Məhkəmə qərarları › İş №2(103)-6590/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6590/2025

12.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6590/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı işi üzrə Açar sözlər: (“əmək müqaviləsi bildirişinə edilmiş dəyişikliyin etibarsız hesab edilərək elektron informasiya sistemində düzəlişlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) “əmək müqaviləsi bildirişinə edilmiş dəyişikliyin etibarsız hesab edilərək elektron informasiya sistemində düzəlişlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4922/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə (bildirişə) edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliyin etibarsız hesab edilərək, xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərində elektron informasiya sisteminə daxil edilmiş məlumatların dəyişdirilərək - iş rejimi digər, əsas məzuniyyət 30 təqvim günü kimi qeyd edilməklə müvafiq düzəlişlərin aparılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, o, əmək müqaviləsi ilə xx.xx.2013- cü il tarixdə Cavabdeh MMC-nin kəsmə sexinə çizimçi-menecer vəzifəsinə işə qəbul edilmişdir. İşə qəbul ediləndə əmək şəraiti vaxtamuzd olmaqla 5 günlük iş rejimi əsasında saat 09-dan 18-00 kimi müəyyən edilmişdir. Lakin sonrakı illərdə əmək haqqı, vəzifə və iş rejimində dəyişiklik edilmişdir. O, işəmuzd olmaqla digər (sərbəst) qrafiklə işləməyə başlamışdır. Belə ki, cavabdehin insan resursları şöbəsi 2020ci ilin ortalarında onu baş ofisə dəvət edərək bildirdi ki, əgər razısansa ayda 700 manat əmək haqqı (260 rəsmi göstərilməklə) ödəyir, qarşılığında da layihələr və işlər olduqda onlarla şəxsən maraqlanıb, ölçü hesablama işlərini apararaq layihə smeta hesabatlarını hazırlayırsan. İş rejimi işəmuzd qaydada, gördüyün işin nəticəsinə uyğun olmaqla sərbəst qrafiklə olacaqdır. Yəni saat 9-dan 18-00 kimi əvvəlki iş qrafiki ilə deyil, sifariş və layihə olduqda işə gedib onların icrasını aparmalısan, qalan vaxt öz işlərinlə məşğul ola bilərsən. O, bu şərtlərlə razılaşmış və əlavə razılaşma bağlamışlar. Bununla bağlı yuxarıdakı şərtlər qeyd edilməklə xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinin məzmununa edilmiş dəyişiklik barədə məlumatlar elektron informasiya sisteminə əlavə edilmişdir. Həmin razılaşmada əmək haqqı 260 manat qeyd edilmişdir. Qalan məbləği əldən verəcəklərini demişdilər. Lakin həmin ayın əmək haqqını vermədikləri üçün o, etiraz edərək 700 manat rəsmi qeyd edilməsini tələb etmişdir. xx.xx.2020-ci il tarixdə (sistemə xx.xx.2020-ci ildə daxil edilib) Əmək müqaviləsinə edilmiş əlavə razılaşmaya əsasən əmək haqqı rəsmi 700 manat oldu. Əvvəlki razılaşmanın qalan şərtləri olduğu kimi saxlanıldı, yalnız əmək haqqı dəyişdirildi. Əlavə razılaşma iki bənddən ibarət idi. a) İşçinin işəmuzd müqaviləsi üzrə əmək haqqı 700 manat olaraq təyin edilir və aylıq əmək haqqı gördüyü işlərin hesabatına uyğun olaraq (gördüyü işlərin ümumi dəyərinin ƏDV daxil 5 %-i) hesablanır; b) Aylıq gəlir məbləği işçiyə təyin edilən işəmuzd ə/h məbləğindən artıq olarsa əlavəsi işəmuzd qaydada əmək haqqına əlavə ediləcək. Elektron informasiya sisteminə onun iş rejimini dəyişdirərək normal iş rejimi kimi daxil ediblər. Halbuki, onların razılaşmada yalnız əmək haqqı barədə dəyişiklik nəzərdə tutulmuşdur, həmin vaxta kimi əmək müqaviləsinə edilmiş dəyişikliklər nəzərə alınmaqla qüvvədə olan son variantı olduğu kimi saxlanılmışdır. Lakin cavabdeh elektron informasiya sisteminə əmək haqqı məlumatlarını dəyişdikdən sonra qanunsuz olaraq razılaşmada qeyd edilmədiyi halda iş rejimini digər iş rejimindən normal (saat 09:00-18:00-a kimi) iş rejiminə keçirmişdir. Halbuki, onun bununla bağlı razılaşmaları olmamışdır. Onlar yalnız əmək haqqı barədə dəyişikliyə razılaşmışlar. Bundan sonra cavabdeh 19 aprel 2021-ci il tarixdə elektron informasiya sisteminə onun razılığı olmadan birtərəfli şəkildə məlumatlar daxil edərək əmək şəraitinin şərtlərini dəyişmişdir. Əmək (əsas) məzuniyyətinin müddətini 30 gündən 21 günə endirmişlər. Bu da qanunsuzdur, əvvəla o, mütəxəssis vəzifəsində işləmiş, ona görə əsas məzuniyyət müddəti 30 gün olmalıdır. İkincisi, onun cavabdehlə 2021-ci il tarixdə əmək müqaviləsinə əlavə dəyişikliklər edilməsi barədə razılaşma olmamışdır. Bununla cavabdeh tərəfindən edilmiş əmək müqaviləsi bildirişinə dəyişiklik qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməli və elektron informasiya sisteminə edilmiş məlumatlar ləğv edilməlidir.

