Məhkəmə qərarları › İş №2(103)-6550/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6550/2023

01.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6550/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Arif qızına qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6550/2023 (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2734/2023 saylı 31 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və azyaşlı uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 əşyaları ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Xanlar küçəsində yerləşən 8 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı xüsusi mülkiyyətində olan ev qaynanası X1 mülkiyyətində olmuşdur. O, 24 aprel 1984-cü ildə vəfat etmişdir. Hazırda vərəsəliklə mülkiyyətində olan evə gəlin köçmüşdür. Birgə nikahdan iki uşağı var. 1975-ci ildə X11 ilə ailə həyatı qurmuşdur. Həyat yoldaşı X11 24 oktyabr 2001-ci ildə vəfat etmişdir. Vərəsəlik qaydasında o, həmin evə xx.xx.2022-ci il tarixdə çıxarış almış və hazırda da mülkiyyətindədir. X3 Cavabdeh ilə xx.xx.2011-ci ildə Sabunçu rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Evləri olmadığı və çətinlikləri olduğu üçün müvəqqəti olaraq mülkiyyətində olan evdə yaşamağa icazə vermişdir. Həmin vaxt oğlu ipoteka ilə ev üçün sənədlər toplayırdı. Fikirləşmişdir ki, tez bir zamanda ev alıb gedəcəklər. Onların birgə nikahdan xx.xx.2012-ci ildə oğlu X13 və xx.xx.2017-ci ildə qızı X14 doğulmuşdur. Onlara evinin 2-ci mərtəbəsində müvəqqəti yaşamasına icazə vermişdir. Bir müddət sonra ailələrində gərginlik və söz-söhbət yaranmağa başlamışdır. Oğlu nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh mənzilinin qapısını bağlayaraq onu öz mülkiyyətində olan evinə buraxmayaraq, mülkiyyətindən məhrum etməyə başlamışdır. Qeydiyyatı da anasının evinədir və geniş evləri var. Bildirmişdir ki, evini boşaltsın. Ona mülkiyyətində olan evindən çıxmağı tələb etdiyindən, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh hazırda onu xüsusi mülkiyyətində olan mənzilinə buraxmır və mənzilini boşaltmaqdan yayınır. Qapıya gedən kimi polisə şərböhtan dolu şikayətlər yazır. O, qanunsuz olaraq cavabdehin özbaşınalığı səbəbindən xüsusi mülkiyyət hüququndan məhrum olmuşdur. Ona görə hazırkı tələblə məhkəməyə edir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2734/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia təmin edilmişdir.

4. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnaməsinin tam ləğv edilməsini, onun uşaqları ilə birlikdə mənzildə yaşamağıyla bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətini onunla əsaslandırmış ki, o, özbaşına tikilinin ikinci mərtəbəsinə gəlin köçmüşdür. Gəlin köçdüyü gündən bu günədək orada uşaqlarıyla və həyat yoldaşıyla birlikdə yaşayır. İddiaçı ondan gizlin, məqsədli surətdə xx.xx.2011-ci il tarixində həmin özbaşına tikili özünün və X23nin adına DƏDRX-də qeydiyyatdan keçirtmiş, daha sonra uşaqlarını və onu küçəyə atmaq üçün xx.xx.2021-ci il tarixində həyat yoldaşı Qurbanov Əli öz payını anasına bağışlamışdır. İddia ərizəsində qeyd edilmişdir ki, guya onlar orada müvəqqəti yaşayırlar. O, xx.xx.2011-ci il tarixində X12 ilə nikah qeydiyyatından keçib ailə qurmuş və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Xanlar küçəsi, ev 8-in 2-ci mərtəbəsinə daimi yaşamaq üçün köçmüşdür. Hal-hazırda həmin otaqlara bitişik artırmada, özbaşına tikilidə yaşayır, yəni o, orada uşaqlarıyla birlikdə yaşaya-yaşaya evi gizlində özəlləşdirmişlər. Heç bir mülkiyyət hüququnun pozulmasından və onun tərəfimdən özbaşınlıqdan söhbət gedə bilməz.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

10. Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

11. Maddə 29. İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

13. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

17. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.

18. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, iş materiallarında olan xx.xx.1980-ci il tarixdə verilmiş Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışın surətindən görünür ki, Ramana qəsəbəsi Xanlar küçəsində yerləşən 8 saylı fərdi yaşayış evi X11 və Hökümə Qəhrəman qızının paylı mülkiyyətindədir.

28. MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Xanlar küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin ½ hissəsi (hər birinə 1/4 hissə olmaqla) xx.xx.2011-ci il tarixdə İddiaçı və X7 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin ½ hissəsi isə Hökümə Qəhrəman qızına məxsusdur.

29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Xanlar küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin ¼ hissəsi xx.xx.2011-ci il tarixdə İddiaçı, ¾ hissəsi isə xx.xx.2021-ci il tarixdə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

30. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X12 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Xanlar küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin ¾ hissəsini anası İddiaçı bağışlamışdır.

31. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Xanlar küçəsində yerləşən 8 saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

32. İ-ЖГ seriyalı 313550 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X8 xx.xx.1974-cü il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir.

33. AZ-İ seriyalı 632927 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X9 xx.xx.2011-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir

34. İşin hallarından da müəyyən edildiyi kimi İddiaçı tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Xanlar küçəsində yerləşən 8 saylı fərdi yaşayış evindən mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqları tam həyata keçirə bilmir.

35. Bununla bağlı kollegiya qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır.

36. Yuxarıda qeyd olunan milli və beynəlxalq qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisə predmeti olan evə Mənzil Məcəlləsinin tələbləri baxımından istifadə hüququnun olması da müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin, cavabdehin uşaqları ilə birlikdə mübahisəli evdən çıxarılımasına dair düzgün nəticəyə gəlmişdir.

38. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

40. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

42. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2734/2023 saylı iş üzrə 31 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar