Məhkəmə qərarları › İş №2(103)-6574/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6574/2021

21.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6574/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya" Publik Hüquqi şəxsinə qarşı “işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair 2(001)-1731/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş əmrin ləğvi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya" da əmək bazarının proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi, məcburi işəburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 16.762 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 21762 manat pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, onun barəsində qəbul edilmiş əmrin ləğvi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” da əmək bazarının proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. İşlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşurların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”-da əmək bazarının proqnazlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Yeni yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya da bu qəbildən olan işlərlə məşğul olacaqdır. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 №-li Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanının 2.2.bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2019-cu il tarixli, 775 nömrəli Fərmanının və AR Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli, 95 nömrəli Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi, məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmi-tədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun “Məşğulluq sahəsində dövlətin vəzifələri” barədə 8ci maddəsinin 8.03-cü bəndinə uyğun olaraq “işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından” ibarətdir. Lakin, aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əməl etməməsi, səriştəsiz və yarıtmaz fəaliyyəti dövlətin apardığı məqsədyönlü struktur islahatlara kölgə salmaqdadır. Azərbaycan Respublikası Prezidentinin ETTM-in ləğvi ilə bağlı yuxarıda sözü keçən Fərmanın icrasının ƏƏSM Nazirliyi tərəfindən guya “gerçəkləşdirildiyi” vaxt iddiaçını 29 mart 2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar onlara evdə oturmağa icazə vermişdilər) ərizə yazmağa məcbur etdilər ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində ”Əmək Bazan və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da işlə təmin olunmağına dair X4 adına ərizə yazdırdılar. 29 mart 2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan öz xahişi ilə işdən azad olunmağa ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 mart 2020-ci il tarixli, 01/411 mömrəli sənədə əsasən 29 mart 2020-ci il tarixindən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 30 iyun 2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar yenə evdə olduğuna görə işə çağırıb işdən azad olunduğunu şifahi olaraq bildirdilər. İşdən azad olunduğu gün bu barədə heç bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Belə bir kobud hüquq pozuntuları ilə əlaqədar 02 iyul 2020-ci il tarixdə nazir cənab Sahil Babayevə kollektiv müraciət etmişlər. Hazırkı vaxta qədər heç bir cavab verilməmişdir. 20 iyul 2020-ci il tarixdə isə Mehriban xanım Əliyevanın adına ünvanlanmaqla, əvvəlki məktubun və yeni məktubun surətlərini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), ƏƏSM Nazirliyinə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərmişlər. Sonuncu müraciətlərinə ƏƏSM Nazirliyinin Aparatının rəhbərinin imzası ilə 28 avqust 2020-ci il tarixli, **********3 nömrəli və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 07 sentyabr 2020-ci il tarixli, 2/15627-20 nömrəli cavab məktublarını almışlar. Həmin cavab məktublarma əsasən ƏƏSM Nazirliyinin Aparatının rəhbərinin istinad etdiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin maddələri də göstərir ki, məsələ Nazirlik tərəfindən mahiyyəti üzrə hüquqi baxımdan araşdırılmamış, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə istinad edərək bütün fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxıldığını bildirərək məhkəməyə müraciət edə biləcəklərini bildirmişdir. Yuxanda qeyd edildiyi kimi, bütün qanuni və hüquqi aktlara uyğun olaraq ləğv edilməsi mütləq olan təşkilatdan öz xahişləri ilə onlara məcburi ərizə yazdırıb (qanunla qorunan hüquqlarımıza təcavüz edərək pandemiya şəraitində onlara maddi və mənəvi zərbə vurmaqda) sosial müdafiəsini təmin etməli olan bir Nazirliyin məqsədi nədir görəsən. Azərbaycan Respublikası Baş Nazirinin imzaladığı 20 mart 2020-ci il tarixli, 01/411 nömrəli sənədə uyğun olaraq pandemiya şəraitində orta əmək haqlarının Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində saxlanılması və yuxarıda sözü keçən bütün normativ-hüquqi aktlara uyğun olaraq həmin ETTM-in ləğv edilməsinin də mütləq olduğu bir vaxtda, onlara məcburi ərizə yazdıraraq yeni yaradılan “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da esosial portaldan verilən çıxarışa əsasən 30 mart 2020-ci il tarixdən 30 iyun 2020-ci il tarixədək əsas iş yeri kimi 1D45V9N000401 nömrəli əmək müqaviləsini bağlamağın adı nədir. O, ilk öncə ETTM-in əməkdaşları kimi çalışmış, daha sonra Observatoriya yarandıqdan sonra işçi “öz xahişi” ilə işdən azad edilmiş və Observatoriyada 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və həmin 3 ayın tamamında onun əmək müqaviləsinə əmək müqaviləsinin vaxtı bitdiyi 3 ayın tamamında əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda 3 ayda fəalliyət göstərməyinə baxmayaraq əmək haqqı əksik verilmiş və ya müəyyən məbləğdə kəsintilər baş vermişdir. Yuxarıda göstərilənlərə əsasən də görmək olar ki, o, peşəkar, işdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir. Onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hərhansı bir əsas mövcud olmamışdır. Bundan əlavə işçiyə təqdim olunan əmək müqaviləsi yalnız əmək müqaviləsinə xitam verildiyi gün təqdim edilmiş və işçiyə imzalatdırılmışdır. Halbuki qanunvericiliyin bu norması da işəgötürən “Observatoriya” tərəfindən öncədən pozulmuşdur. Bundan əlavə həmin əmrlərlə müvafiq sənədləşmə işləri ilə ümumiyyətlə tanış olmadığından cavabdehin hazırki addımı atmaqda olan mahiyyəti tərəfindən anlaşılan deyil. Onun hansı əsaslarla işdən azad edilməsi, hansı prosedur qaydalara riayət edilib-edilməməsi onun üçün mücərrəd olaraq qalmaqdadır. Eyni zamanda hazırki işə əlavə olunan əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən də görünür ki, işəgötürən cavabdeh əmək haqqı ödənməsində də qanunsuzluğa yol vermiş, ödənişlərin bir qismini etmədən, sadəcə formal kağız üzərində əmək haqqı müəyyən etmişdir. Bu isə hüquqların əlavə olaraq kobud pozuntusudur. Cavabdehin hazırki əməlləri nəticəsində bu gün də əmək kitabçasını əldə edə bilməmişdir. Buna görə də hazırki günə qədər başqa bir iş yeri ilə əmək müqaviləsi bağlamaq imkanı xaricindədir. Təbii ki, bu da birbaşa cavabdehin təqsiri ucbatından baş vermişdir. Əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvəlində onun cədvəlin tərtib olunduğu günə qədər olan ziyanları müəyyən edilmişdir. Nəzərə alınsa ki, hələ də əmək kitabçası təqdim edilməmişdir, ona görə də hazırki günddə qanunvericiliklə nəzərdə tutulmuş cərimə funksiyasında cavabdeh cəzalandırılmalıdır. Eyni zamanda işdən çıxdıqdan sonra sosial ödənişlərlə, işsizlik sığortası ilə bağlı müraciət etməyinə baxmayaraq cavabdehin təqsiri ucbatından bu cəhdi də uğursuz alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin İddiaçı işdən azad edilməsi ilə bağlı olan 30 iyun 2020-ci il tarixli, **********2 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsində “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, hazırki iş üzrə tərəflər arasında 30 mart 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 30 iyun 2020-ci il tarixdə bitmişdir. 30 iyun 2020-ci il tarixli, **********2 nömrəli əmr ilə İddiaçı əmək bazarının proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən 30 iyun 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əmək qanunvericiliyinin qeyd olunan normalarının məzmununa əsasən əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər. Tərəflər arasında əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinin tələbinə müvafiq olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanılmış, iddiaçı tərəfindən bu halı istisna edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, əmək müqaviləsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra müqaviləyə xitam verilmişdir. Qeyd olunanlara əsasən, istinad olunan sahəvi qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, cavabdeh hesab edir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyin tələbləri pozulmamışdır. Lakin buna baxmayaraq məhkəmə iş üzrə səhv hüquqi nəticəyə gələrək iddia tələbini qanunsuz və əsassız olaraq təmin etmişdir. Başqa sözlə sözügedən əmək müqaviləsinin şərtləri tərəflərin sərbəst iradə azadlığına əsasən müəyyən edilmiş, təsadüfi deyildir ki, iddiaçı əmək müqaviləsinin müddət müəyyən edən normasını heç vaxt, hər hansı bir məhkəmə icraatında mübahisələndirməmişdir. Halbuki işçi əmək müqaviləsinin müddətli bağlanması barədə müddəası ilə onun məzmunundan tanış olmuş, hətta məhkəmə prosesində də elektron hökumət portalında müqavilənin 3 aylıq müddətə bağlanması barədə müddəasını gördüyünü etiraf etmişdir. İş üzrə materiallarda olan 31 mart 2020-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı arasında 30 mart 2020-ci il tarixdə müddətli əmək müqaviləsi üzrə sonuncu "əmək bazarının proqnozlaşdırılması" şöbəsinə şöbə müdiri təyin edilmişdir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin 28 avqust 2020-ci il tarixdə İddiaçı və digərlərinə ünvanladığı "kollektiv müraciətin cavablandırılması" barədə məktubun surətindən görünür ki, müraciət edənlər Nazirliyin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin 30 mart 2020-ci il tarixli ********** nömrəli əmri ilə 30 mart 2020-ci il tarixdən 3 ay müddətinə adı çəkilən publik hüquqi şəxsdə müvafiq vəzifələrə təyin olunmuşlar. Bununla əlaqədar olaraq, onlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) Nazirliyin tabeliyində publik hüquqi şəxsin müvafiq əmrləri ilə tutduqları vəzifədən azad edilmişlər. 16 iyul 2020-ci il tarixdə müvafiq işlə təmin olunmaq üçün Nazirliyin tabeliyində yeni yaradılmış Sosial Xidmətlər Agentliyinə dəvət olunmuş, lakin görüşə gəlməmişlər. Daha sonra telefonla əlaqəsi saxlanmış və görüşə gəlməkdən könüllü imtina etdikləri bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 qeydiyyatda olduğu rayon üzrə məşğulluq mərkəzinə işaxtaran kimi qeydiyyata alınmaq üçün müraciət etmələri tövsiyə olunmuşdur. Həmçinin məhkəmə iddia tələbindən kənara çıxaraq tərəflər arasında 30 mart 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin etibarlılığına hüquqi qiymət verilməyə çalışmış və faktiki olaraq iddiaçı tərəfindən etibarsızlığı mübahisələndirilməmiş müqavilə müddəasının doğurduğu hüquqi nəticələri ləğv etmişdir. Ləğv edilmiş Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi isə Milli Observatoriyadan tamamilə fərqli olaraq müvafiq sahələrdə elmi tədqiqatlar aparan və nazirlik sistemində avtomatlaşdırılmış idarəetmə sistemləri yaradılması və mütəxəssislərin ixtisasının artırılmasını həyata keçirən əsas və əlaqələndirici təşkilat kimi ixtisaslaşdırılmış, tərkibində məşvərətçi hüquqa malik Elmi Şura fəaliyyət göstərmiş, müxtəlif ölkələrin elmi-tədqiqat təşkilatları ilə yaradıcılıq əlaqələri olan, aspirantura və dissertantura vasitəsilə müvafiq sahələrdə mütəxəssislər hazırlayan elm və tədris mərkəzi olmuşdur. Qeyd olunan funksiyaları Azərbaycan Respublikasının təhsil sisteminə daxil olan digər təhsil müəssisələri həyata keçirdiyindən Mərkəzin perspektiv fəaliyyətinə lüzum qalmamış və Mərkəz ləğv edilmişdir. Məhkəmənin sözügedən qurumların müqayisəsini apararkən gəldiyi qənaətdən fərqli olaraq aydın olur ki, yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Mərkəzin fəaliyyət sferası və işçinin əmək funksiyası baxımından faktiki olaraq onların fəaliyyəti tamamilə fərqli xarakter daşımış, Mərkəz sırf nəzəri, elmi-tədqiqat və kadr hazırlığı müəssisəsi kimi fəaliyyət göstərsə də, Milli Observatoriya müvafiq sahədə empirik və praktiki fəaliyyət göstərən, bu sahədə monitorinq və sorğuların təşkili kimi tətbiqi fəaliyyətlə məşğul olan publik hüquqi şəxs qismində yaradılmışdır. Eyni zamanda Milli Observatoriya ləğv edilmiş Mərkəzdən fərqli olaraq Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Həmçinin iddiaçının təhsili, ixtisası və iş təcrübəsi də tutduğu vəzifəyə və əmək funksiyalarına uyğun olmamış, iddiaçı həmin vəzifədə təsadüfi şəxs olmuşdur. Belə ki, iddiaçı tərəfindən Milli Observatoriyaya təqdim edilmiş kadr uçot vərəqəsindən, anket məlumatlarından, tərcümeyi-hal və ali təhsil haqqında sənədin surətindən göründüyü kimi o, bütün əmək stajı ərzində müxtəlif qurumlarda mühasib vəzifəsində çalışmışdır. Onun iş təcrübəsinin və təhsilinin "Əmək bazarının proqnozlaşdırılması" şöbəsinin fəaliyyəti ilə heç bir əlaqəsi mövcud deyil, iddiaçı Əmək Məcəlləsində müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmış, iddia müddətinin bərpa olunması ilə bağlı hər hansı vəsatət təqdim etməmiş və iddia müddətinin bərpa olunmasına əsas verən hər hansı səbəb göstərməmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı əvvəl işlədiyi Əmək və Sosial Problemlər Üzrə Elmi-Tədqiqat Mərkəzindən öz ərizəsi ilə işdən azad edilərək yeni yaradılan “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” Publik hüquqi şəxsdə “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. Bununla bağlı 30 mart 2020-ci ildə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmiş və işçinin 30 mart 2020-ci il tarixdən işə başlaması göstərilmişdir. 3 aydan sonra, yəni 30 iyun 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən işçi əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqaviləsi sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən isə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Baxılan işin hallarından görünür ki, iddiaçının əmək müqaviləsinin müddəti 30 iyun 2020-ci il tarixdə bitmiş, cavabdeh təşkilat isə Əmək Məcəlləsinin 73-cü maddəsinin verdiyi imkandan istifadə edərək, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixli əmrlə xitam vermişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddiaçının bildirdiyi faktiki hallar, onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. İddiaçının, onunla əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər və iddiaçı ilə müqavilə də məhz həmin maddi hüquq norması çərçivəsində müddətli bağlanmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya" Publik Hüquqi şəxsin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)- 1731/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya" Publik Hüquqi şəxsinə qarşı “işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işburaxma müddətinə görə əmək haqqının ödənilməsibarədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar