Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6555/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC, Sabunçu Rayon İcra şöbəsi, “Bank VTB (Azerbaycan)” ASC və ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Bank VTB (Azerbaycan)” ASC-nin nümayəndəsi Hüseynov Fərhad Süleyman oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1981/2022 saylı 10 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh “Bank VTB (Azerbaycan)” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzili iddiaçının mülkiyyətində olmuşdur. “Bank VTB (Azerbaycan)” ASC ilə “Laza” firması arasında kredit müqaviləsi bağlanmış, müqavilənin təminatı olaraq ipoteka müqavilə bağlanmış və mənzili ipotekaya qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən borclulardan müştərək qaydada 162840,74 manat məbləğində borc vəsaiti tutularaq tələbkar “Bank VTB (Azerbaycan)” ASC-yə ödənilməsi və tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilin üzərinə yönəldilməsi qət edilmişdir. İddiaçı banka olan borcunun bir hissəsini ödəmiş, sonradan COVİD-19 xəstəliyi ilə əlaqədar iş yerləri bağlandığına görə üzrlü səbəbdən qalan məbləği ödəyə bilməmişdir. Sabunçu rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən qeyd olunan mənzil hərrac vasitəsi ilə satılması üçün "xxxx" MMC-yə göndərilmiş, hərracın keçirilməsini xx.xx.2021-ci il tarixə və xx.xx.2021-ci il tarixə təyin etmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli protokoluna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilin ilkin satış qiyməti endirilərək 73312,50 manata “Bank VTB (Azerbaycan)” ASC-yə satılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sabunçu rayon İcra şöbəsi və “Bank VTB (Azerbaycan)” ASC cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi»” MMC-nin hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 87/20 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilinin satılmasına dair "xxxx" MMC-nin hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin mənzilə dair “Bank VTB (Azerbaycan)” ASCnin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzili onun mülkiyyətindədir. “Bank VTB (Azerbaycan)” ASC ilə “Laza” firması arasında kredit müqaviləsi bağlanmış və müqavilənin təminatı olaraq ipoteka müqavilə bağlanmış və mənzili ipotekaya qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən borclulardan müştərək qaydada 162840,74 manat məbləğində borc vəsaiti tutularaq tələbkar “Bank VTB (Azerbaycan)” ASC-yə ödənilməsi və tutmanın qeyd olunan əmlakın üzərinə yönəldilməsi qət edilmişdir. Banka olan borcunun bir hissəsini ödəmiş, sonradan COVİD-19 xəstəliyi ilə əlaqədar iş yerləri bağlandığına görə üzrlü səbəbdən qalan məbləği ödəyə bilməmişdir. Sabunçu rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən ona heç bir rəsmi və şifahi məlumat verilmədən mülkiyyətində olan mənzilin hərrac vasitəsi ilə satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Heç bir məlumat vermədən mülkiyyətində olan mənzilin hərraca çıxararaq hərracın keçirilməsini xx.xx.2021-ci il tarixə və xx.xx.2021-ci il tarixə təyin etmişdir. "xxxx" MMC tərəfindən ipoteka saxlayana və ipoteka qoyana birinci elan barədə bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış, ikinci elan barədə bildiriş keçirilməsinə 15 gün qalmış təqdim etməli olduğu halda, cavabdeh ona hərrəcın keçirilməsi barədə heç bir bildiriş göndərməyərək qanunvericiliyin tələblərini pozmuşdur. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli protokoluna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilin ilkin satış qiyməti endirilərək 73312,50 manata “Bank VTB (Azerbaycan)” ASC-yə satılmışdır. Mülkiyyətində olan əmlaka dair hərrac keçirilsə də, ona bu barədə heç bir məlumat verilməmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1981/2022 saylı 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubu əsasında “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi»” MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilə dair keçirilmiş hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli Protokolun ləğv edilməsi, həmin hərracın nəticələrinin etibarsız hesab olunması və alqısatqı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab olunması, ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 ASC-nin adına qeydiyyata alınmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 34.1, 39.2, 36.1, 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.1 və 44-cü maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2 8.3, 17.1.4, 19.1.3, 44.1.3, 44.2, 53.1, 53.2 və 53.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1 və 416-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh “Bank VTB (Azerbaycan)” ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri rədd edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi prinsipi kobud şəkildə pozulmuşdur. Eyni zamanda, məhkəmə, iddia tərəfinin iddia tələbinin həcminin artırılmasına dair ərizəsini məhkəmə iclasında iştirak etməyən və iş üzrə cəlb olunmuş yeni cavabdehlərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin etməmişdir. Məhkəmə iş üzrə cəlb olunmuş yeni cavabdehlərə nə yeni iddia tələbi barədə nə də ki, məhkəmə baxışı iclasının yeri və vaxtı barədə heç bir məlumat verməmişdir. Bu hallar, prosessual hüquq normalarının kobud şəkildə pozulması hesab olunur və qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bundan başqa, məhkəmə, hazırki mübahisəyə baxarkən iddia tələblərindən kənara çıxmışdır. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, İddiaçı iddia tələblərində hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə qətnaməsində protokolun ləğv edilməsini qət etmiş, bununla da, mülki-prosessual qanunvericiliyin tələblərini pozaraq, iddia tələblərindən kənara çıxmışdır. Qüvvədə olan mülki-prosessual qanunvericilikdə məhkəmənin öz təşəbbüsü və ya öz mülahizəsi ilə iddianın predmetini, əsasını və həcmini dəyişdirmək səlahiyyəti nəzərdə tutulmamışdır. Bu hal, prosessual hüquq normasının kobud şəkildə pozulması hesab olunur və qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsaslanaraq hərracın keçirilmə qaydalarının pozulmasına istinad etsə də, “İcra haqqında” Qanununa əsasən icra sənədində göstərilən tələblərin icra edilməsi üçün borclulara təklif olunmuş 10 günlük könüllü icra müddətinin pozulmasını əsas gətirərək, iddia tələblərini təmin etmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyənləşdirilmiş qaydaların pozulması ilə keçirilən hərrac məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mübahisələndirilən hərrac ipoteka predmetinin satılması ilə əlaqədar olduğundan, “İpoteka haqqında” Qanunun 42-ci maddəsində nəzərdə tutulan hərracın keçirilmə qaydasına əsasən təşkil edilmiş və keçirilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hərracın qanunvericilikdə nəzərdə tutulmuş keçirilmə qaydalarına əsasən keçirilib-keçirilməməsi ümumiyyətlə yoxlanılmamış və bununla əlaqədar əldə olunmuş sübutlara qiymət verilməmişdir. İş materiallarında olan sübutlardan müəyyən olunur ki, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilmə qaydalarına qanunla nəzərdə tutulmuş qaydada tam riayət edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(005)-1981/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən cavabdeh “Bank VTB (Azerbaycan)” ASCnin nümayəndəsi Hüseynov Fərhad Süleyman oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdehlər "xxxx" MMC, Sabunçu Rayon İcra şöbəsi, ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun
13. Maddə 34.1 ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
14. Maddə 39.2 ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.
15. Maddə 41.1 ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
16. Maddə 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir.
17. Maddə 42.1 hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
18. Maddə 44 “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
19. Maddə 8.2 icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
20. Maddə 8.3 icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.
21. Maddə 44.1.3 könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi, məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır.
22. Maddə 44.2 bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir.
23. Maddə 53.1 üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.
24. Maddə 53.2 borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
25. Maddə 53.3 əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 269.1 girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
27. Maddə 317.1 borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
28. Maddə 319.1 əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
29. Maddə 416 bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.
39. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı iddia tələbində hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli protokolun etibarsız hesab edilməsini xahiş etsə də, məhkəmə tərəfindən protokolun ləğv edilməsi nəticəsinə gəlinmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
40. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixli iddia tələbinin həcminin artırılmasına dair ərizəsi üzrə yeni cəlb olunmuş cavabdehlərə məlumat verməmiş və onların iddia tələbinə etiraz vermək hüquqlarından məhrum etmişdir. Nəticədə ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi prinsipi kobud şəkildə pozulmuşdur.
41. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları prosessual hüquq normalarının pozulması kimi qiymətləndirir və apelyasiya şikayətlərinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalı olduğunu hesab edir.
42. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1981/2022 saylı 10 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
43. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
44. Hazırki iddia tələbi bir neçə hissədən ibarət olduğundan hər biri üzrə ayrıayrılıqda dəyərləndirmə aparılmaqla hüquqi qiymət verilməlidir.
45. Belə ki, iddia tələbinin həcminin artırılmasına dair ərizədən görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilinin satılmasına dair "xxxx" MMC-nin hərracın yekunları barədə xx.xx.2021ci il tarixli, 87/02 nömrəli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini tələb edir.
46. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qənaətini yalnız onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1120/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Əmirov Amil Ağaşirin oğlunun icraatına xx.xx.2021-ci il tarixdədaxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və borclulara icra sənədində qeyd olunanları icra edilməsi üçün 10 gün könüllü müddət təklif etmişdir. Lakin icra məmuru verilmiş 10 gün könüllü icra müddətinin bitməsini gözləmədən “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi»” MMC-yə xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsi üçün sifariş məktubu göndərmişdir. xx.xx.2021-ci il tarixdə Hərracın yekunları barədə müqavilə bağlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yerləşən 18 saylı evin 26 saylı mənzili 73312,50 manata Cavabdeh3 ASC əldə etmişdir. Bu qaydaların pozulması ilə keçirilmiş hərrac etibarsızdır.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmır.
48. Belə ki, iş materiallarından aydın olur ki, mübahisəsi gedən daşınmaz əmlakla bağlı xx.xx.2021-ci il tarixli ilkin hərrac baş tutmadığından mənzilin ilkin satış qiymətindən 15% aşağı, yəni müvafiq olaraq 97750 manatdan ikinci dəfə hərraca çıxarılması və hərracın xx.xx.2021-ci il tarixdə keçiriləcəyi ilə bağlı müvafiq bildiriş borcluya və tələbkara göndərilmişdir.
49. İş materiallarında olan poçt xəbərnamələrinin kötüyündən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmiş, iddiaçı ilkin hərracın keçirilməsi barədə bildirişi qəbul etmiş, təkrar hərracın keçrilməsi barədə bildirişi isə qəbul etməmişdir.
50. Kollegiya qeyd edir ki, təkrar hərracın keçrilməsi barədə xəbərnamədə iddiaçı tərəfindən bildirişin qəbul edilməməsi görünsə də, həmin bildiriş çatdırılmış hesab edilməlidir. Belə ki, iddiaçı hazırki tələblə çıxış edərkən qeyd etdiyi ünvanla, hərrac xidməti tərəfindən göndərilən bildirşlərin qeyd edildiyi ünvan eynidir, yəni ünvan 2ənzil 16-dır.
51. Göründüyü kimi, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı hərracın keçirilməsinə etiraz etməyərək hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar xx.xx.2021-ci il tarixli 82/01 saylı protokol tərtib edilmişdir.
52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi gedən daşınmaz əmlakın hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçı xəbərdar edilməməsi, ona yazılı bildirişləri göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar öz əksini tapmışdır.
53. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməklə borclulara icra sənədində qeyd olunanları icra edilməsi üçün 10 gün könüllü müddət təklif edilməsinə baxmayaraq 10 gün könüllü icra müddətinin bitməsini gözləmədən, yəni 8 gün sonra “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi»” MMC-yə xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsi üçün sifariş məktubu göndərməsi mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntu kimi hesab edilə bilməz.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
55. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
56. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hərracın keçirilməsində qanunvericiliyin tələblərinin kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbinin xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəblə də iddia tələbi həmin hissədə təmin edilməməlidir.
57. Məhkəmə kollegiyası onu da qed edir ki, iddiaçının tələbi əsassızdır və qanuni əsaslar olmadan mübahisəli əmlakın onun mülkiyyətçisindən geri almaq niyyətini təsdiq edir, halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
58. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin mənzilə dair “Bank VTB (Azerbaycan)” ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, hazırkı iş üzrə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə müqavilənin etibarsız hesab edilməso hissəsində rədd olunduğu üçün çıxarışın ləğv edilməsi edilməsi üçün də heç bir əsas mövcud deyildir və həmin hissədə əlavə araşdırmanın aparılmasına lüzüm yoxdur. Odur ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir.
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki hallar aydınlaşdırılmadığından, iş üçün əhəmiyyəti olan halların sübut edilmədiyindən və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
60. Kollegiya hesab edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh “Bank VTB (Azerbaycan)” ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1981/2022 saylı 10 iyun 2022ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər "xxxx" MMC, Sabunçu Rayon İcra şöbəsi, “Bank VTB (Azerbaycan)” ASC və ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçünə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.