir ki, ilk tələb üzrə iddiaçının tələbini əsaslandırarkən istinad etdiyi hallar əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmiş işin mübahisəsiz hallarından müəyyən olunmuşdur ki, ilk iddiaçı 24.12.2016-ci il tarixli icarə müqaviləsinin tələblərinin kobud şəkildə pozuntusunu 2020-ci ilin mart ayından iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtadək ödənilməyən icarə haqqları ilə əlaqələndirmişdir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk tələb üzrə istinad edilən əsaslarla razılaşmayaraq, onun tərəfindən hər hansı pozuntu edilmədiyini bildirərək, həmin halın 2020-ci ilin mart ayından ölkə ərazisində pandemiya elan edildiyindən onların trenajor zalının da fəaliyyətinə qadağa qoyulması ilə izah edir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbinə etirazının əsaslı olması qənaətinə gəlir. Bu baxımdan qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il üçün müvafiq qərarlarından göründüyü kimi, bir sıra müəssisələrin, o cümlədən ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası MPMnin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İşin faktiki hallarına əsasən, məhkəmə qeyd edir ki, 2020-ci ilin mart ayından iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtadək ödənilməyən icarə haqqları müqavilənin pozulmasına səbəb olmadığından ilk iddia üzrə iddiaçı həmin hala istinad edə bilməzdi. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçının tələblərinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinin tələblərinə istinad edərək hesab etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 24 dekabr 2016-cı il tarixli İcarə müqaviləsinin 9-cu bəndinin tələbi əsas götürülməklə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 30000 manat məbləğində təmirə görə çəkilmiş pulu ödəməlidir. Lakin məhkəmə qarşılıqlı iddiaçının “15000 manat sonrakı təmirə xərclədiyi vəsaitin ona ödənilməsi” tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 6-ci maddəsinə əsasən, icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. Habelə, tərəflər arasında bağlanmış 24 dekabr 2016-cı il tarixli İcarə müqaviləsinin 9-cu bəndinə əsasən, “İcarəçilər” “İcarəyəverən”-in razılığı olmadan icarəyə götürülən sahədə təmirtikinti işləri apara bilməz. Beləliklə qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı 15 000 manat məbləğində sonrakı təmirə xərclədiyi vəsaitin ona ödənilməsini tələb etsə də, o məhkəmə iclasında sonrakı təmirlə bağlı cavabdeh İddiaçı müvafiq icazəsinin olması barədə sübutları təqdim edə bilmədiyindən, iddia tələbi bu hissədə təmin edilməməlidir. Qeyd edilənlərdən görünür ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanan 24 dekabr 2016-cı il tarixli “İcarə müqaviləsi”nin ləğv edilməsi barədə qənaətinə ilkin iddia üzrə iddiaçının müqavilənin 9-cu bəndinə əsasən heç bir əsas olmadan müqavilənin vaxtından əvvəl xitam verilməsi səbəbi ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, hazırda ilkin iddia üzrə iddiaçının iddia tələbindən imtina etməsi ilə ilkin iddia üzrə icraata xitam verildiyindən, birinci instansiya məhkəməsinin müqavilənin ləğvi barədə istinad etdiyi hallar aradan qalxmış olur. Həmçinin məhkəmədə müəyyən olunmuşdur ki, icarə obyekti hal-hazırda da ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sahibliyində və istifadəsindədir. İş materiallarında iddiaçı tərəfindən cavabdehə, qarşılıqlı iddia üzrə iddiaçıya hər hansı bir ziyan vurulması müəyyən edilmir və ziyan vurmaqla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrində nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddianın təmin olunması üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(005)-1472/2021 saylı qətnaməsi ləğv edilərək, qarşılıqlı iddia tələbi rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(005)-1472/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6546/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6546/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver