Məhkəmə qərarları › İş №2(103)-6568/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6568/2022

19.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6568/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Kalyon RSY X4 Ticari İşletmesi» Şirkətinə qarşı iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi) Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1 və cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh «Kalyon RSY X4 Ticari İşletmesi» Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı 03 09.2021- ci il tarixdən «Kalyon RSY X4 Ticari İşletmesi» Şirkətində “İnzibatı köməkçi” vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə ona Ramazan Düzmə adlı şəxs “sən sabah işə gəlmə” demiş, bundan sonra işə getməmiş, xx.xx.2021-ci il tarixdə isə idarənin e-mailində onunla birtərəfli qaydada əmək müqaviləsinin pozulması barədə məlumat qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli, X-201/21 nömrəli əmrlə İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən AR Əmək Məcəlləsnin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh «Kalyon RSY X4 Ticari İşletmesi» Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, o, iş zamanı əmək intizamına əməl etməklə heç bir qüsura yol verməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsində qeyd olunan intizam tənbehi almamışdır. Lakin xx.xx.2021-ci il tarixdə iş vaxtı qurtarıb evə gedərkən, ona Ramazan Düzmə adlı şəxs dedi kı, “sən sabah işə gəlmə”. Bundan sonra işə getməmiş, xx.xx.2021-ci il tarixdə isə idarənin e-mailində onunla birtərəfli qaydada əmək müqaviləsinin pozulması barədə məlumat qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixdə Bakı şəhər Poçtunun mohurü vurulmuş konvertlə xx.xx.2021-ci il tarixdə ona təqdim olunmuş məktubla şirkətin direktoru Alı Durdunun imzası ilə niyə işə gəlməməyi barədə ona sorğu edildiyindən, bu barədə İdarəyə xx.xx.2021-ci il tarixdə qeyd etdiklərini yazılı bildirmişdir. Heç bir əmək intizamını pozmamış, nə müdriyyətə, nə də əmək kollektivinə heç bir ziyan vurmamışdır. Yalnız, ona “sabah işə gəlmə” dediklərinə gorə işə getməmiş və bundan sonra ərizəyə əlavə etdiyi e-maildən əldə etdiyi vərəqəyə əsasən müdiriyyətə onun proqul etməyini bildirdikləri aşkar etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1837/2022 saylı, 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia təmin olunmuşdur.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsi, 3-cü maddəsi, 68-ci maddəsinin 1-ci hissəsi, 69-cu maddəsi, 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsi, 74-cü maddəsinin 2-ci hissəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tələbini sübuta yetirə bilməmişdir. Cavabdehin işəgötürən olaraq səlahiyyətli, qanuni təmsilçisi Ali Durdudur. İddiaçının ona göstəriş verdiyi iddia edilən şəxs - Ramazan Düzmə adlı şəxsin işçi ilə hər hansı əmək müqaviləsi bağlamaq, yaxud ona xitam vermək səlahiyyətinin olmaması aşkar şəkildə müəyyən edilən faktdır. İddiaçının istinad etdiyi hansısa “e-mail” əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilməzdi. İşə baxan məhkəmə hətta belə bir emailin ümumiyyətlə mövcud olub-olmaması, sübut kimi mötəbərliyinin hansısa formada qiymətləndirilməsi məsələsinə aydınlıq gətirməmişdir və nəzərə almamışdır ki, əmək müqaviləsinə hansısa “e-mail” ilə deyil, işəgötürənin əmri ilə xitam verilir. İddiaçı və cavabdeh arasında imzalanmış əmək müqaviləsinin xitam verilməsi əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi olmasına baxmayaraq, məhkəmə həmin Məcəllənin 69-cu maddəsinin tələblərini sadalamaqla iddia ərizəsinin əsaslı olmasını göstərir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. İddiaçı və nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

11. Maddə 2, hissə 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

12. Maddə 3. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

13. Maddə 68, hissə 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

14. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

15. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Apellyasiya şikayətinin əsas dəlili iddiaçının öz tələbini sübuta yetirə bilməməsi barədədir. Apelyator bildirir ki, cavabdehin işəgötürən olaraq səlahiyyətli, qanuni təmsilçisi Ali Durdudur. İddiaçıya göstəriş verdiyi iddia edilən Ramazan Düzmə adlı şəxsin işçi ilə hər hansı əmək müqaviləsi bağlamaq, yaxud ona xitam vermək səlahiyyəti yoxdur. İddiaçının istinad etdiyi hansısa “e-mail” əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilməzdi.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Belə ki, Əmək Məcəlləsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70, ç). Bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda, həmçinin əmək müqaviləsinin ləğv edilməsinin əsası; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir (maddə 84.1). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (maddə 84.2).

25. İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdən müəssisədə işlədiyi müddətdə hər hansı intizam tənbehi almamış, əmək intizamını mütəmadi olaraq pozmasına (iş yerində səbəbsiz olmamasına) dair xəbərdarlıq olunmamışdır.

26. 18 noyabr 2021-ci il tarixli əmrə görə isə iddiaçı xx.xx.2021-ci il tarixdən etibarən işə üzürsüz səbəblərdən gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

27. Əmrin verilməsinə əsas kimi cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış tarixi məlum olmayan xəbərdarlıq məktubuna istinad edilmişdir. Sözügedən məktuba əsasən iddiaçının xx.xx.2021-ci il tarixdən heç bir üzrlü səbəb bildirmədən işə gəlmədiyi bildirilmiş, ən qısa müddətdə işə gəlməməsi səbəbini rəsmi surətdə bildirilməsi, əks halda AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad ediləcəyi xəbərdar edilmişdir. Məktubun iddiaçıya hansı tarixdə göndərildiyi, iddiaçı tərəfindən isə nə vaxt qəbul edildiyi barədə cavabdeh heç bir sübut təqdim etməmişdir. İddiaçı isə xəbərdarlıq məktubunun işdən azad olunma barədə əmr verildikdən sonra ona göndərildiyini bildirmiş və bu barədə "xxxx" MMC-nin Füzuli poçt filialının xx.xx.2022-ci il tarixli, FPF02/046 saylı məktubunu təqdim etmişdir.

28. "xxxx" MMC-nin Füzuli poçt filialının xx.xx.2022-ci il tarixli məktubuna əsasən Kalyon şirkətindən göndərilən SS521652712AZ nömrəli məktub, 24 noyabr 2021-ci il tarixdə vətəndaş İddiaçı təhvil verilmiş və xəbərnaməsi isə xx.xx.2021-ci il tarixdə Kalyon şirkətinə geri qaytarılmışdır.

29. Kollegiya nəzərə alır ki, əmək münasibətlərində işçi iqtisadi baxımdan işəgötürənə nisbətən zəif tərəf olduğundan iddiaçıya işdən azad olunacağı barədə xəbərdarlıq edilib-edilməməsini sübut etmək yükü cavabdehin üzərinə düşür. Baxılan iş üzrə isə cavabdeh tarixi göstərilməyən, habelə göndərildiyi barədə heç bir sübutu olmayan məktubu məhkəməyə təqdim etməklə kifayətlənmişdir.

30. İddiaçının təqdim etdiyi sübutlardan isə müəyyən olunur ki, işdən azad olunma barədə xəbərdarlıq işdən çıxarılma barədə əmrin verilməsindən sonra iddiaçıya göndərilmişdir. Bundan əlavə, iddiaçının izahatından məlum olmuşdur ki, şirkətin rəhbəri çox vaxt Türkiyədə olduğundan onu görməmiş, xx.xx.2021-ci il tarixdə də şirkətdə rəhbər şəxslərdən heç kim olmamış, yalnız Ramazan Düzmə olmuşdur. Ona görə də Ramazan Düzmənin sözünü rəhbərliyin tapşırığı kimi qəbul etmiş və işə çıxmamışdır.

31. Əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bu barədə əmrin məzmununda müqavilənin ləğv edilməsinin əsası göstərilməli, əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədə istinad edilməlidir. Bu məlumatların göstərilmədiyi əmr məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

32. Digər tərəfdən, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgöürən işçidən yazılı izahatın verilməsini tələb edir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçıdan hər hansı izahat tələb olunmamışdır.

33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş əməkdaşların aktlarına mübahisələndirilən əmrdə istinad edilmədiyindən sonradan məhkəməyə təqdim edilmiş həmin aktlar mübahisəli əmrin qanuniliyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən, həmin aktlar xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə tərtib olunsalar da, aktların məzmununda iddiaçının xx.xx.2021-ci il tarixdə bütün gün işə gəlmədiyi qeyd olunmuşdur.

34. Halbuki, aktın tərtib olunduğu yer və tarix akta yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir.

35. Digər tərəfdən, aktların tərtib olunmasında iştirak etmiş müəssisədə inzibati köməkçi vəzifəsində işləyən X2 məhkəməyə ərizə göndərərək aktları xx.xx.2022-ci il tarixdə imzaladığını bildirmişdir.

36. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda qeyd olunanlar iddiaçının işdən qanunsuz azad edilməsi barədə qənaətə gəlmək üçün birmənalı əsas verir və bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.

37. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh «Kalyon RSY X4 Ticari İşletmesi» Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 13 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar