Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6589/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC və qeyrisinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC və qeyrisinə qarşı "əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1820/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. "xxxx" QSC Yük Daşımaları Departamenti X3 07 oktyabr 2019-cu il tarixli 35/k saylı əmri ilə teplovoz maşinisti vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (öz xahişi) ilə işdən azad edilmişdir.
2. Salyanı Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı işdən azad edilməsi haqqında ADY QSC-nin Yük daşımaları Departamenti X3 07 oktyabr 2019-cu il tarixli, 35/k saylı əmri ləğv edilmiş, İddiaçı ADY QSC-nin Yük Daşımaları Departamenti X8 teplovoz vəzifəsinə bərpa olunmuş və məcburi iş buraxdığı dövr ərzində ona əmək haqqının ödənilməsi ADY QSC-nin Yük Daşımaları Departamenti X8 tapşırılmışdır.
3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2020-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin Yük daşımaları Departamenti X3 apellyasiya şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 30 noyabr 2020-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək, İddiaçı cavabdeh "xxxx" QSC-nin Yük Daşımaları departamenti X8 qarşı iddiası, ADY QSC-nin Yük Daşımaları Departamenti X9 hüquqi şəxs olmadığından təmin edilməmişdir.. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun QSC-nin Yükdaşımaları Departamenti X3 teplovoz maşinisti vəzifəsindən azad edilməsi barədə "xxxx" QSC tərəfindən 11 oktyabr 2020-ci il tarixdə mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmiş 07 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsi, onun ADY QSC-nin Yükdaşımaları Departamenti X8 teplovoz maşinisti vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin 07 oktyabr 2019-cu il tarixli əmri ilə 11 oktyabr 2019-cu il tarixdə elektron qaydada əmək müqaviləsinə xitam vermişdir. İşçinin əmək müqaviləsinin bağlanılmasının və xitam verilməsinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması aidiyyəti səlahiyyətli orqan tərəfindən həyata keçirilir. Lakin iddiaçının işdən çıxarılması barədə cavabdehin rəsmi heç bir əmri və mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilməmişdir. X3 əmri imzalamaq səlahiyyəti olmamış və əmr ləğv edilməlidir. Bundan əlavə, QSC-nin Yükdaşımaları departamenti Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında qeydiyyatdadır. İstənilən halda əmr əsassızdır və ləğv edilməlidir. X4 dizel yanacağı ilə bağlı çatışmazlıq aşkar edildiyi üçün araşdırma aparmış və bununla bağlı iddiaçının işində ciddi çatışmazlıq aşkar edilmiş və bu məsələ ilə bağlı Azərbaycan Respublikası ƏM-in 70ci maddəsinin “ç” bəndi ilə intizam məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. X3 bu əmri imzalamağa səlahiyyəti yox idi və faktı sənədləşdirib dərhal tədbir görülməsi üçün aidiyyəti üzrə işə götürənə göndərməli idi. X9 bu zaman da əmr verməklə əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(006)- 1820/2021 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qüvvədə olan məhkəmə aktları ilə iddiaçının məhkəmədə mübahisələndirdiyi hallar artıq müəyyən edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: b) Apelyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(006)-1820/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Apelyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış, eləcə də göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, işə birtərəfli baxılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat:
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)- 4489/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırılmasını təkrarlamışdır.
e) Kassasiya instansiya məhkəməsindəki birinci icraat:
14. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)-4489/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2021ci il tarixli, 2(102)-579/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)- 4489/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən birinci instansiya məhkəməsinin işə MPM-nin 82-ci maddəsini tətbiq etməsi üçün əsasların olub-olmamasını təhlil etməklə apellyasiya şikayətinin dəlilinə qiymət verməmişdir. İşə baxmış məhkəmələr, iddiaçının işə bərpa olunması barədə əvvəl verdiyi iddiası üzrə məhkəmə aktlarına istinad etməklə, iddiaçı tərəfindən təqdim olunmuş sübutları araşdırmamış, əvvəlki məhkəmə aktları ilə müəyyən olunmuş halları MPM-in 82.3-cü maddəsinə əsasən preyudisial hallar kimi qiymət vermişdir. Lakin məhkəmələr iddiaçının əvvəlki iddiası üzrə Salyan Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsinin və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edildiyini, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2020-ci il tarixli qərarında isə hər hansı hüquqi faktın müəyyən edilmədiyini, yalnız maddi və prosessual hüquq normalarının tətbiqinə mövqe bildirildiyini nəzərə almamış, ləğv edilmiş və bununla da hüquqi qüvvəsi olmayan məhkəmə aktında müəyyən olunmuş halları məcburi saymışdır.
17. Kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktik halları tam araşdırılmış olmalı, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilmiş olmalıdır. f) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(103)-1957/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, e-2(006)-1820/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iddianın təmin edilməsi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yükdaşımaları Departamenti X3 07 oktyabr 2019-cu il tarixli, 35/k saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 69-cu maddəsinin 1, 2, 3, 5 və 7-ci hissələrinə, 76-cı maddəsinə, 83-cü maddəsinin 1 və 2-ci hissələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə istinad edərək hesab etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə iddianı rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır.
20. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Ona görə də birinci instansiya məhkəməsi bu maddi hüquq normalarının, eləcə də Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 82.3, 88, 217.3, 217.4 və 387.1-ci maddələrinin tələblərini pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir.
21. İkincisi, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən eçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir. Belə ki, işdən görünür ki, iddiaçı cavabdeh qurumda 2006cı ildən əmək fəaliyyətinə başlamış, 07 oktyabr 2019-cu il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilmişdir. İddiaçının mübahisələndirdiyi əmri rəsmi qaydada aldıqdan 1 ay keçməmiş məhkəməyə müraciət etməsi cavabdeh tərəfindən də mübahisələndirilmir. Buna baxmayaraq, qeyd olunan müddət iddia müddəti olduğundan cavabdeh bu barədə, yəni iddia müddətinin tətbiqi barədə ərizə ilə də məhkəməyə müraciət etməmişdir. Bu cür vəziyyətdə məhkəmə öz təşəbbüsü ilə iddia müddətini tətbiq edərək iddianı rədd edə bilməzdi.
22. Üçüncüsü, iddiaçının mübahisələndirdiyi əmrin verilməsi üçün həqiqi əsasın onun əmək funksiyasının icrası zamanı az miqdarda dizel yanacağını kənar şəxsə satması olmuş olsa da, əmək müqaviləsinin ləğv edilməsi hazırda mübahisələndirilən əsasla rəsmiləşdirilməməli idi. Çünki, qanunvericiliyin tələbinə uyğun olaraq bu fakt araşdırılaraq iddiaçının barəsində yol verdiyi bu əmələ görə başqa intizam tənbehi yaxud xəbərdarlıq da tətbiq edilə bilərdi. Ancaq edilməmiş, demək bu faktı cavabdeh tərəf də gizlətməyə çalışmışdır. Buna baxmayaraq cavabdeh tərəf iddiaçını 15 ilə yaxın müddətdə həmin təşkilatda işləməsini də nəzərə almayaraq onu daha ağır intizam tənbehi ilə işdən azad edəcəyi ilə hədələyərək iradəsinin əleyhinə əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etməyə onu məcbur etmişdir. Əlbəttə ki, bu yolverilməzdir. Çünki, Əmək Məcəlləsinin 69cu maddəsinin 7-ci bəndi işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməyi qadağan edir. Bu faktın özü əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi üçün müstəqil əsasdır.
23. Göstərilənlərdən əlavə, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən edib. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən sonra əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa ərizə həmin günə aid hissədə etibarsız sayılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqaviləsi ləğv edilmiş sayılır. Hazırki iş üzrə iddiaçının hansı tarixdə ərizə yazdığı və öz təşəbbüsü ilə hansı tarixdən işdən çıxmaq istəməsinə dair ərizədə məlumat olsa da, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulan əsaslar göstərilməmişdir. Ona görə də, iddiaçının hansı tarixdə ərizə yazdığı, hansı tarixdən əmək müqaviləsinin ləğv edilməsini istədiyi, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydaları barədə Əmək Məcəlləsinin tələblərinin düzgün yerinə yetirilib-yetirilməməsi də aydınlaşdırılmalı idi. Bu halları sübut etmək yükü isə artıq işəgötürən olaraq cavabdeh tərəfin üzərinə düşürdü. Lakin cavabdeh tərəf bu hallara dair heç bir sübut təqdim etməmişdir.
24. Bununla yanaşı, bəzən belə mübahisələrin həlli zamanı “əmək müqaviləsinin ləğv edilməsi” anlayışı ilə “əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi” anlayışı səhvən eyniləşdirilir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda müqaviləni işçi ləğv edir, işəgötürən isə ləğvi rəsmiləşdirir. İşçi əmək müqaviləsinin tərəfi kimi həmin müqaviləni ləğv etmək hüququna malikdir, bu hüququnu həyala keçirmək üçün müqavilənin digər tərəfinin (işəgötürənin) əmrindən asılı deyil, sadəcə xəbərdarlıq müddətinə (1 aya) əməl etməlidir. Ancaq hazırki mübahisənin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, əmək müqaviləsinin ləğv edilməsini işçi olan iddiaçı iradəsinə uyğun öz təşəbbüsü ilə tələb etməmiş, cavabdeh olan işəgötürənin hədəsi ilə məcbur olaraq bu cür ərizə yazmışdır. Buna görə də cavabdeh qurum qanunsuz və əsassız olaraq iddiaçını iradəsi əleyhinə əmək müqaviləsini ləğv edilməsinə çalışmış və buna da nail olmuşdur.
g) Kassasiya instansiya məhkəməsindəki ikinci icraat:
25. Cavabdeh "xxxx" QSC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(103)-1957/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinin və həmin maddənin 2-ci hissəsinin “a” bəndi, 69-cu maddəsinin 1, 2, 5-ci hissələrinin, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı işdən çıxma ərizəsini rəhbərliyinin təkidi ilə yazmamış, öz iradəsini könüllü ifadə etmişdir. İşəgötürən iddiaçıya humanistlik göstərərək, onu öz xahişi ilə işdən azad etmişdir. Cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə əmri rəsmiləşdirərkən qanunvericiliyin tələblərinə tam riayət etmişdir. İddiaçı tərəfindən verilmiş ərizədə işdən çıxmaq istədiyi gün göstərilmiş və işə götürən tərəfindən o, elə həmin gün işdən azad edilmişdir. İddiaçının ərizəni könüllü iradəsindən xaric yazmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının əsası olmayan izahatına istinad etməsi qanunsuzdur.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3563/2022 saylı 04 iyul 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 28 fevral 2022-ci il i tarixli, 2(103)-1957/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Proses iştirakçılarının izahatı:
28. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X5 apelyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi.
29. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hazırki apelyasiya baxışının hədləri:
30. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
33. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
34. Maddə 69. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
35. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
36. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
45. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki apelyasiya baxışında apelyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli yoxlayıb, kassasiya məhkəməsinin iş üzrə qərarlarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
47. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı onun ADY QSC-nin Yükdaşımaları Departamenti X4 teplovoz maşinisti işindən azad edilməsi barədə işəgötürənin 07 oktyabr 2019-cu il tarixli əmrinin ləğv edilməsini xahiş edir.
48. İddiaçının apelyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə istinadən iddianı rədd etməsini əsaslandırmamışdır.
49. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Həmin Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir.
50. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsi qətnamənin qanuni və əsaslı olmasını tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. Məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
52. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür.
53. Azərbaycan Respublikası MPM-nə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz (F.Cavadov və V.Aslanovun şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı).
54. Göründüyü kimi, mülki məhkəmə icraatında təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndiriməsi məhkəmənin vəzifəsidir.
55. İşə baxmış birinci instansiya məhkəməsi iddiaçının işə bərpa olunması barədə əvvəl verdiyi iddiası üzrə məhkəmə aktlarına istinad etməklə, iddiaçı tərəfindən təqdim olunmuş sübutları araşdırmamış, əvvəlkli məhkəmə aktları ilə müəyyən olunmuş halları MPM-nin 82.3-cü maddəsinə əsasən preyudisial hallar kimi qiymət vermişdir.
56. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
57. Göründüyü kimi qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
58. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
59. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
60. Lakin işə baxan birinci instansiya məhkəməsi iddiaçının əvvəlki iddiası üzrə Salyan Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli 2(057)-143/2020 saylı qətnaməsinin və Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2020-ci il tarixli 2(106)-1358/2020 saylı qətnaməsinin ləğv edildiyini, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5851/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərarında isə hər hansı hüquqi faktın müəyyən edilmədiyini, yalnız maddi və prosessual hüquq normalarının tətbiqinə mövqe bildirildiyini nəzərə almamış, ləğv edilmiş və bununla da hüquqi qüvvəsi olmayan məhkəmə aktında müəyyən olunmuş halları məcburi saymışdır.
61. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alıb hesab edir ki, işə baxmış birinci instansiya məhkəməsi işin faktiki hallarını yoxlayıb maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirmədən, qüvvədə olan məhkəmə aktlarının hazırki mübahisənin həlli üçün predusiallıq daşıyıb-daşımamasını əsaslandırmadan, iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur.
62. İddiaçının iddia tələbinin və apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının işdən azad olunmasının hüquqi əsası əmək funksiyasının icrası zamanı az miqdarda dizel yanacağını kənar şəxsə satması olmuş, işəgötürən iddiaçının daha ağır intizam tənbehi ilə işdən azad ediləcəyi ilə hədəliyərək, iradəsinin əleyhinə əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etməyə məcbur etmiş və bununla da Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərini pozmuşdur.
63. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi vaxtda intizam pozuntusuna yol verməsi, yəni onda dizel yanacağı çatışmazlığı aşkar edilməsi işin mübahisəsiz halıdır. Həmin hala iddiaçı da iddia ərizəsində istinad edir.
64. Lakin göstərilən halla bağlı iddiaçının Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə deyil, öz xahişi ilə işdən azad edilməsinin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinin pozuntusuna səbəb olması göstərilən maddənin mahiyyətinə ziddir. İlk olaraq o səbəbdən ki, həmin maddənin dispozisiyasına görə işəgötürən tərəfindən işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etmək üçün zor işlədilməsi, hədə-qorxu gəlməsi, yaxud hər hansı başqa üsulla məcbur edilməsi sübut olunmalıdır ki, hazırki işdə iddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
65. Digər tərəfdən işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə deyil, öz xahişi ilə işdən azad edilməsinə dair seçim verilməsi işəgötürənin yox, işçinin mənafeyinə uyğun olduğundan, bu halda işəgötürənin belə bir ərizəni yazmağa iddiaçını məcbur etməsi ağlabatan deyil. Əksinə işəgötürənin işçiyə öz ərizəsi ilə işdən çıxmasına şərait yaratmasını, ona güzəşt edilməsi kimi qiymətləndirilə bilər.
66. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə işəgötürənin işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməli olduğu halda, sonuncunun xahişi nəzərə alınmaqla, Məcəllənin 68-ci maddəsinin “a” bəndi ilə xitam verilməsində əmək qanunvericiliyin pozuntusuna səbəb olmasından ibarət apellyasiya şikayətinin dəlilləri maddi hüquq normalarının tələblərinə uyğun deyildir.
67. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulan ümumi xəbərdarlıq müddətinin gözlənilməməsi ilə bağlı mövqeyi də əsaslı hesab oluna bilməz.
68. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin adından da göründüyü kimi həmin norma əmək müqaviləsinin işəgötürən tərəfindən deyil, məhz işçi tərəfindən ləğv edilməsinin qaydasını tənzimləyir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı qismində məhz işçi çıxış edir. Sözügedən norma işçinin əmək müqaviləsini ləğv etmək hüququnu, Əmək Məcəlləsinin 69-cu maddəsi isə həmin hüququn necə realizə olunması qaydasını tənzimləyir.
69. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Apellyasiya məhkəməsinin qətnaməsində də göstərdiyi kimi, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir, işəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir.
70. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi işçinin əmək müqaviləsini ləğv etmək hüququnun realizəsinin ümumi qaydasını (1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə), 3-cü hissəsi isə bu qaydadan istisnanı (həmin maddədə göstərilən hallardan biri mövcud olduqda) nəzərdə tutur. Yəni, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən hallar mövcud olduqda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
71. Məhkəmə kollegiyası izah edir ki, Əmək Məcəlləsi yalnız işçini deyil, həm də işəgötürəni qoruyur. Bu halda 1 ayın məqsədi məhz işəgötürənin mənafeyinin müdafiəsidir, yəni işçinin işəgötürəni 1 ay əvvəlcədən xəbərdar etmək vəzifəsi və yalnız müəyyən hallarda bu müddəti gözləmədən müqaviləyə xitam vermək hüququnun olması işəgötürəni müdafiə etmək üçün nəzərdə tutulmuşdur. Belə ki, işdən çıxma nəticəsində iş yerində işin normal ahənginin pozulmasının qarşısını almaq və əlavə zərərə uğramamaq üçün işəgötürən yeni işçi tapmalı və ya digər tədbirlər görməlidir ki, bunun üçün isə işəgötürənə vaxt lazımdır. Bir aylıq müddətin adından da göründüyü kimi, o, xəbərdaredicidir, yəni işçi işəgötürəni xəbərdar edir ki, 1 aydan sonra işləməyəcək, öz mənafeyinin müdafiəsi üçün lazımi tədbir görsün.
72. Eyni zamanda, işəgötürəni 1 ay əvvəl xəbərdar etmək işçinin vəzifəsi olduğu halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ona bu müddəti gözləməmək imtiyazının əsaslarını müəyyən edir. Yəni, müstəsna hallar olmadıqda, 1 aylıq xəbərdarlıq müddətini gözləmək işçinin vəzifəsi sayılır. İşəgötürənin isə, qanunvericiliyin ona verdiyi hüququndan yararlanmaq və ya yararlanmamaq seçimi var. Əgər işçi, həmin hallar olmadığı halda, 1 ay gözləmək istəmədiyini bildirirsə və onun müqaviləni bəlli tarixdən ləğv etməsini işəgötürəndən xahiş edirsə, işçiyə bu şəkildə güzəştə getməsi isə işəgötürən üçün bir problem yaratmırsa, işəgötürən öz hüququndan imtina edərək işçini 1 ay gözləməyə məcbur etməyə də bilər. Lakin, bu o, demək deyildir ki, Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsində göstərilmiş hallar olmadıqda əmək müqaviləsi işçinin ərizəsində göstərilən gün ləğv edilə bilməz. Hər bir halda işçi və işəgötürən qarşılıqlı razılıq əsasında xəbərdarlıq müddətinin tətbiqindən imtina edə bilərlər.
73. Hazırki işdən müəyyən olunur ki, işçi olan iddiaçı işəgötürənə ərizə verərkən, öz xahişi ilə 07 oktyabr 2019-cu il tarixdən, yəni ərizəni imzaladığı tarixdən işdən azad edilməsini xahiş etmiş və işəgötürən də məhz həmin tarixdə əmri rəsmiləşdirmişdir.
74. Məhkəmə kollegiyasının qənaətinə görə iddia tələbinin və apelyasiya şikayətinin işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsi zamanı Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinin pozulması barədə dəlilləri əsaslı hesab edilə bilməz.
75. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddi tələbi rədd edilməlidir.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1820/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" QSC və qeyrisinə qarşı "əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.