Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6555/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı zəbt olunan 1200 m2 torpaq sahəsində aparılan qanunsuz tikintiinşaat işlərinin dayandırılması və sair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh MTK tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi, tikinti-inşaat işlərinin dayandırılması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək Şəmsi Rəhimov küçəsi ev 55A ünvanında Cavabdeh MTK-nın apardığı tikinti-inşaat işlərinin dayandırılaraq aidiyyəti üzrə icra vərəqəsinin verilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-3509/2020 saylı qərardadına əsasən vəsatət qismən təmin edilərək, Cavabdeh MTK-ya Binəqədi Bələdiyyəsinə məxsus, iddiaçının iddia ərizəsində qeyd etdiyi, Bakı şəhəri Binəqədi rayonu Şəmsi Rəhimov küçəsi ev 55A ünvanında yerləşən 1200 m2 torpaq sahəsində tikinti-inşaat işlərinin aparması iddianın təmini tədbiri olaraq qadağan edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-3509/2020 saylı qərardadında tikinti-inşaat işlərinin aparıldığı ünvanın düzgün qeyd edilmədiyini bildirib müvafiq dəqiqləşdirmə aparmış və Bakı şəhəri Binəqədi rayonu 18-ci Dağlıq küçəsi ev 1 ünvanında yerləşən 1200 m2 torpaq sahəsində tikinti-inşaat işlərinin aparmasının cavabdehə qadağan edilməsinə dair yeni iddianın təmini tədbiri haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim S.Səlimova, iş №2(001)-3509/20) ərizə təmin olunaraq Binəqədi Bələdiyyəsinə məxsus Bakı şəhəri Binəqədi rayonu 18-ci Dağlıq küçəsi ev 1 ünvanında yerləşən 1200 m2 torpaq sahəsində tikinti-inşaat işlərini aparmaq iddianın təmini tədbiri kimi Cavabdeh MTK-ya qadağan edilmişdir. Cavabdeh MTK Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək onun ləğv olunmasını və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, qəbul olunmuş qərardad Cavabdeh MTK-nın ölkə rəhbərliyi və Rayon İcra Hakimiyyəti qarşısında götürdüyü öhdəliklərin vaxtında icra edilməsinə maneələr yaradır. Belə ki, Cavabdeh MTK qeyd olunan ünvanda inşası həyata keçirilən layihənin 36 ay müddətində təhvil verilməsi barədə rayon icra hakimiyyəti və həmin ərazidə əvvəllər mənzilləri olan sakinlər qarşısında öhdəlik götürmüşdür. Lakin həmin ərazidə tikinti inşaat işlərinə qadağa qoyulması bu işlərin görülməsinin süni şəkildə uzadılmasına xidmət etməklə haqlı narazılıqlara səbəb olacaqdır. İddianın təmin tədbiri barədə ərizə iddia tələbi ilə eynilik təşkil edir və həmin ərizənin təmin edilməsi dolayısı ilə iddia tələbinin təmin olunması deməkdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili K.Ələkbərov şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildirişi iddiaçıya göndərilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, cavabdehin nümayəndəsi və vəkili K.Ələkbərovun izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı və iş iddianın təmini tədbirinin tətbiqi barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi aşağıdakılardan ibarətdir: -ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən aparılan tikinti-inşaat işlərinin dayandırılması; -cavabdehdən 1200 kvm torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin tələb edilməsi, cavabdehin üzərinə torpaq sahəsini tikintidən əvvəlki vəziyyətə gətirmək öhdəliyi qoyulması; -vurulmuş ziyana görə cavabdehdən 480 000 manat məbləğində pul vəsaitinin tutulması. İddiaçı iş üzrə çıxarılacaq qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianın təmini tədbiri kimi mübahisəli ünvanda tikintiinşaat işləri aparılmasının Cavabdeh MTK-ya qadağan olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni əsaslı sayaraq təmin etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. İş üzrə iddiaçı olan Binəqədi Bələdiyyəsi iddianın təmini tədbirinin tətbiqi barədə ərizəni əsaslandırarkən mübahisəli ünvanda yerləşən 1200 kvm torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamına əsasən onun mülkiyyətinə verildiyinə, cavabdehin isə həmin sahəyə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmadığına istinad etmişdir. Məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən etdi ki, xx.xx.2017-ci il tarixdə Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi 1 ünvanında yeni çoxmənzilli yaşayış binasının tikintisi ilə əlaqədar olaraq Binəqədi rayon İcra Hakimiyyəti və Cavabdeh MTK arasında müqavilə bağlanmış, müvafiq razılıq əldə edildikdən sonra Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 174 saylı sərəncamı ilə Binəqədi rayonu, 18ci Dağlıq küçəsi 1 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə həmin ünvanda yerləşən və qəzalı vəziyyətdə olan yataqxana binasının ətrafında olan 2314,66 kvm torpaq sahəsi Cavabdeh MTK-nın daimi istifadəsinə verilmişdir. Ayrıc aktına əsasən həmin torpaq sahəsi Cavabdeh MTK-ya təhvil verilmişdir. Yataqxana binasının qəzalı vəziyyətdə olması Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli aktla da təsdiq olunur. Həmin akta əsasən Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi 1 ünvanında yerləşən yataqxana binası qəzalı vəziyyətdə hesab olunmuş və binanın sökülməsi məqsədəuyğun hesab edilmişdir. xx.xx.2018-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə barədə 5 saylı xüsusi nişan verilmişdir. Məhkəmə kollegiyası həmçinin müəyyən etdi ki, Binəqədi Bələdiyyəsi iddianın təmini tədbirinin tətbiqi barədə ərizəni əsaslandırarkən tələbinin faktiki əsası kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamına istinad etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ərizəsinə əlavə olunmaqla işin 6cı vərəqində olan həmin sərəncamın kserosurətindən mübahisələndirilən sahənin məhz 2000-ci ildə bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi aydın deyil. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilk növbədə mübahisələndirdiyi sahənin məhz onun mülkiyyətində olmasını təsdiq edən mötəbər sübutlar təqdim etməlidir. Belə bir sübutlar olmadan yuxarıda sadalanan sənədlər əsasında hərəkət edən MTK-ya tikintiinşaat işlərinin aparılması qadağan edilə bilməz. Ona görə də işə yenidən baxılarkən tikinti-inşaat işlərinin aparıldığı və iddiaçı tərəfindən mübahisələndirilən 1200 kvm torpaq sahəsinin Binəqədi Bələdiyyəsinin mülkiyyətində olub-olmadığı aydınlaşdırlmalı və yalnız bundan sonra iddianın təmini tədbirinin tətbiqi barədə ərizənin əsaslılığına qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MTK-nın şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun və iş iddianın təmini tədbirinin tətbiqi ilə bağlı ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6555/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6555/2020
12.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver