Məhkəmə qərarları › İş №2(103)-659/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-659/2023

25.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-659/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İsmayil qızının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv olunması, işə bərpa olunma, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsi" tələbinə dair mülki iş üzrə İş № 2(103)-659/2023 Açar sözlər:(işə bərpa, əmək müqaviləsinin bağlanması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(006)-4091/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı İsmayil qızı xx.xx.2013-cÜ il tarixindən "xxxx" ASC-nin filialında xidmət bölməsində xadimə vəzifəsinə təyin olunmuş və xx.xx.2022-ci il tarixli, 731-k əmri ilə əmək müqaviləsinə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Banka məxsus malları gizli yolla Bankın inzibati binasından çıxararaq aparması, bununla da əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə öhdəliklərini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yoil verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürən və müəssisənin mənafeyinə ciddi xələl gətirməsinə görə) 29 iyun 2022-ci il tarixdən xitam verilmişdir. 2.Hazırda İddiaçı İsmayil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini və işə bərpa olunmağını tələb edir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı İsmayil qızı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv olunması, işə bərpa olunma, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xadimə vəzifəsində onunla bağlanılmış əmək müqaviləsinə 29 iyun 2022-ci il tarixində xitam verilməsi barədə olan xx.xx.2022-ci il tarixli, 731 k saylı əmrin ləğv edilməsi, həmin tarixdən xadimə vəzifəsinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illərdir ki, əmək fəaliyyəti ilə məşğul olmuş, 2013cü ildən isə hazırda cavabdeh təşkilat olan "xxxx" Açıq Səhmdar Cəmiyyətində xadimə vəzifəsində işləmişdir. Son vaxtlar maddi vəziyyəti daha da çətinləşdiyindən xadiməçi işiylə əlaqədar ona verilmiş təxminən 10-12 manat məbləğində olan vasitələri evinə aparmış, bu barədə cavabdeh tərəfindən ona irad bildirildikdə isə həmin əşyaları qaytarmışdır. Cavabdehə faktiki olaraq maddi ziyan vurmamış, apardığı əşyaları da geri qaytarmışdır. Belə olan halda cavabdeh tərəfindən işdən çıxarılmağını, yəni onunla olan əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən onunla olan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 731-k saylı əmrlə xitam verilməsini tam qanunsuz və əsassız hesab edir. Adı çəkilən Əmrdə qeyd olunur ki, guya vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Banka məxsus malları gizli yolla Bankın inzibati binasından çıxarmış və bununla da əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə öhdəliklərini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və müəssisənin mənafeyinə ciddi xələl gətirməsinə görə) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Cavabdehin adı çəkilən əmrində qeyd olunanlarla razı deyil, o, cəmi bir dəfə ailəsində maddi cəhətdən çətinlik olduğuna görə cəmi 10-12 manatlıq əşyaları aparmış və yenidən qaytarıb yerinə qoymuşdur. Düzdür səhv etmiş, rəhbərlikdən üzr də istəmiş, lakin bu hərəkətiylə cavabdehin mənafeyinə ciddi xələl gətirməmişdir. Ona görə də həmin əmri qanunsuz və əsassız hesab edir. Cavabdehlə işlədiyi 7-8 il müddətində heç bir vaxt əmək intizamını pozmamış və heç bir intizam tənbehi tədbirinə məruz qalmamışdır. Həmişə rəhbərliyin tapşırıqlarını, habelə xidmətçi olaraq vəzifə öhdəliyini vaxtında və layiqincə yerinə yetirmiş, rəhbərliyə, filial müdirlərinə, digər əməkdaşlara qarşı heç bir qeyri-etik davranış qaydalarına yol verməmişdir. Cavabdehin mənafeyinə ciddi zərər vurmamış və vurduğu cüzi maddi ziyanı da tam olaraq qaytarmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 731-k saylı əmrin surətini rəsmi qaydada xx.xx.2022-ci il tarixində almış, xx.xx.2022-ci il tarixində cavabdehə mediasiya təklifi göndərmiş, lakin cavabdeh tərəfindən təklifə cavabdeh verilmədiyindən 28 iyul 2022-ci il tarixində Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etmiş, təyin olunmuş mediator tərəfindən xx.xx.2022-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmişdir. Razılaşma əldə edilmədiyindən ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. Bu barədə Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli arayış verilmişdir. 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçı işindən ona əmanət edilən əmlakın götürülməsi səbəbində çıxarılmışdır. İddiaçı da bunu qəbul edir. Buna səbəb iddiaçının maddi vəziyyətinin aşağı olması olmuşdur. İddiaçı əməlindən peşman olaraq həmin əşyaları geri öz yerinə qaytarmışdır. İdiaçının əməlinə qarşı verilmiş cəza cox ağır olmuş və işçinin hüquqlarını pozmuşdur, çünki AR Əmək Məcəlləsində işçiyə verilən tənbeh tədbirlərinin siyahısında bir çox tənbeh tədbirləri nəzərdə tutulmuşdur ki, işdən çıxarılma da onların ən ağırıdır. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə işçinin içdən çıxarılma səbəbi kimi onun yol verdiyi pozuntunun müəssisənin nüfuzuna ciddi xələl gətirməsi qeyd edilmişdir. İddiaçının müəssisədən götürdüyü 10-12 manat dəyərindəki əmlakın Cavabdeh ASC kimi böyük müəssisəyə qeyd edilən kimi zərər vurması absurddur. Həmçinin həmin əşyalar da iddiaçı tərəfindən qaytarılmışdır. Bundan əlavə, əmək qanunvericiliyinin tələblərinə əsasən işçiyə onun yol verdiyi pozuntuya görə intizam təmbehi işçi həmin pozuntunu törətdiyi vaxtdan 1 ay müddətində verilə bilər. İddiaçı həmin pozuntunu mayın 19-u törətsə də buna görə onun tənbeh qismində əmək müqaviləsinə xitam verilməsi 29 iyun tarixində həyata keçirilmişdir. Bununla da qanunvericilikdə qeyd edilən müddət ötürülmüşdür. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmirlər, qarşı tərəfin izahatında qeyd etdiyi kimi iddiaçı götürdüyü əmlakı geri qaytarmış olsa da bunu səmimi peşmançılıq səbəbindən deyil əməlininin üstü açıldığından etmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkilinin qeyd etdiyi kimi müəssənin nüfuzuna zərər dəyməsi üçün vurulan ziyanın məbləğinin əhəmiyyəti yoxdur. İddiaçının yol verdiyi pozuntu onun vəzifəsində yol verilə biləcək ən ağır pozuntudur. Həmçinin müddət ötürülməmişdir. Qanunvericilikdə pozuntu aşkar edilən gündən bir ay müddət tələbi var ki, bu müddətəuyğun olaraq rəhbərlik tərəfindən iyun ayının 3-ü pozuntu faktı aşkarlanmış və işçinin izahatı alınaraq ona intizam tənbehi verilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yəni bütün prosedurlar tam qanuni şəkildə aparılmışdır. Bunun üçün də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 7.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 26 sentyabr 2022-ci il tarixli, 2(006)-4091/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Xəlilov Ramin) iddia tələbi təmin edilməmişdir. 8.İş materiallarında olan işəgötürən “Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti ilə işçi İddiaçı İsmayil qızı arasında bağlanmış 05 yanvar 2016-cı il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, Məmmədova X5 Bank" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai rayonu filialının xidmət bölməsində xadimə vəzifəsinə işə qəbul olunmuşdur. 9.İş materiallarında olan İddiaçı İsmayil qızının əmək müqaviləsinə №1, xx.xx.2019-cu il tarixli Əlavədən görünür ki, o, istifadə etdiyi avadanlığın qorunub saxlanılmasına görə cavabdehlik və məsuliyyət daşıyır. O, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini pozması nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada dəymiş ziyana görə qanunvericilik, əmək müqaviləsi və bankdaxili korporativ aktlarla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 10.İş materiallarında olan 17 iyul 2019-cu il tarixli, 186 nömrəli əmrin surətindən görünür ki, mərkəz filialının xadiməsi İddiaçı İsmayil qızı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, işinə qeyri-ciddi yanaşdığına, daxili nizamintizam qaydalarına riayət etmədiyinə, vəzifə öhdəliklərinə lazımınca əməl etməyərək, işçi və müştəri məmnuniyyətini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq edilməsi əmr edilmişdir. Həmçinin gələcəkdə bir daha belə hallara yol verərsə, haqqında daha ciddi intizam tədbiri görüləcəyi bildirilmişdir. 11.İş materiallarında olan İddiaçı İsmayil qızı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin filialında xadimə işləyir, həmin filialın saxlanc otağından banka məxsus təmizləyici-yuyucu və qida vasitələrini evinə aparmış, daha sonra geri qaytarmış və mühavizəçi buna şahid olmuşdur. İzahat onun tərəfindən yazılmış və imzası ilə təsdiq edilmişdir. 12.İş materiallarında olan “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin arxiv şöbəsinin mülki mühavizəçi xidmətinin mühavizəçisi X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, X4 İddiaçı İsmayil qızı tərəfindən təmizləyici-yuyucu və qida vasitələrininin banka geri qaytarılması ilə bağlı xəbəri olmamışdır. İzahat onun tərəfindən yazılmış və imzası ilə təsdiq edilmişdir. 13.İş materiallarında olan “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin X3 Komitəsinin iclasının xx.xx.2022-ci il tarixli, 04 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, "xxxx" ASC-nin İnzibati idarəetmə departamentinin Xidmət şöbəsinin xadiməsi İddiaçı İsmayil qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğuna görə) rəsmiləşdirilməklə əmək müqaviləsinə xitam verilməsi məqbul hesab edilməsi qərara alınmışdır. 14.İş materiallarında olan 29 iyun 2022-ci il tarixli, 731-k nömrəli əmrin surətindən görünür ki, bankın İnzibati idarəetmə departamentinin Xidmət şöbəsinin xadiməsi İddiaçı İsmayil qızı ilə bağlanmış əmək müqaviləsinə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Banka məxsus malları gizli yolla Bankın inzibati binasından çıxararaq aparması, bununla da əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə öhdəliklərini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yoil verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürən və müəssisənin mənafeyinə ciddi xələl gətirməsinə görə) 29 iyun 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. 15.İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı İsmayil qızı xx.xx.2013cü il tarixli, 77 saylı əmr ilə Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin filialının inzibati bölməsinə xadimə vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixli, 731-k nömrəli əmr ilə İddiaçı İsmayil qızının tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilmişdir. 16.İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/3-01372 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında birinci tərəf İddiaçı İsmayil qızı və ikinci tərəf Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. 17.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı İsmayil qızı xx.xx.2013-cü il tarixindən "xxxx" ASC-nin filialında xadimə vəzifəsinə təyin olunmuş və xx.xx.2022-ci il tarixli, 731-k əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və müəssisənin mənafeyinə ciddi xələl gətirməsinə görə işdən azad olunmuşdur. 18.Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır. 19.Göstərilənlərə əsasən,məhkəmə hesab etmişdir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün cavabdehin iddiaçı barəsində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətdiq etməsi tam qanuni olmuşdur. 20.Bu səbəbdən məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2022ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. 21.Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının əmrin ləğv edilməsi, işə bərpa edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5, 10, 292.2, 70, 72, 71, 76, 186.2-cı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.4, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 23.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, o, cəmi bir dəfə ailəsində maddi cəhətdən çətinlik olduğuna görə cəmi 10-12 manatlıq əşyaları aparmış və yenidən qaytarıb yerinə qoymuşdur və bu hərəkətilə cavabdehin mənafeyinə ciddi xələl gətirməmişdir. Ona görə də həmin əmri qanunsuz və əsassız hesab edir. Bildirirki, cavabdehdə işlədiyi 7-8 il müddətində heç bir vaxt əmək intizamını pozmamış və heç bir intizam tənbehi tədbirinə məruz qalmamışdır. Həmişə rəhbərliyin tapşırıqlarını, habelə xidmətçi olaraq vəzifə öhdəliyini vaxtında və layiqincə yerinə yetirmişdir. Rəhbərliyə, filial müdirlərinə, digər əməkdaşlara qarşı heç bir qeyri-etik davranış qaydalarına yol verməmişdir. Cavabdehin mənafeyinə ciddi zərər vurmamış və vurduğu cüzi maddi ziyanı da tam olaraq qaytarmışdır. Bundan başqa cavabdeh tərəfindən ona ən ağır intizam tənbehi verilmiş, iddiaçının şəxsiyyəti, ailə vəziyyəti, onu ailə üzvlərindən birinin 2-ci dərəcəli əlil olması, kredit ödənişlərinin olması nəzərə alınmamdışdır. Həmçinin, o, xx.xx.2022-ci il tarixdə hadisə törətmiş, bu barədə cavabdehin dərhal məlumatı olmuş, lakin ona intizam tənbehi (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləmə xitam verilməsi) xx.xx.2022-ci il tarixdə verilmişdir. Bununla da Əmək Məcəlləsinin 187- ci maddəsində nəzərdə tutulan 1 aylıq müddət keçdikdən sonra barəmdə tədbir görülmuşdür. Bu da ciddi qanun pozuntusudur və əmrin ləğv edilməsi üçün tam əsasdır b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Cavabdeh ASC-nin nümayəndəsi Məmmədov Məmməd apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, baş vermiş hadisə iddiaçı tərəfindən mübahisələndirilmir, o, öz əməlini xx.xx.2022-ci il tarixli izahatında, həmçinin iddia ərizəsinidə və apellyasiya şikayətində etiraf etmiş, vurulmuş ziyanı ödədiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hadisə barədə işəgötürənin xx.xx.2022-ci il tarixdə məlumatı olmuş, həmin tarixdə iddiaçının izahatı alınmış, və Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddət daxilində işçi barəsində intizam tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 26.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. 27.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayənədəsi X6 şikayəti qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 28.Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 29.Maddə 10.İşçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir.

30. 70-ci maddəsinin “ç” bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.

31. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 32.72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d)qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e)əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə)əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f)iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

33. 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

34. 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “B” və “Ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir.

35. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.

36. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 37.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 40.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(006)-4091/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 42.Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmişdir. Onlardan biri də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. 43.Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 44.Göründüyü kimi, qanunverici, adı çəkilən normada işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları kimi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud ƏM-in 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarını göstərmişdir. 45.Kolegiya qeyd edir ki, İddiaçı İsmayil qızının əmək müqaviləsinə №1, xx.xx.2019-cu il tarixli Əlavəyə əsasən o, istifadə etdiyi avadanlığın qorunub saxlanılmasına görə cavabdehlik və məsuliyyət daşıdığı halda banka məxsus təmizləyici-yuyucu və qida vasitələri gizli yolla bankdan çıxarmış, qaytardığını bildirsə də bunu təsdiq edəcək heç bir sübut təqdim edə bilməmişdir. 46.Kollegiya hesab edir ki, iddiaçı tərəfindən əmək fəaliyyəti zamanı yol verilmiş hüquq pozuntuları nəticəsində əmək vəzifələrini kobud şəkildə pozmuş, bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. 47.Kollegiya onu da qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsində cavabdeh təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi gündən qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır. 48.Həmçinin, kollegiya iddianın digər hissəsi olan məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair hissəsində qeyd etmişdir ki, iddia tələbi işə bərpa hissəsində təmin olunmadığından prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparılmadan iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. 49.Yuxarıda qeyd olunan işin hallarını müzakirə edib, onlara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, əmrin ləğvi” tələbi məhkəmə tərəfindən düzgün olaraq təmin edilməmişdir. 50.Kollegiya apellyatorun intizam tənbehinin 1 aydan sonra verilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hazırkı halda iş materialları ilə müəyyən olunur ki, pozuntu aşkar edilən kimi xx.xx.2022-ci ildə cavabdeh tərəfindən iddiaçıdan yazılı izahat alınmış, xx.xx.2022-ci ildə, yəni bir ay müddətində intizam tənbehi verilmişdir. 51.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. 52.Beləliklə, kollegiya toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 53.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 54.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 55.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 56.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(006)-4091/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar