Məhkəmə qərarları › İş №2(103)-6582/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6582/2022

24.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6582/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmək mübahisələri, əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X1 (3-cü şəxs qismində Neftçilərin Hüquqlarını Müdafiə X4 cəlb olunmaqla) Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanınn ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1485/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 2012-ci ildən Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialında müxtəlif vəzifələrdə işləmiş, filialda sonuncu vəzifəsi aparıcı mühəndis olmuşdur.

2. Cavabdehin xx.xx.2022-ci il tarixli, KS/030/22 nömrəli əmri ilə 19 may 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, cavabdeh ilə son haqq-hesabın aparılması, ona işlədiyi günlər üçün əmək haqqı ödənilməsi, orta aylıq əmək haqqının 2 misli qədər işdən çıxma müavinəti ödənilməsi, 03 fevral 2021- 03 fevral 202-ci iş ili üçün istifadə edilməmiş 30 məzuniyyət gününün, 03 fevral 2022- 03 fevral 2023-cü iş ili üçün istifadə edilməmiş 10 məzuniyyət gününün pul əvəzi ödənilməsi barədə əmr verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X2 Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialının əmək müqaviləsinə xitam verilməsi barədə 18 may 2022-ci il tarixli, KS/030/22 saylı əmrinin ləğv edilməsi, «Aparıcı mühəndis» vəzifəsinə işə bərpa olunması, cavabdehdən onun xeyrinə 19 may 2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün gəlir vergisi, məcburi sosial sığorta haqqı, işsizlik və icbari tibbi ödənişləri tutulduqdan sonra 3900 manat məbləğində məcburi işburaxmaya görə aylıq əmək haqqının, maddi ziyanın əvəzi kimi 5000 manat, mənəvi ziyanın əvəzi kimi 10000 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2003-cü ildən əmək fəaliyyəti ilə məşğul olmaqla 19 ilə yaxın iş stajına malikdir. 2004-2012-ci illərdə: SOCAR (Azərbaycan Respublikasının Dğvlət Neft Şikətində), Rapid Solution LTD-də, Sparrows Offshore LTDdə və BP şirkətinin Azərbaycan Respublikasındakı Filialında çalışmaqla, əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ali təhsilli mütəxəssisdir. 2012-ci ildən EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Junior Project Engineer vəzifəsində işləməyə başlamışdır. 2013-cü ildə BP kontraktları üzrə koordinator vəzifəsinə yüksəlmişdir. EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının bütün BP üzrə: BP- EnereMech Crane contract layihə işlərini idarə etmiş və 6 il bu Layihə üzrə çalışmışdır. Filialda axırıncı vəzifəsi “Aparıcı mühəndis” olmuşdur. 2012-ci ildən başlayaraq, bu şirkətdə 10 ildən çox işləmişdir. İşlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirmiş, əmək intizamının pozulması ilə əlaqədar hər hansı bir intizam məsuliyyətinə cəlb edilməmişdir. 18 may 2022-ci il tarixli, KS/030/22 saylı əmr ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən, “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə xitam verilmişdir. Pandemiya dövründə və ümumuyyətlə, ştatların ixtisarı ilə əlaqədar işçilərin işdən azad olunması qadağandır. Onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri cavabdeh müəssisə tərəfindən pozulub. Cavabdeh müəssisə ondan aşağı göstəricilər göstərmiş və peşəkarlıq səviyyəsi dəfələrlə aşağı olan işçiləri işdə saxlayaraq, tutduğu vəzifə və ya ştatı qanunsuz olaraq ixtisar etmişdir. İşlədiyi sahədə ixtisarın aparılması və eyni zamanda bu ixtisarın yalnız ona şamil olunması qeyri-müəyyən olaraq qalır və baş verən yeganə ixtisarın yalnız ona şamil edilməsi ona qarşı açıq-aşkar qərəzliliklə aparılmasını sübut edir. Şirkətdə onunla birlikdə mühəndis vəzifəsində 3 nəfər mühəndis işləyib. Bu mühəndislərdən: o, “Aparıcı Mühəndis” vəzifəsində işləmiş, digər işçilər olan Baxşiyev Anar və Məhərrəmov Azər isə adi münəndis vəzifəsində çalışmışlar. Əgər müəssisədə həqiqətən ştatların ixtisarı aparılıbsa, bu zaman işçilər arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulan qaydada necə peşəkarlıq aparılıb? Peşəkarlığın kriteriyaları nə olub ki, eyni mühəndis vəzifəsində çalışan, eyni əmək funksiyalarını yerinə yetirən mühəndislərdən adından da göründüyü kimi, peşəkarlığı daha yüksək olan “aparıcı mühəndis” ixtisar olunur, peşəkarlığı daha az olan “adi münəndis”lər isə işdə saxlanılır? “Aparıcı mühəndis” ştatı ləğv edilibsə, onda hansı məntiq və qanunauyğunluqla onun son iş günündə, onun işlədiyi vəzifəyə, yəni “aparıcı mühəndis” vəzifəsinə xarici işçi təyin olunur və onun gözlərinin qarşısında həmin işçi onun tabeliyində olan işçilərə təqdim olunur və bildirilir ki, bu gündən sonra ona məxsus olan vəzifə funksiyaları həmin xarici işçi tərəfindən həyata keçiriləcək? Onun yerinə təyin olunan şəxs olan Vüsal Babaşov isə hətta yerli işçi deyil, Gürcüstan Respublikasının vətəndaşıdır. Qeyd olunan bu hal da onu təsdiq edir ki, cavabdeh Şirkətdə ştatların ixtisarı aparılmamışdır, yalnız qərəzli olaraq onunla bağlanmış əmək müqaviləsi belə bir formal əsasla ləğv edilmişdir.

5. Cavabdeh iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə pandemiya şəraitində işin azalması səbəbi ilə deyil, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının BP şirkəti ilə olan müqaviləsinin bitməsi ilə əlaqədar ştatın ixtisar edilməsi səbəbi ilə xitam verilmişdir. İddidaçınm istinad etdiyi çıxışında Azərbaycan Respublikasnın prezidenti iqtisadiyyat subyektləri üçün məhdudiyyətlər elan edildiyi dövrdə sahibkarlara dözümlülük göstərməsi və işçiləri işdən ixtisar etməməsi ilə bağlı sahibkarlıq subyektlərinə müraciət etmiş və belə şəraitdə dözümlülük göstərməyi tövsiyə etmişdir. Hazırki vəziyyətdə pandemiyanın ləğv edilməsi barədə rəsmi açıqlama verilməsə də, hazırda heç bir müəssisə və təşkilatın fəaliyyəti pandemiya səbəbi ilə məhdudiyyətə məruz qalmamışdır. Bütün iqtisadiyyat subyektləri tam gücü ilə işləməkdədirlər. Peşəkarlıq səviyyəsindən asılı olmayaraq cavabdeh bütün işçiləri ilə əmək müqaviləsinə xitam verəcəyi ilə bağlı bütün əməkdaşlarını əvvəlcədən xəbərdar etmişdir. Bununla bağlı bir neçə dəfə cavabdehdə çalışan işçilərlə iclaslar keçirilmiş və işçilərin rifah halının maksimum təmin edilməsi üçün maksimum səylər göstərilmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filailının BP şirkəti ilə olan layihəsinin bitməsi ilə əlaqədar filialın fəaliyyətinin dayandırılmasının planlaşdırıldığı, bu səbəbdən 43 ştatın ləğv edilməsi barədə KS/015-A/22 nömrəli, 10 mart 2022-ci il tarixli əmr bu iddiaya etiraza əlavə edilimişdir. Qeyd edilən əmrdən də göründüyü kimi, təkcə iddiaçının tutduğu vəzifə deyil, digər vəzifələr də ixtisar edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, guya onun tutduğu vəzifəyə, yəni aparıcı mühəndis vəzifəsinə başqa işçinin götürülməsi isə tamamilə yalan məlumatdır. Hazırda cavabdehdə aparıcı mühəndis vəzifəsində heç kim işləmir. Belə bir ştat ümumiyyətlə ləğv edilmişdir. Cavabdehdə Vüsal Babaşov adlı şəxs çalışmır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1485/2022 saylı qətnaməsi ilə (hakim M.Bağırova) iddia rədd edilmişdir.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə əmək müqaviləsinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi, 71-ci maddəsinin 1-ci hissəsi, 77-ci maddəsinin 1-ci və 2-ci hissələri, 78-ci maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı, həmçinin onunla əsaslandırılmışdır ki, iddia ərizəsində də qeyd etdiyi kimi (cavabdeh də bunu inkar etmir), müəssisədə eyni ixtisas – mühəndis ixtisası üzrə bir neçə nəfər çalışır, onlardan biri də iddiaçıdır. Mühəndis vəzifəsində irəli çəkilərək aparıcı mühəndis kimi çalışmağı ixtisasın dəyişməsi demək deyil, yəni o, başqa bir ixtisas üzrə çalışmayıb, digər mühəndislər kimi o da mühəndisdir, sadəcə vəzifədə irəli çəkilib, bu da bir peşəkarlıq göstəricisidir. Göründüyü kimi, əgər işəgötürən doğrudan da ştatların ixtisarını aparıbsa peşəkarlıq səviyyəsini mütləq müəyyən etməli idi, bunun üçün eyni ixtisas üzrə işçilərin sayı ilə bağlı əsaslar mövcud idi. Hesab edir ki, işəgötürən normanın tələblərini kobud şəkildə pozaraq sözügedən qanunsuz əmri vermişdir. İşə baxan birinci instansiya məhkəməsi də hansısa səbəbdən cavabdehin qanunsuz mövqeyindən çıxış edərək Əmək Məcəlləsinin 78.1-ci maddəsinin tətbiqində səhvə yol vermiş, bununla da əsassız və qanunsuz qətnamənin çıxarılmasına səbəb olmuşdur. Müəssisədə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən şirkətin rəhbərliyi müvafiq tədbir görməmiş, onu bu sahədə və ya Şirkətin digər sahəsində vəzifə və ya peşəsinə uyğun digər işlə təmin etmək üçün heç bir tədbir görməmişdir. Baxmayaraq ki, onun şirkətin bu və digər sahələrində, bu sahədə işləmək üçün kifayət qədər bilik, təcrübə və peşəkarlığı var. Lakin cavabdeh ona başqa iş təklifi də etməmişdir. Şirkət üzrə ixtisarların hansı sahə və struktur bölmələri üzrə aparılması, bu ixtisarların hansı peşə və ixtisaslara şamil edilməsi göstərilməmiş, neçə nəfər işçinin sayının azaldılması və ya ştatının ixtisarı göstərilib əsaslandırılmamış, ştatların ixtisarı və işçilərin sayının azaldılmasının hansı zərurətdən yaranması əsaslandırılmamışdır. Himayəsində 3, 10 və 12 yaş olmaqla 3 azyaşlı övladı var, eyni zamanda yaşlı valideynləri də himayəsində olmaqla 7 nəfər ailədə yeganə işləyən odur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

13. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı X3 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

14. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

15. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxs qismində Neftçilərin Hüquqlarını Müdafiə X4 səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi:

20. Maddə 70, “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.

21. Maddə 71, 1-ci hissə. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

22. Maddə 77, 1-ci və 2-ci hissələr. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 77, 4-cü hissə. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.

23. Maddə 78, 1-ci hissə. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Nəzərə alınmalıdır ki, qanunvericilikdə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçinin peşəkarlıq səviyyəsinin məhz işəgötürən tərəfindən müəyyən edilməsi qaydası müəyyən edilmişdir. Lakin sözügedən hüquq normasının tətbiq edilməsi üçün mərhələli şəkildə bir neçə şərtə əməl edilməlidir: əvvəla, müvafiq müəssisədə faktiki olaraq işçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata keçirilməlidir, daha sonra həmin müəssisədə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün eyni ixtisas (peşə) üzrə bir neçə işçi çalışmalıdır. Məhz göstərilən şərtlər mövcud olduqda, işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi həyata keçirilir. Sözügedən qiymətləndirmənin həyata keçirilməsi işəgötürənin müstəsna səlahiyyətində olmasına baxmayaraq, qanunvericilikdə bu səlahiyyətin həyata keçirilməsinə müvafiq məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu məhdudiyyətlər sırasına “əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” başlıqlı ƏM-in 79-cu maddəsinin göstərişləri aiddir. İddiaçı isə həmin maddənin göstərişlərinin təsiri altına düşmür.

28. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən təqdim olunmuş KS/016-A/22 nömrəli, 17 mart 2022-ci il tarixli əmrdən görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının BP şirkəti ilə olan layihəsinin bitməsi ilə əlaqədar filialın fəaliyyətinin dayandırılmasının planlaşdırıldığı, bu səbəbdən 43 ştatın ləğv edilməsi barədə əmr verilmişdir. Sözügedən əmrdən də göründüyü kimi, təkcə iddiaçının tutduğu vəzifə deyil, digər vəzifələr də ixtisar edilmişdir. Bundan əlavə, işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyinin portalından olan çıxarışdan da cavabdeh müəssisədə çalışan işçilərin əksəriyyətinin ixtisar edildiyi məlum olur. Cavabdehin birinci instansiya məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, xx.xx.2022-ci ildən xx.xx.2022ci il tarixədək Şirkətə yeni işçi işə qəbul edilməmişdir. Bundan əlavə, cavabdehin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları nəzərdə tutulmuşdur. İddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun xəbərdarlıq verilmiş, həmin maddədə nəzərdə tutulmuş məbləğə uyğun işdənçıxma müavinəti verilmişdir. Əmək Məcəlləsinin hər hansı hissəsində işçi ixtisar edilərkən ona başqa iş təklif etmək öhdəliyi nəzərdə tutulmamışdır. İddiaçının qeyd etdiyi digər mühəndislərdən Azər Mehdiyevin əmək müqaviləsinə artıq xitam verilmişdir. İddiaçının istinad etdiyi digər işçi Anar Baxşıyev iddiaçının doğma qardaşıdır və onun da himayəsində 16 yaşı tamam olmamış uşaqlar vardır.

29. Cavabdehin nümayəndəsinin təqdim etdiyi Dövlət Məşğulluq Xidmətinin elektron məlumat bazasından çıxarışdan və ərizələrin surətindən müəyyən edilir ki, hazırda cavabdeh müəssisədə cəmi 8 nəfər əməkdaş çalışır ki, onlardan 5 nəfəri, o cümlədən mühəndis vəzifəsində çalışan Anar Baxşıyev xx.xx.2022-ci il tarixdə ərizə yazaraq xx.xx.2022-ci il tarixdən öz xahişləri ilə tutduqları vəzifədən azad edilməsini xahiş etmişlər.

30. Cavabdehin nümayəndəsi bunu müəssisənin fəaliyyətini dayandırması və işçilərin yeni işəgötürənlə müqavilə bağlamaları ilə izah etmişdir.

31. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsassız hesab edir və bildirir ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1485/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar