Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6549/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MTK cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızına qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok D, mənzil 56-da yaşayan Cavabdeh1 kooperativə olan 540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok A, mənzil 8-də yaşayan Cavabdeh2 kooperativə olan 2288 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok B2, mənzil 9da yaşayan Cavabdeh3 kooperativə olan 3540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok C, mənzil 86-da yaşayan Cavabdeh4 qızının kooperativə olan 5139 manat borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov, iş № 2(004)-2413/21) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ilin yanvar ayından etibarən “ünvan 1 ünvanında tikilmiş yaşayış binasında əhali məskunlaşmışdır. Həmin dövrdən kooperativin ümumi yığıncağının qərarına əsasən binada yaşayanlardan kommunal xidmət haqları yığılır. Kommunal xidmət haqqının dəyəri mənzilin hər kv.m üçün 30 qəpik sakinlər tərəfindən kooperativə ödənilməsi müəyyən edilmişdir. Həmin ünvanlarda yaşayan blok D mənzil 56-da yaşayan Cavabdeh1 2019-cu ildən, blok A mənzil 8-də yaşayan Cavabdeh2 2016-cı ildən, blok B2 mənzil 9 saylı mənzildə yaşayan Cavabdeh3 2016-cı ildən, blok C mənzil 86-da yaşayan Cavabdeh4 qızı 2015-ci ildən indiyədək kommunal xidmət haqlarını ödəməmişlər. Dəfələrlə kooperativ tərəfindən onlara şifahi və yazılı olaraq bildirilisə də kommunal haqlarını ödəməmişlər. Bu isə kooperativin işində problemlər yaradır. Bu halda, kooperativdə çalışanların əmək haqlarını, vergi, işıq, su və digər ödənişləri vaxtlı-vaxtında ödənilməsində problemlər yaradır. Birinci instansiya məhkəməsində Cavabdeh4 qızının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, 03.07.2019-cu il tarixinədək Cavabdeh4 qızının MTK-ya borcu yoxdur. Belə ki, MTK tərəfindən verilmiş 03.07.2019-cu il tarixli 286 nömrəli arayışda da onun MTK-ya borcunun olmadığı qeyd edilmişdir. 03.07.2019-cu il tarixinədək kommunal xidmət haqlarını və pay haqqını tam olaraq MTKya ödəməyinə baxmayaraq MTK mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını bu günədək ona təqdim etməmişdir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və digər zəruri sənədlər MTK tərəfindən ona təqdim edilmədiyindən mənzili üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirə bilmir. MTK öz öhdəliklərini icra etmədiyindən 03.07.2019-cu il tarixindən kommunal xidmət haqlarını ödəmir. Bundan əlavə onun mənzilinin ümumi sahəsi 145.2 kv.m təşkil edir. Yəni, MTK-nın qeyd etdiyi kimi 2015-ci ildən indiyədək kommunal xidmət haqlarını ödəməsəydi belə onun MTK-ya 5139 manat borcu yarana bilməzdi. Cavabdehin MTK-ya 03.07.2019cu il tarixinədək hər hansı bir borcu yoxdur. İddiaçı tərəfindən ümumiyyətlə binaların saxlanılması istiqamətində xidmət göstərilmir. Bundan başqa da, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Odur ki, iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində Cavabdeh2 da iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən müvafiq yaşayış sahələri üzrə xidmətlərin göstərildiyi qeyd edilsə də, bu tamamiilə yanlışdır. Belə ki, binanın fasadı, liftlər baxımsız vəziyyətdədir. Bununla yanaşı, binanın özündən və həyətindən zibillər təmizlənmir. Həmçinin, iddiaçının tələbinin qanuni əsası yoxdur. Çünki onlarla kommunal xərclərin ödənilməsi barədə hər hansı bir müqavilə bağlanmamışdır. Eyni zamanda həmin kommunal xərclərə görə nə qədər pul ödəyəcəkləri barədə məlumatsızdırlar. Bütün bu sadalananlarla yanaşı iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş müddət də ötürülmüşdür. Odur ki, iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərlə MTK arasında kommunal ödənişlərlə əlaqədar müqavilə imzalanması ilə bağlı dəfələrlə cavabdehlərə MTK tərəfindən müraciət olunmasına baxmayaraq müxtəlif bəhanələr gətirərək müqavilə imzalamaqdan yayınmış və bununla bağlı iddiaçı tərəfindən müvafiq akt tərtib edilmişdir. Bu baxımdan hesab edir ki, məhkəmə işi obyektiv araşdırmayaraq əsassız qətnamə qəbul etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, 2006-2007-ci illərdə "xxxx" MMC ilə cavabdehlər arasında "xxxx" MTK-nın sifarişi əsasında tikilən Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4 ünvanında tikilmiş yaşayış binasında mənzil əldə olunması ilə əlaqədar mənzil-tikinti haqqında müqavilələr bağlanmışdır. Cavabdehlərdən Cavabdeh4 ilə korpus C, 86 saylı mənzilə dair, Cavabdeh3 ilə korpus B2, 10 saylı mənzilə dair, Cavabdeh2la korpus A, 8 saylı mənzilə dair müqavilələr bağlanmışdır. Eyni zamanda, "xxxx" MTK ilə Cavabdeh1 arasında D-55 saylı mənzilə dair müqavilə bağlanmışdır. 19.12.2012-ci il tarixli akta əsasən podratçı "xxxx" MMC binanın tikintisini yekunlaşdıraraq "xxxx" MTK-ya təhvil vermişdir. İddiaçının tələbi cavabdehlərdən kommunal xidmət borclarının tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında kommunal xidmətlərə dair müqavilə mövcud olmadığı halda cavabdehlərin üzərinə hər hansı öhdəliklərin qoyulmasının hüquqi əsası yoxdur. Belə ki, bu “öhdəlik” anlayışının ruhuna zidd olardı. Məhkəmə daha sonra qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan, iddiaçının cavabdehlərə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi əsassızdır və təmin edilə bilməz. Məhkəmə eyni zamanda iddia tələbini təmin etməyərkən, iddiaçı "xxxx" MTK-nın öz fəaliyyətini MMMC kimi deyil, hələ də mənzil tikinti kooperativi olaraq davam etdirməsini də nəzərə almışdır. Bundan başqa, məhkəmə cavabdehlərdən Cavabdeh1 münasibətdə iddia tələbini təmin etməyərkən onu da qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 hal-hazırda kommunal xərcələrə görə iddiaçıya borcunun olmadığı müəyyən edilmişdir. İşin bu halı iddiaçının nümayəndəsinin etirafedici izahatı və eləcə də, iş materiallarına əlavə edilmiş maliyyə arayışı ilə də təsdiqini tapmışdır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38, 43, 135, 136, 138, 141.1, 141.2, 142.1-ci və s. maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, tərəflər arasında kommunal xərclərin ödənilməsinə dair müqavilə olmadığından məhkəmə iddianı rədd etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Həmin Məcəllənin 141-1.2-ci maddəsinə görə bu Məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və qeyd edir ki, şikayətdə göstərilən hallar öz təsdiqini tapmamışdır. Yəni, tərəflər arasında müqavilə mövcud olmamış, idarəetmə forması, kommunal xidmətlər və s. qanunla nəzərdə tutulmuş qaydada tənzimlənməmişdir. Bu səbəbdən də, cavabdehlərdən onların üzərlərinə götürmədikləri öhdəliklər tələb edilə bilməz. İddiaçı apellyasiya şikayətində cavabdehlərə müqavilə bağlanmasının təklif olunduğunu, lakin onların müqavilə bağlamaqdan imtina etdiklərini və bu faktın qanunla müəyyən olunmuş qaydada aktlaşdırıldığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi həmin akt 15.02.2013-cü il tarixdə tərtib olunmuşdur. İddia tələbində isə cavabdehlərdən 2015-2016-cı illərdən bu günədək olan dövr üçün bocun ödənilməsi tələb edilir. 2015-ci ildən bu günədək olan dövrdə cavabdehlərə binanın idarə edilməsi ilə bağlı müqavilə bağlanmasına dair hər hansı təklif edilməsi isə iş materialları ilə təsdiq olunmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6549/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6549/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver