Məhkəmə qərarları › İş №2(103)-6578/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6578/2024

26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6578/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3605/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”-nə dair ərizə ilə müraciət edərək, onun Ərizəçi 1997-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda yerləşən R.Orucov adına 109 saylı orta məktəbi bitirməyi faktının müəyyən edilməsi və ona təkrar attestatın verilməsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri Nizami rayonunda yerləşən R.Orucov adına 109 saylı orta məktəbini bitirmişdir. Bu barədə 30 iyun 1997-ci il tarixdə Azərbаycаn Respublikası Təhsil Nazirliyi Bakı Baş Təhsil İdarəsi Nizami rayon Təhsil şöbəsi tərəfindən ona A №174255 olan Orta təhsil haqqında attestat verilmişdir. 2023-cü ildə yaşayış yerini dəyişdiyi zaman sözügedən attestat naməlum şəraitdə itmişdir. Tərəfindən aparılmış çox saylı axtarışlar müsbət nəticə vermədiyinə görə məcbur olub polis orqanlarına müraciətlər etmişdir. Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-45-1/2-333MS/2024 saylı arayışında göstərilmişdir ki, keçirilmiş tədbirlərə baxmayaraq, attestatın tapılması mümkün olmamışdır. Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 31344/2-6724/2024 saylı cavab məktubunda qeyd edilmişdir ki, attestatın tapılması barədə Tapıntılar bürosuna məlumat daxil olmamışdır. Tərəfindən təkrar attestatın verilməsi məqsədilə Azərbаycаn Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə yazılı ərizələrlə müraciətlər olunmuş, lakin idarənin xx.xx.2024-cü il tarixli, 3-29-69/2-D-2920-4/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-29- 59/2-D-1024-4/2024 saylı məktubları ilə ona imtina edilmişdir. Tərəfindən “Azərbaycan müəllimi” qəzetinə müraciət olunmuş və xx.xx.2024-cü il tarixdə qəzetin “Etibarsız sayılır” bölməsində attestatının itirilməsi barədə elan yerləşdirilmişdir. Hal-hazırda təhsilini davam etdirmək istəyir. Bunun üçün ona orta təhsil haqqında attestat lazımdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3605/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmiş, ərizəçiyə müvafiq inzibati orqana müraciət etmək, əks halda həmin orqanın hərəkətlərindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardaddan ərizəçi şikayət verərək onun ləğv edilməsini və ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bütün aidiyyatı orqanlara müraciətlər etsə də, orta məktəbi bitirdiyi və ona attestatın verilməsini təsdiq edən lazımı sənədləri əldə edə bilməmişdir. Bu səbəbdən itirilmiş attestatının bərpası mümkün olmamışdır. Hesab edir ki, ərizəsi xüsusi icraat qaydasında baxılmalı işlərə aiddir və hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, orta məktəbdə oxumağı və attestat almağına dair heç bir yazılı sübutu yoxdur. Bu xüsusatı təsdiq edə biləcək yalnız və yalnız şahidlərdir (sinif yoldaşları, onların attestatları, fotoşəkillər və.s). Beləliklə, göstərdiyi səbəblərdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3605/2024 saylı 23 avqust 2024-cü il tarixli qərardadı ləğv edilərək, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirilməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xəzər Rayon Məhkəməsinin 2(003)-3605/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ərizəni yolverilməzliyinə görə icraata qəbulundan imtina edərkən mövqeyini belə əsaslandırmışdır ki, ərizəçinin hal-hazırki tələbi xüsusi icraat qaydasında baxılan işlərə aid deyil, lakin ərizəçi məhkəmənin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, tələbi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı olduğundan ərizəyə xüsusi icraat qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin dairəsi göstərilmiş, həmin işlərə həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyən edilməsi ilə bağlı olan işlər də aid edilmişdir. MPM-nin 307.2-ci maddəsində isə məhkəmənin hansı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ilə bağlı olan işlərə baxması tənzimlənmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan normalara əsasən kollegiya hazırki ərizənin məhkəmə qaydasında baxılan hüquqi əhəmiyyətli faktlarla bağlı işlər, dolayısı ilə xüsusi icraat qaydasında baxılan işlər kateqoriyasına aid olmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bu əsasla ərizənin qəbulundan imtina barədə qənaətini haqlı hesab edir. Nəzərə alınmalıdır ki, eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə təcrübəsi haqqında” 2019-cu il 12 aprel 03 nömrəli qərarında da əks olunmuşdur. Qərarın 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərarın 14-cü bəndində qeyd olunur ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Qərardan göründüyü kimi hər hansı təhsil müəssisəsini bitirmə faktının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir, bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin yolverilməzliyinə görə icraata qəbulundan imtina barədə qərardadı qanunauyğun olmuş, ərizəçiyə müvafiq inzibati orqana müraciət etmək, narazı qaldığı halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmaqla məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Beləliklə, qeyd olunanlar kontekstində kollegiya belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3605/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar