Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-655/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər:ödənilmiş təhsil xərclərinin geri qaytarılması, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2841/2024 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları qətnaməni qəbul etdi, İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2014-cü il tarixli, 1046 nömrəli əmrindən görünür ki, Mirzəyev X1 “ERCİYES” ali təhsil müəssisəsində “komputer mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alması üçün Dövlət proqramı çərçivəsində təhsil alanların siyahısına əlavə edilməsi əmr edilmişdir.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli Müqavilədən görünür ki, “Dövlət Proqramı” təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə görə Təhsil Nazirliyi təhsil alan Mirzəyev X1 “ERCİYES” ali təhsil müəssisəsində “komputer mühəndisliyi” ixtisası üzrə 2014-cü ildən 2018-ci ilə kimi tədrisini təşkil edir.
3. xx.xx.2014-cü il tarixli “xx.xx.2014-cü il tarixli 01/14 nömrəli müqavilənin Razılaşmasına 2 nömrəli əlavə”dən (reyestr №14) görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh plastik kartına dövlət proqramı çərçivəsində 6.352 manat məbləğində yaşayış xərci köçürülmüşdür.
4. xx.xx.2015-ci il tarixli “xx.xx.2015-ci il tarixli 01/15 nömrəli müqavilənin Razılaşmasına 2 nömrəli əlavə”dən (reyestr №169) görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh plastik kartına dövlət proqramı çərçivəsində 8.460,00 dollar məbləğində yaşayış xərci köçürülmüşdür.
5. xx.xx.2016-cı il tarixli “xx.xx.2015-ci il tarixli 01/15 nömrəli müqavilənin Razılaşmasına 2 nömrəli əlavə”dən (reyestr №132) görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh plastik kartına dövlət proqramı çərçivəsində 8.250 ABŞ dolları məbləğində yaşayış xərci köçürülmüşdür.
6. 2017-ci ilin avqust ayında verilmiş “xx.xx.2015-ci il tarixli 01/15 nömrəli müqavilənin Razılaşmasına 2 nömrəli əlavə”dən (reyestr №37) görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh plastik kartına dövlət proqramı çərçivəsində 8.280 ABŞ dolları məbləğində yaşayış xərci köçürülmüşdür.
7. Türkiyənin “ERCİYES” Universiteti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, universitetlərində mühəndislik fakultəsi, komputer mühəndisliyi ixtisasına xx.xx.2014-cü il tarixdə qəbul edilmiş Cavabdeh 4-cü kurs tələbəsidir. Tələbə arayışa əlavə edilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2017 və xx.xx.2018-ci il tarixlərdə 1.155 TL, cəmi 2310 TL ödəniş etmişdir.
8. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, F-119 nömrəli əmrindən görünür ki, Türkiyənin “ERCİYES” ali təhsil müəssisəsində “komputer mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil almaq hüququ qazanmış Cavabdeh xaricdə Dövlət proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi əmr edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 49.564,85 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Proqramın 5-ci bölməsinə əsasən, Dövlət Proqramının ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti nəzərə alınaraq onun icrasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitindən, dövlət budcəsindən ayırmalarından və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna bilər. “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2008- ci il tarixli 128 nömrəli Qərarı ilə “ Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən etmişdir. “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında xx.xx.2014- cü ildə müqavilə bağlanmış və onun adı təhsil nazirinin xx.xx.2014-cü il tarixli, 1046 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə, cavabdeh Türkiyə, Erciyes Universiteti ali təhsil müəssisəsində “mühəndislik” ixtisasi (bakalavr səviyyəsi) üzrə 2014-2018-ci tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 49.564,85 manat vəsait ödənmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2021-ci il tarixli, F-119 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur.
11. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə iddiaya yazılı etirazla müraciət edərək bildirmişdir ki, iddia tələbinin əsasını tərəflər arasında bağlanmış Müqavilə təşkil edir. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia ərizəsində də etiraf edildiyi kimi, Cavabdeh - “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilməsi “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın tələblərinə cavab verən bacarıqlı və istedadlı gənclər arasından seçilmiş və məhz bu səbəbdən də Təhsil Nazirinin xx.xx.2014-cü il tarixli, 1046 nömrəli əmri ilə Dövlət Proqramına daxil edilmiş, eləcə də onunla xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Deməli, Müqavilə tərəfləri olan iddiaçı, həmin Müqaviləni mübahisələndirmədiyindən, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli Müqavilə işin mübahisəsiz halı olaraq qəbul edilməlidir. Hesab edir ki, iddiaçının tələbi, müqavilə əsasında pul məbləğinin qaytarılması tələbi olmaqla, işin halları Müqavilə tələblərindən yaranmış hüquq normaları əsasında dəyərləndirilməlidir. Məlumat üçün qeyd edir ki, cavabdeh səhhətində 2015-ci ilin aprel-may aylarından yaranmış xəstəliyi ilə əlaqədar tədris proqramı üzrə keçirilən dərsləri müvəffəqiyyətlə yerinə yetirə bilmədiyi (yəni akademik müvəffəqiyyətsizliyi) barədə, hər tədris ilinin sonunda iddiaçını xəbərdar etmiş və xəstəliyini, eləcə də aldığı təhsil haqqında hesabatları iddiaçının e-poçtuna göndərmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, cavabdehin xəstəliyinin, “X5” olduğu müəyyən edilmişdir. Tibb nəzəriyyəsində qeyd olunur ki, Manik-depressiv pozuntu kimi də tanınan bipolyar pozuntu insanın əhval-ruhiyyəsinə, enerjisinə, konsentrasiyasına və gündəlik fəaliyyətlərini yerinə yetirmək qabiliyyətinə təsir edən psixoloji-psixiatrik pozuntudur. Bipolyar pozuntu ən yüksək səviyyədə olduqda, insan hiperaktiv davranışlar sərgiləyir və özünü çox xoşbəxt hiss edir. Ancaq depressiya mərhələsində tamamilə özünə qapanar, hətta intihar cəhdləri edə bilər. Bipolyar pozuntunun simptomları- zəif diqqət; şiddətli enerji itkisi; fiziki və zehni qabiliyyətlərin pisləşməsi; qərar verməkdə və diqqəti cəmləməkdə çətinlik; yaddaş və yorğunluq problemləri; müalicəyə cavab verməyən fiziki ağrı və s. Odur ki, Müqavilənin predmetini təşkil edən 1.2-ci bəndinə əsasən cavabdehin alacaq tədrisi 2014-2018-ci illəri əhatə etdiyini, 2015-ci ilin aprelmay aylarından başlayaraq cavabdehin səhhətindəki “X5” nəticəsində tədris proqramı üzrə keçirilən dərsləri müvəffəqiyyətlə yerinə yetirə bilmədiyi (yəni akademik müvəffəqiyyətsizliyi) barədə, hər tədris ilinin sonunda iddiaçını xəbərdar edilməsi məlumatına və hesabatlarına iddiaçı tərəfindən münasibət bildirilməməsini, yəni iddiaçı tərəfindən, cavabdehin akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsini müvəqqəti olaraq dayandırılmamasını və bundan başqa cavabdehin səhhətindəki xəstəliyi nəticəsində akademik müvəffəqiyyətsizliyin aradan qaldırıla bilinmədiyinə (yəni davam etdiyinə) görə və bu hal növbəti tədris ilində də təkrarlansa da, iddiaçı tərəfindən həmin dövrlərdə Müqavilənin 6.1-ci bəndinə müvafiq olaraq həmin Müqavilənin birtərəfli qaydada ləğv edilməməsini və iddiaçı tərəfindən həmin dövrlərdə Müqavilənin 2.2.4-cü maddəsinə müvafiq olaraq, cavabdehin təhsili ilə əlaqədar ödənilən pul məbləğinin qaytarılmasının tələb edilməməsini nəzərə alsaq, açıq-aşkar müəyyən olunur ki, iddiaçı, cavabdeh tərəfindən Müqavilə şərtlərinin həmin dövrlərdə pozulmadığını qəbul etmiş və bununla yanaşı iddiaçı Müqavilə ilə ona verilmiş hüququndan həmin dövrlərdə istifadə etməmişdir. Cavabdeh tərəfindən iddiaçının e-poçt ünvanına göndərilən sənəd və sübutları, eləcə də özlərini iddiaçının məsul əməkdaşları adlandırılan şəxslərlə (Rəvan Süleymanov, Nərmin Bağırova, Əsmər İsmayılova və Elçin Hüseynov ilə) bəzi telefon yazışmalarını əks etdirən çıxarışları və iddiaçıya təqdim edilən sənədləri və hesabatları, hazırkı Ərizəyə əlavə etməklə, qeyd etməyi zəruri hesab edir ki, cavabdehin Dövlət Proqramından xaric edilməsi barədə iddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, F-119 nömrəli Əmrin mövcudluğu, onlara məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında məlum olmuşdur. Həmin Əmrdə göstərilir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış Müqavilə öhdəliklərinin yerinə yetirmədiyi nəzərə alınaraq, Nazirliyin xx.xx.2014-cü il tarixli, 1046 nömrəli əmrinin 1-ci hissəsinin 29-cu sətri ləğv edilsin; Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq cavabdehin təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülsün. Əsas: Müvafiq dərkənarla Aparat rəhbəri M.Məmmədovun xx.xx.2020-ci il tarixli, 1-05-581 nömrəli təqdimat. Əvvala qeyd olunmalıdır ki, iddiaçı, cavabdehin akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsini müvəqqəti olaraq dayandırmamaqla, cavabdeh tərəfindən Müqavilə şərtlərinin həmin dövrlərdə pozulmadığını qəbul etmişdir. Yəni, Nazirlik, cavabdehin hər tədris ilinin sonunda təqdim etdiyi tədris hesabatlarını qənaətbəxş hesab etmiş və bu səbəbdən də cavabdehin akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsini müvəqqəti olaraq dayandırmamışdır. AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nın 6.1-ci bəndi- Təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. Digər tərəfdən, cavabdehin səhhətindəki “X5”nun yaranması onun özündən asılı səbəbdən baş verməmiş və həmin xəstəlik Türkiyə Cümhuriyyətinin “Erciyes Hastanesi”nin xx.xx.2015-ci il tarixli və X2 Bakanlığı “Ruhi və X6 və Araşdırma Hastanesi”nin xx.xx.2019-cu il tarixli diaqnozları ilə də təsdiqlənmişdir. Bundan sonra, cavabdeh müalicəsini AR Səhiyyə Nazirliyinin Psixiatr\Psixoterapevti (DİP:BB-İ 016411) həkim Orxan Fərəclinin nəzarəti altında müalicəsini davam etdirmişdir. Bu hal həkim Orxan Fərəclinin A№004150707, xx.xx.2019-cu il tarixdə yazdığı AR SN Resert Blankı ilə təsdiq edilir. Açıq-aşkardır ki, cavabdehin, 2015-ci ilin aprel-may aylarından başlayaraq tədris proqramı üzrə keçirilən dərsləri müvəffəqiyyətlə yerinə yetirə bilmədiyinin (yəni akademik müvəffəqiyyətsizliyin) səbəbi olan “X5” diaqnozu ilə xəstəliyi barədə iddiaçını məlumatlandırması və cavabdehin həmin xəstəlikdən hal-hazırda da sağalmaması, belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh, Müqavilə ilə üzərinə götürdüyü öhdəliyi Müqavilə imzalandıqdan sonra baş vermiş qarşısıalınmaz xəstəlik nəticəsində yerinə yetirməmişdir. Həmin Müqavilənin “Fors-major” hadisələri müəyyən edən 7.1-ci bəndində qeyd olunur ki, bu Müqaviləyə uyğun olaraq üzərilərinə götürülmüş öhdəliklərin Müqavilə imzalandıqdan sonra baş vermiş müəyyən fövqəladə, qarşısıalınmaz hadisələr nəticəsində yerinə yetirilmədiyi hallarda tərəflər məsuliyyətdən azad edilirlər. Odur ki, Fors-major (qarşısıalınmaz) hadisələrlə bağlı Mülki hüquq nəzəriyyəsində qəbul olunmuş bəzi halları xatırlatmağı zəruri hesab edərək bildirir ki, Fors-major -fransız termini olaraq, hərfi mənada "daha çox güc" deməkdir; Forsmajor hadisələrin gözlənilən gedişatını dayandıran və iştirakçıların öhdəliklərini yerinə yetirməsinə mane olan təbii və qaçınılmaz fəlakətlərə görə məsuliyyəti aradan qaldırmaq üçün müqavilələrə daxil edilən bənddir; Fors-major tərəflərin nəzarətindən kənarda olan hallar zamanı hər iki tərəfi məsuliyyətdən və ya öhdəlikdən mahiyyətcə azad edən müqavilələrdə ümumi bənddir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, Fors-major hallar ümumi fors-major anlayışları ilə deyil, müqaviləni tənzimləyən qanunla idarə olunur. Müqavilələr teztez müqavilədəki bənd vasitəsilə fors-majorun nədən ibarət olduğunu göstərir. Deməli, məsuliyyət qanunla və ya ümumi hüquq prinsipləri ilə deyil, müqavilə əsasında müəyyən edilir. Hesab edir ki, fors-major halların hər hansı konkret müqaviləyə şamil olubolmadığını və necə tətbiq olunduğunu qiymətləndirmək üçün ilk addım müqaviləni tənzimləyən maddi hüquq normasını müəyyən etməkdir. Bununla bağlı, AR Konstitusiya Məhkəməsinin Plenumunun “AR Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında göstərilir ki, Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür.” Deməli, həmin Qərardakı hüquqi mövqey ondan ibarət olmuşdur ki, qarşısıalınmaz qüvvə (forsmajor hadisə) müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün edir və onun icrası imkanını aradan qaldırır. AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilməsi “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın 5.5-ci bəndinə əsasən- Təqaüdçü müqavilədə göstərilmiş fors-major (fövqəladə) hallar nəticəsində öz öhdəliklərini tam və ya qismən yerinə yetirə bilmədikdə məsuliyyət daşımır. Belə olan halda, qeyd olunmalıdır ki, iddiaçı Müqavilənin 7.1-ci bəndinin tələbinə uyğun olaraq cavabdehi məsuliyyətdən azad etmək əvəzinə, bir qədər ədalətsizliyə yol verərək cavabdehin təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülməsini əmr etməkdə haqlı olmamış və eyni zamanda Nazirlik əsassız olaraq hazırkı iddia ilə 49564,85 manat vəsaitin tutulmasını tələb etmişdir. Bundan başqa, iddianın əsassızlığı həm də bununla müəyyən edilir ki, ümumiyyətlə hazırkı iddia ilə qeri qaytarılması tələb olunan pulun 49 564,85 manat məbləğdə istənilməsi nə Nazirliyin xx.xx.2021-ci il tarixli, F-119 nömrəli əmrində, nə də iş materiallarına təqdim edilmiş sənədlərdən müəyyən edilmir. Yəni, geri qaytarılması tələb olunan 49 564,85 manat yalnız iddiaçının formal mülahizəsinə əsaslandırılmış və həmin məbləği təsdiq edən hər hansı bir sübut iş materiallarına təqdim olunmamışdır. Bundan başqa, iddia ərizəsində müvafiq dərkənarla Aparat rəhbəri M.Məmmədovun xx.xx.2020-ci il tarixli, 1-05-581 nömrəli təqdimatı əsasında Nazirliyin xx.xx.2021-ci il tarixli, F-119 nömrəli əmrinin verilməsini tənzimləyən də maddi hüquq normasına əsaslandırma aparılmamışdır. Məlumat üçün qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olmuş “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilməsi “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya (bundan sonra - Komissiya) tərəfindən namizədlərin siyahısı təsdiq edilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən- Hər tədris ilinin yekununda tələbələrin tədris aldığı ali təhsil müəssisələrinin rəyinə əsasən müvəffəqiyyət göstərməyən tələbələr Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təqdimatı ilə Komissiyada müzakirə olunur və Komissiyanın qərarına əsasən proqramdan çıxarılır. Eyni zamanda, Müqavilənin 6.1-ci bəndində də qeyd edilmişdir ki, Təhsil alan üzərinə götürdüyü öhdəliklər tam və ya lazımi qaydada yerinə yetirilmədikdə, Müqavilə birtərəfli qaydada Komissiyanın qərarına əsasən Təhsil Nazirliyi tərəfindən ləğv edilir. Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar əsaslandırılmaqla, Təhsil Nazirliyi tərəfindən Komissiyaya məlumat təqdim olunur. Azərbaycan Respublikasının Prezidentinin 1869 nömrəli 9 mart 2016-cı il tarixli Sərəncamı ilə- “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 may tarixli 831 nömrəli Sərəncamı ləğv edilmişdir. Odur ki, Nazirliyin xx.xx.2021-ci il tarixli, F- 119 nömrəli əmrinin verilməsi üçün, Müvafiq dərkənarla Aparat rəhbəri M.Məmmədovun təqdimatı kifayətedici əsas hesab edilə bilməz və həmin halı tənzimləyən maddi hüquq norması mövcud deyildir. 6.5. Bir faktı da qeyd edirik ki, iddiaçının e-poçt ünvanına göndərilən sənəd və sübutlar, eləcə də özlərini iddiaçının məsul əməkdaşları adlandırılan şəxslərlə (Rəvan Süleymanov, Nərmin Bağırova, Əsmər İsmayılova və Elçin Hüseynov ilə) aparılmış bəzi telefon yazışmaları, danışıqları və iddiaçıya təqdim edilən sənədlər və hesabatlar, Cavabdehin adından onun etibarnamə üzrə nümayəndəsi və bacısı olan X4 tərəfindən icra olunmuşdur (etibarnamə əlavə olunur). Bununla yanaşı, yuxarıdakı hüquqi əsası rəhbər tutaraq qeyd edir ki, iş tam, hərtətəfli və obyektiv araşdırılmasına görə, eləcə də hazırkı ərizəsində də göstərilən iş üçün əhəmiyyətli olan və məlum olan faktlara dair verilmiş izahatların möhtəbərliyini sübut etmək üçün, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli Müqavilənin tam və bütünlükdə təsdiq olunmuş surətinin; iddiaçının məsul əməkdaşları olan şəxslərlə, yəni Rəvan Süleymanov, Nərmin Bağırova, Əsmər İsmayılova və Elçin Hüseynovla Nazirlik arasında bağlanmış əmək və ya xidməti müqavilənin təsdiq olunmuş surətinin; cavabdehlə bağlı 2015-ci ildən başlayaraq halhazıradək Nazirliyə göndərilən və Nazirliyin məsul əməkdaşları olan Rəvan Süleymanov, Nərmin Bağırova, Əsmər İsmayılova və Elçin Hüseynov tərəfindən qəbul edilmiş bütün Sənədlərin, o cümlədən Hesabatların, Ərizələrin, cavabdehin xəstəliyini təsdiq edən sənədlərin, Nazirlik tərəfindən cavabdehə və onun etibarnamə üzrə nümayəndəsinə göndərilmiş bütün yazışmaların, Xəbərdarlıqların və ya Pretenziyaların, eləcə də cavabdehin ərizələrinə verilən cavab məktublarının, həmçinin Nazirliyin xx.xx.2021-ci il tarixli, F-119 nömrəli əmrinin cavabdehə göndərilməsini təsdiq edən sənədin (poçt qəbzinin və ya s. sənədin) və Nazirliyin xx.xx.2021-ci il tarixli, F-119 nömrəli əmrinin verilməsinə əsas olan Müvafiq dərkənarla Aparat rəhbəri M.Məmmədovun xx.xx.2020-ci il tarixli, 1-05-581 nömrəli təqdimatın, o cümlədən həmin təqdimatda qeyd olunan halları təsdiq edən sübutların (sənədlərin) təsdiq olunmuş sürətlərinin məhkəməyə təqdim olunmasını xahiş edirlər. İddia tələbinin faktiki əsasını tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli Müqavilə təşkil etdiyini və həmin Müqavilənin 1.2-ci bəndinə əsasən cavabdehin alacaq tədrisi 2014-2018-ci illəri əhatə etdiyini nəzərə alınsa, müəyyən edilir ki, iddia tələbi 5 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2841/2024 saylı, xx.xx.2024- cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı tərəf cavabdehin Türkiyənin “Erciyes” ali təhsil müəssisəsində “komputer mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alması üçün 2014-cü ildən 2018-ci ilə kimi tədrisini təşkil etməyi, cavabdeh isə həmin müddət ərzində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq öhdəliyini götürmüş, lakin akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlaya bilmədiyindən xx.xx.2019- cu il və xx.xx.2020-ci il tarixlərdə ərizə ilə nazirliyə (iddiaçıya) müraciət edərək bu halın sağlamlığının pozulmasından qaynaqlandığını bildirməklə dövlət proqramından azad olunmağı üçün köməklik göstərilməsini xahiş etmişdir. Bununla belə cavabdeh yalnız Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli Əmri ilə akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamadığı və Təhsil Nazirliyi ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilmişdir. Buna görə də, iddiaçı cavabdehdən müqavilə üzrə ödənilmiş təhsil xərcinin geri qaytarılmasını tələb etmiş, cavabdeh isə iddianı qəbul etməyərək müqaviləni üzürlü səbəbdən icra edə bilmədiyini, bu barədə dəfələrlə iddiaçı tərəfə məlumat verdiyini, habelə iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş etmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, həqiqətən də cavabdehin xx.xx.2015-ci il tarixdə səhhətinin pozulması işin mübahisəsiz halı kimi qəbul edilir. Tibbi sənədlərlə pozuntunun hazırda da mövcud olduğu müəyyən edilir. Lakin bu halın məhz 2015-2018-ci illər aralığında mütəmadi şəkildə davam etməsi ilə bağlı işdə hər hansı mötəbər sübut yoxdur. Cavabdeh iddiaçı tərəfindən göndərilmiş təhsil və yaşayış xərclərini qəbul edərək akademik müvəffəqiyyətsizliyini davam etdirmişdir. Cavabdeh tərəf səhhətinin pozulması ilə bağlı təhsilini davam etdirə bilməyəcəyi barədə iddiaçı tərəfə dəfələrlə məlumat verildiyini bildirsə də, məhkəməyə yalnız xx.xx.2019 və xx.xx.2020-ci il tarixdə iddiaçının Beynəlxalq əməkdaşlıq şöbəsi, xaricdə təhsil və əcnəbi tələblərlə iş sektorunun əməkdaşı Nərmin Bağırovanın Elektron ünvan e-poçt ünvanına göndərilmiş ərizə təqdim edilmişdir. Halbuki, cavabdehin tədris illəri 2014-2018-ci illər olmuşdur.
15. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamamışdır. Lakin göstərilənlərə baxmayaraq iddiaçının cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Cavabdehin 2-ci kursdan etibarən akademik müvəffəqiyyətsizlik nümayiş etdirdiyi, 2018-ci ildə universiteti bitirmədiyi nəzərə alınaraq, iddiaçı hüquqlarının pozulduğunu 2015-2018-ci illər aralığında, ən geci isə cavabdehin xx.xx.2019-cü il və xx.xx.2020-ci il tarixlərdə etdiyi müraciətlərdən sonra bilməli və qısa müddətdə onun dövlət proqramından çıxarılmasını təmin etməklə müvafiq iddia ilə məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürərək məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
16. Məhkəmə həmçinin hesab etmişdir ki, cavahdehin müvafiq dövlət proqramından Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli əmri ilə xaric edilməsi də fərqli qənaətə gəlməyə əsas vermir. Belə ki, hazırkı iddia tələbi inzibati aktın icrası ilə bağlı deyil, tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış öhdəliklərin icrası ilə bağlıdır. Tərəflər arasında yaranmış öhdəliklər əmrə əsasən deyil, bağlanmış müqaviləyə əsasən yaranmışdır. Bu səbəbdən də Nazirliyin cavabdehin 2014-2018-ci il tədris illərində sərgilədiyi akademik müvəffəqiyyətsizliyi barədə bir neçə il əvvəldən məlumatlı olmasına baxmayaraq cavabdehin dövlət proqramından xaric edilməsi ilə bağlı əmrin məhz xx.xx.2021-ci il tarixdə verilməsi nazirliyin daxili - təşkilati məsələsidir, bu hal heç bir halda hazırki iş üzrə iddia müddətinin axımının həmin tarixdən başlanması üçün əsas deyildir. Odur ki, iddiaçı tərəfin iddia müddətinin ötürülməməsi ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 372.1, 373.2, 375.2, 375.2, 377.1, 377.2; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarı; “Dövlət rüsumu” haqqında Qanunun 9.1.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apelyasiya şikayətinin dəlilləri
18. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Tərəflər arasında bağlanmış müqavilədə onun qüvvədə olma müddəti nəzərdə tutulmamışdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilədə tərəf olan Təhsil Nazirliyi müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən pulun qaytarılacağına ümid etməsinə baxmayaraq, lakin heç bir vəsait qaytarılmamışdır. Nazirlik hesab etmişdir ki, cavabdeh müqaviləyə uyğun olaraq, onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsait geri qaytaracaqdır. Lakin vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılması tələb edilmişdir. Cavabdehə sonuncu müraciətdən sonra Nazirlik hesab etmişdir ki, qarşı tərəf iddiaçının müqavilə üzrə ödənilmiş xərclərin geri qaytarılması barədə tələb hüququnu pozur və cavabdehin ödənilmiş vəsaiti geri qaytarmaq məqsədi yoxdur. Nazirlik ondan sonra mübahisənin məhkəmə qaydasında həll edilməsini məqsədəuyğun hesab etmişdir. Lakin, işə baxan məhkəmə iddia tələbini təmin etməmiş və öz qətnaməsində qeyd etmişdir ki, cavabdeh Dövlət Proqramından xaric edilməsi barədə xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərində Proqramdan çıxarılması barədə ərizə ilə Nazirliyə müraciət etmişdir. Qeyd edilən əsaslarla məhkəmə iddia tələbi üzrə müddətin buraxıldığı qənaətinə gəlmiş və iddia tələbini təmin etməmişdir. Bildirir ki, cavabdeh onun Proqramdan çıxarılması barədə ərizə ilə müraciət etməsinə baxmayaraq, lakin onun təhsilinə çəkilmiş xərclərin aldığı təhsilə ödənildiyini və vəsaitin geri qaytara bilməyəcəyini bildirmişdir. Nəzərə almaq lazımdır ki, ərizənin verilməsi müddətin axımının başlanması üçün əsas ola bilməz. Belə ki, cavabdehin vəsaitin geri qaytarılması barədə müqavilə öhdəliyinin mövcudluğu onun ərizəsinin baxılmamasına əsas olmuşdur. Eyni kateqoriyalı digər işlərdə işə baxan məhkəmələr müddətin axımını əmrin verildiyi tarixdən hesablanmalı olmasını qeyd etmişlər. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinin pozulması faktının mövcud olduğu aşkar edildikdə, tərəfin Proqramdan xaric edilməsi məsələsi əmrlə rəsmiləşdirirlir. Əmr verilərkən, çəkilmiş təhsil xərclərinin geri qaytarılması barədə müvafiq tədbirlərin görülməsi aidiyyatı şöbələrə tapşırılmışdır. Ondan sonra, əmrin icrası ilə əlaqədar ödənilmiş təhsil xərclərinin geri qaytarılması barədə sənədlər hazırlanaraq aidiyyatı məhkəmələrə təqdim edilmişdir. Ona görə də, iddia müddətinin axımı əmrin verilməsi tarixindən hesablanmalıdır. Məhkəmə müddətin tətbiqi ilə bağlı ərizəyə qiymət verərkən iddiaçıya qarşı öz qərəzini buruzə vermis, ərizəni cavabdehin xeyrinə şərh etmişdir. Belə ki, məhkəmə iddiaçının cavabdehə ünvanladığı xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli ərizələrin tarixini müddətin axımının başlanması tarixi kimi hesablamışdır. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla, eyni zamanda cavabdehin müddətin tətbiqi barədə ərizəsinə əsaslanaraq qərar qəbul etmişdir. İşə baxan məhkəmə tərəfindən müddətindüzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır.
b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə448.1.Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 372.1.Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Maddə 377.2.İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 25.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
26.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 27.Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki,tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, iddiaçı tərəf cavabdehin Türkiyənin “ERCİYES” ali təhsil müəssisəsində “komputer mühəndisliyi” ixtisası üzrə 2014-cü ildən 2018ci ilə kimi tədrisini təşkil etməyi, cavabdeh isə həmin müddət ərzində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq öhdəliyini götürmüş, lakin akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlaya bilmədiyindən xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə ərizə ilə Nazirliyə (iddiaçıya) müraciət edərək bu halın sağlamlığının pozulmasından qaynaqlandığını bildirməklə dövlət proqramından azad olunmağı üçün köməklik göstərilməsini xahiş etmişdir. Bununla belə cavabdeh yalnız Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli Əmri ilə akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamadığı və Təhsil Nazirliyi ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilmişdir. İddiaçı cavabdehdən müqavilə üzrə ödənilmiş təhsil xərcinin geri qaytarılmasını tələb etmiş, cavabdeh isə iddianı qəbul etməyərək müqaviləni üzürlü səbəbdən icra edə bilmədiyini, bu barədə dəfələrlə iddiaçı tərəfə məlumat verdiyini, habelə iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş etmişdir. 28.Kollegiya hesab edir ki, məhkəmə tərəflər arasında müqavilədən irəli gələn öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən cavabdeh tərəfin ərizəsinə əsasən iddia müddəti tətbiq olunmaqla, iddia təmin edilməməlidir. 29.Kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarına qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). 30.İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 31.Kollegiya qeyd edir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. 32.Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. 33.Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 34.Məhkəmə qeyd etmişdir ki, cavabdehin 2-ci kursdan etibarən akademik müvəffəqiyyətsizlik nümayiş etdirdiyi, 2018-ci ildə universiteti bitirmədiyi nəzərə alınaraq, iddiaçı hüquqlarının pozulduğunu 2015-2018-ci illər aralığında, ən geci isə cavabdehin xx.xx.2019-cü il və xx.xx.2020-ci il tarixlərdə etdiyi müraciətlərdən sonra bilməli idi. Lakin iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürərək məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. 35.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış Müqavilənin 2.3.6-cı bəndinə əsasən təhsil alan semestr bitdikdən sonra 10 (on) təqvim günü ərzində Təhsil Nazirliyinə elektron şəkildə Təhsil Nazirliyinin təyin etdiyi forma üzrə aralıq semestr hesabatlarını və tədris ili bitdikdən sonra 20 təqvim günü ərzində təhsil alanın illik tədrisinin nəticələrinə dair tədris müəssisəsinin rəsmi çıxarışları və şahadətnamələri (əsilləri) əlavə olunmaqla illik hesabatı, aldığı bilik və ixtisasın Azərbaycan Respublikası maraqları naminə ən yaxşı halda istifadə edilməsi üzrə rəy və təkliflərini təqdim etməlidir.
36. Müqavilə şərtlərinə görə iddiaçı tərəf cavabdehin hesabatlarına əsasən sonuncunun akademik müvəffəqiyyətsizlik sərgilədiyini 2015-2018-ci il aralığında artıq bilməli idi. Məhkəmə tərəfindən həmin müqavilənin 2.3.6-cı bəndində nəzərdə tutulmuş hesabatların məhkəməyə təqdim olunması iddiaçı tərəfə təklif edilsə də, o cümlədən bunun üçün məhkəmə tərəfindən lazımi şərait yaradılsa da, iddiaçı tərəf həmin sənədlərin təqdim edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir.
37. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli Müqavilədən görünür ki, tərəflərin öhdəliklərini müəyyən edən müddət 2014-cü ildən 2018-ci ilə qədər olan tədris ilini əhatə etmişdir. Ağlabatan mühakimə əsasında müəyyən etmək olar ki, iddiaçı cavabdehin təhsil vəziyyəti barədə tədris ilinin bitdiyi tarixdə də artıq müqavilə üzrə öhdəliklərin icrası vəziyyəti barədə məlumatı olmalı idi.
38. Nəhayət, iddiaçı da təsdiq edir ki, cavabdeh xx.xx.2019-cü il və xx.xx.2020-ci il tarixlərdə Nazirliyə müraciətlər etmiş, onun təhsilinə çəkilmiş xərclərin aldığı təhsilə ödənildiyini və vəsaiti geri qaytara bilməyəcəyini bildirmişdir. 39.Kollegiya qeyd edir ki, iddiaçı hazırkı tələblə bağlı müvafiq subyektiv hüquqa malik olmuş və cavabdeh tərəfindən həmin hüququ pozulmuşdur. Bununla belə, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti heç bir üzrlü səbəblər olmadan ötürülmüşdür. Ona görə də, hazırkı mübahisəyə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddia tələbi düzgün olaraq rədd edilmişdir. 40.Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2841/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 41.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2841/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Günay Axundova Hakimlər Fərrux Qasımov Günel Abbasova