Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6550/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Hacıyeva (Ələkbərova) Naibə Sabir qızına qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Hacıyeva (Ələkbərova) Naibə Sabir qızına qarşı “müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4466/2024 nömrəli 20 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Kirayəverən MN Mənzil-İstismar İdarəsi ilə kirayəçi Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin 40 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayəverən Bakı Qarnizonu üzrə mənzil komissiyanın 19 may 2015-ci il tarixli 4 nömrəli əsasında Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, ünvan 5, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m xidməti yaşayış sahəsini AR Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.
2. Cavabdeh1 N nömrəli hərbi hissəyə verdiyi N iyul 2015-ci il tarixli yazılı iltizamda ona ayrılmış yuxarıda sözügedən xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan Bakı şəhəri Yasamal rayonu Qırmızı-Şərq -1 hərbi şəhərciyi Şəfayət Mehdiyev küçəsi 136A saylı evin 91 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq MN Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür.
3. ÖM seriyalı, 032703 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1i rayonu Ə.Vəliyev küçəsi ev 9, 96 saylı mənzil Cavabdeh1 məxsus olmuşdur və bu barədə 04 mart 2000-ci il tarixdə 30/162829 nömrəli qeydiyyat aparılmışdır.
4. ÖM seriyalı, 032703 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1i rayonu Ə.Vəliyev küçəsi ev 9, 96 saylı mənzil X4 məxsus olmuşdur və bu barədə 25 yanvar 2003ci il tarixdə 30/1315 nömrəli qeydiyyat aparılmışdır.
5. 2 nömrəli MİS-nin 02 fevral 2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1i rayonu Ə.Vəliyev küçəsi ev 9, 96 saylı mənzil ünvanında Cavabdeh1, həyat yoldaşı Hacıyeva (Ələkbərova) Naibə Sabir qızı, qızı – X5 və oğlu X6 qeydiyyatdadır.
6. 04 oktyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh1 Müdafiə Nazirliyi ilə xidməti münasibətlərinə xitam verildiyindən yaşadığı mənzili xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi boşaldılaraq Müdafiə Nazirliyi Mənzil-istismar İdarəsinə təhvil vermələri tələb olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh1 və Hacıyeva (Ələkbərova) Naibə Sabir qızına qarşı “müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi polkovnik Q.B.Ağayev ilə Cavabdeh1 arasında N iyul 2015ci il tarixli 40 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, qızı – X5 və oğlu X6) ilə birlikdə Bakı şəhəri, ünvan 2, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 91 nömrəli mənzil “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən hərbi qulluqçu xidmət yerinə gəlməsindən ən gec 3 ay keçənədək ona onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalarına uyğun gələn xidməti mənzil verilir. Cavabdeh1 xidmət etdiyi müddətdə yuxarı komandanlığa raportla müraciət edərək ona xidməti mənzilin verilməsini xahiş etmişdir. Cavabdeh1 qeydiyyata alınmış raportu baxılmış və 19 may 2015-ci il tarixli 4 nömrəli protokolu ilə Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, ünvan 2, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan xidməti yaşayış sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Həmin protokol əsasında Cavabdeh1lə Mənzil İstismar İdarəsinin rəisi polkovnik Q.B.Ağayev arasında N iyul 2015-ci il tarixli 40 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanmışdır. Mənzil komissiyasının həmin protokolu ilə xüsusi təyinatlı yaşayış sahəsinin N iyul 2015-ci il tarixli 40 nömrəli kirayə müqaviləsi əsasında ehtiyatda olan polkovnik Cavabdeh1, ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, qızı – X5 və oğluX6) ilə birlikdə Bakı şəhəri, ünvan 2, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsi verilmiş və sonuncu ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. Cavabdeh1, N iyul 2015-ci il tarixdə iltizam verərək xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən azad olunduqda və s. digər hallarda yuxarıda qeyd edilən ünvandakı xüsusi təyinatlı yaşayış sahəsini (xidməti mənzili) şərtsiz və yararlı vəziyyətdə təhvil verəcəyini bildirmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Ordusunda xidmət etmiş, ehtiyatda olan polkovnik Cavabdeh1 Azərbaycan Respublikasının Müdafiə nazirinin 25 dekabr 2021-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. E.O. polkovnik Cavabdeh1 20 il qüsursuz xidmətini nəzərə alaraq sonuncu 2000-ci il tarixdə güzəştli şərtlərlə mənzillə təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin 032703 nömrəli qeydiyyat vərəqəsi əsasında ünvan 1i rayonu Ə.Vəliyev küçəsi 9 mənzil 96 ünvanında 2 otaqlı 28.5 kv.m olan yaşayış sahəsi verilmiş və 04 mart 2000-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 141758 nömrəli qeydiyyat vərəqəsindən görünür ki, Cavabdeh1 adına olan ünvan 1i rayonu Ə.Vəliyev küçəsi 9 mənzil 96 ünvanında 2 otaqlı 28.5 kv.m olan yaşayış sahəsi X2 adına keçirilmiş 25 yanvar 2003-cü il tarixdə qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli çıxarışından görünür ki, ünvan 1i rayonu Ə.Vəliyev küçəsi 9 mənzil 96 ünvanında 2 otaqlı 28.5 kv.m olan yaşayış sahəsi X1 adına özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Qarnizonu Mənzil- İstismar Hissəsinin 2 saylı Mənzil İstismar Hissəsi tərəfindən müxtəlif xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ünvanına xəbərdarlıq göndərilərək ona və ailə üzvlərinə verilmiş Bakı şəhəri, ünvan 2, mənzil 91 ünvanındak xüsusi təyinatlı yaşayış sahəsini xx.xx.2023-cü il tarixədək boşaldaraq təhvil verilməsi bildirilmiş, lakin hazırkı tarixədək sonuncu tərəfindən həmin mənzil təhvil verməmiş və təqdim edilən xəbərdarlığa heç bir səbəb göstərilmədən tanış olaraq imza etməkdən imtina edilmişdir. Beləliklə, Müdafiə Nazirliyi belə qənaətə gəlir ki, işin araşdırılmış halları ilə hazırda iddiaçının yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməməsi səbəbindən iddia əsaslıdır. Cavabdeh1 Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən güzəşt və imtiyazlardan kifayət qədər istifadə etdiyindən müqavilə əsasında kirayəyə verilmiş Bakı şəhəri, ünvan 2, mənzil 91 ünvanında yerləşən 3 otaqlı xüsusi təyinatlı yaşayış sahəsini şərtsiz olaraq boşaltmalıdır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4466/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Hacıyeva (Ələkbərova) Naibə Sabir qızı, qızı – X5 və oğlu X6 ilə birlikdə Bakı şəhəri, ünvan 2, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, Cavabdeh1 ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti kirayə müqaviləsinə AR Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən, xitam verilmişdir, məhkəmə qaydasında sözügedən müqavilənin ləğv edilməsinə bir zərurət qalmamışdır. Belə ki, müqaviləyə inzibati orqan tərəfindən artıq xitam verilmiş, həmin protokol-qərar mübahisələndirilməmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və xitam verilməsi əsasları bir-birindən fərqləndirilmiş və Mənzil Məcəlləsində dairəsi dəqiq müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı birinə aid edilmir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 vaxtilə, yəni 2000-ci ildə dövlət tərəfindən hərbi qulluqçulara verilən güzəştdən istifadə edərək mənzillə təmin olunmasını, sonradan həmin mənzili özgəninkiləşdirməsini, onunla olan qulluq münasibətlərinə və bu əsasla da, “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə xitam verilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 və Hacıyeva (Ələkbərova) Naibə Sabir qızı, qızı – X5 və oğlu X6 ilə birlikdə Bakı şəhəri, ünvan 2, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən çıxarılmalıdır. Mənzil Məcəllənin 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-ci maddələrinə, Mənzil Məcəlləsinin 92-ci, 98-ci, 99-cu, 100-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci, 119.1-ci. 217.3-cü maddələrinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci, 3-cü, 12-ci, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1-ci, 5-ci bəndlərinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 866 nömrəli qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nın 3.5-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırılmış sübutlara birtərəfli, yəni iddiaçının mövqeyindən yanaşmış, cavabdehin təqdim etdiyi sübutları qətnamədə şərh etsə də, onlara düzgün hüquqi qiymət verməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 101.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir.
18. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1-ci bəndinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. 3-cü bəndinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 12-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.
19. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin: 1.1-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. 1.13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. 5.2-ci bəndinə əsasən, bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir. 5.7-5.11-ci bəndlərinə əsasən, yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılırvə təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Cavabdeh1 tərəfindən apellyasiya şikayətində qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edildiyindən, qətnamə həmin hissələrdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
25. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Cavabdeh1 Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 91 saylı mənzil ilə təmin olunmuşdur. İddiaçı cavabdehin hərbi xidmətdən tərxis olunması qanunvericiliyin tələbini rəhbər tutaraq, cavabdehlərin mənzildən çıxarılmasına dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Cavabdeh1 Azərbaycan Respublikasının Müdafiə nazirinin 25 dekabr 2021-ci il tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. Cavabdeh 2000-ci ildə güzəştli şərtlərlə mənzillə ünvan 1i rayonu Ə.Vəliyev küçəsi ev 9, 96 saylı mənzillə təmin edilmişdir. Həmin mənzil isə Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmişdir. Cavabdeh1 ilə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi arasında bağlanmış N iyul 2015-ci il tarixli 40 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” xitam verilmişdir.
26. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 866 nömrəli qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nın 3.5-ci bəndinə əsasən, aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı; 3.5.2. xidməti yaşayış sahəsinin məhv olması; 3.5.3. xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi (bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xidməti yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir). 3.6. Xidməti mənzil sahəsindən çıxarılma halları və qaydası Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir.
27. Göründüyü kimi Cavabdeh1 ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti kirayə müqaviləsinə AR Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən, xitam verilmişdir, məhkəmə qaydasında sözügedən müqavilənin ləğv edilməsinə bir zərurət qalmamışdır. Belə ki, müqaviləyə inzibati orqan tərəfindən artıq xitam verilmiş, həmin protokol-qərar mübahisələndirilməmişdir. Eyni zamanda, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və xitam verilməsi əsasları bir-birindən fərqləndirilmiş və Mənzil Məcəlləsində dairəsi dəqiq müəyyən edilmişdir. Hazırki iş üzrə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı birinə aid edilmir. Cavabdeh1 vaxtilə, yəni 2000-ci ildə dövlət tərəfindən hərbi qulluqçulara verilən güzəştdən istifadə edərək mənzillə təmin olunmasını, sonradan həmin mənzili özgəninkiləşdirməsini, onunla olan qulluq münasibətlərinə və bu əsasla da, “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə xitam verilməsini Cavabdeh1 və Hacıyeva (Ələkbərova) Naibə Sabir qızı, qızı – X5 və oğlu X6 ilə birlikdə Bakı şəhəri, ünvan 2, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən çıxarılması üçün əsasdır.
28. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
29. Həmin məcəllənin 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
30. Kirayəverən MN Mənzil-İstismar İdarəsi ilə kirayəçi X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin 65 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayəverən Bakı Qarnizonu üzrə mənzil komissiyanın 16 oktyabr 2023-cü il tarixli 5 nömrəli əsasında Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, ünvan 5, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m xidməti yaşayış sahəsini AR Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.
31. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən mənzil hazırda digər kirayəçinin istifadə və sahibliyinə verilmişdir. Apellyasiya şikayətinin digər cavabdeh olan Cavabdeh2 (Ələkbərova) da hərbiçi olmaqla mənzil verilməsi ilə bağlı müraciətlərinin olduğu, həmin mənzilin verilməsindən sonra çıxarılmalarının düzgün olması və çıxabicəkləri barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, həmin dəlil əsassızdır. Belə ki, gələcəkdə hərbiçi kimi cavabdehlərdən Cavabdeh2 mənzilin ayrılmaqla kirayə müqaviləsi bağlanmalı olması barədə gətirilən dəlil cavabdehlərin hazırda yaşadıqları mənzillə bağlı digər hərbiçi ilə xidməti yaşayış sahəsinin kirayə müqaviləsinin bağlanmasını aradan qaldırmamaqla Cavabdeh1lə bağlanmış xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməməsinə və oradan çıxarılmamalarına əsas hesab edilə bilməz. Bu baxımdan apellyasiya şikayətinin dəlili əsassız olmaqla formal mülahizələrdən ibarət olduğundan təmin edilə bilməz.
32. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən etməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4466/2024 nömrəli 20 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.