Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6581/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət X5 Bakı şəhəri Xətai Rayon Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5158/2019 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Ərizəçi (bundan sonra ərizəçi) Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Xətai rayon şöbəsini (bundan sonra maraqlı şəxs) maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək 1973-cü ildən 1993-cü ilədək Füzuli rayonu Rabitə qovşağında rabitəçi vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra rayon məhkəməsi) 2(011)- 5158/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi 1973cü ildən 1993-cü ilədək Füzuli rayonu Rabitə qovşağında rabitəçi vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Maraqlı şəxs AR Dövlət X5 Bakı şəhəri Xətai Rayon Şöbəsi apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi göstərmişdir ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən pensiya təyin edilərkən sosial sığorta stajı əmək kitabçasına əsasən hesablanır, lakin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən qeyd edilənlər nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 11497/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5158/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs kassasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd edilmişdir ki, işə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir, bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11497/2019 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi xahiş edilmişdir. Ali Məhkəmənin 2(102)-1680/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11497/2019 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 28-ci bəndinə əsasən iş dövrü şahid ifadələrinə əsasən müəyyən edildikdə, bir şahid daha çox dövrü, ikinci şahid isə bir qədər az dövrü təsdiq edirsə, o halda hər iki şahidin təsdiq etdikləri dövr iş stajına sayılmaqla müəyyən edilir. Bu səbəbdən də, hazırkı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün azı iki şahid olmalıdır. Bununla belə, nümayəndə, məhkəmə iclasında təkrar olaraq dindirilən şahid Ə. Şərifovun məhkəməyə bildirdiyi məlumatların həqiqiliyinin şübhə doğurmadığını, eləcə də Dövlət axivinin 27.03. 2018-ci il tarixli 50 saylı arxiv arayışında göstərilən məlumatların doğruluğunu mübahisələndirmədiklərinin bildirdi. Məhkəmə kollegiyasının iclasında ərizəçi apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, 1973-cü ildən 1993-cü ilə qədər Füzuli rayonu Rabitə Qovşağında işləmiş, həmin dövrdə Ə.Şərifov orada Qovşağın mühəndisi olmuş, 1993-cü ildə Füzuli rayonunun ermənilər tərəfindən işğalından sonra oradan məcburi çıxmalı olmuşlar, bütün sənədlər itmişdir, şahid Ə.Şərifov rayon məhkəməsində onun təşəbbüsü ilə dindirilmiş və baş verənləri ətraflı şəkildə bildirmiş, lakin texniki səbəbdən onun ifadəsi dolğun şəkildə məhkəmə iclas protokolunda əks olunmamışdır. Sübutların tədqiqi: AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki Ərizəçi xx.xx.1955-ci ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdur və qeydiyyatdadır. Mülki iş materiallarında olan 315185 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Füzuli rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli rayon filialı tərəfindən verilmiş xx.xx.2018- ci il tarixli 50 saylı arxiv arayışından görünür ki, Ərizəçi Füzuli rayonu Rabitə qovşağının xx.xx.1988-ci il tarixli, 179 saylı əmrinə əsasən xx.xx.1988-ci il tarixdən 18 gün müddətinə məzuniyyətə buraxılmışdır. xx.xx.1991-ci il tarixli 353 nömrəli əmrlə 30 gün müddətinə məzuniyyətə buraxılmışdır. Rabitə qovşağının 1973-1987-ci illərə aid sənətlərinin çox qismi xx.xx.1993-cü ildə erməni işğal zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilmişdir. 1992- ci ilə aid sənədlər isə arxivə tam təhvil verilməmişdir. Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Xətai rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********9 saylı məktubundan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq ona təqdim etdiyi sənədlər əsasında ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında ifadə verən şahid X6 bildirdi ki, o, əmək fəaliyyətinə Bakıda başlamış, ilk başdan rabitə sahəsində işləmiş, partiya üzvü olmuşdur, 1965-ci ildə əmək fəaliyyətini Füzuli rabitə qovşağında davam etdirmiş və 1993-cü ilə kimi orda işləmişdir, ərizəçini əvvəllər də tanımış, 1973-cü ildən Ərizəçi onunla birlikdə Füzuli rayonun Rabitə Qovşağında işləmiş, özü rabitə qovşağında baş mühəndis olmuş, ərizəçi isə həmin vaxt orada onun tabeliyində mexanik - rabitəçi kimi işləmişdir və bunu təsdiq edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini maraqlı şəxsin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, Ali Məhkəmənin 2(102)-1680/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə maraqlı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11497/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, ....iş materiallarından göründüyü kimi ərizənin təmin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X2 ifadəsinə istinad olunmuşdur. Lakin işin 28-ci vərəqində olan birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, həmin şahid aşağıdakı məzmunda ifadə vermişdir: “1993-cü ilədək Füzuli rayonu Rabitə qovşağında mühəndis vəzifəsində çalışmışam, ərizəçi isə rabitəçi vəzifəsində mənim rəhbərliyim altında işləmişdir”. Həmin ifadədən göründüyü kimi göstərilən şahid ərizəçinin məhz 1973-cü il tarixindən Füzuli rayonunun Rabitə qovşağında rabitəçi vəzifəsində işləməsinə münasibət bildirməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi həmin halın araşdırılması ilə bağlı qeyd olunan şahidin MPM-nin 195.5-ci maddəsinə əsasən yenidən dindirilməsinin zəruriliyinə qiymət verməmişdir. Kollegiya Ali Məhkəmənin həmin göstərişlərinə əsasən şahidƏ.Şərifovu yenidən dindirmişdir. O, ifadəsində göstərmişdir ki, 52 illik əmək fəaliyyəti vardır, 1965-ci ildən 1993-cü ilə qədər Füzuli rayonun Rabitə qovmağında mühəndis vəzifəsində işləmiş, Ərizəçi əvvəllər də tanımış, təsdiq edir ki, ərizəçi 1973-cü ildən 1993-cü ilə qədər, yəni Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal edilənə qədər Rabitə qovşağında onun tabeliyində işləmiş, 1993-cü ildə həmin rayonun işğal edilməsi ilə əlaqədar oradan çıxmalı olmuşlar. Maraqlı şəxsin nümayəndəsi V.İsmayılovanın izahatında hazırkı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün azı iki şahid olması ilə bağlı dəlinə münasibətdə aşağdakılar qeyd olunmalədır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, əvvəla, göstərilən hal hazırkı iş üzrə apellyasiya şikayətinin dəlili kimi qeyd edilməmiş, bundan əlavə, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş Ali Məhkəmənin 2(102)-1680/2020 saylı, xx xxxx 2020-ci il tarixli Qərarında da həmin hala istinad etməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsini yalnız şahid X2 ifadəsinin dolğun olmaması səbəbindən ləğv etmiş və onun yenidən dindirilməsi ilə bağlı müvafiq göstəriş vermişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin halları fərqlidir, Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid Ə.Şərifovun verdiyi ifadə konkret olmaqla inandırıcıdır, bundan əlavə Ərizəçi təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli rayon filialı tərəfindən verilmiş xx.xx.2018- ci il tarixli 50 saylı arxiv arayışından görünür ki, o, Füzuli rayonu Rabitə qovşağının xx.xx.1988-ci il tarixli, 179 saylı əmrinə əsasən xx.xx.1988-ci il tarixdən 18 gün müddətinə, xx.xx.1991-ci il tarixli 353 nömrəli əmrlə 30 gün müddətinə məzuniyyətə buraxılmışdır. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi həm yenidən dindirilmiş şahid Ə.Şərifovun verdiyi məlumatların, həm də rəsmi orqanın təqdim etdiyi arxiv arayışında göstərilən məlumatların həqiqiliyinin şübhə doğurmadığını bildirmişdir. Maraqlı şəxsin nümayəndəsinin əmək stajının müəyyən edilməsi zamanı ən azı 2 şahidin ifadəsinin zəruriliyi ilə bağlı istinad etdiyi Qaydalarda nəzərdə tutulmuş tələbə gəldikdə isə qeyd edilməlidir ki, burada məqsəd heç də mütləq qaydada iki şahidin dindirilməsi deyil, məhkəmənin müəyyən etməli olduğu faktın şübhədənkənar qaydada müəyyən olunmasına xidmət edir. Hazırkı halda Ərizəçi məhkəmədən 1973-cü ildən 1993-cü ilə qədər Füzuli rayonu Rabitə Qovşağında işləməsi barədə hüquqi əhəmiyiyyətli faktının müəyyən edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllədə sübutların anlayışı verilmişdir. Belə ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (MPM m.76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(m.76.2). Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda ərizəçi məhkəməyə öz izahatları ilə yanaşı aşağıdakı sübutları təqdim etmişdir: şahid ifadəsi; xx.xx.2018-ci il tarixli 50 saylı arxiv arayışı. Məhkəmədə aparılmış araşdırmalar zamanı qeyd olunan sübutlarla ərizəçinin 1973cü ildən 1993-cü ilə qədər Füzuli rayonu Rabitə Qovşağında işləməsi faktı şübhədənkənar şəkildə və təkzibolunmaz qaydada müəyyən olunur. Belə olan halda aydın olur ki, hazırkı halda ikinci şahidin ifadəsi olmadan da Qaydalarda gözlənilən məqsədə nail olmaq mümkündür. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, həqiqətən də Ərizəçi 1973-cü ildən 1993-cü ilədək Füzuli rayonu Rabitə qovşağında rabitəçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Maraqlı şəxs AR Dövlət X5 Bakı şəhəri Xətai Rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5158/2019 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6581/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6581/2020
02.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver