Məhkəmə qərarları › İş №2(103)-6583/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6583/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6583/2025 19.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «əsassız varlanma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı “X3 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3180/2025 saylı, 19 sentyabr 2025ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: xx.xx.2025-ci il tarixdə “X3 Azərbaycan” QSC ilə X1 arasında kredit müqaviləsi bağlanıb. 2.Cavabdeh (satıcı), X1 (alıcı-ipoteka qoyan) və “X3 Azərbaycan” QSC(ipoteka saxlayan ) arasında xx.xx.2025-ci il tarixli 02-25/YKB-İP nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanıb. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000(on min) manat və 120(yüz iyirmi) manat dövlət rüsumuna görə xərcin əvəzinin хeyrinə tutulmasını xahiş edib.

4. Tələbdə göstərilir ki, alqı-satqı və ipoteka müqaviləsinin 1.4.-cü bəndinə görə daşınmaz əmlakın satış qiyməti 327.000 manat müəyyən edilib. Daşınmaz əmlakın dəyərinin 177.000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 150.000 manat hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən, kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan/borcalan arasında bağlanmış xx.xx.2025-ci il tarixli 02-25/YKB nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. xx.xx.2025-ci il tarixdə satıcı qismində çıxış edən Cavabdeh banka yaxınlaşaraq daşınmaz əmlakın satış məbləğini əldə etmək üçün 325.125 manat məbləğində qəbzə imza atmışdır. Lakin bankdan 335.125 manat əldə etmişdir. Belə ki, kassirin daşınmaz əmlakın satış məbləğini satıcıya təqdim etmək üçün pul məbləğlərini hesablayarkən yanlış olaraq 10.000 manat məbləğində vəsaiti satıcı qismində çıxış edən Cavabdeh təhvil vermişdir. Vəsaitin banka geri qaytarılması ilə bağlı cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, qanunvericiliyin imperativ tələblərinə görə geri qaytarılmalı olan vəsaiti qaytarmamışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3180/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli (hakim Sahibə Hacıyeva) qətnaməsi ilə iddia tələbinin təmin edilərək Cavabdeh 10.000 (on min) manat pul vəsaiti və 120 (yüz iyirmi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 10120 (on min yüz iyirmi) manat məbləğində pulun alınaraq iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və 150 (yüz əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri olan pul vəsaitinin Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinin xeyrinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını (çıxışını) dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh (satıcı) və X1 (alıcı-ipoteka qoyan) arasında bağlanmış xx.xx.2025-ci il tarixli 02-25/YKB- İP nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, daşınmaz əmlakın satış qiyməti 327.000 manatdır, daşınmaz əmlakın dəyərinin 177.000 manat məbləğində olan hissəsi X1 (Alıcı-İpoteka qoyan) özü tərəfindən, 150.000 manat məbləğində olan hissəsi isə “X3 Azərbaycan” QSC (kreditor- ipoteka saxlayan) tərəfindən Kreditor-İpoteka saxlayan və Alıcı-lpoteka qoyan/Borcalan arasında Bakı şəhərində bağlanmış "10” Yanvar 2025-ci il tarixli 02-25/YKB nömrəli Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. xx.xx.2025-ci il tarixli “X3 Azərbaycan” QSC tərəfindən verilən qəbzdən görünür ki, bank tərəfindən Cavabdeh 325 152 manat ödənilmişdir, hər iki tərəf qəbzi imzalamışdır. Lakin, kassir daşınmaz əmlakın satış məbləğini satıcıya təqdim etmək üçün pul məbləğlərini hesablayarkən yanlış olaraq 10.000 manat məbləğində vəsaiti satıcı qismində çıxış edən Cavabdeh təhvil vermişdir. Beləliklə Cavabdeh bankdan 335.125 manat məbləğində pul vəsatini əldə etmişdir. Məhkəmə tərəfindən 2(011)-3180/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə fonoskopik ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/932 nömrəli ekspertiza rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş “Kassa_3_arxa_28_May **********5944_**********_2445_4396105” kamera görüntüsündə videofonoqramın 04:09 dəqiqəsində (timecode ilə 11:03:52-da) kassirin masaya 100 manatlıq əskinasları qoyduğu görünür, timecode-də qeyd olunan saat 11:07:17-də kassir tərəfindən qoyulmuş 100 manatlıq əskinasların sayı 10 ədəd olduğu və kassirin hesab makinasına 100000 qeyd etdiyi aşkar edilmişdir. Ekspertizaya təqdim olunmuş “Kassa 3_ust_28_May_**********5959_**********5 747_6457248” kamera görüntüsündə videofonoqramın 11:26:13 hissəsində kassirin sağ tərəfindəki kassada olan 100 manat əskinaslardan ibarət bağlamalar arasından 01 ədəd bağlamanı götürərək digər qalan bağlamaları kassaya geri qoyduğu, daha sonra əlində olan 01 ədəd 100 manatlıq əskinası qarşısındakı masanın üzərində olan 100 manatlıq əskinasların üzərinə qoyaraq əskinasları toplu şəkildə götürdüyü aşkar edilmişdir. Timecode-də qeyd olunan saat 11:26:26-da kassirin əlində olan 100 manatlıq pul əskinaslarından ibarət bağlamaların sayının 11 ədəd olduğu aşkar edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş fləş kartlara məhkəmə tərəfindən baxış keçirilən zaman müəyyən olunmuşdur ki, “Kassa_3arxa 28May_**********5944_**********_2445 ” 4396105” kamera görüntüsündə timecodedə qeyd olunan saat 11:26:13 hissəsində kassir sağ tərəfindəki kassada olan 100 manat əskinaslardan ibarət bağlamalar arasından 01 ədəd bağlamanı götürərək digər qalan bağlamaları kassaya geri qoymuş, daha sonra əlində olan 01 ədəd 100 manatlıq əskinası qarşısındakı masanın üzərində olan 100 manatlıq əskinasların üzərinə qoymuşdur. Timecode-də qeyd olunan saat 11:26:26-da kassirin əlində olan 100 manatlıq pul əskinaslarından ibarət bağlamaların sayının 11 ədəd olduğu görünür. “Kassa_3_ust_28May_**********5747_**********2309_7404154”kamera görüntüsündə timecode-də qeyd olunan saat 11:59:10-11:59:30 aralığında vakumlanmış pul bağlamaları kassirə təhvil verilmişdir. Göründüyü kimi, bank tərəfindən yanlışlığa yol verilərək, Cavabdeh 325 152 manat əvəzinə, tərəflər arasında bağlanmış müqavilədə nəzərədə tutulmayan 10000 manat artıq olmaqla, 335.125 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu hal məhkəmə tərəfindən aparılmış tədqiqat nəticəsində həmçinin məhkəmə tərəfindən təyin edilmiş məhkəməfonoskopik ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçı onun hesabına əsassız varlanmış şəxsdən əldə etdiklərini geri tələb etməkdə haqlı olduğundan, iddia təmin edilməlidir. Mülki Məcəllinin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Lakin cavabdeh özünün əsassız varlanmadığını məhkəmə iclasında sübuta yetirə bilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş edib şikayətində göstərir ki, videoyazı əsasında keçirilmiş videoyazıların məhkəmə ekspertizasının rəyindəki xülasə bundan ibarətdir ki, kassir 100 manatlıq əskinasları alıcıdan qəbul edərək pul sayan aparatda 100 000 manatı sayır və hər birində 100 ədəd əskinas olmaqla 10 dəsti masanın üstünə qoyur. Sonra sağ tərəfindəki kassadan 100 manatlıq əskinaslar bağlamasından 1 ədəd dəsti götürüb, həmin 10 ədəd dəstin üzərinə qoyaraq, onları toplu şəkildə götürür. Bunlar vaxt olaraq saat 11:03–11:27 aralığında baş verir. Lakin cavabdehə pul saat 14:42–14:53 aralığında verilmişdir. Cavabdeh kassirə inanaraq pulu saymadan qəbul etmişdir. Beləliklə, ekspertin tədqiq etdiyi videoyazı vaxtı ilə pulun cavabdehə verilməsi vaxtı arasında 3 saatdan çox müddət keçmişdir. Cavabdehə həmin bağlamanın və ya hər hansı başqa bağlamanın verildiyi ekspertiza tədqiqatından kənar qalmışdır. Bununla bağlı əlavə ekspertizanın keçirilməsi barədə vəsatəti təmin edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdehə pulun çox hissəsi vakuumlu bağlamalarda verilmişdir. Yəni əgər ona ekspertin tədqiqatında göstərilən bağlama verilmişdirsə, o, vakuumlanmalı idi və bu zaman onun tərkibi dəyişdirilə bilərdi. İddiaçının məhkəməyə təqdim videoyazı fayllarında vakuumlama və təkrar vakuumlama prosesi əks olunmuşdur, lakin bağlamanın üzərində kağız parçası olduğuna görə hər iki halda vakuum aparatına qoyulan bağlamada neçə ədəd pul dəsti olduğunu görmək və saymaq olmur. Buna görə hesab edirik ki, ekspertiza rəyində göstərilən halla cavabdehə pulun artıq verilməsi iddiası arasında bağlılıq və səbəbli əlaqə yoxdur. Bu halda iddia sübut olunmamış sayılmalıdır. Nəzəri olaraq, ehtimal etsək ki, cavabdehə ekspert rəyində göstərilən 11 dəstdən ibarət bağlama verilib, sonuncu - kassirin sağ tərəfindəki kassadan götürülən 1 ədəd 100 manatlıq əskinas dəstində nə qədər əskinas olduğu bilinmir. Bəlkə içində 30, 50, 75 və ya 90 ədəd əskinas olub. Bunu müəyyən etmək mümkün deyil. Çünki həmin dəstin nə vaxt sayıldığı, nə vaxt sağ tərəfdəki kassaya qoyulduğu məlum deyil. Bu mənada həmin dəstin içində 100 ədəd əskinasın olduğunu qəbul etmək cəhdi ehtimaldır, sübut olunmuş hal deyil. Yəni iddiaçı məhkəmədə sözügedən dəstin içində neçə ədəd əskinas olduğunu sübut edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, ehtimal etsə ki, cavabdehə 10 ədəd 100 manatlıq əskinas dəsti əvəzinə 11 ədəd dəst verilmişdir, sonuncu - 11-ci dəstin içində neçə ədəd əskinasın olduğu işin sübut edilməyən halıdır. Bu halda isə iddia təmin oluna və cavabdehdən iddia olunan 10 min manat tutula bilməzdi. Cavabdehin məhkəməyə verdiyi izahatda bildirdiyi kimi, ona bankın kassasından 5 vakuumlu bağlamada 300 min manat və ayrıca 25 152 manat verilmişdir. Cavabdeh pulu saymadan qəbul etmişdir. O, 5152 manatı kassanın pəncərəsindən götürmüş, pulun qalan hissəsi isə ona steplerlənmiş 2 ədəd paketdə pəncərədən deyil (pənrəcədən keçmədiyi üçün), kassanın qapısından verilmişdir. Öz növbəsində o, pulu götürüb həmin gün 285 min manata başqa əmlakın əldə olunması üçün başqa şəxsə vermiş, o da pulu saymadan qəbul etmişdir. Cavabdeh 5 vakuumlu bağlamada olan 300 min manatın üstündən yalnız bir 50 manatlıq əskinaslar olan vakuumlu bağlamanı açıb üstündən 15 min manatı götürmüş, qalanını olduğu kimi həmin şəxsə vermişdir. Yəni, ehtimal etsək ki, cavabdehə 10 ədəd 100 manatlıq əskinas dəsti əvəzinə 11 ədəd dəst verilmişdir, o, bu pulla varlanmamışdır, onu saymadan başqa şəxsə ötürmüşdür. Mülki Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Yuxarıda qeyd olunan 3 əsasın hər biri ayrılıqda və ya hamısı birlikdə iddianın əsassız olduğuna, iddia olunan məbləğin sübut olunmadığına və cavabdehə qarşı tələbin verilməsi üçün əsasın aradan qalxdığına görə hesab edir ki, iddia təmin oluna bilməzdi. Xətai rayon məhkəməsinin qətnaməsində haqlı olaraq, MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyə, habelə AİHM-in 2 qərarına istinad edilmişdir. Bu qərarlar sübutlar, sübut etmə yükü və sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi qaydası ilə bağlıdır. Lakin məhkəmə tərəflərin dəlillərini və sübutlarını qeyri-bərabər şəkildə qiymətləndirmiş, qərəzsizlik və obyektivlik prinsipini pozmuşdur. Məsələn, istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarına görə iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Bu mənada birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “cavabdeh özünün əsassız varlanmadığını məhkəmə iclasında sübuta yetirə bilməmişdir” və bu, həqiqətdir. Cavabdehin iddiaçıdan aldığı pulu saymadan başqa şəxsə verdiyi faktdır, lakin bununla bağlı cavabdeh tərəf özünün izahatından başqa məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Çünki, aldığı yeni mənzil yeni tikilmiş binada yerləşdiyindən, onun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmamış, cavabdeh mənzili ikinci əldən satan adamdan almış, pulu əldən-ələ ona vermiş, rəsmiləşdirmə işləri qeyri-notariat qaydada MTK-da baş vermiş və cavabdehin adına yeni müqavilə bağlanmışdır, mənzili satmış adam isə mənzili satdıqdan sonra xaricə köçüb getmişdir. Təəssüf ki, birinci instansiya məhkəməsi qanunla müəyyən olunmuş qərəzsizliyi, ədaləti və obyektivliyi cavabdehə münasibətdə göstərməmişdir. Belə ki, cavabdehə verilmiş (sayılmış yox, verilmiş) pul bağlamaları arasında 100 manatlıq əskinaslardan ibarət bağlamada 10 ədəd və ya 11 ədəd dəstin olduğu, habelə ehtimal edilən 11-ci dəstin içində neçə ədəd 100 mantlıq və ya başqa əskinasların olduğu iddiaçı tərəfindən sübut edilməmişdir. Sonuncu məsələyə qətnamədə ümumiyyətlə qiymət verilməmişdir. Bununla da Xətai rayon məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bu halı aydınlaşdırmamışdır. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan bu hallar sübut edilməmişdir. Nəticədə və ya səbəb olaraq, prosessual və maddi hüquq normaları pozulmuşdur. Barəsində şikayət verilən qətnamənin 6-ci səhifəsində məhkəmə müəyyən edir ki, xx.xx.2025-ci il tarixdə qəbzdə 325 152 manat yazılmasına və hər iki tərəfin imzası ilə təsdiq olunmasına baxmayaraq, cavabdeh iddiaçının kassasından 335 152 manat pul vəsaitini əldə etmişdir. Daha sonra məhkəmə bu nəticəyə gəlməsi üçün əsas olmuş sübutları (ekspertiza rəyini və kamera görüntülərini) və orada göstərilən halları təsvir edir. Ekspertiza rəyinə görə iddiaçının kassiri saat 11:03:52-11:07:17 aralığında mənzilin alıcısından qəbul etdiyi 100 000 manatı sayıb 10 ədəd 100 manatlıq əskinasların masanın üstünə qoyur. Saat 11:26:13-də sağ tərəfdəki kassadan 100 manatlıq əskinaslar olan bağlamadan 1 ədəd dəsti götürüb masanın üstündəki 10 ədəd 100 manatlıq dəstin üstünə qoyur və 11:26:26-da onları toplu şəkildə götürür. Eyni halları məhkəmə özü də kamera görüntüsünə baxıb müəyyən etdiyini qeyd edir. Sonra qeyd edilir ki, 11:59:10-11:59:30 aralığında vakumlanmış pul bağlamaları kassirə təhvil verilmişdir. Kim təhvil verildiyi yazılmasa da, güman ki, inkassator tərəfindən verildiyi nəzərdə tutulur. Çünki iş materiallarında olan kassa mədaxil orderi və sənədlərə əsasən kassir həmin gün 100 və 50 manatlıq əskinaslarla ana kassadan 200.000 manat pul qəbul etmişdir. Ən maraqlısı bundan sonrasıdır. Üstündən 3 saata yaxın vaxt keçir. Bu aralıqda nə baş verdiyi məlum deyil və məhkəməyə maraqlı olmayıb. Lakin sonra məhkəmə qeyd edir ki, saat 14:52:28də vakuumlanmış pul dəstələri iki göy paketə qoyularaq cavabdehə təhvil verilmişdir. Bu ardıcıllıqdan görünür ki, vakumlanmış pul bağlamaları inkassatorun gətirdiyi bağlamalardır, bunlar da 200.000 matan təşkil edir. Pulun qalan hissəsi necə verildi, pulun qalan hissəsi vakuumlandımı, vakuumlananda içində nə qədər pul olub və s. məsələlər məhkəmə araşdırmasından kənar qalmış və onlara qiymət verilməmişdir. Nəticədə birinci instansiya məhkəməsinin cavabdehə 325.152 manat əvəzinə məhz 335.152 manat verildiyini necə müəyyən etdiyi müəmmalı qalmışdır. Bunlar isə işin aydınlaşrılmayan və sübut olunmayan halları olmaqla, qətnamənin ləğvi üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

8. İddiaçı “X3 Azərbaycan” QSC elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə qarşı təqdim etdiyi yazılı etirazda şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edib etirazını bununla əsaslandırmışdır ki, birinci instansiyada məhkəmə iclaslarında iştirak edən cavahdeh Cavabdeh ilkin olaraq artıq vəsaitin ona verilməsini ümumiyyətlə qəbul etmirdi. Kassada müəyyən olunan vəsait əksikliyinin bankın daxilində baş vermiş bir hal kimi nəzərə alınmasını irəli sürürdü. Videogörüntülər məhkəməyə təqdim ediləndən sonra Cavabdeh 100 manatlıq əskinas dəstinin vakum aparatına qoyulması görüntüsünün olmamasını bildirərək, həmin dəstinin içindən kassirin özü tərəfindən pul vəsatinin götürə bilməsi ehtimalını irəli sürdü. Bank tərəfindən həmin görüntülər məhkəməyə təqdim ediləndən sonra 100 manatlıq əskinas dəstinin içəriliyində neçə dəstinin olmasını araşdırmaq üçün məhkəmə öz təşəbbüsü ilə video görüntülərlə bağlı ekspertiza təyin etdi. Ekspertiza rəyi də, subut etdi ki, 100 manatlıq əskinas dəstinin içəriliyində 11 ədəd 100 manatlıq əskinas dəstəsi var. Yəni, məhkəmədə araşdırılan hallar üzrə bank tərəfindən subutlar təqdim edilmişdir. Nə Cavabdeh tərəfındən, nə də ki, məhkəmə tərəfindən sonuncu dəstin içəriliyində neçə 100 manatlıq əskinasın olması ilə bağlı sual olmamışdır. Baxış iclasında prosesin sonlarında işə qoşulan cavabdeh tərəfdən çıxış edən vəkil vəsatət verərək əlavə ekspertiza keçirilməsini tələb etsə də, məhkəmə vəsatəti qəbul etməyərək qətnamə qəbul etmişdir. Bu səbəddən cavabdehin vəkilinin apellyasiya şikayətində iddia etməsi ki, "iddiaçı məhkəmədə sözügedən dəstin içində neçə ədəd əskinas olduğunu sübut edə bilməmişdir" əsassızdır. Çünki pul dəstəsinin nə vaxt sayıldığı, və nə vaxt sağ tərəfdəki kassaya qoyulduğu məlumdur. Bununla bağlı video görüntülər məhkəməyə təqdim edilir. Bir daha bildirir ki, birinci instansiyada cavabdeh və yaxud məhkəmə tərəfindən subutların qiymətləndirilməsi zamanı pul dəstənin içində neçə ədəd əskinasın olması ilə bağlı sual yaransaydı, həmin zaman bu subutların məhkəməyə təqdim edilməsi təmin olunacaqdır. Bu səbəbən, bu subutlar apellyasiya məhkəməsində təqdim edilir. Təqdim edilən video görüntülərdən məlum olur ki, bir gün öncə xx.xx.2025-ci il tarixdə, təlimata uyğun olaraq gün sonu kassa vəsaiti sayarkən kassir kassadan 4 ədəd 100 əskinaslı dəsti götürərək hesablama aparatı vasitəsi ilə hesablayır. 4 ədəd 100 əskinaslı dəstin hər birində 100 ədəd əskinas oluduğu görünür. Həmin 4 ədəd 100 əskinas dəsti kassadan götürdüyü digər 100 əskinaslı dəstin üstünə qoyur. Hesablama başa çatanda bütün vəsaitlər bir bağlamaya qoyularaq 17:08:02 saatında kassadan çıxaraq 17:09:18 saatında pul vəsaitləri saxlanan seyfə yerləşdirir. xx.xx.2025-ci il tarixdə 08:50:46 saatda seyfdən götürülən pul bağlaması kassaya gətirilərək stolun üstünə qoyulur. 09:15:08 saatda pul vəsaitlərini kassaya yerləşdirməyə başlayır. 10:10:00 saatında kassaya müştəri yaxınlaşır. Kassir kassaya qoyduğu 100 əskinaslı dəstin üst tərəfindən 2 ədəd 100 əskinaslı dəsti götürür (bir gün qabaq hesablanmış), bir dəstin içindən 4 ədəd 100 əskinas kassaya qoyaraq, geridə qalan vəsaiti müştəriyi verir (görüntüdən görünür ki, müştəriyə 19600 azn məbləğində pul verir). Bir gün qabaq hesablanan 4 ədəd 100 əskinaslı dəstən yerdə kassada 2-si dəsti qalır. 11:00:00 saatda kassaya bağlamada pul vəsaitləri təhvil verilir və kassir həmin vəsaitlərin hesablanmasına başlayır. 10 ədəd 100 əskinaslı dəstin hesablanması görüntülərdən təsdiq olunur. Daha sonra 11:26:11 saatda kassir kassadan 100 əskinaslı dəstəni götürərək, dəstənin üz hissəsindən ikinci 100 əskinaslı dəstini götürərək 10 ədəd 100 əskinaslı dəstin üstünə qoyur. Bununla da, 10 ədəd 100 əskinaslı dəstin üstünə qoyulan 1 ədəd 100 əskinaslı dəstin içində 100 ədəd 100 əskinasın olması sübuta yetirilir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 10.Məhkəmə iclasında iddiaçı “X3 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;https://e-qanun.az/framework/46944 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

20. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

21. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

22. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

23. Əvvəla, iddiaçı cavabdehdən iddia ərizəsində göstərdiyi vəsaitin ödənilməsini tələb edib. Bunun üçün cavabdehin iddiaçı qarşısında əsassız varlanmadan əmələ gələn öhdəliyi yaranmalıdır. Cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyinin yaranması təsdiq olunur. Deməli cavabdeh iddiaçı ilə aralarında yaranmış əsassız varlanmadan yaranan öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı, iddiaçı da məhkəməyə müraciət etməzdi.

24. Qeyd olunduğu kimi cavabdehin iddiaçının hesabına hüquqi əsas olmadan varlanması təsdiq olunur. Yəni, əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur yaxud da bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonradan aradan qalxmış əsas söykənir. Cavabdehin göstərdikləri isə iddianın əsassızlığını təsdiq etmir. Çünki iddia cavabdehin əsassız varlanmadan irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülüb. Cavabdeh isə iddiaçı qarşısında bu cür öhdəliyinin olmasını bilməmiş deyildir. Demək, dəlillər sırf şikayət xatirinə göstərilən formal mülahizələr olmuşdur.

25. Belə ki, kassir tərəfindən pulun sayılması vaxtı ilə, onun cavabdehə verilməsi, başqa sözlə ekspertin tədqiq etdiyi videoyazı vaxtı ilə pulun cavabdehə verilməsi vaxtı arasında 3 saatdan çox vaxt keçməsi iddianın əsassızlığına, şikayətin isə əsaslı olmasına təsir etmir. Çünki bu hal mübahisə predmeti yaxud sübut edilməli hallara aid olmayıb. Buna baxmayaraq, qeyd olunan müddətdə tərəflərin alq-satqı və ipoteka müqaviləsinin rəsmiləşdirməsi üçün notariat ofisində olmaları da işin mübahisəsiz halıdır. Cavabdehin kassirə inanaraq pulu saymadan qəbul etməsi də heç nəyi dəyişmir. Çünki pulu əskik qəbul etdiyini də cavabdeh heç vaxt mübahisələndirməyib. Cavabdehə hansı bağlamanın verildiyi də ekspertiza tədqiqatından kənarda qalmayıb, qalsa idi belə, bu da əlavə ekspertizanın keçirilməsi üçün əsas ola bilməzdi. Çünki kassir tərəfindən cavabdehə hansı bağlamanın verildiyinin anbaan videoyazısı qeydə alınıb. Bir daha qeyd olunur ki, cavabdehə verilən pulun çox hissəsi vakuumlu bağlamalarda olsa da həmin hallar mübahisə predmeti olmayıb.

26. Mübahisə predmeti yaxud mübahisəli hal kassirin masaya 100 manatlıq əskinazlardan ibarət 10 ədəd bağlamanın qoyduğu və hesab makinasına 100 000(yüz min) manatın qeyd etdiyi halda, sonradan sağ tərəfindəki kassada olan 100 manat əskinaslardan ibarət bağlamalar arasından 01 ədəd bağlamanı götürərək digər qalan bağlamaları kassaya geri qoyduğu, daha sonra əlində olan 01 ədəd 100 manatlıq əskinası qarşısındakı masanın üzərində olan 100 manatlıq əskinasların üzərinə qoyaraq əskinasları toplu şəkildə götürməsi və əlində olan 100 manatlıq pul əskinaslarından ibarət bağlamaların sayının 11 ədəd olub-olmaması ilə bağlı olub ki, bu hal da açıq-aşkar təsdiq olunur. Başqa sözlə, kassir 100 manatlıq əskinazlardan ibarət 10 ədəd bağlamaya görə hesab makinasına 100 000(yüz min) manat qeyd etsə də, sonradan həmin bağlamaların üzərinə yanlış olaraq 100 manatlıq əskinazlardan ibarət 11-ci bağlamanı da qoyub, lakin hesab makinasında bunu qeyd etməyib.

27. Cavabdeh kassirin sağ tərəfindəki kassada olan 100 manat əskinaslardan ibarət bağlamalar arasından götürdüyü 01 ədəd 100 manatlıq əskinaslardan ibarət 11-ci bağlamada nə qədər əskinazın olduğunun bilinmədiyini, bunu müəyyən etməyin mümkün olmadığını, çünki həmin dəstin nə vaxt sayıldığı, nə vaxt sağ tərəfdəki kassaya qoyulduğunun məlum olmadığını, bu mənada həmin dəstin içində 100 ədəd əskinasın olduğunu qəbul etmək cəhdinin ehtimal olduğu, sübut olunmuş hal olmadığı, bu halda isə iddia təmin oluna və cavabdehdən iddia olunan 10 min manat tutulmamalı olduğunu qeyd etsə də bu dəlillər də şikayətini əsaslı etmir. Əvvəla ona görə ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində bu halı xüsusi olaraq mübahisələndirməmişdir. Başqa sözlə, cavabdeh bu mövqeyi ilə 11-ci bağlamanı artıq(əsassız) qəbul etdiyini etiraf etsə də, içərisində yüzlük əskinazların 100 ədəd olduğunun sübuta yetirilmədiyini düşünür. Bununla yanaşı, iddiaçı tərəf apellyasiya şikayətinə etirazda və təqdim etdiyi video görüntülərdə həmin 11-ci bağlama da daxil olmaqla, 4 ədəd bağlamanın, bir gün əvvəl, yəni xx.xx.2025ci il tarixdə təlimata uyğun olaraq günün sonunda kassir tərəfindən hesablama aparatı vasitəsi ilə sayıldığı, hər bir bağlamada 100 ədəd yüzlük əskinazların olduğu görünür və təsdiq olunur. Demək ki, qeyd olunan dəlillər avtomatik olaraq təkzib olunur.

28. Bundan əlavə, cavabdehin bankdan qəbul etdiyi pulun 285 000 manatını əmlak alması üçün başqa şəxsə verməsi və onun da pulu saymadan qəbul etməsi, 5 vakuumlu bağlamada olan 300 min manatın üstündən yalnız bir 50 manatlıq əskinaslar olan vakuumlu bağlamanı açıb üstündən 15 min manatı götürməsi, qalanını olduğu kimi həmin şəxsə verməsi, yəni, ehtimal etsə ki, cavabdehə 10 ədəd 100 manatlıq əskinas dəsti əvəzinə 11 ədəd dəst verilmişdir, onun, bu pulla varlanmadığı və onu saymadan başqa şəxsə ötürdüyü barədə dəlillər də şikayəti əsaslı etmir. Çünki bu halları yalnız cavabdeh tərəf bəyan edir, lakin hansısa mötəbər sübutla təsdiq olunmur. Başqa sözlə, cavabdehin yeni mənzil almaq üçün satan şəxsə pulu saymadan verməsi onun iddiaçı qarşısında əsassız varlanmadan yaranan öhdəliyinin icrasını istisna etmir. Yəni, cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyinin yarandığı təsdiq olunduğu halda, onun iddiaçıdan aldığı məbləğin bir hissəsini saymadan mənzil aldığı şəxsə verməsi yaxud artıq verməsi hazırkı iddianın rədd olunması üçünü əsas ola bilməz.

29. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3180/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3180/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar