Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6572/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovdan və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2003/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2003/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti şikayət verərək, qərardadının ləğv edilməsi və iddia ərizəsinin baxılması üçün icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2003/2023 saylı, 03 oktyabr 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2003/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, iddiaçı Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinin müzakirəsi edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinin bağlanması üçün torpaq sahəsini icarəyə götürmək istəyən şəxs bilavasitə icarə müqaviləsinin bağlanması üçün müraciət etməli olduğundan hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmamalıdır. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin ikinci hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən normada qeyd olunan “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yuxarıda qeyd olunan normanın məzmununa görə səlahiyyətli dövlət orqanı hesab olunur. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı halda məhkəməyə müraciət etmək hüququ vardır. Kollegiya bildirir ki, iddiaçı qismində fiziki şəxs çıxış etsə idi, bu halda məhkəməyəqədər mərhələdə fiziki şəxsin ilk növbədə hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciət etməsi tələb olunardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Hazırkı işdə iddiaçı dövlət orqanı, cavabdeh isə fiziki şəxsdir. Belə ki, “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyannın 60-cı maddəsinin 1-ci hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Kolegiya onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini yuxarıda qeyd olunan əsasla geri qaytarılması qənaətinə gəlməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2003/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, iddiaçı Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinin müzakirəsi edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2003/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinin müzakirəsi edilməsi üçün iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6572/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6572/2023
25.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver