Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6585/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanətin və ona hesablanmış faizin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(006)-1199/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanətin və ona hesablanmış faizin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, tərəfindən PTD 271081.002 saylı «Güvən» əmanət müqaviləsi əsasında 25 oktyabr 2017-ci il tarixində qoyulmuş 5200 ABŞ dolları məbləğində əmanətin və ona hesablanmış 225 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan Respublikası manat məzənnəsinə uyğun hesablanaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2017-ci il tarixdə "xxxx" ASC-nin «Gənclik» filialının direktoru vəzifəsində işləyən X4 ilə aralarında PTD 271081.002 saylı «Güvən» əmanət müqaviləsi bağlanmış, imzalarla təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən 12 ay müddətinə illik 3 faiz dərəcə ilə ödəmək şərti ilə iddiaçı tərəfindən Banka 10000 (on min) ABŞ dolları məbləğində əmanət qoyulmuşdur. Banka qoyduğu əmanətə görə 2018-ci və 2019-cu illər üçün faizlər alınmışdır. Azərbaycan Respublikasının Mərkəzi X7 28 aprel 2020-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin bank fəaliyyəti üçün verilmiş lisenziya ləğv edilmişdir. Qorunan əmanətlər 01 iyun 2020-ci il tarixindən etibarən "xxxx" ASC-nin müvafiq filiallarından verildiyi üçün 08 iyul 2020-ci il tarixində Xətai filialına müraciət etmiş, lakin banka qoyduğu 10000 ABŞ dolları pul vəsaitini ona qaytarmamışlar. Səbəb olaraq bildirmişlər ki, müqavilədə Bankın möhürü yoxdur. Halbuki, müqavilə Bankın direktoru vəzifəsində işləyən Ə.Ramazanov tərəfindən imza ilə təsdiq edilmişdir. Yuxarıda yazılı sübutlar əsasında qeyd edildiyi kimi iki il əmanətə görə faiz almışdır. Əmanəti Bankın ümumi sistemində də vardır. Bütün bu sübutlara baxmayaraq, qanunvericiliyin tələblərinə zidd olaraq əmanəti qaytarmadılar. Hazırda PTD 271081.002 saylı «Güvən» əmanət müqaviləsi əsasında 25 oktyabr 2017-ci il tarixində qoyulmuş və Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış 10000 ABŞ dolları məbləğində əmanətin və ona hesablanmış 225 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması zərurəti vardır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, tərəfindən "xxxx" ASC-dən 25.10.2019-cu il tarixli, ***-*******DKX291019-01 saylı müqavilə ilə 4800 ABŞ dolları məbləğində kredit götürülmüşdür və 07 yanvar 2021-ci il tarixində cavabdeh Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət olunaraq, hesabında olan vəsaitinin bankda olan kredit borcuna yönəldilməsi xahiş olunmuşdur. Buna görə də, hazırda 10000 ABŞ dolları məbləğindən kredit məbləğinin çıxılaraq, geri qalan hissəsinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona qaytarılması zərurəti vardır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(006)- 1199/2021 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddanın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, mübahisə predmeti olan əmanət müqaviləsi üzrə "xxxx" ASC-yə 10000 ABŞ dolları məbləğində əmanətin 25 oktyabr 2017-ci il tarixdə yerləşdirilməsi, əmanətə görə kompensasiyanın ödənilməsi üçün ərizə ilə müraciət olunmalı, həmçinin ərizəyə qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin əlavə olunmalı olması, lakin iddiaçının bəzi sənədləri təqdim etməməsi, iddianın rədd olanmalı olması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilən dəlillərə uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, sistem məlumatlarından iddiaçının 25 oktyabr 2017-ci il tarixdə "xxxx" ASC-yə 10000 ABŞ dolları məbləğində əmanət qoyması görünsə də, iddiaçının təqdim etdiyi əmanət müqaviləsində bankın möhürü yoxdur. Bu səbəbdən də iddiaçının kompensasiya barədə müraciəti təmin olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərə etiraz edərək, onları əsassız saymış, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, müqaviləyə möhürün vurulmaması iddiaçının təqsiri deyil, bankın əməkdaşlarının məsuliyyətsizliyi üzündən olmuşdur. Həmçinin müqavilədə möhürün olmaması əmanətin qoyulmaması anlamına gələ bilməz. İddiaçı tərəfindən 25 oktyabr 2017-ci il tarixdə "xxxx" ASC-yə 10000 ABş dolları məbləğində əmanət qoyulması barədə işdə kifayət qədər sübutlar vardır. İddiaçı ərizə ilə müraciət etmiş və ərizəsinə lazımi sənədləri əlavə etmiş, lakin cavabdeh formal əsaslarla kompensasiya ödəməkdən imtina etmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan "xxxx" ASC-nin «Gənclik» filialı ilə əmanətçi İddiaçı arasında bağlanmış 25 oktyabr 2017-ci il tarixli, PTD.271081.002 saylı «Güvən» əmanəti müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (cəmi 10000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə illik 3 % ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 25 oktyabr 2017-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəifndən "xxxx" ASC-yə 10000 ABŞ dolları depozit hesabına mədaxil edilmişdir. İşdə olan "xxxx" ASC tərəifndən verilmiş hesabdan çıxarışlardan görünür ki, iddiaçının əmanəti üzrə faizlər hesablanmışdır. İşdə olan ərizədən görünür ki, iddiaçı cavabdehə müracitə edərək 25 oktyabr 2017ci il tarixli, PTD.271081.002 saylı «Güvən» əmanəti müqaviləsinə əsasən kompensasiya ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən göstərmişdir ki, "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında 25.10.2017-ci il tarixli əmanət müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 3% ödənilməsi şərti ilə yerləşdirmiş, sonradan "xxxx" ASC müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətin qorunan əmanətlərə aid olduğunu iddia edərək cavabdehdən əmanət məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini tələb edir. İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatdan və işin materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Göründüyü kimi, bankla əmanətçi arasında illik 3% dərəcəsi nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının 2017-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Məhkəmə kollegiyası iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsini əsaslı sayaraq, eyni zamanda apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, əmanətçilərin mülkiyyət hüquqlarının təmin edilməsi məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan «Əmanətlərin sığortalanması haqqında» 2006-cı il 29 dekabr tarixli Qanun qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. «Əmanətlərin sığortalanması haqqında» Qanunun preambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən: əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir (2.1.1-ci maddə); qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Fond tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2-ci maddə); sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir (2.1.9-cu maddə); kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir (2.1.11-ci maddə). «Əmanətlərin sığortalanması haqqında» Qanunda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Fonda verilir. Sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsi Fondun əsas funksiyası və vəzifəsidir. Fond iştirakçı bankın öhdəlikləri üzrə kompensasiya ödədikdə həmin məbləği reqres qaydasında bankdan tələb edir (Qanunun 4.1.8-ci maddəsi). Qeyd olunduğu kimi, «Əmanətlərin sığortalanması haqqında» Qanunun 27-ci maddəsində sığorta hadisəsi baş verdikdə kompensasiyanın ödənilməsi qaydaları müəyyənləşdirilmişdir. Belə ki, həmin Qanunun 27.1-ci maddəsinə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. «Əmanətlərin tam sığortalanması haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 5.1-ci maddəsinin tələbinə görə Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X6 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X3 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bankla əmanətçi arasında illik 3% dərəcəsi nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmışdır. Bu səbəbdən iddiaçının 2017-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Cavabdehin nümayəndəsi etirazının əsası kimi əmanət müqaviləsində bankın möhürünün olmamasını qeyd etsə də, işdə olan digər sübutlarla (kassa mədaxil qəbzi, hesabdan çıxarışlar və s.) da iddiaçının 25 oktyabr 2017-ci il tarixdə "xxxx" ASC-yə 10000 ABŞ dolları məbləğində əmanət qoyulması tam sübut olunur. Bununla yanaşı, əmanət müqaviləsi tərəflərin imzaları ilə təsdiq olunmuş və orada möhürün olmaması müqaviləni əhəmiyyətsiz etmir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). MM-nin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də bank əmanəti müqaviləsidir. Bank əmanəti (depozit) müqaviləsinə əsasən –bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 944.1-ci maddəsi). Mülki Məcəllənin 946.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Mülki Məcəllənin 946.2-ci maddəsinə görə bank əmanəti müqaviləsinin yazılı formasına riayət edilməməsi bu müqavilənin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsizdir. Qeyd edilməlidir ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının lazımi qaydada müraciət etməməsini göstərsə də, işdə olan sənədlərdən aydın olur ki, iddiaçı kompensasiya ödənişinin verilməsi üçün cavabdehə bir neçə dəfə müraciət etmiş və ərizəsinə müvafiq sənədləri (əmanət müqaviləsinin, qəbzin surətləri) əlavə etmişdir. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanətin və ona hesablanmış faizin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(006)-1199/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(006)- 1199/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6585/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6585/2021
13.07.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver