Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6582/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «məcburi iş buraxmaya görə mənəvi zərərin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh MMC-nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4332/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 02/KŞ nömrəli əmrinə əsasən Cavabdeh MMC-də gözətçi vəzifəsində çalışan İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 16 fevral 2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Həmin əmrin əsaslandırılmasında qeyd edilmişdir ki, Cavabdeh MMC-də gözətçi vəzifəsində çalışan İddiaçı işlədiyi dövrdə müxtəlif vaxtlarda müəssisədaxili intizam qaydalarına əməl etməyərək işə gecikmiş və ona xəbərdarlıqlar edilmişdir. İddiaçı 2024-cü ilin 15 fevral tarixində mühasibatlıq işlərinin aparıldığı otağa daxil olaraq orada olan əşyanı(printeri) rəhbərliyin icazəsi və tapşırığı olmadan müəssisənin yerləşdiyi ərazidən kənara çıxarmış və bununla da Cavabdeh MMCnin fəaliyyətinə təsir göstərərək onun qanuni mənafeyinə ciddi xələl gətirmişdir.
2. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən xitam verildiyi barədə əmək kitabçasında işəgötürən tərəfindən qeyd aparılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı iddia ərizəsi ilə, iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, Cavabdeh MMC-nin gözətçi vəzifəsinə işə bərpa edilməsi, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərin əvəzi olaraq 11000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiada göstərilib ki, işdən əsassız azad edilməsi nəticəsində o, stres və sarsıntı keçirmişdir və printerin guya müəssisədən özbaşına çıxarılması barədə iddia isə ona təsir etmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4332/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia tələbinin qismən təmin edilərək İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2024-cü il tarixli, 02/KŞ nömrəli əmrinin ləğv edilməsi; məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdehndə tutduğu əvvəlki vəzifəsinə bərpa edilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işəgötürən işçinin müəssisədaxili intizam qaydalarına əməl etməyərək işə gecikdiyinə və MMC-nin qanuni mənafeyinə ciddi xələl gətirən hərəkətə yol verdiyinə əsaslanaraq, işçi ilə əmək müqaviləsinə xitam vermişdir. Lakin tədqiq edilmiş sübutlar əsasında işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduğu müəyyən edilmir. Belə ki, əvvəla cavabdeh işçinin işə dəfələrlə gecikdiyi və ona dəfələrlə xəbərdarlıq edildiyi barədə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə işçinin printeri rəhbərliyin icazəsi və tapşırığı olmadan müəssisənin yerləşdiyi ərazidən çıxarması mahiyyətli hərəkətin nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin hansı qaydada pozulduğu, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəydiyi müəyyən edilmir. Əgər işəgötürən işçini müəssisənin əmlakını oğurlamaqda ittiham edirdisə, bu barədə hər hansı hüquqi addım atılmaması anlaşılan olmamışdır. Halbuki, tədqiq edilən sübutlar əsasında sözügedən printerin iddiaçı tərəfindən götürüldüyü müəyyən edilməmiş, cavabdeh isə əksini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə işəgötürənin intizam tənbehi verməmişdən əvvəl işçini çağırıb izahatını alması, məsələ ilə bağlı araşdırma aparması da işin halları ilə müəyyən edilmir. Odur ki, işçinin işdən çıxarılması barədə əmr formal olaraq əsaslandırılmış və nəticədə işçinin qanunla qorunan mənafeyi pozulmuşdur. Odur ki, işçinin hüquqları bərpa edilərək, əmək müqaviləsinə xitam verilməsi barədə qanunsuz əmr ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir. Cavabdehin məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməli olmaması barədə etirazını məhkəmə ona görə əsassız hesab edir ki, cavabdehin qanunsuz hesab etdiyi əmri ləğv etmək imkanı olsa da, bunu etməmişdir və bu hal əksinə işəgötürənin məsuliyyəti ilə bağlı olan məsələdir. Məhkəmə iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbini isə əsassız hesab edir. Belə ki, işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması ilə bağlı işəgötürən tərəfindən hər hansı hərəkət edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı (nümayəndəsi Vəkil1) apellyasiya şikayətində qətnamənin qismən - mənəvi ziyan hissəsində dəyişdirilməsi və həmin hissədə də iddia tələbinin tam təmin olunmasını xahiş edib şikayətində göstərib ki, məhkəmə iclasında verilən izahatında da cavabdeh tərəf “iddiaçı öz vəzifə səlahiyyətlərini aşmış və müəssisədə iş vaxtından kənar qadağan olunmuş otağa daxil olaraq printeri oğurlamışdır. Bundan sonra iddiaçı işdən çıxarılmışdır. Lakin iddiaçının hərəkətləri barəsində polisə şikayət verilməmişdir” və “Biz iddiaçınının işdən çıxarılmasını düzgün rəsmiləşdirməmişik” deyə ifadə vermişdir. Məhkəmə iclasında isə sözü gedən printerin şahid X1 müəyyən olunmuş, ümumiyyətlə hadisənin iddiaçı ilə əlaqəli olmadığı müəyyən olunmuşdur. Printerin “oğurlanmaq” ifadəsi dindar şəxs olan iddiaçı üçün ağır bir ifadədir və mənəvi dəyərlərə toxunur. Ona görə də məhkəmə iddia tələbinin mənəvi tələb hissəsində təmin etməli idi. Məhkəmə nəticəyə gələrkən işin faktiki hallarına, daha doğrusu mənəvi hissəsinə düzgün qiymət verməmiş, işin faktiki hallarından biri olan mənəvi hissəsini aydınlaşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 290(3-cü hissə). İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
11. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində qeyd edilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qərarın 7-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
12. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edilmədiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından həmin hissədə iddia haqlı sayılmır.
21. Əlbəttə ki, bu hissədə mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
23. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. Çünki həmin hissədə faktiki hallar tələbin digər əsas hissəsindən fərqli olaraq qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu hissədə məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ona görə razılaşır ki, bu hissədə iddiaçının bəyan etdiklərinin, eləcə də apellyasiya şikayətinin dəlillərinin həqiqiliyi təsdiq olunmur.
24. Bununla yanaşı, cavabdehin nümayəndəsinin və vəkilinin məhkəmə iclasında verdiyi izahatındakı sözlərlə iddiaçıya mənəvi zərər vurması həqiqi və təsdiq olsa belə hazırkı iddianın mənəvi zərər hissəsini və apellyasiya şikayətindəki dəlilləri əsaslı etmir. Çünki işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır(ƏM.m.290.3-cü hissə). Demək ki, cavabdeh iddiaçıya bilavasitə əmək münasibətləri prosesində vurduğu mənəvi zərərə görə maddi məsuliyyətə cəlb edilə bilər. Məhkəmə iclasında səsləndirilən fikirlərin isə ondan əvvəl irəli sürülmüş iddianın əsaslılığına təsiri ola bilməz. Ona görə apellyasiya şikayəti də məhkəmə iclasında deyil, əmək prosesində baş verənlərə əsaslanmalıdır.
25. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4332/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4332/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.