2. xx.xx.2025-ci il tarixdə Cavabdeh nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində 2020-2021ci illərdə əmək müqaviləsinə birtərəfli qaydada dəyişikliklərin edilməsi və bunun etibarsız hesab edilərək elektron informasiya sistemində düzəlişlərin aparılması barədə tələblər irəli sürülmüşdür. Lakin iddia ərizəsində göstərilən tələblər əsassız və hüquqi cəhətdən qeyriməqbul olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı 2013-cü ildən cavabdeh müəssisəsində çalışsa da, 2020-ci ildən etibarən əmək münasibətləri işəmuzd və sərbəst qrafiklə davam etdirilmişdir. İddiaçı iddia ərizəsində bu dəyişikliklər tərəflərin qarşılıqlı razılığı əsasında imzalanmış əlavə razılaşmalarla rəsmiləşdirilmişdir kimi qeyd edilsə də onlarla iddiaçı arasında heç bir razılaşma olmamışdır. Əmək müqaviləsi bağlanarkən vaxtamuzd şəklində, yəni 09:00- 18:00 kimi bağlanmışdır. Əmək müqaviləsinə dəyişikliklərin elektron informasiya sisteminə daxil edilməsinə dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Xəbərləri olmadan iddiaçının kimlərləsə əlbir olaraq qanunsuz əməllərə əl atması isə onlara məlum deyil. Bu səbəbdən iddiaçının göstərdiyi kimi “razılıq olmadan” dəyişiklik edilməsi iddiası əsassızdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə təqdim etdiyi sənədlərlə razılıq olmadan dəyişiklik edildiyini təsdiq edə bilmir. Ona görə də Mülki Prosessual Məcəllənin tələblərini rəhbər tutaraq İddiaçı Cavabdeh MMC-yə qarşı irəli sürdüyü iddia tələblərinin əsassız hesab edilərək rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4922/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 35; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5, 3.5-1, 9, 42.1, 43.4, 45.3, 46.6, 49.1, 54.2; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “M.Məmmədovanın şikayəti üzrə məhkəkə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına ; tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1, 7.1-ci bəndlərinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, elektron informasiya sisteminə xxxxxxx000106 nömrə altında xx.xx.2020-ci il tarixdə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik bildirişinə əsasən, İddiaçı iş vaxtı - gördüyü işin nəticəsinə uyğun olaraq müəyyən edilmiş, eləcə də 30 təqvim günü əsas məzuniyyət olmaqla, vəzifə maaşının 260 manat ödənilməsi razılaşdırılmışdır. İddiaçı həmin bildirişin onun razılığı ilə aparıldığını qəbul etmişdir. Bununla belə, elektron informasiya sisteminə xxxxxxx000107 nömrə altında xx.xx.2020-ci il tarixdə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik bildirişi ilə İddiaçı iş rejimi 5 günlük iş həftəsi, iş saatı isə 09:00-dan 18:00-dək olaraq qeyd edilmiş, həmçinin 30 təqvim günü əsas məzuniyyət və vəzifə maaşı 700 manat olmaqla, işəmuzd qaydada ödənilməsi nəzərdə tutulmuşdur. Elektron informasiya sisteminə xxxxxxx000108 nömrə altında xx.xx.2021-ci il tarixdə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik bildirişinə əsasən isə, İddiaçı iş rejimi 5 günlük iş həftəsi, iş saatı 09:00-dan 18:00-dək, vəzifə maaşı 700 manat olaraq qeyd edilmiş, əsas məzuniyyətin isə 21 təqvim günü olduğu göstərilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı barəsində Cavabdeh tərəfindən xx.xx.2020 və xx.xx.2021ci il tarixlərdə əmək müqaviləsi bildirişlərinə dəyişikliklər edilərək İddiaçı əməyinin ödənilməsi forması gördüyü işin nəticəsinə uyğun olaraq saxlanılsa da, iş vaxtı 5 günlük iş həftəsi kimi, iş saatı 09:00-dan 18:00-dək qeyd edilmiş, o cümlədən sonradan (xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişi ilə) onun əsas məzuniyyəti 30 təqvim günündən 21 təqvim gününə endirilmişdir. İlk olaraq qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, iddiaçı 2013-cü ildən cavabdeh müəssisəsində çalışsa da, 2020-ci ildən etibarən əmək münasibətləri işəmuzd və sərbəst qrafiklə davam etdirilmişdir. İddiaçı iddia ərizəsində bu dəyişikliklər tərəflərin qarşılıqlı razılığı əsasında imzalanmış əlavə razılaşmalarla rəsmiləşdirilmişdir kimi qeyd edilsə də, onunla iddiaçı arasında heç bir razılaşma olmamışdır. Əmək müqaviləsi bağlanarkən vaxtamuzd şəklində, yəni 09:00-18:00 kimi bağlanmışdır. Əmək müqaviləsinə dəyişikliklərin elektron informasiya sisteminə daxil edilməsinə dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının göstərdiyi kimi “razılıq olmadan” dəyişiklik edilməsi iddiası əsassızdır. Göründüyü kimi cavabdehin nümayəndəsi də özünün etiraz ərizəsində tərəflər arasındakı əmək münasibətlərinin 2020-ci ildən etibarən işəmuzd və sərbəst qrafiklə davam etdirildiyini etiraf etməklə yanaşı, həmçinin sistemdə aparılan dəyişikliklərin tərəflər arasında imzalanmış hər hansı qarşılıqlı razılığa əsaslanmadığını da qəbul etmişdir. Bu isə həmin dəyişikliklərin birtərəfli qaydada aparıldığını göstərir. Halbuki, tərəflər arasındakı əmək müqaviləsinin 7.1-ci maddəsində, bu əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsinin olmadığı nəzərdə tutulmuşdur. Cavabdehin nümayəndəsinin “əmək müqaviləsinə dəyişikliklərin elektron informasiya sisteminə daxil edilməsinə dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsi” dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş xx.xx.2020 və xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişlərinə dəyişikliklər özü özlüyündə iddia tələbinin əsasını təşkil edən sübutlardır ki, məhkəmə həmin sübutlarla razılaşır. İddiaçı da məhz sistemdə aparılan dəyişikliklərin onun razılığına əsaslanmadığı iddia etməklə hazırkı iddia tələbini irəli sürmüşdür. Bu isə iddiaçının bildirdiyi faktiki halların onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu mənasına gəlir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla da, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə iddia tələbində göstərilənlərin əksini təsdiq edəcək (iddiaçının əmək müqaviləsi bildirişlərinə dəyişikliklərə razılıq verilməsi barədə ərizəsi) heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, əmək müqaviləsinə (bildirişə) edilmiş xx.xx.2021-ci il tarixli dəyişiklik etibarsız hesab ediməli, xx.xx.2020-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmiş məlumatlar dəyişdirilərək - iş rejimi digər, əsas məzuniyyət 30 təqvim günü kimi qeyd edilməklə müvafiq düzəlişlərin aparılması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə almışdır ki, iddiaçı iddiasında əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli bildirişlə edilmiş dəyişikliklərin etibarsız hesab edilməsini istəməklə yanaşı həmin tarixdə və digər bildirişlə (xx.xx.2020-ci il tarixdə) elektron informasiya sisteminə daxil edilmiş məlumatlarda müvafiq dəyişikliklərin edilməsini istəsə də, xx.xx.2021-ci il tarixli bildirişlə edilmiş dəyişikliklərin etibarsız hesab edilməsi sonradan onda dəyişikliklərin edilməsini də istisna edir. Bununla belə, bu hal iddianın qismən edilməli olması mənasına gəlmir. Belə ki, iş üzrə gəlinən nəticə ilə iddiaçı hər bir halda arzuladığı hüquqi nəticəyə nail olmuş olur.

4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Cavabdeh (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən, işçi həmin MMC-də dizayner-çizimçi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 2.4cü bəndinə əsasən işçi xx.xx.2013-cü il tarixdən işə başlayır. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 150 manat məbləğində əmək haqqı ödənilir. Müqavilənin 4.4-cü bəndinə əsasən iş saat 9:00-da başlayır, saat 18:00-da qurtarır. Müqavilənin 4.6-cı bəndinə görə isə, əsas məzuniyyətin müddəti ən azı 21 təqvim günüdür. Müqavilənin 7.1-ci maddəsinə əsasən, bu əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur; - Tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” razılaşmanın surətinə əsasən, əmək müqaviləsinə “a) işçinin işəmuzd müqaviləsi üzrə əmək haqqı 700 AZN olaraq təyin edilir və aylıq əmək haqqı gördüyü işlərin hesabatına uyğun olaraq (gördüyü işlərin ümumi dəyərinin ƏDV daxil 5 %-i) hesablanır; b) Aylıq gəlir məbləği işçiyə təyin edilən işəmuzd ə/h məbləğindən artıq olarsa, əlavəsi işəmuzd qaydada əmək haqqına əlavə ediləcək” məzmununda dəyişiklik və əlavələr edilmişdir; - Elektron informasiya sisteminə xxxxxxx000106 nömrə altında xx.xx.2020-ci il tarixdə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik bildirişinə əsasən, İddiaçı iş vaxtı gördüyü işin nəticəsinə uyğun olaraq (işəmuzd) müəyyən edilmiş, eləcə də 30 təqvim günü əsas məzuniyyət olmaqla, vəzifə maaşının 260 manat ödənilməsi nəzərdə tutulmuşdur; - Elektron informasiya sisteminə xxxxxxx000107 nömrə altında xx.xx.2020-ci il tarixdə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik bildirişinə əsasən, dəyişikliyə əsasən, İddiaçı 5 günlük iş həftəsi, 09:00-dan 18:00-dək iş saatı, həmçinin 30 təqvim günü əsas məzuniyyət və vəzifə maaşı 700 manat olmaqla, işəmuzd qaydada ödənilməsi nəzərdə tutulmuşdur; - Elektron informasiya sisteminə xxxxxxx000108 nömrə altında xx.xx.2021-ci il tarixdə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik bildirişinə əsasən, dəyişikliyə əsasən, İddiaçı 5 günlük iş həftəsi, 09:00dan 18:00-dək iş saatı, həmçinin 21 təqvim günü əsas məzuniyyət və vəzifə maaşı 700 manat olmaqla, işəmuzd qaydada ödənilməsi nəzərdə tutulmuşdur; - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1129/2025 saylı qətnaməsinə əsasən, İddiaçı iddia ərizəsi (sonradan dəqiqləşdirmə barədə ərizə) ilə məhkəməyə müraciət edərək cavabdeh “Akabe MMC” tərəfindən verilmiş “əmək müqaviləsinin xitam verilməsi barədə” İA-225 saylı əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, iddiaçının dizayner vəzifəsinə (işə) bərpa olunması, xx.xx.2024-cü il tarixdən etibarən işə bərpa olunan günə, yəni qətnamə icra edilən günə kimi məcburi işburaxmaya görə əmək haqqının və onun gecikdirilmiş hər günü üçün 1% ödəncin tutularaq iddiaçıya ödənilməsi, istifadə edilməmiş 7774 manat məbləğində məzuniyyət haqqının, istirahət (şənbə) günü işə cəlb edildiyi üçün ödənilməmiş 8487 manat əmək haqqının, əmək haqqının gecikdirilməklə ödənilməsinə görə 8190 manat ödənc haqqının, 7700 manat mənəvi ziyanın, eləcə də mediasiya xərcləri üzrə 60 manat, dövlət rüsumu olaraq ödənilmiş 138 manat, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qeyd edilən qətnamə ilə iddia qismən təmin edilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2024-cü il tarixli, İA-225 nömrəli əmri ləğv edilərək İddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, o cümlədən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının gecikdirilmiş hər günü üçün 1% ödənc xx.xx.2024-cü il tarixdən etibarən iddiaçının faktiki olaraq işə bərpa olunduğu günə kimi Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması, bundan əlavə iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 138 manat, habelə mediasiya sessiyasının keçirilməsi ilə bağlı cəmi 60 manat xərc (mediasiya və poçt xidmətləri xərci) Cavabdehndən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2653/2025 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 fevral 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddiaçının “hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat pul vəsaitinin əvəzinin cavabdehdən tutulması” tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilərək, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş pul vəsaitinin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iş üzrə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 fevral 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-4922/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 25- ci və 127-ci maddələrində, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 106.1, 217; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iş materiallarında olan xx.xx.2020 və xx.xx.2020 tarixli bildirişlərdə əmək şəraitinin dəyişdirilməsi tərəflərin qarşılıqlı razılığı ilə təsdiq edilmişdir. İddiaçı həmin dövrdə bu dəyişikliklərə etiraz etməmiş, faktiki olaraq həmin şərtlərlə işləməyə davam etmişdir ki, bu da razılığınmövcudluğunu sübut edir. İş materiallarından görünür ki, iddiaçı 2013-cü ildən Cavabdeh MMC-də çalışsa da, 2020-ci ildən etibarən əmək münasibətləri işəmuzd və sərbəst qrafiklə davam etdirilmişdir. Bu hal iddiaçı tərəfindən də etiraf edilmişdir. Əmək müqaviləsinə edilən dəyişikliklər tərəflərin qarşılıqlı razılığı əsasında elektron sistemə daxil edilmişdir. Məhkəmə bu razılaşmaların mövcudluğunu inkar etməmiş, lakin “birtərəfli dəyişiklik” nəticəsinə əsassız olaraq gəlmişdir. İş materiallarına nəzər saldıqda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinin pozulduğu aşkar ortadadır. İddiaçı tərəfindən əmək müqaviləsi bildirişlərinə birtərəfli dəyişiklik edildiyini təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə isə sübut yükünü cavabdehin üzərinə keçirmiş, nəticədə prosessual balans pozulmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyini, onun xəbəri və razılığı olmadan cavabdeh tərəfindən əmək müqaviləsinə dəyişiklik edildiyini, son dəyişiklikdə 9:00-18:00 arası iş qrafikinin və cəmi 21 təqvim günü əmək məzuiyyətinin qeyd edildiyini,halbuki cavabdehlə aralarında olan razılaşmaya əsasən onun sərbəst iş qrafiki ilə işlədiyini və 30 təqvim günü əmək məzuniyyətinin olduğunu qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi Nümayəndə çağrı mərkəzi ilə əlaqə saxlayaraq başqa məhkəmə iclasında olması səbəbindən hazırkı iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəciyini qeyd etmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdehin apellyasiya instansiya üçün səlahiyyətlərini təsdiq edəcək vəkil orderi təqdim edilmədiyindən, habelə üzürlü səbəbdən məhkəmə iclasında iştirakının mümkün olmaması ilə bağlı sübut təqdim edilmədiyindən vəsatət təmin edilməmiş və cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 11.Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 43.1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 43.2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:a) işçinin soyadı, adı, atasının adı, ünvanı və fərdi identifikasiya nömrəsi (FİN); b) işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, fərdi identifikasiya nömrəsi (FİN); c) əsas və ya əlavə iş yeri olması barədə qeydlə birlikdə işçinin iş yerinin ünvanı, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;d) əmək müqaviləsinin müddəti;e) işçinin əmək funksiyası;ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.43.3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.43.4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. 46.1 .Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 46.6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. 49.1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. 49.2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.49.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir.49.4. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır.49.5. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 13.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə qeyd edilən maddi və prosessual hüquq normalarına müvafiq tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin irəli sürdüyü (anlaşlmayan) hallara dair apellyasiya şikayətində qeyd edilən dəlillər sübuta yetirilmir və qanunvericiliyin müddəalarına müvafiq təfsir (tətbiq) edilməsi uyğunsuzluğu, habelə sübutetmə vəzifəsinə və apellyasiya baxışının hədləri baxımından tələbin rədd edilməsi üçün fərqli əsaslar aşkar edilmir.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4922/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi (elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar