Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6553/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması, qeyri-yaşayış sahəsinin sökülməsi, yeni qeyri-yaşayış sahəsinin verilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması, qeyriyaşayış sahəsinin sökülməsi, yeni qeyri-yaşayış sahəsinin verilməsi, kirayə haqqının ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması, qeyri-yaşayış sahəsinin sökülməsi, yeni qeyri-yaşayış sahəsinin verilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1437/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 177 nömrəli Sərəncamının surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2013-cü il tarixli 05 saylı müraciətini nəzərə alaraq, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi İddiaçı MMC-yə həvalə olunmuşdur.
2. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və X5 İnstitutunun xx.xx.2015-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.balakişiyev küçəsində yerləşən 38 saylı binanı texniki vəziyyəti qeyri-qənaətbəxşdir və bina istismara yararsızdır. Bina qüvvədə olan tikinti normalarının tələblərinə cavab vermir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5177 nömrəli rəyin nəticəsindən görünür ki, ünvan 1 ünvanında yelrəşən çoxmənzilli yaşayış binasının istismara yararsız olduğu müəyyən edilmişdir.
4. Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestirindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62.1 kv.m olan zirzəmi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.
5. İddiaçı MMC söküləcək binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehə qeyri-yaşayış sahəsinin ümumi sahəsindən daha çox qeyri-yaşayış sahəsi verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək ona 500 manat məbləğində kirayə haqq ödənilməsi öhdəliyini öz üzərinə götürür.
6. Cavabdeh isə razılaşmayaraq əmlakın bazar dəyərinin ödənilməsini tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması, qeyri-yaşayış sahəsinin sökülməsi, yeni qeyri-yaşayış sahəsinin verilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 42 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 62.1 olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, həmin qeyri-yaşayış sahəsinin sökülməsi, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasının zirzəmisində kompensasiya qismində cavabdehə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq qeyri- yaşayış sahəsi verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, 177 №-li Sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi, qeyd edilən torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və kompensasiyanın verilməsi İddiaçı MMC-yə həvalə olunmuşdur. Eyni zamanda Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli, 177 saylı sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və yaşayış sahələrinin mülkiyyətçilərinə müraciətlər edilmiş və Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binasının mövcud vəziyyəti barədə məlumatlar əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və X5 İnstitutunun rəyinə əsasən qeyd edilən binaların texniki vəziyyəti qeyri-qənaətbəxşdir və bina istismara yararsızdır və bina qüvvədə olan tikinti normalarının tələblərinə cavab vermir. Eyni zamanda bildirirlər ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiycv küçəsində yerləşən 42 saylı yaşayış binasının yerində müasir tələblərə uyğun, yeni yüksəkmərtəbəli yaşayış binasının tikilib istismara təhvil verilməsinə 02 il vaxt sərf ediləcəkdir. Yeni yaşayış binası inşa edildikdən sonra, həmin binalardan cavabdehlərə kompensasiya qismində hazırda yaşadıqları mənzillərin ümumi sahəsindən 20% artıq sahəsi olmaqla yeni, tam təmirli mənzillər və qeyri-yaşayış sahəsi veriləcək, habelə bina inşa edilib cavabdehlərə təhvil verilənədək, onların yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün isə hər ay 500 manat kirayə haqqı ödənilir. Buna baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir. Göstərilən sərəncamın icrası ilə bağlı, İddiaçı MMC tərəfindən həmin ərazidə yerləşən sahə mülkiyyətçiləri ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq müvafiq müqavilə bağlanmış və həmin sakinlərə yeni bina inşa edilənədək hər ay kirayə haqqı ödənilir. Lakin cavabdeh hər bir vəchlə hüquqlarından suiistifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, fantastik kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və mənzillərin real qiyməti və sahəsi barədə tərəflərindən məhkəməyə rəylər və sübutlar təqdim edilmişdir. Göründüyü kimi bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən İddiaçı MMC-yə həvalə edilmişdir. Yuxarıda qeyd olunan aktlardan göründüyü kimi cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin istismara yararsız olması və seysmik normalara cavab verməməsinin ətrafdakılara təhlükə yaradır. Bununla belə İddiaçı MMC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və mülkiyyətçilərin malik olduqları yaşayış və qeyriyaşayış sahəsinin yerləşdiyi ünvanda inşa ediləcək yeni çoxmərtəbəli binada yaşayış və qeyri-yaşayış sahəsinin ölçülərindən 20% əlavə ölçülərdə tam təmirli yaşayış və qeyriyaşayış sahələrini onlara verməyi öhdəsinə götürür. Cavabdeh isə bu məzmunda müqavilə bağlamaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. 9.İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, REA MMC Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 42 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, həmin qeyri-yaşayış sahəsinin sökülməsi, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasının zirzəmisində cavabdehə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə (zirzəmidə) kompensasiya qismində ümumi sahəsi 88 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi və yeni qeyri-yaşayış sahəsi tikilənədək 500 manat kirayə pulu verilməsinə razıdır və məhkəmədən bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1437/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ünvan 2 saylı evin zirzəmisində yerləşən 61.2 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları 02 il müddətinə məhdudlaşdırılması, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin zirzəmisində yerləşən 61.2 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən sökülməsi, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsindən artıq sahəsi olan yeni, tam təmirli ümumi sahəsi 88 kv.m olan müvafiq qeyri-yaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə, yəni zirzəmidə) 02 (iki) il müddətinə verilməsi öhdəliyinin İddiaçı MMC-yə həvalə edilməsi, Cavabdeh yeni yaşayış binası tikilənədək, ona hər ay 500 (beş yüz) manat kirayə haqqının ödənilməsi vəzifəsinin İddiaçı MMC-yə həvalə edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı MMC Bakı şəhəri Nizami rayonu ərazisində apardığı tikinti işlərini Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli, 177 saylı sərəncamı ilə həyata keçirsə də, sonradan 26 fevral 2016cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı şəhərinin bir neçə rayonlarında, o cümlədən Nizami rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerinə müasir tələblərə uyğun yenilərinin tikilməsini və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını qərara almışdır. Həmin qərar ləğv edildikdən sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 482 saylı qərarında da mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına dair Bakı şəhəri rayon icra hakimiyyətlərinə bir sıra tapşırıqlar verilmişdir. Hazırda iddiaçı söküləcək binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehə qeyri-yaşayış sahəsinin ümumi sahəsindən daha çox, yəni 88 kv.m qeyri-yaşayış sahəsi (20%-dən daha çox) verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək ona 500 manat məbləğində kirayə haqq ödənilməsini öhdəliyini İddiaçı MMC öz üzərinə götürür. Hazırda tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MMC-nin üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MMC bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Məhkəmə mübahisəli binanın qəzalı vəziyyətdə olmasına münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan “X1” MMC-nin xx.xx.2021-ci il tarixli, 234 nömrəli rəyin nəticəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı və K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binalarının, mövcud (faktiki) texniki baxımdan, istismar üçün yararsız vəziyyətdə olduğu, Azərbaycan Respublikası Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli rəyində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binalarının mövcud (faktiki) texniki-istismar vəziyyətinin eynilik təşkil etməsi müəyyən olunmuşdur. Belə ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binasına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, tədqiq olunan bina faktiki olaraq eyni dövrdə (1955-ci il), daşdan inşa olunmuş zirzəmisi olan ikimərtəbəli, çoxmənzilli, üç girişli yaşayış binasıdır. Yaşayış binası planda düzbucaq şəklində (rus əlifbası ilə “Г” şəklində) olub, binanın benövrəsi lentvari monolit betondan, mərtəbəarası örtüyün yığma dəmir-beton plitələrdən quraşdırılmış, xarici divarları iki qat mişar daşından, daxili (arakəsmə) divarları isə gips təbəqələrdən hörülmüş, damı çardaq tipli olub, taxta atmalar üzərinə vurulmuş azbest təbəqələrlə örtülmüşdür. Binanın daxili və xarici divarları sement-qum qarışığı məhlul ilə suvanmışdır. Tədqiq olunan yaşayış binasının birinci girişində hər mərtəbəsində iki mənzil, ikinci girişində hər bir mərtəbəsində üç mənzil, üçüncü girişində hər bir mərtəbəsində iki mənzil vardır. Bəzi mənzillər vasitəsilə binanın daxili konstruktiv elementlərinə vizual baxış keçirilmişdir. Qeyd olunur ki, binanın üstü açılmış (sökülmüş) konstruktiv elementlərinə nəzər yetirdikdə müəyyən olunmuşdur ki, binanın mərtəbələr səviyyəsində və damda antiseysmik kəmərləri yoxdur. Bundan əlavə, binanın həyət fasadı boyu bəzi hissələrdə əlavə tikintilər aparılmışdır ki, bu da binanın yükdaşıyan konstruksiyalarında əlavə yükləmələr yaradır. Yaşayış binasının xarici yükdaşıyıcı və örtük konstruksiyalarına baxış keçirilən zaman, konstruksiyaların uzun müddət istismarı nəticəsində əksər yerlərdə aşınması, fasad divarlarına vurulmuş suvaq qatının bəzi yerlərdə ovxalanması, çatlaması müşahidə edilmişdir. Göründüyü kimi, hər iki binanın konstruktiv elementəri, o cümlədən yükdaşıyıcı və örtük konstruksiyaları eyni vəziyyətdə olub, binaların inşasında seysmik kəmərlər yerinə yetirilməmiş, binaların fasadı boyu bəzi hissələrdə aparılmış əlavə tikintilərin binanın yükdaşıcı konstruksiyalarında əlavə yükləmələr yaradır və bu yolverilməzdir, binaların yükdaşıyıcı və örtük konstruksiyaları istismar cəhətdən qeyri-qənaətbəxşdir. Yuxarıda qeyd olunanları, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, tədqiq olunan ünvanlarda yerləşən iki mərtəbəli yaşayış binalarının, texniki baxımdan, istismar üçün qeyri-yararlı dərəcədə olduğu müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5177 nömrəli rəyi ilə də Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 42 saylı binanın istismara yararsız olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyləri zamanı binaların bütün predmeti üzrə, faktiki yaşayış olan yerlərə və olmayan yerlərə baxış keçirilmiş, baxış zamanı espertiza əldə edilmiş məlumatlara və mütəxəssis rəyinə əsasən aparılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunan hallar və iş materiallarında olan materiallar əsasında ekspertiza rəylərini ağlabatan hesab etməklə mübahisəli binanın qəzalı vəziyyətdə olması qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşaması, yaxud hazırda yaşamasa belə gələcəkdə məhz cavabdeh üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. İddiaçı MMC-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MMC tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Sərəncamı icra edən İddiaçı MMC tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın müqabilində ədalətli təklif edilir. Bu isə, cavabdehin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdeh tərəfindən də məhkəmə prosesi zamanı qeyri-yaşayış sahəsinin sökülməsinə etiraz edilməmiş, lakin yeni binanın birinci mərtəbəsində mənzilin və 2000 manat pulun verilməsində mübahisəninin olmasını bildirilmişdir. Cavabdehin məhkəmə iclasında verdikləri izahatında razılıq üçün qeyd etdikləri tələblər, İddiaçı MMC-nın kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı MMC tərəfindən ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli qeyri-yaşayış sahəsi ilə əlaqədar, faktiki olaraq ümumi sahəsindən 20 faizdən də artıq sahəsi olan 88 kv.m qeyri-yaşayış sahəsi hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqlarının ödənilməsini təklif edən İddiaçı MMC ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə, cavabdehin əmlaka görə MMC-dən əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürmələrində ifadə olunur.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 4.2.-ci maddələri, Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 482 saylı qərarının 4-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64, 65-ci bəndinə, Mülki Məcəlləsinin 5.3, 16.1, 152.6, 560.1, 560.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 216-220, 238- 253-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(107)-1437/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən ancaq binanın qəzalı vəziyyətdə olması müəyyən edilmişdir, hansı ki, buna heç bir ehtiyac yoxdur. Belə ki, məhz binanın qəzalı olması və istismar müddətini keçməsi həmin ərazidə yeni yaşayış binalarının tikilməsi zərurətini doğurmuşdur. Hazırki vəziyyətdə isə iddia tələbi ilə bilavasitə əlaqəli olan və işin obyektiv və ədalətli həllini mümkün edən əmlakın hazırkı bazar qiymətinin müəyyənləşdrməli olan ekspertiza keçirilməli idi. Belə ki, iddiaçı tərəfin təklif etdiyi qiymət məhkəmə tərəfindən birmənalı qəbul edilmiş, ekspertiza vasitəsi ilə əmlakın real bazar qiyməti müıyyınləşdırılməmişdir. Hansı ki mübahisənin və həmin mübahisənin məhkəməyədək gəlib çıxmasının yeganə səbəbi əmlaka verilən kompensasiya ilə bağlı olmuşdur. Tərəflər məhz əmlakın qiymətində razılığa gələ bilməmişdirlər. Məhkəmənin qətnamədə əsaslandığı hüquq normaları ümumi xarakter daşımaqla bu mübahisə ilə heç bir əlaqəsi yoxdur. Belə ki, binanaın qəzalı olması və onun sökülərək yenisinin tikilməsi və bu zaman tərəflər arasında meydana çıxan hüquqi məsələlərin həlli mübahisə edilmir. Mübahisə ancam cavabdehin mülkiyyətində olan əmlakın bazar qiyməti ilə və ona kompensasiya olaraq təklif edilən pul məbləği ilə bağlı olmuşdur. Real bazar qiyməti müəyyən edilmədiyi halda iddiaçının təklif etdiyi qiymətlə məhkəmənin heç bir araşdırma aparmadan razılaşması məhkəmənin mübahisənin həllinə birtərəfli yanaşmasını göstərir. Cavabdeh tərəfə kompensasiya qismində iddiaçının təklif etdiyi əmlak lazım deyil, cavabdeh əmlakını iddiaçıya satmağa razılaşır və bunun üçün əmlakın real bazar qiyməti müəyyənləşdirilməlidir. Məhkəmə bu xüsusata diqqət yetirməmişdir. Cavabdeh tərəf iddiaçıdan ona məxsus qeyri-yaşayış obyektinin bazar qiymətinə uyğun olmaqla dəyərini tələb edir, iddiaçıdan qeyri-yaşayış obyekti istəmir. Odur ki, müılkiyyətçinin iradəsi ziddinə onun mülkiyyətinin əvəzinə başqası veriləcək adı ilə sökülməsi mülki qanunvericiliyə və Azərbaycan Respublikası Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarına ziddir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, iddiaçı evinin sökülməsi qarşılığında ev verir, müqavilədə konkret olaraq o binanın hansı sahəsini veriləcəyi göstərilib. Bu zirzəmidir, layihədə yoxdur. Onlara 88 kv.metr mənzil veriləcəyi deyilib, amma mənzilin harada başlayıb-bitəcəyini göstərilməyib. Məhkəməyə təqdim etdikləri sxem ümumi sxemdir, sabah binada problem yaranacaq. Onlar zirzəminin yeni binada harada yerləşməsini bilmək istəyirlər. Binanın lahiyəsi və hər detal təqdim edilməlidir. Onlara ərazinin harada yerləşməsini göstərilməlidir. İddiaçı köhnə qərarlara istinad etdiyini desə də onların qanunvericiliyi köhnə qərarları əsas tutmağa icazə vermir. Bu məsələ ilə bağlı Ali Məhkəmənin də mövqeyi var. İddiaçı onlara sənədi təqdim etməlidir. Bina söküldüyü təqdirdə sabah böyük problem ortaya çıxa bilər. İddiaçı binanı bəlkə də yaxın zamanda tikib qurtara bilməyəcək. Tender keçirilən zaman heç bir şirkət öz maliyyə vəsaitini təqdim etmir.Sadəcə olaraq ustaya və digər xərclərə nə qədər ödəniləcəyi göstərilir. Onlar verilən kompensasiya ilə razı deyil, onların əmlakına mütəxəssisin rəyi olmadan iddiaçı öz istədiyi qiyməti qoya bilməz. Bunu müəyyən edəcək şirkətlər də var. Sxemdə nəyin veriləcəyinin göstərilmədiyini görəcək. Mülkiyyətçinin iştirakı olmadan həmin obyektə daxil olublar və söküblər. Daha sonra da Akt tərtib edilib. Onlar aidiyyatı orqanlara, polisə müraciət edəcəklər.Təzə tikilən bina ilə köhnə bina tam fərqli bir binadır. Onlar ona görə deyir ki, dəyərini versin və məsələ qurtarsın. Cavabdehin mülkiyyət hüquqları pozulub. Qətnamədə yazılanlar mübahisə predmenti deyil. Təbii ki, binanın söküldüyünü və yerinə yenisinin tikildiyini onlar bilir. Binanın qəzalı vəziyyətdə olmasını onlar mübahisələndirmirlər. Qarşı tərəf məhkəmənin vaxtının onlar tərəfindən alınmasını, işin uzaldılmasını və qiymətləndirməyə ehtiyac olmadığını bildirir. Şəhərdə obyektlərin 90%-i zirzəmidir və çox yüksək də qiymətlərə malikdirlər. Mülkiyyət hüququnun 3 predmeti var. Obyekt cavabdehin mülkiyyətindədir və onun üzərində istədiyi kimi sərancam verə və istədiyi kimi sata bilər. Bu onun şəxsi işidir. Tərəf məcburi ona zirzəmini götürüb otaq verəcəyini deyir, onların tikdiyi otağı istəmir. İqtisadi baxımdan sərf edə bilər, onların şəxsi işidir. Yeni tikilmiş binaların altında xüsusi xidmətli otaqlar olur, hansı ki,istər-istəməz tikinti ilə bağlı orada yaranır. Kolonlar oranı yaradır və heç nəyə yaramadığına görə ucuz qiymətə satır. Qarşı tərəf deyir ki, qiymətləndirmə keçirilməsin. Onlara məxsus olan obyektə qarşı tərəf necə qiymət qoya bilər. Onların obyektinin qiyməti qarşı tərəfin qiymətləndirdiyi kimi deyil. Onları qane edəcək qiyməti versin və onlar başqa binadan obyekti alsınlar. Heç olmasa hər kvadrat üçün 1500-1800 manat versinlər. 1000 manat 1 kvadrat üçün çox azdır. Zirzəmini 500 manata kirayəyə vermək mümkündür. Orada olan 10 nəfərlə razılaşıb biri ilə razılığa gəlinməyən halda razılığa gəlməyən adamı əzib keçmək deyə bir müddəa qanunda yoxdur. Obyektin sahibi cavabdehdir. Ən əsas məsələ qiymətləndirilmədir. Qiymətləndirilməni iddiaçı qoyub. Obyekt 60 kvadrat ərazisi olan zirzəmidir. Söküntü binaların hamısındakı otaqlar dağınıqdır. Otaq şəhərin mərkəzində olduğu üçün qiyməti artıq olmalıdır. Obyekt Nizami rayonunda yerləşir. Əvvəl cavabdehi şirnikləndirmək üçün 140.000 manat ödəniləcəyini və ya iki otaqlı ev verəcəklərini deyiblər, lakin ev boşalandan sonra etməyəcəklərini bildiriblər. Hər bir binanın aşağı hissəsində maşınların saxlanılması üçün qaraj olur və onun ortasında istifadəyə yararsız zirzəmi olur.
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Nizami rayonunda 60.000 manata obyekt alınmasını təklif etsə də, bununla razılaşmadılar. O tikdikləri binada yox, Nizami rayon ərazisində təklif edib. Nizami rayonunda ona 60000 manatlıq obyekt tapmaqları mümkündür. Obyekt 60 kvadratdır, onlara hər kvadrata 1000 manat pul təklif etdilər. Hər kvadrata 2000 manat,ya da ikiotaqlı ev versə,razılaşar.
18. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya məhkəməsində yerlə və əşyalarla bağlı müəyyən faktlar üzə çıxdı.Ona görə də orada olan qapı qonşularını şahid kimi məhkəməyə dəvət edib və onların şahid qismində dindirilməsini məhkəmədən xahiş edir. Bütün şirkətlər 20 kv. metr verməsinə baxmayaraq onlar 88 kv. metr yer verirlər. Qeyri-yaşayış sahəsinin yerləşdiyi yer binanın aşağısıdır, oradan yer veriləcək və bağlanaraq ayrı qapı qoyulacaq. Məhkəmə qətnaməsində "zirzəmidə yerləşdiyi" yerdə sözü qeyd edilib. Qətnamə qüvvəyə mindikdən sonra icra şöbəsi tərəfindən icra etdiriləcəkdir. Onlar başqa yerdən yer verməyi qeyri-mümkündür. Qətnamədə qeyd olunub ki, cavabdeh həmin yerdə qeyri-yaşayış sahəsi ilə təmin edilsin. Ora çox pis vəziyyətdədir. Humanistlik göstərərək cavabdehə hər ay 500 manat pul veriblər. Cavabdehlə aralarında olan mübahisə əmlakla bağlı deyil. Cavabdehə 30 kv. metr artıq yer də verirlər. Cavabdeh orada yaşamayıb. Qapı qonşuları şahid qismində çıxış edərək yerin vəziyyətini bildirəcəklər.Cavabdehə 30 kv. metr artıq yer verməklə də,500 manat verməklə də səhv ediblər. Heç bir razılığa gəlməyiblər, aralarında danışıq olmayıb. Mübahisəli yerin pəncərəsi olmayıb. Pəncərəni cavabdeh açmışdır. Ərazinin vəziyyətini videoya da çəkiblər. Həmin zirzəmidə, yerləşdiyi yerdə cavabdehə 88 kv. metrlik yer veriləcək. Qapı da qoyulacaq. Qətnamədə necə yazılıbsa elə də icra edəcəklər. Qarşı tərəf mübahisənin mülkiyyət hüququ ilə əlaqəli olduğunu bildirdi, amma mübahisə vəsaitlə bağldır. Bununla bağlı həm Ali Məhkəmənin, həm də Bakı Apellyasiya Məhkəməsinin mövqeyi var. Orada qeyri-yaşayış sahəsindən söhbət gedə bilməz. Rəsmi sənədlərdə qeyri-yaşayış sahəsi gedir, amma faktiki olaraq qeyri-yaşayış sahəsini də obyekt kimi istifadə etmək olur. Pilləkənin altında qapı açılıb, gedib onlar özü də baxarkən oraya köhnə əşyaların yerləşdirdiklərini görüblər. Qarşı tərəfin o binada mənzili də olub, mənzil girovda olub və onlar girovu da bağlayıblar. Hər cür dəstəyi qarşı tərəfə veriblər. Burada 10 bina sökülməlidir, 5-6 bina sökülüb və onlarla razılaşıblar. Ona görə də real vəziyyəti nəzərə alınmaqla cavabdehlə də razılaşmaq istəyirlər. Onlar hamı ilə razılaşdılar, amma cavabdeh tərəflə alınmadı. Vətəndaşlar binanın tez tikilməsini gözləyirlər və vətəndaşlar arasında da narazılıqlar yaradır. Onlar hesab edir ki, qətnamə ədalətli qətnamədir və real faktiki vəziyyət nəzərə alınaraq qəbul edilib. Onların iddia tələbi vəsaitin qaytarılması ilə bağlı tələb deyil. Vəsaitin qaytarılması ilə əlaqədar olsa idi, qiymətləndirilməyə göndərilər və ona uyğun qətnamə çıxarılardı. 60 kvadratın əvəzində 94 kvadrat tam təmirli mənzil verirlər. Qarşı tərəf onun dəyərli olduğunu qəbul etsəydi, 94 kvadrat mənzili qəbul edib onu istənilən qiymətə sata bilərdilər. Obyekt binaya qalxan pilləkənin altında yerləşir. Məhkəməyə təqdim etdiyi sənəd qətnamədən sonrakı tarixə aid olduğu üçün onu məhkəməyə təqdim edə bilməyiblər. Tikinti gecikdiyinə görə qonşularla razılaşıb əşyaları anbara yerləşdiriblər. Onlar 5-6 bina söküblər, vətəndaşların hamısı ilə razılaşıblar, bu tip mübahisə 2 vətəndaşla yaranıb.Sadəcə olaraq cavabdeh yaranmış vəziyyətdən suiistifadə etmək istəyir. Orada hələ 9 bina söküləcək, bu onların maraqlarına toxunur. O ərizə verib və 500 manat kompensasiya kimi kirayə haqqını da qəbul ediblər. Ərazinin qapısı yoxdur. Təmiri də yaxşı deyil. Onlar yenə də vətəndaşa güzəştə gediblər. Lakin, qarşı tərəf onları çox incitdi. Həmin obyekt elə öz yerində tikiləcək, amma bir az hündürdə tikiləcək. Qaraj kimi mümkün deyil, bu heç onlara da sərf etmir.
Tətbiq edilən hüquq normaları:
19. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İV bənd. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Maddə 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması; mənzil fondunun inkişaf strategiyasının müəyyən edilməsi; tikinti kompleksinin inkişaf strategiyasının müəyyən edilməsi, təbii tikinti ehtiyatlarından səmərəli istifadənin təmin olunması; şəhərsalma və tikinti fəaliyyətinin hüquqi və iqtisadi tənzimlənməsi; şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin yaradılması (tikintinin texniki reqlamentlərinin təsdiq edilməsi də daxil olmaqla) və təkmilləşdirilməsi; ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təmin edilməsi. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməni cavabdehə münasibətdə tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. İddiaçı tələbində Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 42 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, həmin qeyri-yaşayış sahəsinin sökülməsi, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasının zirzəmisində cavabdehə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə (zirzəmidə) kompensasiya qismində ümumi sahəsi 88 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi və yeni qeyriyaşayış sahəsi tikilənədək 500 manat kirayə pulu verilməsinə razı olduğunu bildirərək məhkəmədən bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. İşə baxan məhkəmə iddianı təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin Sərəncamı və Nazirlər Kabinetinin qərarı əsasında müvafiq ərazidə yerləşən binaların söküntüsü, yerində inşa olunmuş yeni binalarda sakinlərə yaşayış və qeyri-yaşayış sahələrinin verilməsini həyata keçirir. İş materiallarına əlavə edilmiş müxtəlif rəylərdən görünür ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi bina yararsız vəziyyətdədir. 29.Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, əmlakın bazar dəyəri ödənilməlidir.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır.
31. Belə ki, məhkəmə tərəfindən Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin zirzəmisində yerləşən 61.2 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən sökülməsi, Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsindən artıq sahəsi olan yeni, tam təmirli ümumi sahəsi 88 kv.m olan müvafiq qeyri-yaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə, yəni zirzəmidə) 02 (iki) il müddətinə verilməsi öhdəliyinin İddiaçı MMC-yə həvalə edilməsi, Cavabdeh yeni yaşayış binası tikilənədək, ona hər ay 500 (beş yüz) manat kirayə haqqının ödənilməsi vəzifəsinin İddiaçı MMC-yə həvalə edilməsi qərara alınmışdır. 32.Göründüyü kimi cavabdeh öz əmlak hüquqlarından sui-istifadə edərək əmlakın bazar dəyərini tələb edir. Cavabdehlə razılığın əldə olunmaması isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olur.
33. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
34. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında isə iddiaçı tərəfindən təhvil veriləcək əmlak barədə məlumatların ətraflı göstərilmədiyinə istinad edir.
35. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mülkiyyətində olan əmlak çıxarış sənədində zirzəmi olaraq qeyd edilmişdir.
36. İşə baxan məhkəmə cavabdehə tam təmirli ümumi sahəsi 88 kv.m olan müvafiq qeyriyaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə, yəni zirzəmidə) verilməsini qət etmişdir.
37. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 24 noyabr 2023-cü il tarixli məktubda qeyd edilir ki, Rea MMC ilə Xəzər inşaat XXİ əsr MTK arasında podrat müqaviləsinə əsasən Cavabdeh məxsus zirzəmidə yerləşən qeyri yaşayış sahəsinin əvəzinə yerləşdiyi yerdən qeyri yaşayış sahəsi veriləcəkdir. Qeyri yaşayış sahəsindən bayıra giriş-çıxış qapısı qoyularaq tam təmirli şəkildə təhvil veriləcəkdir.
38. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
40. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1437/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev