Məhkəmə qərarları › İş №2(103)-6568/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6568/2024

17.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6568/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X17 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X13 katibliyi, maraqlı şəxs “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi (“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4829/2024 saylı 9 sentyabr 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: Ərizəçi (“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ sahəsinin onun sahiblik və istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ sahəsinə sahiblik, ondan istifadə və onun üzərində sərəncam verməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bağlar Təsərrüfatı İdarəsi ilə ərizəçi arasında 7 fevral 1977-ci ildə bağlanmış 12629 nömrəli müqaviləyə əsasən ona Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 815 nömrəli bağ torpaq sahəsi ayrılmışdır. Həmin tarixdən də bağ onun istifadəsindədir. Bundan başqa, həmin ərazidə yerləşən 817 nömrəli bağ sahəsinə dair qohumu X2 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında 9 fevral 1979-cu ildə bağlanmışdır və torpaq sahəsi onun istifadəsində olmuşdur. Qonşuluqda yerləşən 818 nömrəli bağ sahəsinə dair qardaşı X5 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında 4 fevral 1977-ci ildə müqavilə bağlanmışdır və torpaq sahəsi onun istifadəsində olmuşdur. Bundan başqa, Bağlar Təsərrüfatı İdarəsi ilə X12 arasında 22 yanvar 1979-cu ildə bağlanmış 12631 nömrəli müqavilə əsasında X9 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ torpaq sahəsi ayrılmışdır. Daha sonra X12 ərizəçiyə məxsus torpaq sahəsinin (815 nömrəli bağ) qonşuluğunda yerləşən torpaq sahəsini aralarında olan şifahi razılaşmaya əsasən 1985-ci ildə ona satmış, o, torpağın dəyərini ona ödəmiş, torpağa dair müqavilənin əslini ərizəçiyə təqdim etmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsində olmuşdur. Torpağa dair vergiləri də hazırda nəvəsi X10 ödəyir. Qonşuluqda yerləşən torpaq sahəsinin mülkiyyətçiləri qohumdurlar. 816 nömrəli bağ sahəsi də əvvəlki mülkiyyətçisi tərəfindən satıldıqdan sonra ərizəçinin istifadəsində olmuşdur. Hətta, Bakı İnzibati Məhkəməsində 2(112)-1622/22 nömrəli işə baxılarkən cavabdeh orqan 818 nömrəli bağ sahəsinin 817, 816 və 726 nömrəli bağların ərazisinə uyğun gəldiyini bildirmişdir. Məhkəmə iclasında nəvəsi X3 adından ərizə verilmiş və həmin ərizədə qeyd olunmuşdur ki, X10 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ 816 ünvanında yerləşən sahəsi 0,25 ha olan torpaq sahəsinin faktiki onun istifadəsində olduğunu və qonşuluqda olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ 818 ünvanında yerləşən sahəsi 0,25 ha olan torpaq sahəsinin özəlləşdirilməsinə etiraz etmədiyini, razı olduğunu bildirmişdir. Kürdəxanı bələdiyyəsi tərəfindən Kürdəxanı qəsəbəsi, Ləhiş bağ 816 ünvanına dair verilmiş **********71576 nömrəli Tədiyyə bildirişi üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökumət Ödəniş portalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə aparılmış ödənişlə bağlı ********* nömrəli mədaxil qəbzinin surətindən müəyyən olunur ki, həmin ödəniş Bələdiyyə torpaq vergisi olaraq X10 tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, məhkəmə də 816 nömrəli bağ sahəsinə dair nəvəsinə, dolayısı ilə ərizəçiyə məxsus olmasını qəbul etmiş, razılıq ərizəsinə uyğun olaraq iddiaçının iddia tələbini təmin etmişdir. Həmin qərar apellyasiya və kassasiya instansiyalarında da qüvvədə saxlanılmışdır və yuxarı instansiya məhkəmələri tərəfindən də torpağın istifadəçisi olmağı qəbul edilmişdir. Ərizəçi Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, plan ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə maraqlı şəxsə müraciət etsə də, ünvanladıqları xx.xx.2024-cü il tarixli cavab məktubunda, təqdim edilən sənədlərin digər şəxsin adına olması qeyd edilmişdir. X1 harada yaşaması məlum deyil. Ona görə də, həmin müqavilə üzrə müəyyən edilmiş torpaq sahəsini adına keçirə bilmir. Müqavilə üzrə torpaq sahəsinin ona məxsus olmasını başqa yolla təsdiq etmək mümkün deyildir. Odur ki, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4829/2024 nömrəli 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Məhkəmə mövqeyini onunla əsalandırmışdır ki, torpaq sahəsinin üzərində hüquqlar əvvəlki mülkiyyətçiyə məxsus olmuşdur. İstər əvvəllər, istərsə də hal – hazırda qüvvədə olan qanunvericilikdə tikiliyə, qurğuya mülkiyyət hüququ başqasına keçərkən həmin obyektin müvafiq torpaq sahəsinə də hüquqların həmin şəxsə keçməsi nəzərdə tutulmuşdur. Buna görə də ərizənin təmin olunması üçün hüquqi əsaslar mövcuddur. Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ sahəsinin mövcud vəziyyətdə Ərizəçi sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermə faktı müəyyən edilməlidir. Qətnamədən maraqlı şəxs “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(008)-4829/2024 nömrəli 9 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan 0,25 hadan ibarət 816 saylı bağ sahəsi 1979-cu ildə vətəndaş X9 Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 12631 №li müqavilə əsasında verilmişdir. Bildirir ki, Ərizəçi ilə vətəndaş X12 heç bir əlaqələndirici sənəd yoxdur. Onu da qeyd edir ki, əraziyə idarə mütəxəssisləri tərəfindən yerli baxış keçirilməsinə ərizəçi tərəfindən şərait yaradılmamışdır. Hüquq sahibi olan X12 ilə Ərizəçi arasında hər hansı bir əlaqələndirici sənəd olmamasına məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X15 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, ərizəçi ilə digər şəxs arasında əlaqələndirici hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Əgər ərizəçi qeyd etdiyi kimi torpaq sahəsi 1980-ci ildən istifadəsində idisə, həmin vaxt ərizə yazaraq müqavilə əsasında Bağlar İdarəsi tərəfindən istifadəsinə keçirə bilərdi. Torpaq sahəsi sahibsiz deyildir, dövlətin mülkiyyətində olan torpaq sahəsidir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 7-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunmuşdur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Məhkəmələrə izah edilmişdir ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, xüsusi icraat qaydasında müəyyən edilməsi xahiş edilən, müvafiq kateqoriyadan olan hüquqi əhəmiyyətli fakta dair daxil olmuş ərizənin məhkəmə icraatına qəbul edilməsi, qəbul edilibsə bu icraat qaydasında baxılması yalnız o halda mümkün sayıla bilər ki, daşınmaz əmlakın mülkiyyətçisi hesab edilən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlak üzərində sahiblik və istifadə etməsi, o cümlədən sərəncam verməsi faktının müəyyən edilməsi barədə ərizələrə isə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Hazırkı halda da ərizəyə əlavə edilmiş materiallardan görünür ki, ərizəçinin istifadə, sahiblik və sərəncam hüququnun tanınmasını xahiş etdiyi Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivindəki ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ sahəsi dövlətin mülkiyyətindədir. Həmin sahə Bakı şəhər İcrayiyyə Komitəsinin Bağlar Təsərrüfat Birliyi ilə X12 arasında bağlanmış 12631 nömrəli “Bağ sahəsinin uzun müddətli icarəyə verilməsi haqqında müqavilə”yə əsasən sonuncunun icarəsinə verilmişdir. Ərizəçi sözügedən bağ sahəsini müvafiq məbləğ müqabilində icarəçi X6 əldə etdiyinə istinad etməklə, bu əmlakın ona məxsus olmasının xüsusi icraat qaydasında təsdiq edilməsini xahiş edir. İlk öncə qeyd edilməlidir ki, mübahisəli əmlakın ərizəçinin sahibliyinə keçməsi özüözlüyündə qanuni olmamışdır. Belə ki, dövlətin mülkiyyətində olan daşınmaz əmlakın digər şəxslərə verilməsi, ilkin icarə müqaviləsi ləğv edilmədən və yerli icra hakimiyyəti orqanının qərarı və ya rəsmi razılığı olmadan qanunsuzdur. Belə ki, bağ sahəsini ayıran orqan (və ya onun hüquqi varisi) tərəfindən şəxsin torpaqdan istifadə etmədiyinə görə icarə müqaviləsinin ləğv edilməsi və sahənin başqasına verilməsi barədə akt qəbul olunmadan və ya digər rəsmi sənədləşmələr aparılmadan ərizəçinin hüququnun yaranması nəticəsinə gəlinməsi qanunvericiliyə ziddir. Belə olan halda da ərizəçinin X12 ilə yaranmış münasibətlərə əsaslanaraq mübahisəli bağ sahəsinə hüququnun yaranması, yəni başqasından əldə edilməsi Qanuna müvafiq surətdə rəsmilşdirilməyən daşınmaz əmlaka sahiblik faktının müəyyən edilməsi barədə məsələnin xüsusi icraat qaydasında həll edilməsi yolverilən deyildir. Belə ki, sadalananlardan göründüyü kimi ərizəçinin məqsədi sahibsiz olmayan bağ sahəsinə istifadə, sahiblik və sərəncam hüququnun müəyyən edilməsi və həmin sahənin mülkiyyət hüququ ilə adına qeydiyyata alınmasıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən prossesual hüquq normalarının tələblərini pozmuş, iş üzrə icraata işə xüsusi icraat qaydasında baxılmalı olmaması əsası ilə xitam verməli olduğu halda, ərizəyə mahiyyəti üzrə baxmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4829/2024 saylı 9 sentyabr 2024-ci il tarixli qətnaməsi ləğv edilməli, Ərizəçi maraqlı şəxs qismində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdarəsini cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4829/2024 saylı 9 sentyabr 2024ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi (“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar