Məhkəmə qərarları › İş №2(103)-6571/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6571/2021

16.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6571/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, iddiaçının vəkili İlkin Məmmədovun və cavabdehin vəkili və nümayəndəsi Nəriman Alməmmədovun iştirakı ilə, İddiaçı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi” X1rşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi” X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasındakı 16.09.2019-cu il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, məcburi işburaxma müddəti üçün əmək haqqı, habelə mənəvi zərərin əvəzi kimi 1.000 manat cavabdeh tərəfindən iddiaçıya ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin əmək müqaviləsi müddətsiz bağlanmış hesab olunsun, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nəriman Alməmmədov apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı və onun vəkili İlkin Məmmədov apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Əmək kitabçasından görünür ki, iddiaçı 02.04.1994-cü il tarixdən istesalat təlimi ustası vəzifəsində işləyib. İddiaçı işəgötürənə yazdığı 16.09.2019-cu il tarixli ərizədə (iş v. 45) xahiş edib ki, müəssisənin adının dəyişdirilməsi ilə əlaqədar olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə 15.07.2020-ci il tarixədək (təhsil ili müddətində) istehsalat təlimi ustası vəzifəsinə qəbul olunsun. Buna əsasən 16.09.2019-cu il tarixdə iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanıb, əmək müqaviləsinin müddəti 10 ay, yəni 16.09.2019-cu il tarixdən 15.07.2020-ci il tarixədək müəyyən edilib. Müqavilənin müddəti bitdiyinə görə işəgötürənin 01.07.2020-ci il tarixli, 66 №-li əmri ilə əmr edilib ki, müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən 15.07.2020-ci il tarixdən xitam verilsin. İddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən məhz “f” bəndindəki müddəaya istinad edərək hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin həmin maddədə “qarşılıqlı razılıq” ifadəsindən başqa “tərəflərin hüquq bərabərliyi prisipinə əməl edilməklə” ifadəsindən istifadə olunub. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Müəyyən olunur ki, qarşılıqlı razılıq əldə edilərkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməyib. Belə ki, iddiaçı işəgötürənə yazdığı ərizədə (iş v. 45) xahiş edib ki, müəssisənin adının dəyişdirilməsi ilə əlaqədar əmək müqaviləsi müddətli (10 ay) bağlansın. Nəzərə alınmalıdır ki, həmin ərizə ilə iddiaçı müddətlə bağlı iradə ifadə edib. İradə ifadəsinin isə motivi olur. Lakin müəssisənin adı motiv sayıla bilməz, çünki müəssisənin adı ilə müqavilənin müddəti arasında heç bir əlaqə yoxdur. Ona görə də sual yananır ki, uzun müddət istehsalat təlimi ustası vəzifəsində işləyən iddiaçı hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verib? Ağlabatan motiv yoxdur. Ona görə də hesab olunur ki, iddiaçı ərizəni işəgötürənin diktəsi ilə yazıb. İddiaçı özü də bildirir ki, işəgötürən ona deyib ki, əgər müddətli əmək müqaviləsinin bağlanması barədə ərizə yazmasa onu işə qəbul etməyəcək, ona görə də işindən məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq ərizə yazmağa məcbur olub. Əgər əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığana istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Çünki son dövrdə zərurət olmadan müddətli əmək müqavilələri bağlanır, bununla da işəgötürənlər gələcəkdə yarana biləcək əmək mübahisələrindən özlərini sığortalayırlar. Belə ki, “arzuolunmaz” işçini əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad etmək işəgötürən üçün daha münasibdir, nəinki işçilərinin sayının və ya ştatının ixtisarına görə, yaxud əmək funksiyalarının yerinə yetirilməməsinə görə. Əgər işçi özünün “arzuolunmaz” sayılmasına şərait yaratmırsa, əmək münasibətləri öz axarında davam edir. Çünki müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 16.09.2019-cu il tarixli əmək müqaviləsini müddətsiz bağlanmış hesab edib. Müqavilə müddətsiz sayıldığına görə işəgötürənin onu Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən ləğv etməsi qanuna uyğun deyil. İddia müddəti keçməyib. Belə ki, iddia ərizəsi 10.12.2020-ci il tarixdə məhkəməyə daxil olub. Cavabdeh iddiaçıya müvafiq əmrin, əmək kitabçasının, haqqhesab sənədlərinin verildiyi günü təsdiq edən sübutları məhkəməyə təqdim edə və həmin günlə 10.12.2020-ci il tarixinin arasında 1 aydan çox vaxt olduğunu sübut edə bilmir. Beləliklə, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddianın rədd edilən hissəsində qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar