Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-658/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin yerinə yetirilməsi və mənzilin təvhil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-940/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Podratçı Cavabdeh MMC ilə sifarişçi X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən 219 saylı mənzilin tam dəyəri üzrə X1 Cavabdeh MMC-yə borcu yoxdur.
3. Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2019cu il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 8, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 211 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür.
4. Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür.
5. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 219 saylı mənzilin tam dəyəri üzrə İddiaçı Cavabdeh MMC-yə borcu yoxdur.
6. 21.12.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC tərəfindən öhdəliklər 10 gün müddətində yerinə yetirilmədikdə, məhkəməyə müraciət olunacağı barədə İddiaçı tərəfindən xəbərdar edilmişdir.
7. “Azəriqaz” İB-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən 219 saylı mənzil üzrə X4 ilə bağlanmış xx.xx.2023-cü il tarixli qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.
8. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən 219 saylı mənzildə su və kanalizasiya təchizatından istifadəyə görə xx.xx.2023-cü il tarixdə X4 ilə müqavilə bağlanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 166.080 manat pulun və 2.000 manat, işıq, qaz, su sayğaclarının qoyulması üçün ödənilmiş pulun, cəmi 168.080 manat pul ödənilməklə xx.xx.2022-ci il tarixində cavabdeh ilə onun arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən alınan Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138,4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mənzil şəraiti pis olduğundan xx.xx.2019-cu il tarixində "SİPARK” Yaşayış kompleksi "xxxx" MMC-nin direktoru X7 ilə müqavilə bağlayaraq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 8, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 211 saylı mənzili almışdır. Mənzilin dəyərini tam ödəmiş, mənzilin dəyərini tam ödəməsi barədə ona xx.xx.2019-cu il tarixində maliyyə arayışı verilmişdir. Mənzilin dəyərinin tam ödənilməsi şirkətlə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə də öz əksini tapmışdır. Tez-tez mənzilə baş çəkmişdir. Təxminən 2022-ci ilin əvvəllərində mənzili təmir etmək üçün şirkətə müraciət etdikdə ona bildirmişlər ki, həmin mənzil ondan sonra başqa şəxsə satılmış və həmin mənzili ona verə bilməzlər. Bildirmişlər ki, ondan sonra başqa şəxsə satılmış 211 saylı mənzilin əvəzinə həmin binada yəni, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilini ona verirlər. xx.xx.2022-ci il tarixində "xxxx" MMS-nin direktoru X2 ilə aramızda 219 saylı mənzilin ona verilməsinə dair 489 saylı müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixində maliyyə arayışı verilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində "xxxx" MMC tərəfindən inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilin tam dəyəri ödənilmiş, İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. Həmin mənzillə bağlı işıq, su, qaz sayğaclarının qoyulması üçün ondan 2000 manat pul almışlar. Avqust 2022-ci il tarixində isə evinə baxmağa gedərkən mənzilə daxil olmağa icazə verməmişlər. Ona təklif etmişlər ki, sənə 3-cü mərtəbədə eyni kvadrat metrlik mənzil veririk, təmir et, gir yaşa, amma səninlə müqavilə bağlamayacağıq. Məlum olmuşdur ki, "xxxx" MMC-nin rəhbəri ondan 166.080 manat pul almış, aldatmış və satdığı mənzilə onu buraxmır. 219 saylı mənzil onun xüsusi mülkiyyətidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 940/2023 nömrəli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur.
12. Cavabdeh MMC məhkəməyə ərizə ünvanlayaraq, işə mahiyyəti üzrə baxılarkən məhkəmə tərəfindən işin hərtərəfli araşdırılmadığı, təqdim edəcəkli sübutların olmasını qeyd edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-940/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilərək iş üzrə icraatın təzələnib mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir.
13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 940/2023 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-940/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır.
14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 940/2023 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia tələbi təmin edilmiş, Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə şərtlərinə əsasən Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilin verilməsi öhdəliyinin «Evrostroy-S.S” MMC-nin üzərinə qoyulması qət edilmişdir.
15. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilini təhvil vermək öhdəliyi götürmüş, lakin müqavilə öhdəliyi bugünədək icra edilməmişdir. Həmin müqaviləyə əsasən sifarişçi 3 otaqlı, tam sahəsi 138.4 kv.m mənzil cəmi 166.080 manat təşkil edir. Hazırda müqavilə tərəfləri öhdəliyin cavabdeh tərəfindən pozulduğunu, mənzilin bügunədək təhvil verilmədiyini bildirir.
16. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İİ bəndlərinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə, Mülki Məcəlləsinin 5.2, 148.2, 152.1, 157.2, 178.8, 324.1, 355.2, 385.1, 389.1, 399.1, 405.1, 425.1, 425.2, 442, 448.1, 452.1, 752.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 112.1, 113.1, 113.2-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilələrin və onlar əsasında verilmiş sənədlərin saxta olmasına dair yetərincə şübhələr vardır. Belə olan halda, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməli, mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmalıdır. Bu halların araşdırılması məqsədi ilə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, lakin hakim vəsatətə hüquqi qiymət vermədən və bununla bağlı heç bir əsaslandırılmış qərardad qəbul etməyərək iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Tərəflər arasında olan müqavilədə sifarişçi kimi görünən İddiaçı hansı əsaslarla sifarişçi olmasını sübuta yetirə bilməmişdir. Həmçinin, onun podratçı cavabdehə mənzil qarşılığında pulu hansı qaydada ödəməsi də işin sübuta yetirilməyən halıdır. İşin hallarından görünür ki, məhkəmə mötəbər olmayan sübutları düzgün qiymətləndirməmiş, iş üçün vacib olan məqamların sübut edilməsinə dair heç bir addım atmamışdır və bunu iddiaçıdan tələb etməmişdir. Mübahisələndirilən mənzilin satışına dair müqavilənin saxta olmasına dair tələblər ekspertiza keçirilməməklə məhkəmə tərəfindən obyektivlik qorunmadan qərəzli bir şəkildə qətnamə çıxarılması ilə nəticələndirilmişdir. Qeyd olunur ki, Cavabdeh MMC-nin tərəf olduğu bir çox məhkəmə mübahisəsində sübuta yetirilmişdir ki, iddiaçılar dəfələrlə saxta müqavilələrlə cəmiyyətə qarşı haqq iddia etmiş və bu iddia tələbləri ekspertiza rəyləri sonrasında rədd edilmişdir. Lakin birinci instansiya məhkəməsi qərəzli olaraq cavabdehin bu tələbini təmin etmədən işi sonlandırmışdır. İstər məhkəmə iclaslarında, istərsə də, yazılı müraciətlə iddiaçı tərəfindən təqdim edilmiş müqavilənin saxta olması, oradakı imza və möhürlərin əvvəlcədən vurulmuş kağızlara yazılar əlavə edilməsi halları bildirilib, cavabdeh tərəfindən verilmiş iş üzrə ekspertizanın təyin olunması ilə bağlı vəsatət təmin edilmədiyindən, maliyyə sənədləri və mədaxil orderləri daxil edilmədən, qeydiyyat dəftərlərinə baxılmadan ən əsası mübahisəli qalan bütün məqamlar həll edilmədən qətnamə çıxarıldığından hesab edirlər ki, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Təqdim edilmiş 292 saylı və 489 saylı saxta müqavilədə müqaviləni imzalayan tərəflərdən heç birisi mübahisə edilən mənzilin yerləşdiyi çoxmərtəbəli binanın tikintisini həyata keçirən və ona payçı olan MTK üzvi deyildir. Mübahisələndirilən mənzilin satılmasına və ya verilməsinə dair hər hansı mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı mənzil üçün nəzərdə tutulmuş pay haqqını bütün bunlar həqiqətə uyğun olsaydı belə, tam ödəməsinə dair mədaxil qəbzləri təqdim etməmişdir. Sadəcə ortada saxta bir maliyyə arayışı vardır ki, orada da mənzilə dair iddiada qeyd edilən ödənilmiş məbləğ öz əksini tapmır. Həmçinin ödənişi sübuta yetirən sənədlər - ödəniş orderləri, mədaxil qəbzləri və sair kassa sənədləri olmalıdır ki, bu da iddiaçı tərəfindən hər hansı bir formada məhkəməyə təqdim edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Etiraz iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
Proses iştirakçılarının izahatları
21. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
22. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi və bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin rəhbərliyi bildirir ki, iddiaçı ilə bağlı onlarda hər hansı bir müqavilə mövcud deyil. Həmin mənzili heç kimə satmamışlar.
23. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı ilk olaraq 211 nömrəli mənzili almışdır. Hazırkı rəhbərlik iddiaçını çağırıb və oranın rəhbərinin dünyasını dəyişdiyini, iddiaçıya 219-cu mənzili verdiklərini bildirmişlər. Onlar 2022-ci ildə müqavilə bağlamışlar. Ora təmirli deyildi. İddiaçı evi təmir etmək üçün getmişdir. Oranın qapısını bağlayıblar və heçkim çıxmır, içəridə isə təmir gedir. Əmlakın üzərinə həbs qoyulması ilə bağlı qərar qəbul edildi və oraya gedəndə təmir getdiyini görmüşlər. Ustalara təmiri dayandırmalarını, mənzilin başqa şəxsin olduğunu bildirmişdir. Onlar isə təmiri dayandırmayacaqlarını bildirmişlər. İcraçı çağırılmış və akt tərtib olunmuşdur. Aktda orada təmir aparıldığı qeyd edildi. X3 dair müqavilə həqiqi deyil. Cavabdeh müqaviləni özü də hazırlaya bilər.
24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən məhkəmə kollegiyası tərəfindən iş üzrə cəlb edilimş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, üçüncü şəxslə bağlanmış müqavilə və maliyyə arayışı xx.xx.2017-ci ilə aiddir. Üçüncü şəxs mənzili ilk aldığı vaxtdan təmir etməmişdir. Çünki təmsil etdiyi şəxs “SOCAR”-da işləyir. O hazırda Türkiyə Respublikasında “SOCAR”-ın nümayəndəliyini təmsil edən şəxslərdən biridir. Mənzil hazırda tam təmirlidir və orada yaşayış var. O, Bakıya gələndə həmin mənzildə yaşayır. Bizə mənzillə bağlı başqa bir kiminsə alması barədə müraciət və ya etiraz olunmayıb.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
30. İşdən müəyyən edilir ki, podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilini təhvil vermək öhdəliyi götürmüşdür.
31. Həmin müqavilənin saxta olması barədə apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 4/196-5/162 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Vəkil2 adına olan xx.xx.2022-ci il tarixli; Vəkil3 adına olan xx.xx.2023-cü il tarixli etibarnamələrin; “28 iyun 2022-ci il tarixli, 489 nömrəli müqavilənin və 28 iyun 2022-ci il tarixli maliyyə arayışının üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Məhdud Məsuliyyətli Cəmiyyəti EVROSTROY-S.S" məzmunlu möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş Vəkil2 adına olan xx.xx.2022-ci il tarixli; Vəkil3 adına olan xx.xx.2023-cü il tarixli etibarnamələrin; “28 iyun 2022-ci il tarixli, 489 nömrəli müqavilənin və 28 iyun 2022-ci il tarixli maliyyə arayışının üzərlərində olan "AZƏRBAYCAN RESPUBLİKASİ Məhdud Məsuliyyətli Cəmiyyəti EVROSTROY-S.S” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Təqdim edilmiş Vəkil2 adına olan xx.xx.2022-ci il tarixli; Vəkil3 adına olan xx.xx.2023-cü il tarixli etibarnamələrin; “28 iyun 2022-ci il tarixli, 489 nömrəli müqavilənin və 28 iyun 2022-ci il tarixli maliyyə arayışın üzərlərindəki “Direktor:” qrafasındakı imzalar sənədlərin üzərinə faksimile klişe vasitəsilə əks olunmuşdur.
32. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan barət 219 saylı mənzilə dair müqavilənin və maliyyə arayışının saxta olmadığı müəyyən edilir. Belə ki, həmin sənədlərdə olan möhür və imzalar cavabdeh tərəfindən öz nümayəndə və vəkillərinə verilmiş etibarnamələrdə əks olunan möhür və imzalarla, onların icra üsulları ilə eynilik təşkil edir.
33. Lakin apellyasiya instansiya məhkəməsində araşdırma zamanı məhkəmə kollegiyası tərəfindən Bakı şəhəri Nərimanov rayonu M.Sənani küçəsində inşa edilmiş 5 girişli, 16 mərtəbəli “Sipark” yaşayış kompleksinin giriş 5, mərtəbə 6, ümumi sahəsi 138,4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilə dair kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanılıb-bağlanılmaması barədə məlumatın, müqavilə bağlanmış olduğu təqdirdə kimin adına bağlanmasına dair sənədlərin əldə olunması məqsədi ilə “Azəriqaz” İB, "xxxx" ASC və "xxxx" ASC-yə sorğular ünvanlanmış, "xxxx" ASC və “Azəriqaz” İB-dən əldə olunmuş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, qeyd olunan ünvanda su və kanalizasiya təchizatından istifadəyə görə müqavilə, həmçinin qazın alqı-satqısı barədə müqavilə X4 ilə bağlanılmışdır.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
35. Üçüncü şəxsin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim olunmuş podratçı Cavabdeh MMC ilə sifarişçi X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən podratçı Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 138.4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 219 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin tarixli maliyyə arayışına əsasən mənzilin tam dəyəri üzrə X1 Cavabdeh MMC-yə borcu yoxdur.
36. Həmçinin, məhkəmə kollegiyası tərəfindən mübahisəli mənzilin yerində müayinəsi həyata keçirilmiş və müəyyən edilmişdir ki, 219 nömrəli mənzil yaşayış sahəsi üzrə 6-cı mərtəbədə yerləşir, baxış keçirilərkən mənzilin qapısı bağlı olmuşdur. Sədrlik edənin sualına cavab olaraq yaşayış sahəsi üzrə 5-ci mərtəbə layihəyə əsasən 219 nömrəli mənzilin alt mərtəbəsində yerləşən mənzilin sakini evinin 3 otaqlı və 138.4 kv.m olduğunu bildirmişdir. Qonşu 218 nömrəli mənzilin sakini 219 nömrəli mənzilin kimə məxsus olduğunu bilmədiyini, lakin arada ora baş çəkildiyini bildirmişdir.
37. Həmçinin məhkəmə iclasında üçüncü şəxs X1 nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında 219 mənzilin təmir edildiyini və orada yaşayış olduğunu bildirmişdir.
38. Beləliklə müəyyən edilir ki, mübahisəli mənzilə dair üçüncü şəxs X4 cavabdeh MMC arasında daha əvvəl müqavilə bağlanılmış, mənzil üçüncü şəxsə təhvil verilmiş, o da həmin mənzili təmir etdirmiş, kommunal xidmətlərə dair müqavilələr bağlamış, nəticə etibarı ilə həmin mənzilə faktiki sahiblənmişdir.
39. Odur ki, yuxarıda istinad olunan Mülki Məcəllənin 452-ci maddəsinin tələblərinə görə mənzil üçüncü şəxsin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. İddiaçı isə cavabdeh ilə bağladığı müqavilə üzrə ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edə bilər.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 940/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin yerinə yetirilməsi və mənzilin təvhil verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 138 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: