Məhkəmə qərarları › İş №2(103)-6585/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6585/2025

12.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6585/2025 12.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh9 və qeyrilərinə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh9 və qeyrilərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 6885/2025 nömrəli qərardadından Cavabdeh9 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat

1. İddiaçı QSC cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Mülki iş üzrə sonuncu hazırlıq iclası xx.xx.2025-ci tarixdə keçirilmiş, həmin tarixdə mülki iş məhkəmə baxışına təyin edilmiş, baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

3. xx.xx.2025-ci il tarixdə Cavabdeh9 vəkili və nümayəndəsi qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı QSC-dən 6.000 manat təmir xərcinin tutulmasını xahiş etmişdir.

4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 6885/2025 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir.

5. Qərardad belə əsaslandırılmışdır ki, Cavabdeh9 lazımi qaydada məhkəmə bildirişi, o cümlədən SMS göndərilmiş, cavabdeh məhkəmə hazırlıq iclaslarında iştirak etmiş, lakin qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etməmişdir. Hazırda cavabdeh qarşılıqlı iddia ərizəsi verilməsi üçün müddəti ötürmüş, həmçinin mülki iş məhkəmə baxışına təyin edilmişdir. Qarşılıqlı iddianın verilməsi üçün əsaslar sonradan əmələ gəlməmiş və ya qarşılıqlı iddianın məhkəmə baxışınadək təqdim edilməməsi cavabdehdən asılı olmayan səbəblərlə bağlı olmamışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. Cavabdeh9 həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.

7. Şikayət belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia üçün əsas məhkəmə baxışı gedişində əmələ gəlmiş və tərəf bu səbəbdən də məhkəmə baxışında hüquqi yardım üçün müraciət etmişdir. Cavabdehin məhkəmə baxışınadək təmir xərcini tələb etməməsinin səbəbi bu xərcin müəyyən edilməsinin xüsusi bilik tələb edən sahə olması və bunun müəyyən vaxt tələb olunması ilə bağlıdır. Bu hal isə cavabdehdən asılı olmayan səbəbdir. Qeyd olunanları nəzərə alaraq məhkəmənin mövqeyi ilə razı deyil və hesab edir, məhkəmə bu addımla cavabdehin məhkəməyə müraciət hüququnu məhdudlaşdırır.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi: Maddə 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-6885/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. İşdən görünür ki, xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi iş üzrə cavabdehlərin ünvanına göndərilmiş, məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə sms bildiriş vasitəsilə Cavabdeh9 da məlumat verilmiş və Cavabdeh9 məhkəmənin xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli hazırlıq iclaslarında iştirak etmişdir.

14. Lakin qarşılıqlı iddia ilkin iddia verildikdən təqribən 2 aydan çox vaxt keçdikdən sonra, məhkəmənin baxış iclasında təqdim edilmişdir.

15. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliklə mülki işlərin baxılması və həll edilməsi müddətləri müəyyən edilmişdir. Ona görə də tərəflər öz prosessual hüquqlarından elə istifadə etməlidirlər ki, məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə işə baxılsın və müvafiq məhkəmə aktı qəbul edilsin.

16. Kollegiya həmçinin qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə görə bu müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

17. Hazırki iş üzrə qarşılıqlı iddia ərizəsi mübahisəli mənzilə dair çəkilmiş təmir xərcinin ödənilməsi ilə bağlıdır. Lakin işdən görünür ki, qarşılıqlı iddianın verilməsi üçün əsas ilkin iddia verilməmişdən öncə mövcud olmuş, habelə cavabdeh tərəfindən qarşılıqlı iddianın nəzərdə tutulmuş prosessual müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmamışdır. Cavabdeh 20 günlük prosessual müddətin məhz hüquqi yardım üçün müraciət etməsi, tələb etdiyi xərcin müəyyən edilməsinin xüsusi bilik tələb edən sahə olması ilə əsaslandırsa da, məhkəmə kollegiyası hesab edir ki, bunun üçün qanunvericiliklə müəyyən edilmiş 20 günlük müddət kifayət edir.

18. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-6885/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar