Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6560/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(001)-3867/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən mənzilə görə artıq ödənilmiş pulun əvəzi kimi 14250 manat, həmin puldan faydalanmağa görə 696 manat, hüquqi yardım üçün xərclənmiş 500 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat olmaqla ümumilikdə 15476 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin “xxxx” ASC-nin Nəsimi rayon filialında ******************** saylı hesabında olan pul vəsaitlərinin 15476 manat məbləğində hissəsi üzərinə iddianın təmini tədbiri kimi həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(001)- 3867/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan Cavabdeh MMC şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin aktiv hesabı üzərinə həbs qoyulması Cəmiyyətin digər öhdəliklərini vaxtında və lazımi qaydada icra etməsini çətinləşdirir ki, bu da gələcəkdə iddia tələbindən də artıq məbləğdə cəmiyyətə maddi ziyan vurulması ilə nəticələnəcəkdir. Həmçinin məhkəmə tərəfindən iddianı təmin tədbirinin tətbiq edilməsi kifayət qədər əsaslandırılmamış, tətbiq edilmiş iddianı təmin tədbirinin irəli sürülmüş tələbə mütənasib olmasına diqqət yetirilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(001)-3867/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula, müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə və s. tədbirlər görülə bilər. Kollegiya hesab edir ki, iddia açıq-aşkar əsassız deyil. İddia tələbi ilə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə vardır. İddianı təmin tədbiri iddia tələbinə mütənasibdir. Buna görə də iddianı təmin tədbiri barədə ərizəni təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya hesab edir ki, şikayətin dəlilləri məhkəmə qərardadının ləğv edilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-158, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(001)- 3867/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6560/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6560/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver