Məhkəmə qərarları › İş №2(103)-6571/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6571/2025

12.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6571/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Şuriyə qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş (Açar sözlər: «mənzilə köçürülmə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı2, nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4027/2025 saylı, 23 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Şuriyə qızının birgə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: İddiaçı1 1989-cu ildə X6 ilə nikaha daxil olmuş, bu nikahdan İddiaçı2 və İddiaçı3 Şuriyə qızı doğulub.

2. X6 2017-ci ildə ölüb.

3. Bakı şəhəri, Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsi, 16 saylı fərdi yaşayış evinin bir hissəsi (yaşayış evi 36.1 kv.m. və torpaq sahəsi ümumi birgə) X1, digər hissəsi (fərdi yaşayış evi 120.5 kv.m. və torpaq sahəsi ümumi birgə) Cavabdeh3 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Şuriyə qızı həmin ünvanda qeydiyyatdadırlar.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Şuriyə qızının cavabdehlər X4, Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeydiyyatda olduqları Yasamal rayonu, Şahtaxtinski ev 16 ünvanında yerləşən mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş edib.

5. İddiada göstərilib ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçüb, övladları həmin evdə doğulub və orada qeydiyyatdadır, lakin cavabdehlər tərəfindən onlara maneələr yaradılır və qeyd edilən fərdi yaşayış evində yaşamalarına imkan vermir. Dəfələrlə münasibətlərini qorumağa çalışıb, lakin cavabdehlər əsassız olaraq maneələr törədir və evdə yaşamalarına imkan vermir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Məhkəmə iddiaçıların vəsatətinə əsasən X2 və Cavabdeh2 cavabdehlər sırasından çıxarıb, Cavabdeh3 isə cavabdeh qismində işə cəlb edib.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4027/2025 saylı, 23 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı1 1989-cu ildə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin evdə yaşayarkən 1990-ci ildə qızı (digər iddiaçı) İddiaçı2 anadan olmuşdur. İddiaçı 1999-cu ildə Cavabdeh1 qardaşı olan həyat yoldaşı ilə faktiki olaraq ayrılaraq evi tərk etmişdir. 2005-ci ildə onun qızı digər İddiaçı3 Şuriyə qızı onların kirayə qaldıqları evdə doğulmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsi, 16 saylı fərdi yaşayış evinin bir hissəsi (yaşayış evi 36.1 kv.m. və torpaq sahəsi ümumi birgə) X1, digər hissəsi (fərdi yaşayış evi 120.5 kv.m. və torpaq sahəsi ümumi birgə) Cavabdeh3 mülkiyyətlərindədir. İddiaçı ona və qızlarının atasına məxsus olan həmin yaşayış evinə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzillə bağlı hüquqları 1999-cu ilə qədər yarandığından hazırki mübahisəyə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan) Mənzil Məcəlləsinin müddəaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Belə ki, köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin 3-cü bəndinə əsasən, Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə saxlanır. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi). Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Həmin Məcəllənin 118-ci maddəsinə əsasən, Xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər. Həmin Məcəllənin 126-cı maddəsinə əsasən, Xüsusi mülkiyyət hüququ ilə vətəndaşa məxsus evdə yaşayış sahəsinin icarədarı ona icarəyə verilmiş sahəyə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdir. İcarədar təcrid edilmiş sahə tutursa, o özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini) və əmək qabiliyyəti olmayan valideynlərini də oraya köçürmək ixtiyarına malikdir. Başqa şəxslərin köçürülməsinə yalnız ev mülkiyyətçisinin və icarədar ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə yol verilir. Qanunvericiliyin tələblərinə görə iddiaçının mübahisəli mənzilə istifadə hüquqları 1994-cü ildə yaranmışdır. Belə ki, o, valideynləri ilə həmin evdə yaşamış, onlarla bərabər hüquqlar, o cümlədən istifadə hüquqları əldə etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd olunur: “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.” Bununla əlaqədar, İddiaçı1 qızı İddiaçı2 ilə birlikdə 1999-cu ilədək mübahisəli evdə yaşamış, həmin tarixdə evi tərk etmişdir. Onun həyat yoldaşı 2017-ci ildə vəfat etmişdir. İddiaçılar həmin vaxta kimi və ondan sonra da mübahisəli fərdi yaşayış evinə qayıtmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsi, 16 saylı fərdi yaşayış evi ilkin tarixsiz olaraq X5 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2- 1302-2003 nömrəli xx.xx.2003-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-477 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin 36.1 kv.m hissəsi X1 adına qeydiyyatdan keçmişdir; Hazırda Bakı şəhəri, Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsi, 16 saylı fərdi yaşayış evinin bir hissəsi (yaşayış evi 36.1 kv.m. və torpaq sahəsi ümumi birgə) X1, digər hissəsi (fərdi yaşayış evi 120.5 kv.m. və torpaq sahəsi ümumi birgə) Cavabdeh3 mülkiyyətlərindədir. Həmçinin iş materiallarında olan ünvan 3 ünvanında (ümumi həyətdə) yaşayan və pasport qeydiyyatında olan qonşular X7, X8, X9 tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan, mənzili satıldıqlarına görə, yaşamaq hüququ olmayan İddiaçı1, qızları – Aygün və İlahə Şuriyə qızları, 16 ildən artıqdır ki, Şaxtaxtinski 16 ünvanında yaşamırlar və yaşayış yerləri məlum deyil. Göründüyü kimi mübahisəli mənzil İddiaçı1 həyat yoldaşına məxsus olmamışdır və hazırda paylı mülkiyyət hüququ əsasında bir hissəsi X1, digər hissəsi (fərdi yaşayış evi 120.5 kv.m. və torpaq sahəsi ümumi birgə) Cavabdeh3 mülkiyyətindədir. İddiaçıların həmin mənzildə əvvəllər yaşamaq hüquqları olsa da, onlar 1999-cu ildə mənzili tərk etdikdən sonra 6 ay ərzində həmin fərdi yaşayış evinə qayıtmamış və orada yaşamamışlar. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar mübahisəli fərdi yaşayış evində uzun illərdir yaşamadığından həmin fərdi yaşayış evinə dair istifadə hüquqlarını itirmişdirlər. Bundan başqa məhkəmə tərəfindən 19 sentyabr 2025-ci il tarixdə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə yerində müayinə keçirilən zaman müəyyən olunmuşdur ki, mübahisəli mənzil həyətin girişinin sağ tərəfindən yerləşir. Birinci otaq mətbəx kimi istifadə olunur və həmin otaqdan yataq otağına keçid mövcuddur. Otaqların pəncərələri yoxdur. Yanaşı otaqlara həyətdən keçərək daxil olmaq mümkündür. Həmin otaqlarda mətbəx və yataq otağı kimi istifadə edilir. Cavabdeh3 otaqlarda digər cavbadehlərin yaşadıqlarını, özünün isə başqa ərazidə yaşadığını bildirir. Həmçinin, İddiaçı2 atasının onun əmisi oğlu olduğunu, vəfatından əvvəl həyətdəki evdə 3 ay yaşadıqdan sonra sataraq başqa yerə köçdüyünü qeyd edir. İddiaçı2 atasının vəfat etməzdən yaşadığı 2-ci otağa köçmək istədiyini bildirir. Göründüyü kimi iddiaçılar mübahisə olunan evdə 1999-cu ilədək yaşamış, həmin ildə evi tərk etmiş, daha sonra da mübahisəli mənzilə köçürülmə barədə iddia irəli sürməmişdirlər. Beləliklə, qanunvericiliyin tələbinə əsaslanaraq qeyd edilməlidir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evindən istifadə hüququ itirildiyindən onların həmin mənzilə köçürülməsinə hər hansı bir hüquqi əsası yoxdur. İddiaçılar, uzun illərdir orada yaşamır, iddiaçıların formal qeydiyyatı mübahisəli mənzilə köçürülməsinin qanuni əsası kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən, hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Şuriyə qızı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən işin faktiki halları müəyyən edilməmişdir. Təxminən 9-10 yaşınadək həmin evdə yaşamışlar. Bibiləri və nənəsi tərəfindən incidilməsi səbəbindən köçməyə məcbur qalmışlar. Anası onları tək böyüdüb, qarşı tərəfdən maddi dəstək görməmişlər. Onların atalıqdan məhrum olunmalarını istəsələr də, mümkün olmamışdır. Atası ilə görüşlərinə məhdudiyyət qoyulmuş, buna baxmayaraq atası ilə görüşmüşlər. Atası pis vərdişlərə yiyələnmişdir. Atası bibilərin təşəbbüsü ilə həbs olunmuş və 4 il azadlıqdan məhrum edilmişdir (2010-2014). Bu illər ərzində anası Mehriban atasının cəzaçəkmə məntəqisinə getmiş, atasına baş çəkmişdir. 2015-ci ildə nənəsi rəhmətə gedəndən sonra atasına təzyiqlər artmışdır. Bu vaxtlarda bibilərinin narazılığına baxmayaraq yenə də qızları, yoldaşı ilə görüşmüşdür. Atası bibiləri tərəfindən Narkoloji dispanserə yerləşdirilmişdir. Atası qızı Aygündən dispanserə yerləşdirilməməsi üçün kömək istəmişdir. Atası narkolojidə olan zaman da qızı Aygün atasına baş çəkmişdir. Bir müddət sonra atası dispanserdən qaçaraq evə qayıtmışdır. Artıq sağlamlığında problemlər yaranmışdır. 2017-ci ildə atası rəhmətə getmişdir. Bibiləri onlardan xəbərsiz evləri kirayə vermişdir. Həmçinin atasının yas mərasimləri qonşunun evində verilmişdir. Bir müddət sonra evin söküntüsü ilə bağlı Aygünə məlumat bildirilməmiş və səbəbini soruşarkən heç bir pay düşmədiyi bildirilmişdir. Məhkəməyə müraciət etdikdən sonra pay veriləcəyini demişlər və o, evin qanuni formada bölünməsini təklif etmişlər. Bibiləri həmin evdən başqa ərazilərə köçmüşlər. Məhkəmə prosesi ilə əlaqədar müvəqqəti orada yaşayırlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda dayısının köməyi ilə kirayədə yaşayırlar. 1999-cu ildə evi məcburi tərk etmişlər. Atası nənəsindən sonra vəfat edib. Valideynlərinin nikahları pozulmayıb. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında İddiaçı2 və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər iddiaçılar İddiaçı2, İddiaçı3 Şuriyə qızı və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin iddiaçıların və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. xx.xx.1982-ci il 8 iyul tarixli (yəni xx.xx.2009-ci il tarixədək qüvvədə olan) Mənzil Məcəlləsi:

Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; Maddə 60.İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123.Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

14. Konstitusiya Məhkəməsinin Plenumunun qərarları:

14.1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. 14.2. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 14.3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. 14.4. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Qərarda həmçinin göstərilib ki, Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. 14.5. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenumunun Qərarında qeyd edilir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. - Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

23. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

26. Əvvəla, Cavabdeh3 mübahisəli fərdi yaşayış evinin 2003-cü ildən mülkiyyətçisi olsa da iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmayıb. Belə ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin 2-ci cümləsi onlara bu hüquqi imkanı versə də bunun mübahisəli olması, yəni uzun illər əvvəl 1999-cu ildə həmin ünvandan daimi olaraq başqa ünvana köçüb yaşamasını özləri də inkar etmir. Demək ki, iddiaçıların 1999-cu ilədək həmin ünvanda yaşamasının həqiqi olması belə heç nəyi dəyişmir.

27. Başqa sözlə, mübahisəli fərdi yaşayış evinin 2003-cü ildən cavabdehin mülkiyyətinə keçməsindən əvvəl, yəni 1999-cu ilədək orada həqiqətən yaşaması belə xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından onlara hansısa toxunulmaz bir hüquq vermir. Yəni, iddiaçıların X3 ailə üzvü olması və birgə 1999cu ilədək orada yaşamaları da iddianı və şikayəti əsaslı etmir. Çünki yaşayış sahəsindən istifadə hüququ mütləq hüquq kimi daimi və əbədi xarakterə malik deyil. Bunun üçün ən azından qeyd olunan Mənzil Məcəlləsinin 53, 54, 60, 87 və 123-cü maddələrinin tələblərini nəzərə almalı və onlara riayət edilməli idi.

28. İddiaçıların mübahisəli fərdi yaşayış evində yaşamaq üçün ehtiyacının olduğunu göstərsə də bu dəlillər həm həqiqi, inandırıcı və ağlabatan, həm də həyatı olmalıdır. Əks halda bu cür dəlillərdən yalnız kəlmə olaraq istifadə edilməsi onların həqiqiliyini təsdiq etmir. Belə ki, onlar 26 ildən artıq bir müddətdə fərdi yaşayış evini daimi olaraq tərk etmədiyinə və orada yaşamağa ehtiyacının olmasına dair məhkəməyə heç bir sübut təqdim etmir. Ən azından ötən həmin müddətdə cavabdehlərin onlara qarşı fərdi yaşayış evi ilə bağlı qanunsuz hərəkətləri olmuşdursa, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərdi, ancaq etməmiş yaxud etməsinə dair məhkəməyə hansısa sübut təqdim etməmişdir.

29. Bir daha qeyd olunur ki, əgər həqiqətən də mübahisəli evdən daimi yaşamaq üçün başqa ünvana köçməmişdirsə və evdə yaşamağa ehtiyacı vardırsa buna dair istənilən bir sübut təqdim etmək imkanı olardı. Belə bir sübutların olmaması da onların gətirdiyi dəlillərin əsassızlığını təsdiq edir.

30. Doğrudur Konstitusiya Məhkəməsi 12 mart 1999-cu il tarixli qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Ancaq hazırki iş üzrə Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar, yəni iddiaçıların daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsi təsdiq olunur və onların mübahisəli fərdi yaşayış evində uzun müddətdə, yəni 26 ildən artıq bir müddət ərzində yaşamamasının səbəbi də məhz ailə olaraq başqa ünvana köçüb yaşamaq və birgə ailə təsərrüfatı aparmaq zərurəti olmuşdur. Başqa cür ola bilməsi də mümkünsüzdür. Çünki iddiaçıların Ailə Məcəlləsinin tələbləri baxımından qohumluq münasibətlərində olmayan Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evində yaşamaq istəməsi yaxud yaşamamaq üçün kompensasiya almaq arzusu da ağlabatan deyildir. Demək ki, iddiaçıların Cavabdeh3 2003-cü ildən mülkiyyətində olan fərdi yaşayış evində əvvəllər yaşaması iddianın əsaslı olmasına dəlalət etmir. Çünki iddiaçılar Cavabdeh3 ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özlərinin saxlanılmasını tələb etmək hüququ olmadığından köçmək istədikləri yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz.

31. Apellyasiya baxışı zamanı iddiaçı tərəfin mövqeyindən bəlli oldu ki, əslində onların niyyəti heç də 26 il əvvəl tərk etdikləri evdə yaşamaq ehtiyacı deyil, kompensasiya əldə etmək istəyidir. Ancaq bu vəziyyətdə əsl niyyəti ilə iddiası arasında ziddiyyət yaranır. Çünki fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi üçün, həmin evdən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməmək və yaşamağa ehtiyacın olması tələb olunur. Demək ki, iddiaçıların uzun müddət əvvəldən ailə olaraq birgə daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyündən və mübahisəli fərdi yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından onların evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi(itirilməsi) də düzgün ola bilməz.

32. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçılar üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda istifadə hüququnun yaanması, davam etməsi, xitam olunması hüquqdan başqalarına zərər vurmaq sui-istifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.

33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 4027/2025 saylı, 23 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4027/2025 saylı, 23 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar