Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-655/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1 və cavabdeh X2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı Xaliq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Xaliq oğlu cavabdeh X4 qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsindəki 6 saylı evin 40-cı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Qasımov, iş № 2(007)-95/21) İddiaçı Xaliq oğlu cavabdeh X4 qarşı Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsindəki 6 saylı evin 40-cı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmənin 19 avqust 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “qeydiyyatdan çıxarılma” hissəsində işin icraatına məhkəmədə baxılmalı olmadığına görə xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Qərardad apellyasiya qaydasında mübahisələndirilməmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, 6 saylı evdə yerləşən 40 saylı iki otaqlı mənzil əvvəllər babası Arif Quliyevin mülkiyyətində olmuş, 2012-ci ildə babası cavabdehin razılığı ilə mənzili ona bağışlamış, və hazırda mənzil mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdeh onun atasıdır. Atası təxminən 20 il əvvəl, 1990-cı illərdə başqa qadınla evlənmiş və mübahisəli mənzildən köçərək həmin vaxtdan arvadı və uşağı ilə birlikdə faktiki olaraq başqa ünvanda yaşamışdır. Cavabdehin ona məxsus mənzildə pasport qeydiyyatında qalması formal xarakter daşıyır və onun mülkiyyət hüququnu pozur. O, cavabdehdən mənzilindən qeydiyyatdan çıxmasını və faktiki yaşadığı ünvanda qeydiyyata düşməsini dəfələrlə xahiş etməsinə baxmayaraq cavabdeh ona məhəl qoymamışdır. Cavabdeh faktiki ailə quraraq uzun illərdir ki, başqa ünvanda yaşadığına görə onun mənizələ eytiyacı yoxdur, həmin yaşadığı yer onun yaşayış yeri hesab edilir və bu səbəbdən cavabdeh ona məxsus mənzildən istifadə hüququnu itirmişdir. Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı onun oğludur, anası onu atıb getdikdən sonra oğlunu özü saxlamış və böyütmüşdür. Atasının evi 1961-ci ildə alınmışdır, o vaxt onun iki yaşı olmuş və ailə üzvlərinin sayına görə məhz ikinci otaq verilmişdir. 1990-cu il tarixdə ikinci dəfə ailə həyatı qurmuş, bundan sonra ev dar olduğu üçün başqa evdə yaşamışdır. Amma ata evinə həmişə gəlib-getmişdir. Gələcəyi nəzərə alaraq atası evi onun oğluna bağışlamışdır. O, evin bağışlanmasına razılıq vermişdir. Lakin ev ona bağışlanandan sonra hər yerdə yayıb ki, atası ona baxmamışdır. Amma o, oğlunun evinin hər ehtiyacını qarşılamışdır. Hazırda iki ildir ki, atası onunla yaşayır və iddiaçı babasına baxmır. X6 30/42-də yaşayır. Həmin evdə o, həyat yoldaşı, qızı və nəvəsi yaşayır. İddiaçı hazırda mübahisəli mənzildə yaşamır, bunun səbəbi də babasını döyməsi və babasının onun barəsində polisə şikayət etməsi olmuşdur. O, hazırda ayın 20-25 günü mübahisəli mənzildə atası ilə yaşayır. Yoldaşının iki qızı var, biri onunla olan nikahdan, digəri isə onun əvvəlki nikahından doğulmuşdur. Onun öz qızı evlənib gəlin köçmüşdür. Ata evindən başqa onun qeydiyyata düşə biləcəyi evi yoxdur, həyat yoldaşı ilə yaşadığı ev nə ona, nə də ki həyat yoldaşına məxsusdur. Birinci instansiya məhkəməsində 05 avqust 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərmişdir ki, mübahisəli mənzil onun olmuşdur, oğlunun razılığı ilə mənzil iddiaçının adına keçirilmişdir. Oğlu ailəsi ilə yaşayır, amma ona görə tez-tez evə gəlib-gedir, bütün problemlərini həll edir. Oğlu 25 ildən çoxdur ki, evlənmişdir. İddiaçının harda yaşadığını bilmir. İddiaçı evlənəndən sonra qısa müddət birlikdə yaşamışlar. Sonradan isə onunla yaşamaq istmədiyini bildirmiş, çıxıb getmiş və onunla maraqlanmamışdır. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarına, o cümlədən cavabdehin daimi yaşamaq üçün başqa ünvana köçməsinə və mübahisəli mənzildən istifadə hüququnu itirmiş olmasına düzgün hüquqi qiymət verməmiş, Mülki Məcəllənin 152.1, 152.5, 157.4-cü və 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü maddələrinin tələblərini pozmuşdur. Apellyasiya şikayətində MPM-nin 14.2, 77.1, 81, 88-ci maddələrinin tələblərinin də pozulduğu qeyd olunmuşdur. İddiaçının nümayəndəsi (vəkili) N.Kərimli məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin mübahisələndirilməyən hallarından görünür ki, cavabdeh iddiaçının atasıdır. Mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsindəki 6 saylı evin 40-cı iki otaqlı mənzili əvvəllər cavabdehin atası, yəni iddiaçının babası Arif Quliyevin mülkiyyətində olmuş, 2012-ci ildə babası cavabdehin razılığı ilə mənzili iddiaçıya bağışlamış və hazırda mənzil mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. İddiaçının mənzil üzərində mülkiyyət hüququ 08.02.2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh xx.xx.1959-cu ildə Bakı şəhərində anadan olmuş, mübahisəli mənzil alınandan, yəni 1961-ci ildən həmin mənzilə qeydiyyata alınmış və yaşamışdır. Arif Quliyev (baba) mübahisəli mənzilin bağışlanmasına dair müqaviləni məhkəmə qaydasında mübahisələndirsə də, həmin iddia qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd olunmuşdur. İddiaçı qeyd olun halları mübahisələndirməmişdir. Onun mübahisələndirdiyi hal cavabdehin 1990-cı ildə ikinci nikaha daxil olduqdan sonra mübahisəli mənzili tərk etməsi, daimi yaşamaq üçün başqa ünvana köçməsi və bununla da mənzildən istifadə hüququnu itirmiş olmasıdır. İddiaçı məhz bu əsasla cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmiş, 1961-ci ildən mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşadığını, mənzili daimi əsaslarla tərk etmədiyini, həmişə mənzilə gəlib-getdiyini, yaşadığını, atasına qulluq etdiyini bildirmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı özü artıq uzun müddətdir ki, mübahisəli mənzildə yaşamır. Belə ki, iddiaçı babasını döymüş, babası polisə şikayət etmiş və bundan sonra iddiaçı mənzili tərk edərək başqa ünvanda yaşayır. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmişdir. Məhkəmə bu qənaətə gələrkən cavabdehin 1961-ci ildən mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamasını, iddiaçının yalnız 2012-ci ildə bağışlama müqaviləsi əsasında mülkiyyətçi statusu əldə etdiyini, həmin vaxtadək cavabdehin mübahisəli mənzildən istifadə hüququnun mövcud olduğunu, bu hüquqa xitam verilməsi ilə bağlı hər hansı razılaşma olmadığını, cavabdeh tərəfindən hər hansı öhdəlik götürülmədiyini, cavabdehin mənzili daimi əsaslarla tərk etmədiyini və iddiaçının bununla bağlı hər hansı mötəbər sübut təqdim etmədiyini nəzərə almışdır. Məhkəmə həmçinin Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə iddianın əsassız olması ilə bağlı gəldiyi nəticəni mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları ilə əsaslandırmışdır. Belə ki, məhkəmə bağışlama müqaviləsinin bağlandığı 2012-ci ildən sonra tərəflər arasında yaranan münasibətlərə Mülki Məcəllənin 228.1, 228.2-ci, əvvəlki dövrə münasibətdə yaranan münasibətlərə isə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54, 60, 87-ci maddələrini tətbiq etmişdir. İddiaçının apellyasiya şikayətinin əsas dəlilləri də məhz həmin maddi hüquq normalarının düzgün tətbiq olunmaması, işin faktiki hallarına, o cümlədən cavabdehin daimi yaşamaq üçün başqa ünvana köçməsinə və mübahisəli mənzildən istifadə hüququnu itirmiş olmasına düzgün hüquqi qiymət verilməməsi barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ilə iddia tələbinin əsası kimi istinad olunan hallar eyni məzmunludur və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası cavabdehin istifadə hüququna yalnız Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə xitam verilməsinin mümkünlüyü barədə qənaətlə də razılaşır və qeyd edir ki, cavabdeh 1961-ci ildən mübahisəli mənzildə yaşamaqla həmin yaşayış sahəsindən istifadə hüququ qazanmışdır. İddiaçı yalnız 2012-ci ildə mübahisəli mənzilin mülkiyyətçisi olmuşdur. Həmin vaxtadək mənzilin mülkiyyətçisi iddiaçının babası Arif Quliyev olmuşdur və Arif Quliyev mülkiyyətçi olduğu müddətdə cavabdehin istifadə hüququnu mübahisələndirməmişdir. Mənzil iddiaçıya bağışlanarkən cavabdehin istifadə hüququ ilə yüklü olmuşdur. Mülki Məcəllənin 158-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisəli mənzil 2012-ci ildə iddiaçıya bağışlanarkən cavabdeh buna razılıq ərizəsi vermiş və mənzilin cavabdehin istifadə hüququ ilə yüklü olması elə həmin vaxtdan iddiaçıya məlum olmuşdur. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya baxışı zamanı cavabdehin arvadının adına daşınmaz əmlak olması barədəki dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin, yaxud onun arvadının adına hər hansı daşınmaz əmlak olması onun hazırkı iş üzrə mübahisələndirilən və 1961-ci ildən yaşamış olduğu mənzilin yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə səbəb ola bilməz. Belə ki, Mülki Məcəllənin 27.1-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. İşin müəyyən edilən hallarından göründüyü kimi, cavabdeh 1961-ci ildən mübahisəli mənzildə qeydiyyatda olmaqla orada yaşamış, ailə qurması ilə əlaqədar arvadına məxsus başqa evdə də yaşamış, lakin mübahisəli mənzillə əlaqəsi kəsilməmiş, bu mənzildən də yaşayış sahəsi kimi istifadə etmiş və son iki il ərzində isə fasiləsiz olaraq bu mənzildə yaşamaqla xəstə atasına qulluq edir. İddiaçı özü isə mənzilin əvvəlki mülkiyyətçisi olan babası Arif Quliyevlə münaqişəli vəziyyətdə olduğuna görə son illər mübahisəli mənzildə yaşamır. Cavabdeh məhkəmə kollegiyasının iclasında izahat verərkən də bildirdi ki, hazırda onun mübahisəli mənzildə yaşaması xəstə atasına qulluq etməsi, onu köməksiz vəziyyətdə tək buraxmaması və iddiaçının babasına baxmaması ilə əlaqədardır. Apellyasiya şikayətinin digər dəlili MPM-nin 14.2, 77.1, 81, 88-ci maddələrinin tələblərinin pozulması barədədir. Məhkəmə kollegiyası bu dəlilləri də əsassız sayır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmiş, sübutların qanunun tələbinə uyğunluğunu, tamlığını, işə aidliyini, mümkünlüyünü, obyektivliyini, mötəbərliyini yoxlamış və yalnız bundan sonra onları qiymətləndirmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Xaliq oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-655/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-655/2022
12.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver