Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6549/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X3rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “işə bərpa və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1654/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidenti yanında X5 xx.xx.2024-cü il tarixli, 02/90 nömrəli və 16 may 2024-cü il tarixli, 13/57 nömrəli əmrlərin ləğv edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməklə, onun əvvəlki vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında X5 dosenti. (son – 4 ildə) ingilis dili üzrə müəlliməsi vəzifəsində çalışırdı. Daha əvvəllər başqa fənləri (Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb pedaqogikası) də, tədris etmişdir. 2024-cü ilin may ayının 24-də məlum oldu ki, onu 16 may 2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad ediblər. Belə ki, 16 may 2024-cü il tarixli, 13/57 nömrəli əmrin verilməsi üçün əsas isə Azərbaycan Respublikasının Prezidenti yanında X5 02/90 nömrəli, 14 may 2024-cü il tarixli əmri olmuşdur. Həmin əmrin verilməsi üçün əsas isə guya o, (02 may 2024) attestasiya komissiyasının rəyinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Halbuki attestasiya formal keçirilmiş və heç bir qanunun tələbi qorunmamışdır. 26 may 2023-cü il tarixində də işəgötürən tərəfindən attestasiya keçirilmiş və komissiyanın üzvü olmayan 2 şəxs də orada iştirak edərək ona qarşı qərəzlilik olması səbəbilə problem yaratmışdırlar. 02 may 2024-cü il tarixində isə ingilis dilini bilməyən şəxslər komissiyanın üzvü idi. Məsələn, komissiyanın üzvü olan (elmi işlər üzrə prorektor) Əlikram Abdullayev, (Həmkarlar İttifaqının sədri) Yusif Ağayev, (tədris hissə müdiri) Ziyafət Həbibova, (kadr məsələləri şöbəsinin müdiri) Afaq Əliyeva ingilis dilini bilmir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Prezidenti yanında X5 xx.xx.2024-cü il tarixli, 02/90 nömrəli və 16 may 2024-cü il tarixli, 13/57 nömrəli əmrlərin ləğv edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməklə, onun əvvəlki vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Səbail Rayon Məhkəməsinin 2(009)-1654/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Mədinə Bağırova) ilə iddia təmin edilməmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, iddiaçının keçirilmiş müvafiq attestasiyadan keçmədiyini, bunun nəticəsində qanunun tələblərinə uyğun olaraq onun əmək müqaviləsinə xitam verildiyini bildirmiş, odur ki, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Rayon məhkəməsi attestasiya komissyasında olan şəxslərdən beşinin ingilis dili üzrə peşəkar mütəxəssis olmamasını araşdırmamışdır. Apellyasiya şikayətinin digər dəlili prorektorun Ə. Abdullayev rektor olmayan vaxt onu əvəz etiyindən, o iddiaçıya münasibaətdə rəhbər şəxsdir, onun Attestasiya komissiyasına daxil olması Qanunun tələblərinə ziddir.
7. Həmçinin iddiaçıya attestasiya ilə bağlı bir ay qabaqdan məlumat verilməsi sübut olunmur, məhkəməyə attestasiyanın nəticələrinə dair qərar təqdim olunmayıb, yalnız protokol təqdim olunub, o iclasın gedişini göstərir, qərar isə iclasın yekununa dair müstəqil sənəddir. Bundan başqa Komissiyanın səlahiyyət müddəti onun yaradılması barədə xx.xx.2024-cü il tarixli əmrdə qeyd edilməyib. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, iddiaçı attestasiyadan keçmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. Azərbaycan Respublikasının Prezidenti yanında X5 13/57 №-li, 16 may 2024-cü il tarixli əmrindən görünür ki, həmin əmrlə Dillər kafedrasının dosenti X9 22 may 2024-cü il tarixindən AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən (tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün) işdən azad edilmişdir. Əmrin verilməsinə əsas kimi Azərbaycan Respublikasının Prezidenti yanında X5 02/90 №-li, xx.xx.2024-cü il tarixli əmri göstərilmişdir.
11. Azərbaycan Respublikasının Prezidenti yanında X5 02/90 №-li, 14 may 2024-cü il tarixli Dillər kafedrasının müəllimlərinin attestasiyasının nəticələri barədə əmrindən görünür ki, Akademiyanın 16 yanvar 2024-cü il tarixli 13/04 nömrəli əmrilə yaradılmış Attestasiya komissiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərini və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalır”nın müddəalarının əsas tutaraq Dillər kafedrasının müəllimlərinin peşəkarlıq səviyyəsini, ixtisası və tutuduğu vəzifəyə uyğunluğunu, onların fərdi qabiliyyət və üstünlüklərini qiymətləndirərək müvafiq qərar qəbul etmişdir. Yuxarıda qeyd olunanları və Attestasiya komissiyasının 02 may 2024-cü il tarixli qərarını əsas tutaraq Akademiyanın Dillər kafedrasının ingilis dili müəllimləri X6 və X4 tutduğu vəzifəyə uyğun olmadığına görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas kimi “Elm haqqına” AR Qanununun 25-ci maddəsi və Dillər kafedrasının müəllimlərinin attestasiyasını həyata keçirən komissiya iclasının xx.xx.2024-cü il tarixli 1 №-li protokolu göstərilmişdir.
12. “İşəgötürən” Azərbaycan Respublikasının Prezidenti yanında X5 rektoru akademik Urxan Ələkbərovla “İşçi” İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, Zülfiqarova X1 tam ştat müəllim vəzifəsinə qəbul edilir. Bu müqavilə müddətli olduğundan 15 sentyabr 2016-cı il tarixdən 15 sentyabr 2017-ci il tarixədək 1 il müddətinə bağlanmışdır.
13. Azərbaycan Respublikasının Prezidenti yanında X5 Əmək müqaviləsinə xitam verilməsi barədə 13/57 №-li, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, “Dillər kafedrası bölməsində “dosent” vəzifəsində işləyən İddiaçı Subhan qızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70 “c”-peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutuduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir.
14. Azərbaycan Respublikasının Prezidenti yanında X5 Attestasiya komissiyasının xx.xx.2024-cü il tarixli attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sübhan qızının tutduğu vəzifəyə uyğun olmadığı göstərilmişdir.
15. Azərbaycan Respublikasının Prezidenti yanında X5 kadr məsələləri şöbəsinin xx.xx.2024-cü il tarixli xəbərdarlığından görünür ki, bir aydan sonra “Dillər” kafedrasında qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəllimlərin attestasiyasının keçiriləcəyi barədə kafedra müəllimləri xəbərdar edilmişlər, onlara bu müddət ərzində attestasiyaya hazırlaşmaları tövsiyə edilmişdir.
16. Azərbaycan Respublikasının Prezidenti yanında X5 Attestasiya komissiyasının yaradılması barədə 13/04 №-li, xx.xx.2024-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Akademiyanın struktur bölmələrində çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına müvafiq olaraq tutduqları vəzifəyə uyğun olduğunu aşkara çıxarmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması məqsədi ilə 7 nəfərdən ibarət tərkibdə Attestasiya komissiyası yaradılması, attestasiya olunacaq əməkdaşlara attestasiyanın başlanmasına 1 (bir) aydan gec olmayaraq bu barədə məlumat verilməsi əmr edilmişdir.
17. Azərbaycan Respublikasının Prezidenti yanında X5 Dillər kafedrasının müəllimlərinin attestasiyasını həyata keçirən komissiya iclasının 2 nömrəli, 02 may 2024cü il tarixli Protokolundan görünür ki, kafedranın ingilis dili müəllimləri X2 və İddiaçı attestasiyasının nəticələri qeyri qənaətbəxş olduğundan tutduqları vəzifəyə uyğun deyil. Dillər kafedrasının ingilis dili müəllimləri X6 və İddiaçı attestasiyadan keçmədiklərinə görə onlar barəsində yekun qərarın qəbul edilməsinin rektorluğa təklif edilməsi qərara alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 11-ci maddənin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi qeyd olunmuşdur. 68-ci maddənin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 65-ci maddənin 1-ci bəndinə görə, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.
4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.
5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.
6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. Maddə 9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
26. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin komissiyanın yaradılması barədə əmrdə komissiyanın səlahiyyət müddətinin göstərilməməsi və onun səlahiyyətli olmaması barədə dəlili üzrə qeyd edir ki, attestasiyanı həyata keçirən komissiya xx.xx.2024-cü il tarixli əmrlə yaradılmışdır. Həmin əmrdə komissiyanın xx.xx.2023-cü il tarixli iclasın qərarını əsas tutaraq yaradılması göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli protokoldan çıxarışdan isə görünür ki, 2024-2025-ci tədris ilinin sonunadək fəaliyyət göstərən Attestasiya komissiyasının yaradılması qərara alınmışdır (i/v 55). Demək ki, attestasiya komissiyası səlahiyyətli olmuşdur, həmin dəlil əsassızdır.
29. Apellyasiya şikayətində qeyd edilir ki, rayon məhkəməsi attestasiya komissiyasında olan şəxslərdən beşinin ingilis dili üzrə peşəkar mütəxəssis olmamasını araşdırmamışdır.
30. Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndinə görə, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır.
31. Əmək Məcəlləsinin 68-ci maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir.
32. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.4-cü bəndində göstərilir ki, elmi işçilərin attestasiyası keçirilərkən attestasiya komissiyasının tərkibinə təşkilatdakı elmi şura üzvlərinin nümayəndələri daxil edilir.
33. Hazırkı xx.xx.2024-cü il tarixli əmrlə təşkil edilmiş attestasiya komissiyasının tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında X5 Tədris işləri üzrə prorektoru, fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Abdullayev, Tədris-metodiki və analitika şöbəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru, professor Ziyafət Həbibova, Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elvin Əzizbəyov, Kadr məsələləri şöbəsinin müdiri Afaq Əliyeva, Akademiyanın hüquqşünası Nümayəndə, X8 Komitəsinin sədri, ictimai əlaqələr üzrə müşavir, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Ağayev, həmçinin Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Şahin Xəlilli daxil olmuşdur. Deməli Attestasiya komissiyasının tərkibi qanunun tələblərinə uyğun təşkil edilmişdir.
34. Həmçinin apellyasiya şikayətinin Komissiya üzvlərindən beşinin ingilis dilini bilməməsi barədə dəlili üzrə qeyd edilir, komissiya üzvlərindən iki nəfərinin (professor Şahin Xəlilli, dosent Elvin Əzizbəyov) ingilis dili üzrə peşəkar mütəxəssis olması iddiaçının attestasiyadan keçirilməsi üçün yetərli hesab edilməlidir. Həmin komissiyanın iddiaçı ilə yanaşı, həm də digər ixtisas üzrə olan müəllimləri də attesasiyadan keçirmək üçün yaradıldığını da nəzərdən qaçırmaq olmaz. Belə olan halda isə məlum olur ki, komissiyanın müxtəlif ixtisaslı peşəkarlardan ibarət olmaqla təşkil edilməsi məntiqlidir, əks halda komissiyaya hər ixtisas üzrə eyni sayda mütəxəsisin daxil edilməsi tələb olunnardı ki, bunun da mümkünsüz və anlaşılmaz olması aşikardır.
35. Apellyasiya şikayətinin digər dəlili prorektorun Ə. Abdullayev rektor olmayan vaxt onu əvəz etiyindən, o iddiaçıya münasibaətdə rəhbər şəxsdir, onun Attestasiya komissiyasına daxil olması qanunun tələblərinə ziddir.
36. Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
37. Əmək Məcəlləsinin 3-cü maddəsinə görə, işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Məhkəmə kollegiyası qeyd edir ki, prorektor qanuna əsasən işəgötürən hesab olunmadığından, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.
38. Apellyasiya şikayətində göstərilir ki, iddiaçıya attestasiya ilə bağlı bir ay qabaqdan məlumat verilməsi sübut olunmur.
39. Bununla bağlı qeyd edilir ki, mülki iş materiallarında olan müəllimlərin attesatasiyadan keçirilməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlığı iddiaçı ilə yanaşı digər 16 nəfər müəllim tanış olma hissədə imza etmişlər və demək ki, iddiaçı da attestasiya barədə müəyyən edilmiş qaydada məlumatlandırılmışdır.
40. Apellyasiya şikayətinin digər dəlili odur ki, məhkəməyə attestasiyanın nəticələrinə dair qərar təqdim olunmayıb, yalnız protokol təqdim olunub, o iclasın gedişini göstərir, qərar isə iclasın yekununa dair müstəqil sənəddir.
41. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.6-cı bəndində qeyd edilir ki, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil.
42. Hazırda məhkəməyə təqdim edilən, xx.xx.2024-cü il tarixli attestasiya vərəqəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması barədə (7 səs lehinə olmaqla) nəticəyə gəlinmişdir.
43. Həmçinin xx.xx.2024-cü il tarixli iclas protokolundan çıxarışdan məlum olur ki, iddiaçı attestasiyadan keçmədiyindən onun barəsində yekun qərarın qəbul edilməsinin rektorluğa təklif edilməsi qərara alınmışdır.
44. Demək ki, Komissiya tərəfindən iddiaçının tutduğu vəzifəyə uyğun olmaması barədə müvafiq qərar yekdil şəkildə qəbul edilmişdir, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.
45. Beləliklə də kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi və onun tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmr qanunvericiliyin tələblərinə uyğundur, əmrin qəbul edilməsi zamanı hər hansı pozuntuya yol verilməmiş, qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Bu baxımdan iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
46. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:.
47. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1654/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.