Məhkəmə qərarları › İş №2(103)-658/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-658/2025

08.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-658/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququ, mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(006)-3411/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 3 (Yeni qaydalarla AZ1008, ünvan 1 Cavabdeh X4, o da öz növbəsində İddiaçı satmışdır. Hazırda mübahisəli mənzilin mülkiyətçisi İddiaçıdur. 2.İddiaçı dəfələrlə cavabdehə mülkiyyətində olan mənzilini boşaldaraq təhvil verməsini tələb etsə də, cavabdeh onu mənzilinə buraxmayaraq, mənzildən çıxmadığından, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 (Yeni qaydalarla AZ1008, ünvan 1 ünvanında yerləşən mənzilindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 (Yeni qaydalarla AZ1008, ünvan 1 ünvanında yerləşən mənzilindən Cavabdeh çıxarılması, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK tərəfindən inşa edilən inşa edilən, ünvan 3 (Yeni qaydalarla AZ1008, ünvan 1 ünvanında yerləşən təmirli mənzili (əşyaları ilə birlikdə) X2 15 oktyabr 2019 cu il tarixdə almışdır.X8 isə həmin mənzili hazırkı Cavabdeh almışdır. Həmin dövrdə mənzilin çıxarışı olmadığından Mənzil hüquqların ötürülməsinə dair Notarial qaydada təsdiq edilmiş mənzil sertifikatı ilə rəsmiləşdirilmişdir. Sözügedən mənzili alarkən Cavabdeh həmin mənzildə ailə üzvləri ilə birlikdə kirayədə qaldığından və iddiaçıdan kirayə haqqı ödəməklə mənzildə müvəqqəti kirayəçi qismində qalmağı xahiş etmişdir. Həmin dövrdə iddiaçının yaşayışını təmin etmək üçün digər mənzili olduğundan, cavabdehlə razılaşaraq kirayə haqqı ödəməklə mənzildə müvəqqəti yaşamasına icazə vermişdir. Sözügedən mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021 ci il tarixli ********** qeydiyyat №-li Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən sözügedən ünvan 3 (Yeni qaydalarla AZ1008, ünvan 1 onun xüsusi mülkiyyətindədir. Cavabdeh artıq bir ilə yaxın müddətdir ki, heç bir kirayə haqqı ödəmir. Dəfələrlə cavabdehə mülkiyyətində olan mənzilini boşaldaraq təhvil verməsini tələb etsə də, cavabdeh onu mənzilinə buraxmır və mənzilindən çıxmaqdan yayınır. O, mülkiyyətində olan mənzilinin və mənzildə olan əmlaklarının (yaşayış üçün tələb olunan məişət əşyalarının) hansı vəziyyətdə saxlanmasından məlumatsızdır. Cavabdehin bu qanunsuz hərəkətləri onun mənzilindən istifadə, sahiblik bir sözlə Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozur. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim-Həbibə Miriyeva) 11 sentyabr 2024-cü il tarixli, 2(006)-3411/2024 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) iddianın təmin edilməsi, Cavabdeh ünvan 3 (Yeni qaydalarla AZ1008, ünvan 1 ünvanından çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 7.Azərbaycan Respublikası Prezidenti X7 üzrə Dövlət Komitəsində Qeydiyyata alınmış MS-N seriyalı, 000280 saylı xx.xx.2007-ci il tarixli mənzil sertifikatının surətinə əsasən, ünvan 2 ünvanının sertifakat üzrə sahibi Cavabdehdur. 8.xx.xx.2019-cu il tarixdə 8i/3626 reyestr nömrə ilə qeydə alınmış indossomentə əsasən, ünvan 3 ünvanını sertifakat üzrə sahibi Cavabdeh xx.xx.2019-cu il tarixdə mənzil sertifikatı üzrə öz tələblərini X4 vermişdir. 9.xx.xx.2019-cu il tarixdə 8i-8204 reyestr nömrə ilə qeydə alınmış indossomentə əsasən, X9 xx.xx.2019-cu il tarixdə mənzil sertifikatı üzrə öz tələblərini İddiaçı vermişdir. 10."xxxx" Mənzil-Tikinti Kooperativi Üzvlərinin (Müvəkkillərinin) İclasının xx.xx.2019-cu il tarixli 08 saylı protokoluna əsasən, X3 ərizəsi əsasında kooperativiin üzvülüyündən çıxarılması, İddiaçı ərizəsinə əsasən Kooperativə üzv qəbul edilməsi qərara alınmışdır. 11.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa, habelə elektron məhkəmə informasiya sistemindən çıxarılmış İddiaçı əmlak məlumatlarına əsasən, ünvan 2 (Yeni qaydalarla AZ1008, ünvan 1 mülkiyətçisi İddiaçı xüsusi mülkiyyətindədir. 12.Məhkəmə müəyyən etmişdir ki, ünvan 3 (Yeni qaydalarla AZ1008, ünvan 1 Cavabdeh X4, o da öz növbəsində İddiaçı satmışdır. Hazırda mübahisəli mənzilin mülkiyətçisi İddiaçıdur. İddiaçı sözügedən mənzili alarkən Cavabdeh həmin mənzildə faktiki olaraq yaşadığından iddiaçıdan kirayə haqqı ödəməklə mənzildə müvəqqəti qalmağı xahiş etmiş, iddiaçı da bununla razılaşaraq cavabdehin mənzildə müvəqqəti yaşamasına icazə vermişdir. İddiaçı dəfələrlə cavabdehə mülkiyyətində olan mənzilini boşaldaraq təhvil verməsini tələb etsə də, cavabdeh onu mənzilinə buraxmır və mənzildən çıxmaqdan yayınır. 13.Məhkəmə qeyd etmişdir ki, İddiaçı məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. İşdən görünür ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və onun həmin evdən tam istifadə etmək hüququ vardır. Mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ Cavabdeh tərəfindən pozulduğundan o, cavabdehin mülkiyyətində olan mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 14.Məhkəmə hesab etmişdir ki, Cavabdeh iddiaçının iradəsinə zidd mənzildə yaşamaqla onun mülkiyyətində olan əmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Göstərilənlərə əsasən cavabdehin mübahisəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair iddia tələbi məhkəmə tərəfindən əsaslı hesab edilmişdir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29 maddəsinə; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 152.5, 157.4-ci; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Prezidenti X7 üzrə Dövlət Komitəsində Qeydiyyata alınmış MS-N seriyalı 000280 saylı xx.xx.2007-ci il tarixli mənzil sertifikatına əsasən, ünvan 4 ünvanında yerləşən 255 nömrəli mənzilin sahibi olmuşdur. xx.xx.2019-cu il tarixdə 8i/3626 reyestr nömrə ilə qeydə alınmış indossomentə əsasən, ünvan 4 ünvanında yerləşən 255 nömrəli mənzili xx.xx.2019-cu il tarixdə mənzil sertifikatı üzrə tələblərini X4 vermişdir. Belə ki, Rusiyada işlədiyi dövrdə Vaqif Əsədovun qardaşına borcu yaranmış və həmin mənzili müvəqqəti olaraq borc əvəzinə X4 vermişdir. Aralarında olan razılığa əsasən borcu qaytardığı zaman mənzil cavabdehin sahibliyinə qayıtmalıdır. Beləliklə cavabdeh borcu qaytardı, lakin mənzili sahibliyinə qaytarmadı və mənzil Vaqif Əsədovun adında qaldı. Bundan iki ay keçdikdən sonra isə borc pula ehtiyacı yaranmış və tanışı İddiaçı 130.000 manat borca pul istədi. O, isə həmin pulun müqabilində mənzili onun adına rəsmiləşdirməyi bildirdi və borcu qaytaracağı halda mənzili də qaytaracağını bildirdi. Beləliklə də biz razılığa gəldilər və mənzil Vaqif Əsədovun sahibliyindən İddiaçı sahibliyinə keçdi. Lakin sonradan İddiaçı mənzilə mülkiyyət hüququnun qeydə alınmasından onun xəbəri olmamışdır. Onların razılaşması mənzili onun sahibliyinə verməyi və pulu qaytardığı zaman mənzili cavabdehə geri qaytarması barədə olmuşdur. Cavabdeh həmin mənzildə ailəsi ilə birlikdə yaşamış və hazırda da yaşayır. İddiaçıla cavabdehin arasında mənzilə dair icarə müqaviləsi bağlanmamış, mənzilə dair kirayə haqqı ödəyəcəyi barədə razılaşmaları olmamış və mənzildə yerləşən əşyalar Vaqif Əsədova və ya İddiaçı verilməmişdir. Həmin əşyalar girov predmeti də olmamışdır. Qeyd edir ki, həmin mənzilin hazırda real bazar dəyəri 380.000 manatdır. Lakin, cavabdeh ondan 130.000 manat pul almış və mənzili də girov qismində ona vermişdir. Girov müqaviləsinin bağlanmaması isə mənzilə dair mülkiyyət hüququnun olmaması ilə əlaqədardır. Göründüyü kimi iş üzrə araşdırılmalı olan kifayət qədər mübahisəli məqamlar var. Lakin həmin halları məhkəmə araşdırmamış və düzgün olmayan əsassız qətnamə qəbul etmişdir. Həmçinin hesab edir ki, məhkəmə iş üzrə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələblərini də pozmuşdur. Maddi və prosessual hüquq normalarının tələblərinin pozulması isə qətnamənin ləğv edilməsi üçün əsasdır. Qətnamədə işə aid edilən və təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarını təhrif edir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Göründüyü kimi məhkəmə onun hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının nümayəndəsinin verdiyi izahatı əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə hüquq bərabərliyi prinsipi pozulmuşdur. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasınımüəyyən etməmişdir. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olsa da mən və ailə üzvlərim həmin mənzildə yaşayırıq. Həmin mənzilin iddiaçının mülkiyyətinə keçməsi mənim həmin əmlaka olan digər hüquqlarımın xitamına səbəb deyildir. Bundan başqa mənzildə yerləşən bütün əşyalar cavabdehə məxsusdur. İddiaçı mənzilə dair mülkiyyət hüququnu əldə edən zaman həmin mənzili ona girov qoyduğunu bilirdi. Buna əsas olaraq onu qeyd edir ki, cavabdeh ondan 130000 manat pul almışdır və mənzilin hazırda bazar dəyəri isə 380000 manatdır. Əgər cavabdeh mənzili satırdısa real bazar dəyərinə uyğun qiymətə sata bilərdi. Lakin cavabdehin həmin mənzili satmaq niyyəti olmamışdır. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar biri-birini inkar edir. Məhkəmə yalnız iddiaçının şişirdilmiş və əsassız məlumatlarına əsaslanmaqla nəticəyə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 20.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 21.13-cü maddəsinin 1-ci hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. 29-cu maddəsinin 1-ci və 2-ci hissələri. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 23.Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 24.Maddə 148.2.Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 25.Maddə 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 26.Maddə 203.1.Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 27.Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 28.Maddə 152.2.Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqicəhətdən təmin edilmiş imkanıdır. 29.Maddə 152.3.İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasiletməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 30.Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlərnəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib olabilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 31.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 32.Maddə 34.1.Şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. 33.Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 34.“İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. 35.“Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. 36.Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1)mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2)mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. 37.“F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42.Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 43.Belə ki, iş materillarına əsasən müəyyən edilmişdir ki, ünvan 3 (Yeni qaydalarla AZ1008, ünvan 1 Cavabdeh X4, o da öz növbəsində İddiaçı satmışdır. Hazırda mübahisəli mənzilin mülkiyətçisi İddiaçıdur. İddiaçı sözügedən mənzili alarkən Cavabdeh həmin mənzildə faktiki olaraq yaşadığından iddiaçıdan kirayə haqqı ödəməklə mənzildə müvəqqəti qalmağı xahiş etmiş, iddiaçı da bununla razılaşaraq cavabdehin mənzildə müvəqqəti yaşamasına icazə vermişdir. İddiaçı dəfələrlə cavabdehə mülkiyyətində olan mənzilini boşaldaraq təhvil verməsini tələb etsə də cavabdeh onu mənzilinə buraxmır və mənzildən çıxmaqdan yayınır. 44.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddiatələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasınınşərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır,çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “İddiaçının şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı iltarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquqnormaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə özqətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçınınəsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər birhalda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını vəqanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. 47.Hazırki halda iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi (Vindikasiya) təşkil edir. 48.Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. 49.Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. 50.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 51.Həmçinin Konstitutsiyanın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. 52.Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 53.Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 54.Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, həmin mənzil hazırda Cavabdeh qanunsuz sahibliyində olduğundan, iddiaçı əmlakının özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. 55.Cavabdeh hal-hazıradək mənzildən çıxmayaraq, həmin mənzili təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. 56.Qeyd edilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, iddiaçının Cavabdeh mənzildən çıxarılma ilə bağlı irəli sürdüyü faktiki hallar, onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. 57.Beləliklə, qeyd olunan mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla, kollegiya hesab edir ki, Cavabdeh həmin mənzilə istifadə hüququ olmadığından, onun iddiaçıya məxsus mənzildən çıxarılması ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. 58.Kollegiya apellyatorun həmin mənzil üzrəində sahiblik hüququnu iddiaçıdan aldığı borc müqabilində girov kimi iddiaçıya verməsi və.s kimi dəlillərini əsassız hesab edərək, qeyd edir ki, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Bununla belə, cavabdeh tərəfindən həmin ehtimalların əksi iddia və sübut oluna bilər ki, cavabdeh tərəfindən bununla bağlı iddia tələbi irəli sürülməmişdir. 59.Belə ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında qeyd olunur ki, o da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər (bənd 54). -Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (bənd 55). -Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir (bənd 54). 60.Göründüyü kimi, müqavilə azadlığı şəklində mənzli iddiaçıya satılmışdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmaqla, iddiaçı hal-hazırda mülkiyyətçi olmaqla, mülkiyyətdən irəli gələn hüquqlarının pozulması ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 61.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 62.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 63.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(006)-3411/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar