Məhkəmə qərarları › İş №2(103)-6561/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6561/2021

17.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6561/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi eyni zamanda vəkili X2 Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya" Publik Hüquqi şəxsin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya" Publik Hüquqi şəxsinə qarşı “işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-1726/2021 saylı iş üzrə qəbul etdiyi 13 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş əmrin ləğvi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya" da əmək bazarının təhlili və monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. İşlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşurların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”-da əmək bazarının təhlili və monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsində çalışmışdır. İİ qrup əlildir. Yeni yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya da bu qəbildən olan işlərlə məşğul olacaqdır. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 №-li Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanının 2.2.bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2019-cu il tarixli, 775 nömrəli Fərmanının və AR Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli, 95 nömrəli Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi, məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmi-tədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun “Məşğulluq sahəsində dövlətin vəzifələri” barədə 8ci maddəsinin 8.03-cü bəndinə uyğun olaraq “işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından” ibarətdir. Lakin, aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əməl etməməsi, səriştəsiz və yarıtmaz fəaliyyəti dövlətin apardığı məqsədyönlü struktur islahatlara kölgə salmaqdadır. AR Prezidentinin ETTM-in ləğvi ilə bağlı yuxarıda sözü keçən Fərmanın icrasının ƏƏSM Nazirliyi tərəfindən guya “gerçəkləşdirildiyi” vaxt iddiaçını 29 mart 2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar onlara evdə oturmağa icazə vermişdilər) ərizə yazmağa məcbur etdilər ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində ”Əmək Bazan və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da işlə təmin olunmağına dair X3 adına ərizə yazdırdılar. 29 mart 2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan öz xahişi ilə işdən azad olunmağa ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 mart 2020-ci il tarixli, 01/411 mömrəli sənədə əsasən 29 mart 2020-ci il tarixindən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 30 iyun 2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar yenə evdə olduğuna görə işə çağırıb işdən azad olunduğunu şifahi olaraq bildirdilər. İşdən azad olunduğu gün bu barədə heç bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Belə bir kobud hüquq pozuntuları ilə əlaqədar 02 iyul 2020-ci il tarixdə nazir cənab Sahil Babayevə kollektiv müraciət etmişlər. Hazırkı vaxta qədər heç bir cavab verilməmişdir. 20 iyul 2020-ci il tarixdə isə Mehriban xanım Əliyevanın adına ünvanlanmaqla, əvvəlki məktubun və yeni məktubun surətlərini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), ƏƏSM Nazirliyinə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərmişlər. Sonuncu müraciətlərinə ƏƏSM Nazirliyinin Aparatının rəhbərinin imzası ilə 28 avqust 2020-ci il tarixli, **********3 nömrəli və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 07 sentyabr 2020-ci il tarixli, 2/15627-20 nömrəli cavab məktublarını almışlar. Həmin cavab məktublarına əsasən ƏƏSM Nazirliyinin Aparatının rəhbərinin istinad etdiyi AR Əmək Məcəlləsinin maddələri də göstərir ki, məsələ Nazirlik tərəfindən mahiyyəti üzrə hüquqi baxımdan araşdırılmamış, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) AR Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə istinad edərək bütün fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxıldığını bildirərək məhkəməyə müraciət edə biləcəklərini bildirmişdir. Yuxanda qeyd edildiyi kimi, bütün qanuni və hüquqi aktlara uyğun olaraq ləğv edilməsi mütləq olan təşkilatdan öz xahişləri ilə onlara məcburi ərizə yazdırıb (qanunla qorunan hüquqlarımıza təcavüz edərək pandemiya şəraitində onlara maddi və mənəvi zərbə vurmaqda) sosial müdafiəsini təmin etməli olan bir Nazirliyin məqsədi nədir görəsən? AR Nazirlər Kabinetinin Baş Nazirinin imzaladığı 20 mart 2020-ci il tarixli, 01/411 nömrəli sənədə uyğun olaraq pandemiya şəraitində orta əmək haqlarının Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində saxlanılması və yuxarıda sözü keçən bütün normativhüquqi aktlara uyğun olaraq həmin ETTM-in ləğv edilməsinin də mütləq olduğu bir vaxtda, onlara məcburi ərizə yazdıraraq yeni yaradılan “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da e-sosial portaldan verilən çıxarışa əsasən 30 mart 2020-ci il tarixdən 30 iyun 2020-ci il tarixədək əsas iş yeri kimi 1D45V9N000401 nömrəli Əmək müqaviləsini bağlamağın adı nədir? O, ilk öncə ETTM-in əməkdaşları kimi çalışmış, daha sonra Observatoriya yarandıqdan sonra işçi “öz xahişi” ilə işdən azad edilmiş və Observatoriyada 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və həmin 3 ayın tamamında onun əmək müqaviləsinə əmək müqaviləsinin vaxtı bitdiyi 3 ayın tamamında əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda 3 ayda fəalliyət göstərməyinə baxmayaraq əmək haqqı əksik verilmiş və ya müəyyən məbləğdə kəsintilər baş vermişdir. Yuxarıda göstərilənlərə əsasən də görmək olar ki, o, peşəkar, işdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir. Onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hərhansı bir əsas mövcud olmamışdır. Bundan əlavə işçiyə təqdim olunan əmək müqaviləsi yalnız əmək müqaviləsinə xitam verildiyi gün təqdim edilmiş və işçiyə imzalatdırılmışdır. Halbuki qanunvericiliyin bu norması da işəgötürən “Observatoriya” tərəfindən öncədən pozulmuşdur. Bundan əlavə həmin əmrlərlə müvafiq sənədləşmə işləri ilə ümumiyyətlə tanış olmadığından cavabdehin hazırki addımı atmaqda olan mahiyyəti tərəfindən anlaşılan deyil. Onun hansı əsaslarla işdən azad edilməsi, hansı prosedur qaydalara riayət edilib-edilməməsi onun üçün mücərrəd olaraq qalmaqdadır. Eyni zamanda hazırki işə əlavə olunan əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən də görünür ki, işəgötürən cavabdeh əmək haqqı ödənməsində də qanunsuzluğa yol vermiş, ödənişlərin bir qismini etmədən, sadəcə formal kağız üzərində əmək haqqı müəyyən etmişdir. Bu isə hüquqların əlavə olaraq kobud pozuntusudur. Cavabdehin hazırki əməlləri nəticəsində bu gün də əmək kitabçasını əldə edə bilməmişdir. Buna görə də hazırki günə qədər başqa bir iş yeri ilə əmək müqaviləsi bağlamaq imkanı xaricindədir. Təbii ki, bu da birbaşa cavabdehin təqsiri ucbatından baş vermişdir. Əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvəlində onun cədvəlin tərtib olunduğu günə qədər olan ziyanları müəyyən edilmişdir. Nəzərə alınsa ki, hələ də əmək kitabçası təqdim edilməmişdir, ona görə də hazırki gündə qanunvericiliklə nəzərdə tutulmuş cərimə funksiyasında cavabdeh cəzalandırılmalıdır. Eyni zamanda işdən çıxdıqdan sonra sosial ödənişlərlə, işsizlik sığortası ilə bağlı müraciət etməyinə baxmayaraq cavabdehin təqsiri ucbatından bu cəhdi də uğursuz alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-1726/2021 saylı iş üzrə qəbul etdiyi 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin İddiaçı işdən azad edilməsi ilə bağlı olan 30 iyun 2020-ci il tarixli, **********9 nömrəli əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsində “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi və onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin nümayəndəsi onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmamasını xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi eyni zamanda vəkili apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izahatlar dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 31 mart 2020-ci il tarixdə sistemə daxil edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxsi ilə İddiaçı arasında 30 mart 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, sonuncu “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinə mütəxəssis təyin edilmiş, aylıq əmək haqqı 1000 manat göstərilmişdir. Əmək müqaviləsinin müddətinin qurtarma tarixi 30 iyun 2020-ci il müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Mili Observatoriya” publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli qərarından görünür ki, “Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Mili Observatoriya” publik hüquqi şəxsin yaradılması, Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Mili Observatoriyanın işçilərinin say həddinin 70 ştat vahidinin müəyyən edilməsi və s. qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs tərəfindən verilmiş 30 iyun 2020-ci il tarixli, **********9 nömrəli əmrindən görünür ki, İddiaçı- əmək bazarının monitorinqo və təhlili şöbəsinin mütəxəssisi vəzifəsindən 30 iyun 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əsas: əmək müqaviləsinin müddətinin qurtarması, xidməti məruzə. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik hüquqi şəxs arasında 30 mart 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əmək müqaviləsi bildirişi ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi bildirişi qüvvədədir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 01.07.2020-ci il tarixli, xxxxxxx0004X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbərinin 28 avqust 2020-ci il tarixdə İddiaçı və digərlərinə ünvanladığı “kollektiv müraciətin cavablandırılması” barədə məktubun surətindən görünür ki, müraciət edənlər Nazirliyin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin 30 mart 2020-ci il tarixli ********** nömrəli əmri ilə 30 mart 2020-ci il tarixdən 3 ay müddətinə adı çəkilən publik hüquqi şəxsdə müvafiq vəzifələrə təyin olunmuşlar. Bununla əlaqədar olaraq, onlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) Nazirliyin tabeliyində publik hüquqi şəxsin müvafiq əmrləri ilə tutduqları vəzifədən azad edilmişlər. 16 iyul 2020-ci il tarixdə müvafiq işlə təmin olunmaq üçün Nazirliyin tabeliyində yeni yaradılmış Sosial Xidmətlər Agentliyinə dəvət olunmuş, lakin görüşə gəlməmişlər. Daha sonra telefonla əlaqəsi saxlanmış və görüşə gəlməkdən könüllü imtina etdikləri bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 qeydiyyatda olduğu rayon üzrə məşğulluq mərkəzinə işaxtaran kimi qeydiyyata alınmaq üçün müraciət etmələri tövsiyyə olunmuşdur. Aşağıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, işçi ilə əmək müqaviləsi müddətli bağlanıla bilməzdi və əmək müqaviləsinin 3 ay müddətə bağlanılması ilə bağlı olan şərt, yəni 30 mart 2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Əmək və Sosial Problemlər Üzrə Elmi-Tədqiqat Mərkəzində 2006-cı il tarixdən çalışmışdır. Həmin qurumun ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 18 yanvar 2019-cu il tarixli 480 nömrəli Fərmanı qəbul edilmişdir. X7 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sözügedən Mərkəzin ləğv edilməsi ilə bağlı 1 ay müddətində tədbirlər görülməsi tapşırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli, 95 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmışdır. Daha sonra iddiaçı əvvəl işlədiyi Əmək və Sosial Problemlər Üzrə Elmi-Tədqiqat Mərkəzindən öz ərizəsi ilə işdən azad edilərək yeni yaradılan “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-də “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bununla bağlı 30 mart 2020-ci ildə Əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmiş və işçinin 30 mart 2020-ci il tarixdən işə başlaması göstərilmişdir. Göründüyü kimi iddiaçının 2006-cı ildən çalışdığı Əmək və Sosial Problemlər Üzrə Elmi-Tədqiqat Mərkəzi ləğv edilməklə yeni bir publik hüquqi şəxs yaradılmışdır ki, həmin publik hüquqi şəxslə əvvəlki Mərkəzin varisi olmamışdır, bundan sonra iddiaçı arasında müstəqil surətdə razılaşdırılmaqla əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti 3 ay göstərilmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış və həmin müddətin başa çatması ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçı ilə mütləq şəkildə müddətli əmək müqaviləыi bağlanmalı olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı - əmək bazarının monitorinqo və təhlili şöbəsinin mütəxəssisi vəzifəsindən 30 iyun 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs tərəfindən verilmiş 30 iyun 2020-ci il tarixli, **********9 nömrəli əmri əsaslı olmuşdur. Belə olan halda da iddia tələbinin təmin edilməsi üçün əsasların olmaması müəyyən edildiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə qətnamə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-1726/2021 saylı iş üzrə qəbul etdiyi 13 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya" Publik Hüquqi şəxsinə qarşı «işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işburaxma müddətinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar