Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6572/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, ddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə tələbinə dair” 2(001)-1278/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 8 noyabr 2007-ci ildə Cavabdeh1 ilə toy edərək ailə həyatı qurmuş, nikahlarını 06 may 2008- ci ildə rəsmiləşdirmişlər. Ailə qurduqdan sonra daimi yaşamaq üçün həyat yoldaşına məxsus Biləcəri qəs, 5-ci dağlıq küç, ev 2-də yerləşən 3 otaqlı evə köçmüşdür. Həmin vaxtdan birlikdə ailə təsərrüfatını idarə edirlər. Birgə nigahdan 09 aprel 2010-cu ildə X4 və 22 fevral 2014-cü ildə X5 uşaqları doğulmuşdur. O, göstərilən ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Həyat yoldaşımın qısqanclığı səbəbindən 2020-ci ilin fevral ayından ailəsində narazılıqlar yaranmağa başlamışdır. Həyat yoldaşı 2020-ci ildə nikahlarının pozulması ilə bağlı Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Həyat yoldaşı onun azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamasına icazə vermir. Hazırda bir neçə vaxtdır ki, atasının yanında yaşamaq məcburiyyətində qalmışdır. Ona görə uşaqları ilə birlikdə qanuni yaşamaq üçün daimi yaşadığı evə köçürülməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Yaşadığı ev 3 otaqdan ibarətdir. Həmin evdə qaynanası xx.xx.1962-ci il təvəllüdlü X2, 2 azyaşlı uşaqları, xx.xx.1981-ci il təvəllüdlü X7 qeydiyyatda olmaqla yaşayırlar. Qaynı 20.08.1983-cü il təvəllüdlü X6 isə həmin evdə qeydiyyatda olsa da Yasamal rayonunda bina evində 2 otaqlı evdə yaşayır. Onu daimi yaşadığı evinə buraxmırlar. O, həmin evə cehiz əşyaları ilə birlikdə gəlin köçmüş və hazırda da bütün cehizləri və ev əşyaları həmin evdədir. O, vaxtdan da dəfələrlə evə qeydiyyata düşməsi ilə bağlı təkliflərinə məhəl qoyulmamışdır. Baxmayaraq ki, ailə quranda onu evə qeydiyyata salmağa söz verilmişdi. Onlar birgə nikah dövründə həmin evi əsaslı təmir etmişlər. Birgə nikah dövründə qazandıqları əmlakı-pulu həmin evin təmirinə xərcləmişlər, bü gün onu evə buraxmaq istəmirlər. Uşaqları həmin ərazidə məktəbə gedir, polİkilinkada qeydiyyatdadırlar. Bilmir azyaşlı uşaqları ilə harada yaşasın, gah orada, gah burada ortalıqda qalmışdır. Qaynanası da o, evə gedəndə söz-söhbət yaradır. Onu evə buraxmırlar. Uşaqlarımın təlim-tərbiyədi, təhsili ilə də ciddi məşğul olmaqda da çətinliklərlə qarşılaşır. Hazırda həmin mənzilə o, cavabdehlərlə bərabər hüquq və vəzifələrə malikdir. Çünki cavabdehin həyat yoldaşıdır, 2 azyaşlı övladlarının anası və ailə üzvüdür. Həmin mənzildə onun ailəsi yaşayır. Ailə quranda da o, boş həmin mənzilə köçmüşdür. Mənzili təmir etmişlər. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan övladları 09.04.2010-cu il təvəllüdlü X4 və 22.02.2014-cü il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının irəli sürdüyü tələb dəqiq deyildir, cavabdehlərdən hansına qarşı hansı tələbin irəli sürüldüyünü müəyyən etmək mümkün olmur. Məsələn İddiaçı cavabdehliyinin nədən ibarət olması qətnamədən də müəyyən olunmur. Onun həmin ünvanda formal qeydiyyatı və yaşayış sahəsi ilə əlaqəli hər hansı başqa hüquqa və vəzifəyə sahib olmaması yaşayış evinə köçürülmə ilə əlaqəli cavabdehliyinin əsası yoxdur. Sonra isə, iddia tələbi qeyd olunan ünvanda sadəcə qeydiyyatda olan şəxslərə yönəlmişdir. Halbuki, istifadə hüququnun verilməsi ilə bağlı irəli sürülmüş tələb həmin yaşayış sahəsinə istifadə hüququ olan şəxslərə qarşı deyil, yaşayış sahəsinin sahibinə (mülkiyyətçisinə) qarşı yönəldilə bilərdi. Cavabdehlərin üçüncü şəxsin evə köçürülməsinə hansı əsasla və hüquqla cavab verməli olmaları da əsaslandırılmamışdır. Yox əgər evdə qeydiyyatda olduqları üçün cavabdehdirlərsə o zaman eyni əsasla həmin ünvanda qeydiyyatda olan digər şəxslər də cavabdeh olmalıdırlar. Belə şəxslərin sayı isə iyirmi nəfər ətrafındadır. Bundan başqa, iddiaçı özü ilə birgə uşaqların da evə köçürülməsini tələb edərkən ilk növbədə uşaqların həqiqətən də onunla olmalarını sübut etməli idi. Lakin nə iddiaçı bunu etməmiş, nə də ki, məhkəmə bu məsələni araşdırmış və qiymətləndirmişdir. Halbuki iddiaçı ilə Cavabdeh1 nikahları faktiki pozuılandan bu günədək, yəni bir ildən artıq bir müddətdir ki, uşaqlar ataları ilə birgə yaşayırlar və onun himayəsindədirlər. Aydın məsələdir ki, bir evdə iyirmi nəfər şəxs yaşaya bilməz. Cavabdehlərin və uşaqlarımın faktiki yaşadığı ev həmin ünvana yaxın yerləşən özbaşına tikilidir. İddiçının qətnamədə qeyd olunan ünvana köçürülməsi cavabdehə deyil, həmin ünvanın sahibinə və orada faktiki yaşayan şəxslərə çətinliklər və narazılıq yaratmaqla yanaşı qətnamənin icrasını da mümkünsüz edəcəkdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 təmsilçisi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi və əlavə etdi ki, iddiaçının köçmək istədiyi ev özbaşına tikilidir, cavabdehlərə məxsus deyildir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı cavabdehlər tərəfindən döyülərək evdən çıxarılmışdır, iddiaçı köçmək istədiyi ev 3 otaqdan ibarətdir və ailə qurduqdan sonra ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh2 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsində iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbə üzrə Nümayəndəliyinin 17.06.2020-ci il tarixli məktubundan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, tərəflərin nikahdan anadan olmuş X4, X5 və digər şəxslər ev kitabına əsasən ünvan 1 ünvanında qeydiyyatdadırlar. ünvan 2 ünvanında yaşayanlar X1, X9 və X8 tərəfindən imzalanmış aktdan məlum olur ki, İddiaçı 08.11.2007-ci il tarixdə Cavabdeh1 ilə ailə qurmuş və 13.02.2020-ci ilə qədər ünvan 1 ünvanında birgə yaşamışlar. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 19.02.2021-ci il tarixli məktubunda İddiaçı tərtib olunan müvafiq akta əsasən 2020-ci ilin fevral ayına kimi ünvan 1 ünvanında ailəsi ilə birlikdə qeydiyyatsız yaşadığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi işin tədqiq olunan hallarına əsasən belə nəticəyə gəlmişdir ki, mübahisəli yaşayış evi özbaşına tikilidir, iddiaçı ailə qurduqdan sonra həmin evə köçmüş, ailəsi ilə birgə qeyd edilən yaşayış sahəsində yaşamışdır. Həmin yaşayış evinə dair tərəflərin birinin digərinə münasibətdə mülkiyyətçi olaraq üstün hüququ mövcud deyil. Belə olan halda, mübahisəli ev özbaşına tikili olsa da, cavabdehlərin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququnu həyata keçirməsində hər hansı maneə yaradıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Alı Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 yanvar 2010-cu il tarixli Qərarında qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası Cavabdeh1 hazırkı iddia tələbinin həmin yaşayış sahəsinə istifadə hüququ olan cavabdehlərə qarşı deyil, yaşayış sahəsinin sahibinə (mülkiyyətçisinə) qarşı yönəldilə bilməsi barədə dəlilini əsaslı saymır. Belə ki, cavabdeh həmin fərdi yaşayış sahəsinin başqa bir şəxsə məxsus olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə işin halları ilə müəyyən edilir ki, tərəflər ailə həyatı qurduqdan sonra daim həmin evdə yaşamışlar. Həmçinin, Cavabdeh2 həmin yaşayış sahəsinə formal qeydiyyatdan başqa hər hansı başqa hüquq və vəzifəyə sahib olmadığına görə cavabdehliyinin istisna edilməsi barədə dəlili də əsaslandırılmamışdır. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(001)- 1278/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6572/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6572/2021
28.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver