Məhkəmə qərarları › İş №2(103)-6555/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6555/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6555/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3416/2024 nömrəli 19 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal RPİ-nin xx.xx.2024-cü il tarixli Arayışa görə xx.xx.2024-cü il tarixdə İddiaçı tanıdığı Arzu adlı qadına borcunu ödəməsi üçün ümumilikdə 2500 manat məbləğində geyim əşyası, qab-qacaq və qızıl-zinət əşyası verməsi, lakin həmin əşyaları geri qaytarmaması barədə 29-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. İddiaçı ərizəsi ilə bağlı eyni məzmunlu izahat yazmışdır. Ərizəyə baxılarkən müəyyən olunmuşdur ki, müraciətdə göstərilən məsələ mülki xarakterlidir və məhkəmə tərəfindən həll oluna bilər.

2. Bakı şəhəri Yasamal RPİ-nin xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərin nəzərə alınaraq İddiaçı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı məhkəmədə mülki iddia qaldırmaq hüququnun izah edilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərəfindən ona verilmiş geyim əşyalarının müqabilində 1000 manat, qədimi qızıl beşlik müqabilində 650 manat, digər ev əşyaları müqabilində 850 manat olmaqla, cəmi 2500 manat məbləğində pul vəsaitinin və 45 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, 2021-ci ilin fevral ayında əvvəllər-uzun müddət tanışlığı olduğu Cavabdeh arasında ona məxsus olan geyim əşyalarının, beşlik qızıl sikkənin, mikser və qrafin dəstinin cavabdehə verilməsi, cavabdeh tərəfindən isə bunun müqabilində 2500 manat məbləğində pul vəsaitinin ona verilməsi barədə razılıq əldə olunmuşdur. Razılığa əsasən cavabdeh ondan sözügedən əşyaları əldə etdikdən dərhal sonra onları özünün tanıdığı üçüncü şəxslərə verərək və həmin şəxslərdən pul vəsaitləri əldə edərək əldə edəcəyi pul vəsaitlərindən ona 2500 manat məbləğində pul vəsaitini ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Tərəfindən həmin əşyaların verilməsindən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh ödəməli olduğu pul vəsaitlərini bugünədək ona ödəməkdən boyun qaçırır. Həmin pul vəsaitinin ona verilməməsinin əsası olaraq cavabdeh guya həmin əşyaları özünün tanıdığı Fatimə və Ağa adlı şəxslərə verdikdən sonra həmin şəxslərdən hər hansı pul vəsaiti əldə etmədiyini və bu səbəbdən onaborclu qaldığı məbləği qaytara bilmədiyini bildirmişdir. Cavabdeh adları çəkilən şəxslər barəsində hər hansı məlumat verməkdən də imtina etmişdir. O isə Fatimə və Ağa adlı şəxsləri ümumiyyətlə heç bir zaman tanımamış, cavabdeh ilə aralarında olan razılaşmaya müvafiq olaraq sonuncuya verdiyi əşyaların müqabilində qeyd olunan pul vəsaitini də məhz ondan alacağı barədə razılaşmışdır. O göstərilənlərlə bağlı xx.xx.2021-ci il tarixində Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət etmiş, həmin şöbədə aparılmış araşdırma zamanı cavabdeh polis şöbəsinə getməkdən imtina etmiş, əvəzində isə cavabdehin nümayəndələri qismində yaxın qohumları araşdırma üçün polis şöbəsinə gəlmiş və guya cavabdehin psixoloji xəstəlikdən əziyyət çəkdiyini və anlaqsız olduğunu bildirərək, sözügedən borc məbləğinin Fatimə və Ağa adlı şəxslərdən aldıqdan sonra tez bir zamanda ödəyəcəklərini bildirmişlər. Polis şöbəsində aparılmış araşdırmanın yekunu olaraq, onun müraciətinin mülki xarakterli olduğu nəzərə alınaraq, cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 sentyabr 2024-cü il tarixli 2(004)-3416/2024 nömrəli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia qismən təmin edilmiş, Cavabdeh 1000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 18 manat pulun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 27 manatın (45- 18=27) iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh məhkəmə iclasında izahatında iddianı qismən qəbul etdiyini, iddiaçının ona 700-800 manat, ən çoxu 1200 manat dəyərində geyim əşyaları verdiyini etiraf etmişdir. Bu baxımdan iddia tələbi Cavabdeh etiraf etdiyi həcmdə, yəni İddiaçı tərəfindən ona verilmiş geyim əşyalarının müqabilində 1000 manat məbləğində təmin olunmalıdır.

7. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı iddia tələbinin digər hissələri ilə bağlı, yəni qədimi qızıl beşlik və tələbində qeyd etdiyi ev əşyalarını cavabdehə veridiyini təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi qalan hissədə - qədimi qızıl beşlik müqabilində 650 manat, digər ev əşyaları müqabilində 850 manat pulujn cavabdehdən tutulması hissəsində təmin olunmamalıdır. Buradan da müəyyən olunur ki, Cavabdeh İddiaçı 1000 manat dəyərində qeyim əşyalarını qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 106.3, 106.4, 191.3, 220.4, 119.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, məlum hadisə 2021-ci ilin fevral ayında olmuşdur. İddiaçı tərəfindən 3 illik iddia müddət ötürülmüşdür. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə verməməyi üzürlü olmuşdur. Belə ki, işin təxirə salınması barədə məhkəməyə teleqram göndərməyinə baxmayaraq hakim iştirakı olmadan işə baxdığından ərizəni məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə göndərdiyi teleqramda xx.xx.2024-cü il tarixində təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, lakin məhkəmə teleqrama qiymət verməmiş, iştirakı olmadan qətnamə qəbul etmiş və nəticədə çəkişmə şəraitində qəbul edilməyən qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

13. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Mülki Məcəllə

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Mülki Prosessual Məcəllə

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. İddiaçı geyim əşyalarının müqabilində 1000 manat, qədimi qızıl beşlik müqabilində 650 manat, digər ev əşyaları müqabilində 850 manat olmaqla, cəmi 2500 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etmişdir.

29. Birinci instansiya məhkəməsi zamanı cavabdeh iddianı qismən qəbul etdiyini, iddiaçının ona 700-800 manat, ən çoxu 1200 manat dəyərində geyim əşyaları verdiyini etiraf etmişdir.

30. Məhkəmə iddia tələbini cavabdehin etiraf etdiyi həcmdə, yəni iddiaçı tərəfindən ona verilmiş geyim əşyalarının müqabilində 1000 manat məbləğində təmin etmişdir.

31. Cavabdeh isə hazırda həmin hissədə qətnaməni mübahisələndirərək göstərir ki, iddiaçı tərəfindən 3 illik iddia müddət ötürülmüşdür. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə verməməyi üzürlü olmuşdur.

32. Kollegiya cavabdehin dəlilini əsassız hesab edir. Göründüyü kimi cavabdeh əvvəlki məhkəmə iclasında iştirak etmiş, xx.xx.2024-cü il tarixdə teleqram ünvanlamışdır. Yəni cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməsi üçün birinci instansiya məhkəməsində imkanı olsa da, belə bir ərizə verməmişdir.

33. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

34. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3416/2024 nömrəli iş üzrə 19 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar