Məhkəmə qərarları › İş №2(103)-6571/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6571/2023

29.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6571/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, “X7” ASC-yə (üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsi) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6571/2023 (Açar sözlər: hərracın yekunlarının etibarsız hesab edilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdeh “X7” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC, “X7” ASC (üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsi) qarşı hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1139/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 41-3/13SU saylı əlavə kredit müqaviləsi ləğv edilmiş, İddiaçı 55280.79 ABŞ dolları əsas borc, 4142.99 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu "xxxx" ASC xeyrinə tutulmuş, tələb "xxxx" ASC ilə cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinə yönəldilməyi, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinin ilkin satış qiyməti 125000 manat müəyyən edilmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-3395/2021 nömrəli qətnaməsi ilə bankın iddiası təmin edilmiş, cavabdehlər İddiaçı, X2, Əsgərov Əjdər Şiralı oğlunun, X5 və X4 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılaraq fərdi yaşayış evinın boşaldılması, hazırkı qətnamənin göstərilən şəxslərin həmin evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alımışdır.

3. 18 mart 2020-ci il tarixli, Y-48/1 saylı “Hərracın nəticələri haqqında” protokolla İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsini ipotekasaxlayan "xxxx" ASC-nin 79688 manata alması rəsmiləşdirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, “X7” ASC-yə (üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən 18 mart 2020-ci il tarixində keçirilən hərracın yekunları barədə Y-48/1 nömrəli protokolun etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin hərracın nəticələri haqqında 18 mart 2020-ci il tarixli, Y-48/1 saylı protokoluna əsasən mübahisəli ev Sumqayıt şəhər Məhkəməsinin 2(060)-93/2018 saylı, 28 mart 2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" KB ASC-yə 79.688 manata satılmışdır. Tərəfindən müəyyən olunmuşdur ki, kredit məbləğinin əksər hissəsi ödənilmiş və hələ də ödəniş davam etdirilir. Kredit müqaviləsi bağlanan zaman "xxxx" KB ASC tərəfindən bir sıra qanunsuzluqlara yol verilmişdir. Belə ki, kredit müqaviləsinə əsasən ödənişin ABŞ dolları ilə ediləcəyi sonradan ona məlum olmuşdur. Hazırda "xxxx" KB ASC tərəfindən qanunsuz olaraq Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evindən çıxarılmağı tələb olunur. Onun və ailə üzvlərimin istifadə hüququ əsassız olaraq məhdudlaşdırılır. Ailə üzvləri və iddiaçı həmin fərdi yaşayış evində qeydiyyatdadır və hazırda mübahisəli fərdi yaşayış evindən başqa mənzili yoxdur. 18 mart 2020-ci il tarixli hərracın nəticələri düzgün qiymətləndirilməmişdir. Belə ki, cavabdeh “Əmlak İxtisalaşdırılmış Hərrac Mərkəzi” tərəfindən qanunvericiliyin normaları pozularaq 3 dəfə hərrac keçirilmişdir və fərfi yaşayış evi 79688 manata cavabdeh "xxxx" ASC-yə satılmışdır. Bundan əlavə, hərracın keçirilməsi barədə ona məlumat nə sifarişli poçt məktubuyla, nə də elektron poçt vasitəsilə göndərilməmişdir. Həmçinin, "xxxx" ASC əmlakı hərraca çıxarılarkən onun mülkiyyətçi olduğunu və hərracın keçirilməsindən xəbəri olmadığını biləbilə əmlakı əldə etdiyinə görə vicdanlı əldə edən sayıla bilməz, bu səbəbdən də alğı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır.

6. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi yazılı izahat vermiş və izahatını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evi kreditin təminatı olaraq "xxxx" ASC-də ipotekaya qoyulmuş və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-93/2018 saylı, 28 mart 2018-ci il tarixli qətnaməsi əsasında tutma yönəldilərək açıq hərraca çıxarılmışdır. "xxxx"nin hərracın nəticələri haqqında 18 mart 2020-ci il tarixli 48/1 saylı protokoluna əsasən qeyd olunan ev Sumqayıt şəhər Məhkəməsinin 3/2018 saylı, 28 mart 2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC-yə satılmışdır. Bununla bağlı "xxxx" ilə "xxxx"KB ASC alğı-satqı müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən qeyd olunan ev üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ 01 dekabr 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Həmin fərdi yaşayış evinin hərracda satılmasına baxmayaraq, İddiaçı və digərləri qeyd olunan evdə yaşamağa və qeydiyyatda qalmağa davam etdiyi içün "xxxx" ASC İddiaçı və digərlərinin istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdır. Sumqayıt şəhər Məhkəməsinin 20 may 2021-ci il, 2(060)-3395/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. ‘Unibank KB” ASC-nin həmin fərdi yaşayış evini hərracın nəticəsi olaraq mülkiyyətinə keçirməsindən məlumatlı olan İddiaçı yuxarıda qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(105)-2686/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı qeyd olunan qətnamədən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 2(102)-2940/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Göründüyü kimi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair Sumqayıt Şəhər Məhkəməsində işə İddiaçı iştirakı ilə baxılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-3395/2021 nömrəli qətnaməsindən apellyasiya və kassasiya şikayətlərini də İddiaçı vermişdir. Bununla da müəyyən olunur ki, İddiaçı 2021-ci ildə əmlakın hərracdan satılaraq bankın mülkiyyətinə keçməsi barədə məlumatlı olmuşdur. Odur ki, İddiaçı ona məxsus əmlakın hərracdan satılmış olmasından məlumatsız olması münkün deyildir. iddiaçı tərəfindən hərracın etibarsızlığı ilə bağlı tələb 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə verildiyindən, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə rədd edilməlidir.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı isə izahatında bildirmişdir ki, keçirilmiş hərrac tam qanunsuz olmuşdur. Hərrac keçirilib və 2018-ci ildə yekunlaşmışdır. Təxminən il yarımdan sonra evin boşaldılması ilə bağlı ona müraciət edilmişdir. İcra məmurunun ona söylədiyinə görə hərrac üç dəfə keçirilmiş və dəvət edilməsi ilə bağlı rəsmi bildiriş mövcud olmamışdır. Evin dəyərinin 200000-250000 olmasına baxmayaraq 120000-125000 dəyərində qiymətləndirilmiş və bank da 80000 manata almışdır. "xxxx" KB ərizəsində hərracdan məlumatlı olduğunu bildirsə də, bununla bağlı hər hansı rəsmi və ya qeyri-rəsmi bildirişin, hətta telefon zəngi belə olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Cavabdehlərin məhkəmə iclasına gəlməyini və qeyd etdikləri sübutlarını təqdim etmələrini, həmçinin iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1139/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 354.2, 372.1, 372.2, 373-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2, 42.1, 42.5, 42.6, 43.1.1, 43.5, 43.7, 43.8, 44-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır, icra məmurunun ona söylədiyinə görə hərrac üç dəfə keçirilmiş və dəvət edilmək ilə bağlı rəsmi bildiriş mövcud olmamışdır. “Əmlak İxtisalaşdırılmış Hərrac Mərkəzi” tərəfindən qanunvericiliyin normaları pozularaq 3 dəfə hərrac keçirilmişdir və fərdi yaşayış evi 79688 manata cavabdeh "xxxx" ASC-yə satılmışdır. Bundan əlavə, hərracın keçirilməsi barədə ona məlumat nə sifarişli poçt məktubuyla, nə də elektron poçt vasitəsilə göndərilməmişdir. Həmçinin "xxxx" ASC əmlak hərraca çıxarılarkən iddiaçının mülkiyyətçi olduğunu və hərracın keçirilməsindən xəbəri olmadığını bilə-bilə əmlakı əldə etdiyinə görə vicdanlı əldə edən sayıla bilməz, bu səbəbdən də alğı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Keçirilmiş hərrac tam qanunsuz olmuşdur. Hərrac keçirilib və 2018-ci ildə yekunlaşmışdır. Təxminən il yarımdan sonra evin boşaldılması ilə bağlı ona müraciət edilmişdir. Evin dəyərinin 200000-250000 olmasına baxmayaraq 120000-125000 dəyərində qiymətləndirilmiş və bank da 80000 manata almışdır. "xxxx" KB ərizəsində hərracdan məlumatlı olduğunu bildirsə də, bununla bağlı hər hansı rəsmi və ya qeyri-rəsmi bildirişin, hətta telefon zəngi belə olmamışdır. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”-nin hərracın nəticələri haqqında xx.xx.2020-ci il tarixli, 48/1 saylı protokoluna əsasən mübahisəli ev Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-93/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən banka 79.688 manata satılmışdır. Bildirir ki, tərəfindən müəyyən olunmuş kredit məbləğinin əksər hissəsi ödənilmiş və həmçinin ödəniş hələ də davam etdirilir. Hazırda "xxxx" KB ASC tərəfindən qanunsuz olaraq Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evindən çıxarılmağı tələb olunur. Nəticədə onun və ailə üzvlərinin istifadə hüququ əsassız olaraq məhdudlaşdırılır. Qeyd edir ki, ailə üzvləri və o, həmin fərdi yaşayış evində qeydiyyatdadırlar və hazırda mübahisəli fərdi yaşayış evindən başqa mənzili yoxdur. “Əmlak İxtisalaşdırılmış Hərrac Mərkəzi” tərəfindən keçirilən hərrac barədə xəbəri olmamış və hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı ona hər hansı məlumat verilməmişdir. Bu səbəbdən həmin hərracın və onun nəticələrinin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Hesab edir ki, Səbail Rayon Məhkəməsinin e-2(009)- 1139/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə işin faktiki halları tam araşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən iddiaçı ümumilikdə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişdirlər. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

17. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

18. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

19. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

20. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

21. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

22. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu (hərracın keçirildiyi tarixdə qüvvədə olan redaksiyası)

23. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

24. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

25. Maddə 42.5-ci və 42.6. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar.

26. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

27. Maddə 43.7 və 43.8.. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7, 43.8).

28. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur

“İcra haqqında” Azərbaycan Respublikası Qanunu

29. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.

30. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.

31. Maddə 53.3. Əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. 41.İddia tələbindən görünür ki, iddiaçı hərracın və onun nəticələrinin etibarsızlığını keçirilən hərracın 3 dəfə keçirilməsi, hərracdan onun xəbərinin olmaması və hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı ona hər hansı məlumatın verilməməsi ilə əsaslandırmışdır.

42. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 41-3/13SU saylı əlavə kredit müqaviləsi ləğv edilmiş, İddiaçı 55280.79 ABŞ dolları əsas borc, 4142.99 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu "xxxx" ASC xeyrinə tutulmuş, tələb "xxxx" ASC ilə cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinə yönəldilməyi, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinin ilkin satış qiyməti 125000 manat müəyyən edilmişdir.

43. 18 mart 2020-ci il tarixli, Y-48/1 saylı Hərracın nəticələri haqqında Protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsi ipotekasaxlayan "xxxx" ASC 79688 manata almışdır

44. Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilədən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsini "xxxx" ASC 79688 manata almışdır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-3395/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İddiaçı, X2, Əsgərov Əjdər Şiralı oğlunun, X5 və X4 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılaraq fərdi yaşayış evinın boşaldılması, hazırkı qətnamənin göstərilən şəxslərin həmin evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(105)-2686/2021 nömrəli qərarı ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-3395/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-2940/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-2686/2021 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

46. Sumqayıt Apellyasiya Məhkəməsinin 27 mart 2023-cü il, 2(105)-835/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" KB ASC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın nəticələri barədə protokolun etibarsızlığına dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, "xxxx" MMC tərəfindən 18 mart 2020-ci il tarixində keçirilən hərracın yekunları barədə Y-48/1 nömrəli protokolun etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(060)-7787/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" KB ASC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın nəticələri barədə protokolun etibarsızlığı barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin 27 mart 2023-cü il, 2(105)-835/2023 nömrəli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(060)-7787/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

47. Sumqayıt şəhər Məhkəməsinin 8(060)-691/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, borclu İddiaçı 29 avqust 2022-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3395/2021 nömrəli qətnaməsinin icrasına bir il müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi artıq icraya yönəldilmişdir. Həmin qətnaməyə əsasən 170 000 manat pul “Karvan” Ticarət Mərkəzindən onun xeyrinə tutularsa o, bankın borcunu ödəyə və evinin əlindən çıxmasının qarşısını ala bilər. Bunun üçün ona möhlət verilməsi zəruridir. Qeyd edilənlərə əsasən ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3395\2021 nömrəli qətnaməsinin icrasına bir il müddətinə möhlət verilməsi barədə borclu İddiaçı ərizəsi təmin edilməmişdir.

48. Apellyasiya icraatı zamanı iddiaçının apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə sübutların təmini qaydasında qərardad qəbul edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-93/2018 saylı, xx.xx.2018-ci il tarixli İcra sənədi üzrə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı İddiaçı məxsus olmuş fərdi yaşayış evinə dair keçirilmiş hərracla bağlı (xx.xx.2020-ci il tarixli protokol № Y-48/1; protokol № Y-101/1/1) olan sənədlərin (hərrac işinin) əsli və ya təsdiq olunmuş surətlərinin "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır. Sübutların təqdim edilməsi və qərardadın icrası "xxxx" MMC-yə və Yasamal rayon İcra şöbəsinə həvalə edilmişdir.

49. Qərardadın icrası ilə bağlı Bakı şəhəri Səbail rayon İcra şöbəsindən daxil olmuş məktubda və qərarda qeyd edilmişdir ki, "xxxx" MMC-nin yerləşdiyi ünvanın sökülməsi ilə əlaqədar onun əmlakına baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən icra sənədinin icrasını icrasını təmin etmək mümkün olmadığından icra sənədi Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

50. Beləliklə, işdə olan sübutlar əsasında müəyyən olunmuş işin hallarına görə, bank kredit müqaviləsi ilə İddiaçı kredit vermişdir. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 41-3/13SU saylı əlavə kredit müqaviləsi ləğv edilmiş, İddiaçı 55280.79 ABŞ dolları əsas borc, 4142.99 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu "xxxx" ASC xeyrinə tutulmuş, tələb "xxxx" ASC ilə cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinə yönəldilmiş, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinin ilkin satış qiyməti 125000 manat müəyyən edilmişdir. Sumqayıt rayon icra idarəsinin qərarı ilə icra işi üzrə icraata başlanılmışdır. "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mübahisəli fərdi yaşayış evi Sumqayıt rayon İcra İdarəsinin sifarişi əsasında hərraca çıxarılmışdır. İlkin satış qiyməti 125000 manat müəyyən edilmişdir. Keçirilmiş hərrac nəticəsində ipoteka saxlayan "xxxx" ASC sözügedən əmlakı 79688 manata almışdır.

51. İddiaçı məhz hazırki iddia ilə hərraclar barədə məlumatı olmadığını, hərracların qanunla müəyyən edilmiş qaydada keçirilmədiyini iddia etsə də, bu halların təsdiqi ilə bağlı hər-hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

52. Həmçinin, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

53. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.

54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.

55. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

56. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.

57. İş materiallarından görünür ki, iddiaçının hərracın keçirilməsi və mübahisəli mənzilin bankın mülkiyyətinə keçməsi ilə bağlı 2021-ci ilin əvvəllində məlumatı olmuşdur. Lakin buna baxmayaraq hərracın etibarsızlığı ilə bağlı tələb onun tərəfindən ilk dəfə 2022ci ilin noyabr ayında, sonra isə xx.xx.2023-cü il tarixdə, yəni bir il müddət keçdikdən sonra məhkəmədə qaldırılmışdır.

58. Bununla da kollegiya hesab edir ki, iddiaçı əqdlərin mübahisələndirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti də ötürmüşdür. Bu səbəbdən də hazırki iddiası təmin edilə bilməz.

59. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

60. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

62. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

63. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1139/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar