Məhkəmə qərarları › İş №2(103)-6578/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6578/2022

30.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6578/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 28 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mirasın qəbul edilməsi müddətinin uzadılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 28 saylı Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, e-2(009)-971/2022 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Az-İİ № 199655 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 11 aprel 2021-ci il tarixdə vəfat etmişdir.

2. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi və ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi X5 mülkiyyətində olmuşdur.

3. AZ-İ № 465737 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X23, anası X2r.

4. 4277 nömrəli arayışdan görünür ki, X8 18 iyun 1999-cu il tarixdə vəfat etmişdir.

5. 474 nömrəli arayışın surətindən görünür ki, X24 22 mart 2008-ci il tarixdə vəfat etmişdir.

6. 05/Q-1298/69 saylı arayışdan görünür ki, X20 ilə X6 nikahı 15 fevral 1979-cu il tarixdə pozulmuşdur.

7. 42 nömrəli 02 sentyabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, X21 25 mart 1994-cü il tarixdə anadan olmuşdur. X1, atası X13r.

8. AZ-İİ 249071 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 02 dekabr 1994-cü il tarixdə vəfat etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Bakı şəhəri 28 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş bacısı X5 adına açılmış vərəsəliyin qəbulu müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum bacısı X17 11 aprel 2021-ci il tarixdə vəfat etmişdir. X3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi və ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi miras qalmışdır. İddiaçı bacısının ikinci növbə vərəsəsidir. Əsgərova Mahizərin birinci növbə vərəsəsi yoxdur. İddiaçı Rusiya Federasiyasında yaşadığına, həmçinin hüquqi biliyinin olmadığına görə vaxtında notariat orqanına miras əmlakın qəbulu üçün mraciət edə bilməmişdir. İddiaçı notariat kontoruna müraciət etsə də, imtina cavabı almışdır.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, e-2(009)- 971/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin İddiaçı tərəfindən ötürülməsinin üzrlü hesab edilməsi və həminin müddətin bərpa edilməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin keçməsi səbəbləri üzrlü olduğundan, mirasın qəbulu müddəti bərpa edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci, 1134.1-ci, 1159.1.1-ci, 1243.1-ci, 1246-cı, 1248.1-ci maddələrinə eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

14. Qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

15. Apelyasiya şikayətində göstərilmişdir ki, bacısı X9 cavabdeh 28 saylı notariat ofisinin xüsusi notariusu X14 vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtinası barədə 29 Mart 2022-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilməsi və vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi vəzifəsinin 28 saylı notariat ofisinin xüsusi notariusu X14 üzərinə qoyulması barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin vaxt ölkədə olmadığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməmişdir. Halbuki bacısı tərəfindən mübahisələndirilmiş 28 saylı notariat ofisinin xüsusi notariusu X14 vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtinası barədə 29 Mart 2022-ci il tarixli qərar imtina onunla bacısı Aynurə Hüseynovaya aiddir. Bir müddət sonra Azərbaycan Respublikasına (Bakı şəhərinə) gəlmiş və həmin işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cəlb olunmaq üçün iddia ərizəsi ilə müraciət etmişdir. Tələbi ondan ibarət olmuşdur ki, cavabdeh 28 saylı Notariat Ofisi ona və bacısı X7 vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina barədə 29 Mart 2022-ci il tarixli qərarı ləğv edilsin; mərhum xalası X5 miras əmlakından qanuni vərəsə kimi onun və bacısı X4 ½ hissədə, cavabdeh, dayısı X15 ½ hissədə payının müəyyən edilməsi, cavabdehlər - xalaları X10 və İddiaçı həmin miras əmlakdan pay müəyyən edilməsindən imtina edilməsi vəzifəsinin cavabdeh 28 saylı Notariat Ofisinin üzərinə qoyulması; xalası mərhum X5 miras əmlakının saxlanılması üçün çəkdi 10000 manat xərcin ½ hissəsinin cavabdeh, dayısı X11 alınaraq ona və bacısı X7 verilməsi barədə qətnamə çıxarılsın. Hazırda iş e-2(009)-973/2022 nömrə ilə Bakı Şəhəri Səbail Rayon məhkəməsinin hakim Şahin Abdullayevin icraatındadır. Həm bacısı Aynurə Hüseynova həm də o, ərizələrində qeyd etmişlər ki, 28 saylı notariat ofisinin xüsusi notariusu X14 vərəsəlik işinə dair ünvanladıqları sorğuya cavabı 29 Aprel 2022-ci il tarixdə əldə etmişlər. Daxil olmuş məktuba qoşma edilmiş sənədlərlə müəyyən olunur ki, mərhum xalasının bacısı İddiaçı 11 Yanvar 2022-ci il tarixdə 28 saylı notariat ofisinə müraciət edib. Həmin sənədlərlə müəyyən olunur ki, 10 Dekabr 2021-ci il tarixdə cavabdeh İddiaçı Vəkil etibarnamə vermiş, sonuncu da 11 Yanvar 2022-ci il tarixdə 28 saylı Notariat Ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin həmin etibarnamədə mirası qəbuletmə və vərəsəlik hüququ haqqında şəhadətnamə alma hüquqları göstərilməmişdir. Bundan başqa mərhumun 11 Aprel 2021-ci il tarixdə öldüyü nəzərə alınsa cavabdeh tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş son müddəti də buraxılıb. Lakin məhkəmə qətnamədə heç bir sübuta istinad etməmişdir. Müddətin hansı vaxtdan hesablanmalı olduğunu, hansı vaxtdan bitməsini və nəyə görə müddətin ötürülməsini üzrlü saymasını göstərməmişdir. İlk növbədə nəzərə alınmalı idi ki, müraciət edən şəxsin notariusa müraciət etmək hüququ var yoxsa yox. İkinci müəyyənləşdirilməli olan məsələ iddiaçının hansı səbəbdən müddəti ötürməsi halıdır, hansını ki, məhkəmə nəzərə almamışdır. Eyni zamanda Məhkəmə müəyyənləşdirməyib ki, vərəsə olan iddiaçı vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli odluğu vaxt nə vaxtdır. Məhkəmə ümumiyyətlə gecikdirmənin səbəbini müəyyənləşdirməmiş onu üzrlü saymışdır. Bununla bağlı qətnamədə heçnə yoxdur. Həmçinin məhkəmə qətnaməsində kimin notariusa müraciət etməsi, nəyə görə və nə vaxt müraciət etməsi göstərilməmişdir. Bundan başqa məhkəmə müəyyənləşdirməyib ki, gəcikmə hansı müddətdə olub, hansı səbəbdən olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı tərəf apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın dəlilləri ondan ibarət olmuşdur ki, o, 03 mart 1960-cı ildə Şəmkir rayonunda anadan olmuş, Miras qoyan Mənzər Əsgərova onun bacısıdır, qanun üzrə ikinci növbə vərəsəsidir. Hal-hazırda Rusiya Federasiyasında yaşayır. Qeyd edilməlidir ki, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətdə ölkədə olmamışdır. Lakin bir neçə ay bundan qabaq bu məsələlərlə əlaqədar ölkəyə gəlmişdir. İndi yenə də Rusiya Federasiyasına qayıtmışdır. Miras qoyanın bacısı Mahizər Əsgərovanın birinci növbə vərəsəsi yoxdur. Rusiyada olarkən nümayəndə vasitəsi ilə 28 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək, miras qoyanın ölümündən sonra miras əmlaka vərəsə kimi tanınmasını xahiş etmişdir. 02 aprel 2022-ci il tarixli 182 nömrəli məktubla ona imtina cavabı verilmişdir. Məktubda göstərilmişdir ki, mirasın qəbul edilməsi üçün qanun üzrə müəyyən edilmiş müddət ötürülmüşdür. Bununla əlaqədar olaraq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Rusiya Federasiyasında yaşadığı üçün həmçinin hüququ biliyi olmadığına görə vaxtında notariat orqanına miras əmlakın qəbulu üçün müraciət edə bilməmişdir. Birinci instansiya məhkəməsi də göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qərar qəbul etmişdir. Apellyasiya şikayətində göstərilənlər isə əsassızdır. Belə ki, Vəkil vermiş olduğu etibarnamədən görünür ki, Vəkil notariat kontorunda onun hüquqlarını təmsil etmək, o cümlədən bununla bağlı bütün nümayəndə hüququ ilə bütün zəruri hərəkətləri etməyi və sair etibar edilmişdir. Bundan başqa işin faktiki hallarından göründüyü kimi o, Rusiya Federasiyasında yaşadığı üçün həmçinin hüquqi biliyi olmadığı üçün notariat orqanına miras əmlakın qəbulu üçün müraciət edə bilməmişdir. İş materiallarında bunu təsdiq sübutlar movcuddur.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirmişdir ki, iddiaçı uzun müddət ölkə xaricində yaşamışdır. Miras qoyanın vəfatından sonra da ölkəyə qayıtmamış, yas mərasimlərində iştirak etməmişdir. Yalnız bu ilin avqust ayında ölkəyə qayıtmışdır. Hazırda isə mirasın qəbulu müddətinin üzrlü hesab edilməsini xahiş etsə də, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi isə hər hansı sübuta istind etmədən iddia tələbini təmin etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, təmsil etdiyi şəxsin ona verdiyi etibarnamə əsasında notariusa müraciət etmişdir. Həmin etibarnamədə isə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariusa müraciət etmək səlahiyyətləi mövcud olmuşdur. Digər tərəfdən, iddiaçı uzun müddət ölkə xaricində olmuşdur, ölkəyə qayıtdıqdan sonra isə lazımi hərəkətləri etmişdir. Hesab edir ki, mirasın qəbulu müddəti üzrlü səbəblərdən ötürülmüşdür.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, eləcə də apellyasiya baxışı zamanı müstəqil tələb irləi sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş – X9, X25 və X18 da məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh isə ərizə göndərərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası gəlməyən tərələrin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

20. Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

21. Həmin Məcəllənin 1248.1-cı maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

Apelyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Qətnamədən maraqlarına toxunan şəxs apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir.

26. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 11 aprel 2021-ci il tarixdə vəfat etmiş mərhum X5 bacısı olmaqla miras əmlakdan pay almaq üçün notariat kontoruna müraciət etmiş, lakin mirası qəbul etmək üçün qanunvericiklə müəyyən olunmuş müddəti ötürdüyündən, imtina cavabı almışdır. 27.İddiaçı tələbinin əsası kimi istinad etmişdir ki, - Rusiya Federasiyasında yaşadığına, həmçinin hüquqi biliyinin olmadığına görə vaxtında notariat orqanına miras əmlakın qəbulu üçün mraciət edə bilməmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən normaların tələblərindən göründüyü kimi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını yalnız gecikmənin səbəbi üzrlü olduğu halda mümkün hesab etmişdir. Lakin, qanunverici mirasın qəbul edilməsi müddətinin uzadılması üçün hansı səbəbin üzrlü hesab olunmasını konkret göstərməyərək, həmin səbəblərin müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır.

29. Odur ki, məhkəmə kollegiyası hazırkı məqamda iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəb(lər)dən ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı vacib hesab edir və bu xüsusatın hüquqi həlli ilə bağlı Konstitusiya Məhkəməsinin təcrübəsinə istinadı zəruri sayır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, .... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

31. Hazırkı işin mübahisə edilməyən hallarından göründüyü kimi iddiaçı uzun müddət ölkə xaricində - Rusiya Federasiyasında yaşamış, miras qoyanın vəfatından sonra ölkəyə gəlməmiş və yas mərasimlərində iştirak etməmişdir, yalnız bu 2022-ci ilin avqust ayında ölkəyə gəlmişdir. İşin qeyd olunan halları maraqlarına toxunan şəxs tərəfindən də təsdiq edilmişdir.

32. Göründüyü kimi miras qoyanın vəfatından sonra iddiaçı ölkədə olmamış, yalnız 2022ci ilin avqust ayında ölkəyə gəlmiş, buna qədər isə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə 2022-ci ilin aprel ayının 8-ində hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.

33. Bundan başqa iş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı X4, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər 28 saylı notariat ofisinin xüsusi notariusu X26, İddiaçı, X18 və X19 qarşı “28 saylı notariat ofisinin vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina barədə 29 mart 2022-ci il tarixli qərarın ləğv edilməsi və sair iddia ərizəsi ilə yanaşı hazırki iş üzrə iddiaçı da miras əmlakda payların müəyyən edilməsi və sair. tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin e-2(009)-973/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçının qeyd olunan iddia tələbi rədd edilmişdir. Həmin tələb üzrə məhkəmə belə nəticəyə gəlmişdir ki, mirasın qəbul edilməsi üçün qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən müddət buraxılmışdır. Həmçinin qeyd olunan qətnamənin qanuni qüvvəsində olması iş materialları ilə müəyyən edilməmiş, tərəflərin məlumatına görə qətnamədən apellyasiya şikayəti verilmişdir.

34. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəf qanunla müəyyən edilmiş müddət ərzində eləcə də qanunla müəyyən edilmiş qaydada miras əmlakı qəbul etməsə də, bunun üçün sonradan aktiv hərəkətlər etmiş, etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia ərizələri ilə müraciət etmişdir.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən onun mərhum bacısı X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün müəyyən olunmuş müddətin ötürülməsi səbəblərini üzrlü hesab edilməklə həmin müddət bərpa olunmalıdır.

36. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur.

37. Belə ki, işin sadalanan halları ilə müəyyən edilmişdir ki, iddiaçı üzrlü səbəblərdən miras qalmış əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

39. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 40.Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 42.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. 43.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 44.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, e-2(009)-971/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar