Məhkəmə qərarları › İş №2(103)-6563/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6563/2022

10.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6563/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1227/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlıq bildirişində göstərilib ki, səhmdar cəmiyyətin istehsal və satış fəaliyyəti dayandırıldığından istehsal sexlərində işin olmamasi ilə əlaqədar olaraq sexlərdə iş yerlərin ixtisar edilməsinə qərar verilmişdir. Bu səbəbdən də onunla bağlanılmış əmək müqaviləsinə 22 dekadr 2021-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. İşəgötürənlə bağlanmış əmək müqaviləsinə əsasən əmək stajının 15 ildən çox olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulub. 18 oktyabr 2021-ci il tarixdən başlanan xəbərdarlıq müddəti 22 dekabr 2021-ci il tarixdə başa çatacaq. Ödənişsiz məzuniyyətdə olduğuna görə yeni iş yeri axtara bilər. Eyni zamanda Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən işçiyə 9 iş həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2.0 misli təklif olunur.

2. "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 03 saylı protokoluna əsasən boş şüşə qabların yuyucusu - 1 ştat vahidi, qutu arakəsmə hazırlayan – 1 ştat vahidi, qablaşdırıcı – 3 ştat vahidi, boş şüşələri nəqledən – 1 ştat vahidi, aksiz yapışdıran a/maşinisti – 1 ştat vahidi, süzmə maşının a/maşinisti – 1 ştat vahidinin ixtisar olunmasına Komitə tərəfindən etiraz edilməmişdir.

3. "xxxx" ASC-nin X3 20/ŞH nömrəli, xx.xx.2021-ci il tarixli əmrinə əsasən araq süzmə sexinin qablaşdırıcısı İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 166 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə(ştatın ixtisarına) əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir.

4. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işçi İddiaçı əmək müqaviləsinə 20/ŞH, xx.xx.2021-ci il tarixli əmr əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh "xxxx" Açıq səhmdar Cəmiyyətinə qarşı işə bərpa və məcburi işsizliyə görə əmək haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən qəbul edilmiş 29 dekabr 2021-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

6. İddiaçı tələbində göstərir ki, o, 1989-cu ildən fasiləsiz olaraq "xxxx" ASC zavodunda işləmişdir. İşlədiyi müddətdə onun heç bir nöqsanı olmamışdır. X1 "xxxx" ASC zavodunda işləmiş və 1992-ci ildə torpaqların müdafiəsi üçün müharibəyə getmiş və müharibədə şəhid olmuşdur. Fəaliyyəti daim yüksək səviyyədə olmuş və işlədiyi dövrdə heç vaxt intizam tənbehi görməmiş təşəkkürlərə layiq görülmüşdür. Lakin son dövrlər səbəbini bilmədiyi əsaslardan qərəzə məruz qalmışdır. Belə ki, 29 dekabr 2021- ci il tarixdə əmr qəbul edərək onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Lakin əsassız olaraq əmək müqaviləsinin ləğv edilməsinə əsas kimi ştat ixtisarı göstərərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndini tətbiq etmişdir. Belə ki, həmin bildirişdə qeyd edilmişdir ki, onun işlədiyi sexlər işləmədiyi üçün bəzi sahələr ixtisar olunur. Bununla bağlı qeyd edir ki, bu, tamamilə yalandır zavod uzun müddətdirdir ki, işləmir zavod rəhbərliyi qanunsuz olaraq müəyyən sexləri icarə verərək ordan mənfəət əldə edir. Onun zavodda səhimləri var, əgər zavod işləmiş olsa idi iddiaçıya bu günə kimi dividentlər verilərdi. Əgər zavod işləmirsə niyə təkcə şəhid ailəsi olan iddiaçı ixtisara düşür digər heç bir şəxsə toxunulmur. Buna görə də çıxarılmış qanunsuz və əsassız əmr ləğv edilməli, iddiaçı öz işinə bərpa olunmalı, məcburi iş buraxmaya görə verilməli olan əmək haqqıları iddiaçıya verilməlidir. Bütün bu qanunsuzluqların aradan qaldırılması üçün Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Lakin müraciəti ilə əlaqədar iş aparılsa da bu günə kimi rəsmi heç bir cavab verilməmişdir. Bu səbəbdən hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1227/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi (hakim Kəmalə Əmirxanova) ilə iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya qarşı cavabdeh tərəfindən onun işdən çıxarılması zamanı ayrı-seçkiliyə, yaxud qərəzli münasibətə yol verilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb bəzi ştatların, o cümlədən iddiaçının ştatının ixtisar olunmasıdır. İddiaçının işlədiyi qablaşdırıcı vəzifəsi üzrə bütün ştatların ixtisar edilməsi səbəbindən iddiaçının qeyd etdiyi kimi şəhid ailəsi olması və ya qanunveriliciklə nəzərə alınmaqla işəgötürənin işçilər arasında seçim etmək imkanı olmamışdır. Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq, ilk növbədə iddiaçıya xx.xx.2021-ci il tarixli xəbərdarlıq bildirişi təqdim etmiş, iddiaçının iş stajına uyğun olaraq 9 həftəlik xəbərdarlıq müddəti təyin olunmuşdur. Bu müddət başa çatdıqdan sonra isə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqına müraciət olunmuş, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 03 saylı protokolu ilə bir sıra ştatların ixtisarına razılıq verilmişdir. Bundan sonra, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 06 saylı əmr qəbul edilmiş və aşağıdakı ştatlar ləğv edilmişdir: Araq süzmə sexi üzrə qablaşdırıcı, boş şüşələri nəql edən, aksiz yapışdıran a/maşinist, süzmə maşının maşinist, Şüşə qablar, karton sexi və material anbarı üzrə boş şüşə qabların yuyucusu, qutu və arakəsmə hazırlayan. Göründüyü kimi iddiaçınm iddia ərizəsində qeyd etdiyi kimi təkcə onun ştatı deyil, müəssisədə bir sıra əlavə ştatlar da ixtisar olunmuşdur. Bu əmr əsasında xx.xx.2021-ci il tarixli, 20/ŞH saylı əmrlə iddiaçı ilə bağlı əmək müqaviləsinə xitam verilmiş və əmrin surəti iddiaçıya təqdim edilmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir. İddia tələbini əsaslandıran halları təsdiq edən heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, o, ştatların ixtisarı həyata keçirilərkən iş fəaliyyətinin daima yüksək olmasına, işlədiyi dövrdə heç bir intizam tənbehi almamasına, təşəkkürlərə layiq görülməsinə eyni zamanda şəhid ailəsi olmasına istinad edərək, onun əmək müqaviləsinin ləğv edilməsini Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinin məzmunundan da görünür ki, qanunvericilik işçilərin sayı və ya ştat vahidləri ixtisar edilərkən, şəxslərin işdə saxlanılma üstünlüyü hüququnu işəgötürənin seçim etmək imkanı və hüququ ilə əlaqələndirmişdir. Hazırkı mübahisənin hallarından isə görünür ki, iddiaçının işlədiyi qablaşdırıcı vəzifəsi 3 ştat vahidi olmaqla, ümumiyyətlə ləğv edilmiş və artıq belə bir ştat olmadığından işəgötürənin işçilər arasında seçim etmək imkanı da olmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə aparılmış araşdırma zamanı Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşən hallar müəyyən edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətində göstərir ki, məhkəmənin qeyd etdiyi əsas tamamilə formal cavabdeh tərəfindən uydurulmuş faktdır. Həmin işçilər digər fərqli işlərə keçirilmiş, yalnız şəhid ailəsi olan İddiaçı işdən azad olunmuşdur. Həmçinin, zavodun iş yerləri adları tamamilə formal xarakter daşıyır. Məsələn, onun işlədiyi şöbənin adı “araq şüşələrinin qablaşdırması”, digər şöbənin adı “şərab şüşələrinin qablaşdırılması”dır. Lakin faktiki olaraq bütün şöbələr ümumi iş görür, hər hansı fərqli peşə forması mövcud deyildir. Cavabdeh sırf onun işlədiyi ştat vahidini ləğv edib. Yəni, o, hər hansı digər ştatda olsa belə, ora da ləğv ediləcəkdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 11 “ə” bəndi. İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. Maddə 70 “b” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 77. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə: orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Maddə 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadlarına (ərlərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Belə ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslı hesab edilə və qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən ştatlar ixtisar olunduğuna görə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv etməzdən əvvəl cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilməsinə dair iş materialında sübutlar mövcuddur (bax i.v.25). İddiaçı da ona xəbərdarlıq edilməsini mübahisələndirmir. Mübahisələndirdiyi hal cavabdehin onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, ştatın ixtisarı ilə əlaqədar xitam verildikdən sonra işçilərin digər fərqli işlərə keçirilməsi, cavabdehin sırf onun işlədiyi ştat vahidini ləğv etdiyi, yalnız onun işdən azad olunması ilə bağlıdır.

23. İddiaçının düşdüyü vəziyyət anlaşılan olsa da göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün kifayətedici əsas deyildir. Çünki, cavabdeh qurum açıq səhmdar cəmiyyətidir və iddiaçının işlədiyi vəzifə ştatı ixtisar olunmuş, yəni artıq mövcud deyildir. İddiaçının bildirdiyi dəlillər, iddianın təmin edilməsi üçün birbaşa əsas ola bilmir. Çünki, iddia hansısa təsdiq olunmayan fiirlərə görə yox, əsaslılığına və qanuniliyinə görə təmin oluna bilər. Ancaq hazırki iddia əsaslı olmamışdır.

24. İddiaçı ilə birlikdə ixtisara düşən iş yoldaşlarının cavabdeh tərəfindən digər vəzifəyə təyin olunmaları halı həqiqi olsa belə bunlar hazırki iddianın əsaslılığına dəlalət etmir. Çünki, həmin şəxslər göstərdiyi vəzifəyə məhkəmə qərarı ilə bərpa edilməmişlər. Bu məsələ işəgötürənlə işçi arasında könüllü qaydada həll edilən münasibətlərə aiddir. İddiaçının bu vəzifədə uzun müddət işləməsi, əmək intizamının pozulmasına yol verməməsi və intizam məsuliyyətinə cəlb edilməməsi də hazırki iddianın təmin edilməsini bilavasitə labüd etmir. Çünki, iddiaçı ilə olan əmək müqaviləsi göstərdiyi hallara yol verdiyinə görə ləğv edilməmişdir.

25. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ştatlar deyil, işçilərin sayı ixtisar edilərkən həmin Məcəllənin 78-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işəgötürən şəhid ailəsinin üzvlərinə işdə saxlanılmasına üstünlük verməlidir. Lakin hazırki halda iddiaçının işlədiyi ştat ixtisar olunmuş, başqa sözlə bütövlükdə qablaşdırıcı ştatları ləğv edilmişdir. Buna görə də bu vəziyyət cavabdeh tərəfindən qanunun tələbinin pozulması kimi qiymətləndirilə bilməz.

25. "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 03 saylı protokol üzrə qərarına əsasən bir neçə ştatın, o cümlədən iddiaçının tutduğu vəzifə üzrə ştatın Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisara salınmasına Həmkarlar İttifaqı etiraz etməmişdir. Bu barədə qərarın surəti işdə(bax.i.v.21-22) vardır. Bununla yanaşı, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin də pozulduğu iş materialları ilə təkzib edilir.

26. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1227/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1227/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar