Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6549/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdeh və maraqlarına toxunan şəxsin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “övladları ilə birlikdə mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2029/2022 saylı işi üzrə 06 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh və hüquq və vəzifələrinə (maraqlarına) toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçının onun uşaqları xx.xx.2008-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsi 26B saylı özbaşına tikilidən ibarət fərdi yaşayış evinə köçürülmələri” barədə iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2029/2022 saylı işi üzrə 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 , 27.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1, 217.2, 217.4; Azərbaycan Respublikası Konstitusiyasının 43; "Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 , 54-cü maddələrinə istinadən) təmin edilmiş, İddiaçı xx.xx.2008-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh yaşadığı və istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsi 26B saylı özbaşına tikilidən ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. 2.İşin icraatı zamanı müəyyən edilmişdir: Doğum haqqında şəhadətnamələrin surətinə əsasən tərəflərin birgə münasibətindən xx.xx.2003-cü il təvəllüdlü X2, xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2008-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur; AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır (iş.səh., 9-12,14). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 3.Cavabdeh apellyasiya şikayəti verərək xx.xx.2022-ci il tarixli qətnamənin ləğv olunmasını, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, Mülki Prosessual Məcəllə 57.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı ilə o, ailə qurduqda birbaşa atası Maraqlı şəxs məxsus fərdi yaşayış evinə köçmüş və çox qısa bir müddət (təxmini bir il olmazdı ki) yaşadıqdan sonra mübahisə yaranmış və onlar ailəvi olaraq atasına məxsus olan fərdi yaşayış evindən çıxıb əvvəlcə Sabunçu rayonu Zabrat qəsəbəsində, daha sonra Neftçilər metrosu yaxınlığında kirayədə yaşamışlar. Lakin sonradan kirayədə qaldıqlarından və maddi durumlarının zəif olduğundan anasının xahişi və atasının razılığı ilə mübahisəli olan atasına məxsus fərdi yaşayış evinə köçüb yaşamışlar. Onlar köçən zaman qaldıqları otaqda kirayə qalırdı ki, atası onları çıxartdı və onların yaşamaqlarına icazə verdi. İddianın qeyd edilən əsasına da münasibət bildirmişdir ki, birincisi mübahisəli fərdi yaşayış evi 1978-1980ci illərdə atası tərəfindən tikilmiş otaq olmuşdur və həmin otaqda da daim kirayişin yaşamışdır və yaşayış otağı olmuşdur. Həmin yaşayış otağını atası sonradan öz hesabına təmir etdirərək genişləndirmişdir. Bu zamanda iddiaçı ilə onun maddi imkanının olmadığını nəzərə alaraq atası yenə də müvəqqəti olaraq yaşamaqlarına icazə vermişdir. Eyni zamanda da iddiaçı ümumiyyətlə cehiz əşyası gətirməmişdir, qeyd edilən əşyalar sonradan onun adına alınmış əşyalardı, iddiaçının valideyninə məxsus iki rayonda Sabunçu rayonu Maştağa qəsəbəsində və Abşeron rayonu Xırdalan şəhərində mənzilləri vardır və iddiaçının qardaşı siyası sığınacaq alaraq ölkəni tərk etmiş və Almaniyada yaşayır ki, iddiaçı yalan danışır. Hətta onu da ailəsi ilə birlikdə Almaniyaya daimi köçməyini təhrik edirdilər ki, alınmadı. Mübahisəli fərdi yaşayış evi atasının maddi vəsaiti ilə tikilib iddiçının və onun heçbir maddi köməyi olmamışdır. Həmin fərdi yaşayış evinin atası tərəfindən tikilməsini qonşularda təsdiq edə bilər və hətta bütün kommunal ödəniş bildirişindən də açıq-aşkar mübahisəli olan Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsi 26B saylı özbaşına tikilidən ibarət fərdi yaşayış evi atasının adına yazılmışdır. Hazırda da atasının istifadə və sahibliyindədir. Belə olan halda iddiaçının nə də ki onun mübahisəli fərdi yaşayış evinə heç bir hüquqları yaranmır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, daimi deyil müvvəqqəti olaraq hər hansı bir fərdi yaşayış evində müvəqqəti yaşamaqlarına icazə verilən yaşayış sahəsindən istifadə və sahiblik hüququ əldə etmirlər və yaşamaqları müvvəqqəti xaratker daşıyır. Bu səbəbdən də qətnamə ləğv edilməli və iddia rədd edilməlidir. Çünki mübahisəli mənzil atasına məxsusdur. Hazırda da istifadə və sahibliyindədir. İddiaçının onun olmayan fərdi yaşayış evinə köçməsi maraqlarına toxunan şəxsin fərdi yaşayış evindən sərbəst istifadə etmək hüququnun həyata keçirilməsi pozulacaq və maneə yaradılacaqdır. 4.Maraqlarına toxunan şəxs Maraqlı şəxs eyni məzmunlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və maraqlarına toxunan şəxsin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətlərini müdafiə etdiklərini, iddiaçı ilə mübahisənin barışıq yolu ilə həll edilməsinin mümkün olmadığını, evləndikdən sonra yalnız qısa müddət ərzində həmin mənzildə yaşadıqlarını, iddiaçının həmin mənzildə əşyalarının olmadığını, mənzilin cavabdehə yox, onun atasına məxsus olduğunu bildirmiş, iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, iddiaçı ilə cavabdehin 2002-ci ildə faktiki nikaha daxil olduqlarını,lakin nikahlarını 2009-cu ildə rəsmiləşdirdiklərini, 2003-cü ildə övladlarının dünyaya gəldiyini, heç vaxt kirayədə qalmadıqlarını, qayınatası yola vermədiyi üçün həyətdə olan qarajı söküb birlikdə mübahisəli mənzili tikdiklərini, iddiaçının cavabdehlə nikahından dörd övladının olduğunu, uşaqların həmin ünvanda qeydiyyatda olduqlarını, iddiaçının himayəsində Daun sindromlu uşaq olduğunu, onu böyütmək üçün tələbinin təmin edilməsini xahiş etdiyini, mənzilin yerləşdiriyi torpaqların kimə məxsus olduğunu bilmədiklərini, iddiaçının həmin mənzilə hüquq əldə etmək üçün hər hansı bir dövlət orqanına müraciət etmədiyini qeyd etmişdir. 7.Apellyasiya şikayətinə əlavə edilmiş 027466 nömrəli 18 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən Maraqlı şəxs Aşıq Qərib küçəsi 26B N-li evin mənzilində pasport qeydiyyatında olduğu v ə 18 saylı MKİS-də olan məlumata əsasən xx.xx.1984-cu il tarixindən hal hazırkı vaxta kimi bu ünvanda qeydiyyatda olduğu müəyyən edilir(səh.59). Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13, 63-67; Mənzil Məcəlləsinin 30; Mülki Məcəllənin 6, 11.1; 135-158, 180, 181, 185, 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarının 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15, 50, 52, 76, 77, 80- 82, 106.2, 119, 217.4, 267, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə həqiqi hallara uyğun gəlməmiş, daşınmaz əmlakın mülki hüquqi statusu, evin sahibliyinin və digər hüquqlarının, habelə cavabdehə qarşı yönəlmiş tələbin sonuncuya aidiyyəti müəyyən edilməmiş, sahiblik və istifadə hüquqları olmuş digər şəxslərin hüquqları nəzərə alınmamış, iddiaçının irəli sürdüyü dəlillər sübuta yetirilməmiş və iddiaçının başqa ünvanda qeydiyyatda olması, habelə daşınmaz əmlakın özbaşına tikili olaraq başqa şəxsə məxsus olması müəyyən edilmişdir. Ona görə, hazırki münasibətlərdə iddiaçının və cavabdehin subyektiv hüququ müstəvisində sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsinin müəyyən edilməməsi, anoloji mülki münasibətlər baxımından belə iddianın təmin edilməsi üçün əsas olmamışdır.
10. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia əsassız olduğundan təmin edilməməlidir. İddia üzrə iddiaçının diqqətinə çatdırılmalıdır ki, ilk olaraq hər hansı daşınmaz əmlaka dair hüququların təsbit edilməsi üçün müvafiq icra hakimiyyətinə və ya bələdiyyəyə müraciət etməli, müəyyən edilmiş səlahiyyətə sahib müvafiq icra hakimiyyətində rəsmi qeydiyyatdan keçdikdən sonra hüquqlarının müdafiə edilməsi üçün mübahisə yaranarsa, məhkəməyə müraciət etməkdə haqlıdıır. Hazırki mülki hüquq münasibətlərində cavabdehlə nikah mövcud olmadığından və nikah münasibətlərinə daxil olma tarixi maddi hüquq normalarının qeyd edilən müddəalarının analogiya üzrə tətbiqinə belə imkan vermədiyindən, iddianın təmin edilməsi hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, hər hansı şəxsin mənzilə (yaşayış sahəsinə) köçürülməsi üçün, ilk növbədə qeyd edilən mənzil (yaşayış sahəsi) və ora köçmək istəyən şəxsin hüquqları mövcud olmalı və ya bu hüquqların tanınması üçün müraciət olmalıdır. Mövcud olmayan mənzilə (yaşayış sahəsinə) hüququ olmayan şəxsin köçürülməsi səlahiyyətlərdən kənara çıxma kimi qiymətləndirilməlidir. 11.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12, 15 və 16-cı maddələrinə əsasən: Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariyagigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən: Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 13.Bununla belə qeyd edilməlidir ki, iddaçının mübahisə edilən tikilinin inşa edilməsi və ya birgə nikah dövründə əldə edilmiş digər əmlak hüquqlarının pozulması ilə bağlı fərqli tələblər irəli sürmək hüquqları məhdudlaşdırılmır. 14.Mülki Məcəllənin 180-ci maddəsinə əsasən: ”180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” 15.Məcəllənin 181.1, 181.2, 181.4, 181.7 və 185-ci maddələrinə əsasən diqqətə çatdırılmalıdır ki: Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxs mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi məlum olmayan əmlaka və ya mülkiyyətçisinin imtina etdiyi və ya qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququnu itirdiyi əmlaka mülkiyyət hüququ əldə edə bilər. Mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər. Mülkiyyətində, sahibliyində və ya istifadəsində torpaq sahəsi, sututar və ya başqa obyekt olan şəxs, əgər orada dəyəri əlli beş manatdan aşkar aşağı olan atılmış əmlak və ya atılmış metal qırıntıları, zay məhsul, faydalı qazıntıların çıxarılması zamanı əmələ gələn təpəciklər, istehsal tullantıları və başqa tullantılar varsa, həmin əmlakdan istifadəyə başlamaqla və ya əmlakı mülkiyyətə yönəltdiyini göstərən digər hərəkətlər etməklə, onu öz mülkiyyətinə yönəltmək hüququna malikdir. Atılmış başqa əmlak ona sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir. 16.İddia əsassız olduğundan, apellyasiya şikayətləri üzrə başqa tələb olmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd, apellyasiya şikayətləri isə təmin edilməli, ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. 17.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ : Cavabdeh və hüquq və vəzifələrinə(maraqlarına) toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2029/2022 saylı işi üzrə 06 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “övladları ilə birlikdə mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.